Uğurlu siyasət milli həmrəyliyimizi daha da möhkəmləndirir
Müharibələr, torpaqlarımızın bölünməsi və siyasi proseslər nəticəsində tarixin müxtəlif mərhələlərində soydaşlarımızın bir qismi doğma torpaqlarından dünyanın müxtəlif ölkələrinə səpələniblər. Amma məhrumiyyətlərə, məruz qaldıqları haqsızlıqlara baxmayaraq, soydaşlarımız heç vaxt öz mənliklərini, milliliyini itirməmiş, azərbaycanlı adını hər yerdə uca tutmuşlar.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı, ötən əsrin otuzuncu illərində qırmızı imperiyanın repressiyaları, siyasi təqibləri bir çox azərbaycanlının doğma vətənindən mühacirət etməsi ilə nəticələnib. Təbii ki, soydaşlarımızın bir qismi işləmək, təhsil almaq məqsədilə də doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutublar.
Azərbaycanın uzun illər sovet imperiyası əsarətində olması xaricdə yaşayan azərbaycanlıların vətənlə əlaqələrini məhdudlaşdırmışdı. Keçmiş sovet dövlətinin sərt qadağaları buna heç bir vəchlə icazə vermirdi. Yalnız Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyaya səpələnmiş soydaşlarımızın tarixi vətənlə əlaqələrinə imkan yarandı. Bundan sonra dünya azərbaycanlılarının müstəqil Azərbaycan uğrunda vahid ideologiya ətrafında birləşmələri, yaşadıqları ölkələrdə Azərbaycanı tanıtmaları, Ermənistanın ölkəmizə hərbi təcavüzünün genişləndiyi bir vaxtda əsil həqiqətləri dünya ictimaiyyətinə çatdırmaları və diaspor quruculuğu xüsusi aktuallıq kəsb etməyə başladı.
İlk dəfə olaraq bu məsələyə xüsusi həssaslıqla yanaşan isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 19 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış olan bu gün ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın vahid ideya ətrafında sıx birləşməsi, ümumi milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoydu. Lakin 1991-1993-cü illərdə hakimiyyətdə olan dairələrin diaspor quruculuğuna maraq göstərməmələri azərbaycanlıların yeni və güclü cəmiyyətlərinin yaradılmasına, soydaşlarımızın vətənlə əlaqələrinin genişlənməsinə, azərbaycançılıq ideyasının inkişaf etdirilməsinə, dünyaya səpələnmiş azərbaycanlıların həmrəyliyinin əldə olunmasına imkan vermədi.
1993-cü ildə Heydər Əliyevin xalqın yekdil arzusu ilə hakimiyyətə qayıdışı ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsasını qoymaqla yanaşı, cəmiyyətdə dövlətçilik təfəkkürünün formalaşmasını təmin etdi, milli birliyi təmin etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı eyni zamanda ölkədə və dünyada azərbaycançılıq anlayışının milli təfəkkür tərzinə çevrilməsində mühüm rol oynadı. Ümummilli lider azərbaycançılığın ideoloji prinsiplərinin və əsaslarının formalaşmasını təmin etdi, qısa vaxt ərzində dünya azərbaycanlıları arasında milli dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edən ictimai münasibətlər sistemi yaratdı.
Elə buna görə də ən yeni tarixdə Azərbaycanın inkişafı, xarici dövlətlər sırasında öz mövqeyini qoruyub saxlaya bilməsi ilə bərabər dünya azərbaycanlılarının milli həmrəyliyinin əldə olunması ümumilli lider Heydər Əliyevin siyasi kursunun uğuru kimi qiymətləndirilir. Ulu öndər dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Məhz Azərbaycandan kənarda yaşayan soydaşlarımıza ana vətənimizi unutmamağı tövsiyə edən Heydər Əliyevin təşəbbüsü ilə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq 2001-ci il noyabırn 9-10-da vətənimizə - Bakı şəhərinə toplaşaraq özlərinin I qurultayını keçirdilər. Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi.
I qurultaydakı çıxışı zamanı Heydər Əliyev azərbaycançılığın nə qədər önəmli olduğunu, bu ideyanı daşıyanların daha aktiv fəaliyyət göstərmələrinin vacibliyini, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının nə qədər lazım olduğunu bir daha vurğulamışdı: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Qurultaydan sonra xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı, Milli Məclis "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul etdi. Komitənin yaradılması və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın öz tarixi vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etdi, ölkəmizin tarixi və müasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi.
Bu gün Heydər Əliyev yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib. Azərbaycan dünyada analoqu olmayan bir sürətlə inkişaf edir. Cəmiyyət və dövlət həyatının bütün sahələri müasir dünya standartları əsasında qurulur. Getdikcə artan imkanlarımız xalqımızın maraqlarını və tələbatını daha dolğun ödəməyə kömək göstərir.
Fərəhli haldır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və azərbaycançılıq amalının şüurlarda və qəlblərdə möhkəm yer tutmasına yönəlmiş uzaqgörən dövlət siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin ötən 7 ildə bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Müxtəlif illərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri ilə keçirdiyi görüşlərdə cənab İlham Əliyev diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirib. Dövlət başçısının sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni təkan verməklə yanaşı, ötən 7 ilin ən əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımıza ünvanladığı təbriklərdə dövlətimizin başçısı diaspor təşkilatlarının fəaliyyətindən söz açmaqla bərabər, soydaşlarımıza ən xoş arzularını çatdırır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev deyib: "Mən dünyada yaşayan bütün soydaşlarımızı bu bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır. Azərbaycan onların dayağıdır, onların arxasıdır. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər və ölkəmizin maraqlarının təmin edilməsinə gündəlik fəaliyyətləri ilə öz töhfələrini verirlər. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, Azərbaycan dövləti daim onlarla bərabərdir, onların fəaliyyətini izləyir, onların qayğıları ilə yaşayır. Dünyada mövcud olan Azərbaycan diaspor təşkilatları da öz səmərəli fəaliyyətləri ilə bizim gücümüzü artırırlar".
Dünya azərbaycanlılarının
həmrəyliyi ümummilli
lider Heydər Əliyevin ən böyük arzularından
biri idi. Son 7 ildə xalqımız azərbaycançılıq
ideyası və Prezident İlham Əliyevin ətrafında
sıx birləşməklə
ulu öndərin ideyalarına sadiqliyini nümayiş etdirib. Fərəhli haldır ki,
Heydər Əliyev yolunun davam etdirilməsi,
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin
qüdrətlənməsi dünya
azərbaycanlılarının həmrəyliyini daha da gücləndirir və əzəmətli edir. Bunu dekabrın 31-də Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
münasibətilə keçirdikləri
tədbirlər də
təsdiqləyir
Azərbaycan.- 2011.- 6 yanvar.- S.1.