Azərbaycanı ucaldan siyasət

 

Ötən 7 ildə xalqın mənafeyini bütün məsələlərdə önə çəkən siyasət respublikamızın regional liderliyini də təmin etmişdir

 

İqtisadi sahədə keçid dövrünü başa vuraraq qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən müstəqil Azərbaycan son illər Cənubi Qafqaz regionunda mühüm rolu və mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilmişdir. Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasətini XXI əsrin başlanğıcında layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yer tutmasını, regional liderliyini təmin etmişdir.

2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!" - deyən dövlət başçısı ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi strategiya inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı irəliləyişinin sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir. Bunun nəticəsidir ki, ötən 7 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Müasir dövrdə hər bir dövlətdə demokratiyanın səviyyəsi hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 7 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

Nazirlər Kabinetinin mütəmadi olaraq keçirilən iclasları Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi islahatlar kursunun keyfiyyətcə yeni dövrdə uğurla davam etdirildiyini, ictimai həyatın bütün sahələrində intibah mərhələsinin başlandığını göstərmişdir. Eyni zamanda müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil olması faktı ilk gündən xüsusi önə çəkilmiş, hökumətin fəaliyyətində əsas ağırlıq məhz bu sahənin üzərinə salınmışdır.

Mübaliğəsiz demək olar ki, mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri də son 7 ildə müstəqil Azərbaycanın əldə etdiyi inanılmaz sosial-iqtisadi nailiyyətlərdir. Bu gün regionda ikinci elə bir dövlət tapmaq çətindir ki, son 7 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada öncül mövqeyini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 10 dəfədən çox artıra bilsin. Azərbaycan isə bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması istiqamətində sistemli addımlar atılmışdır.

 

Uğurlu iqtisadi təmələ söykənən diplomatiya

 

Qloballaşan dünyada dövlətin uğurlu xarici siyasət əsasında beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına necə əməl etməsindən, iqtisadi inkişaf səviyyəsindən asılıdır. İqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətində hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Müasir dövrdə xarici siyasətin səmərəliliyi fərdin iqtisadi və siyasi azadlıqlarını maksimum dərəcədə təmin edən liberal mühitin formalaşdırılmasından, eləcə də xalqla vətəndaşların mənəvi birliyindən bilavasitə asılıdır. Xalq üçün çalışan, onun mənafeyini mümkün dərəcədə qoruyan hakimiyyət daxildə ciddi elektoral dəstəyə malik olduğunu daim hiss edir, bu da öz növbəsində onun xarici siyasətdə inamlı, qətiyyətli və prinsipial addımlar atmasına, kənar təsir və təhdidləri neytrallaşdırmasına əlverişli imkanlar açır. Başqa sözlə, iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir.

Azərbaycan Prezidenti İlham Əliyevin son 7 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə də cəlbedici olmuşdur. Rəsmi Bakı 2009-2010-cu illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığı üstün saymışdır.

Hazırda hansısa dövlətin müstəqil, güvənli xarici siyasət yeritməsi, milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o qədər də aktual səslənmir. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycan praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin etmişdir. Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir.

Ötən 7 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi rəsmi Bakının xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

Bəzən Azərbaycanın bölgədə artan rolunu yanlış olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bir reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışdır. Azərbaycanla Avropa dövlətlərinin qarşılıqlı faydalı əməkdaşlığını da məhz xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibəti, habelə respublikamızda demokratik proseslərin dönməzliyinə olan inamdır. Siyasi sistemin xarakteri, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesi respublikamızın eyni zamanda beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir. Avropa Şurasının tamhüquqlu üzvü, Avropa İttifaqının Qonşuluq siyasətinin, NATO-nun Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının fəal iştirakçısı kimi Avropa ailəsinə inteqrasiya yolu tutan Azərbaycan liberal dəyərlərə üstünlük verir, insan hüquq və azadlıqlarının təmini istiqamətində ardıcıl addımlar atır.

"Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur.

Prezident İlham Əliyev Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də regionda iqtisadi və geostrateji maraqları olan Şimali Atlantika Alyansı (NATO) ölkələri ilə eyni məsafədə dayanmasına çalışmışdır. Böyük dövlətlərin bir-birilə ziddiyyət təşkil edən maraqları fonunda Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, əks qütblərin hər biri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq, müstəqil siyasi qərarlar qəbul etmək olduqca çətin məsələdir. Cənab İlham Əliyev qısa müddətdə bu vəzifənin öhdəsindən uğurla gələrək bütövlükdə dünyada bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomenal siyasi liderə çevrilmişdir.

Dövlət başçısının uğurlu diplomatiyası nəticəsində son illərdə Azərbaycanın Belarus, Tacikistan, Litva, Uzaq Şərqin Cənubi Koreya, Çin, Yaponiya, o cümlədən müsəlman dünyasının Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir kimi dövlətləri ilə münasibətlərində yeni mərhələ yaranmışdır. Bu münasibətlərin kökündə isə qlobal planda dünyada və regionda sülh və sabitliyə, təhlükəsizliyə və iqtisadi əməkdaşlığa töhfə vermək məqsədi dayanır.

 

Demokratik dəyərlərə təminat

 

İqtisadi inkişafla paralel olaraq son illərdə respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar da inamla davam etdirilmişdir. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranmışdır. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son 7 ildə ölkədə siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsi, əks qütblü siyasi qüvvələr arasında gərginliyin aradan qaldırılması olmuşdur.

Bu dövrdə həmçinin məhkəmə-hüquq və ədliyyə sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq-azadlıqlarının təmini mexanizmlərinin müasirləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafı uğurla təmin edilmişdir. Son illərdə qeyri-hökumət təşkilatlarının və mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyalarının praktik surətdə gerçəkləşdirilməsi də bu baxımdan diqqəti cəlb edir.

Müasir politoloji nəzəriyyələr siyasi liderin uğur qazanmasında birləşdirici - inteqrativ funksiyanı da xüsusi önə çəkir. Milli mənafelərə əsaslanan siyasət xalqın böyük qismini ətrafında birləşdirir, cəmiyyəti ümumi problemlərin həlli naminə səfərbər edir, bir sözlə, fərdin və dövlətin maraqlarını mümkün qədər uca tutur. Siyasətdə inteqrativ funksiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Mövcud siyasi kursun birləşdirici mahiyyəti də ilk növbədə onun hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Heydər Əliyev siyasi kursu son 17 ildə milli birlik və həmrəyliyə ciddi zəmin yaratmış, azərbaycançılıq ideologiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilmişdir. Son 7 ildə bu siyasət uğurla davam etdirilmiş, ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində ardıcıl siyasət yürüdülmüşdür. Nəticədə cəmiyyət üçün təhlükəli sayıla biləcək hər cür radikal meyillər, siyasi kataklizmlər aradan qalxmış, eyni zamanda demokratik və azad şəraitdə keçirilən seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən inkarçı qüvvələr sivil dialoqa, konstruktiv əməkdaşlığa dəvət olunmuşlar. Ölkədə həyata keçirilən liberal ruhlu daxili siyasət eyni zamanda əks siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psixoloji barışmazlığın aradan qaldırılmasına xidmət etmişdir. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi ölkədə milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Milli birliyə yönəlmiş bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanmışdır.

Müstəqil respublikamız hazırda inkişafının elə mühüm mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət dəyişikliklər, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri səciyyə daşıyan demokratik-hüquqi idealların ictimai şüurda adekvat dərkinə, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatına yaxşı imkanlar açır.

Demokratikləşdirmə prosesinin, hüquq normalarının və siyasi mədəniyyətin sivil dünyanın hamılıqla qəbul edilmiş standartlarına yaxınlaşdırılması özlüyündə mürəkkəb, uzun sürən proses olmaqla, təşkilati və tərbiyəvi xarakterli, ardıcıl, məntiqi tədbirlər görülməsini, yeni siyasi dəyərlərin siyasətin hər bir subyektinin, hər bir insanın həyat tərzinə çevrilməsini tələb edir. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Belə radikal islahatlar inkişafa deyil, keçid prosesinin ləngiməsinə gətirib çıxarır. İctimai şüurda "həzm olunmayan" demokratik normalar mövcud həyat forma və strukturları ilə münaqişəyə girir və son nəticədə cəmiyyət mütərəqqi yeniliklərə qeyri-adekvat münasibət bəsləməyə başlayır.

Tarixi inkişafının yeni mərhələsini yaşayan Azərbaycan cəmiyyəti aşkarlıq və şəffaflıq tələb edən vətəndaş cəmiyyətinə transformasiya olunur. Bu isə, öz növbəsində, müasir dövlət quruculuğu və effektli dövlət idarəçiliyi yaradılması prosesində bir sıra demokratik məzmunlu dəyişikliklərin aparılmasını tələb edir. Fəqət, demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, sonu olmayan proses olduğunu da xüsusi vurğulamağa ehtiyac yoxdur. Demokratik dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır - insanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, insan hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olması mümkün deyildir. Məhz bu baxımdan iqtisadi inkişaf və demokratikləşmə Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir.

Qabaqcıl Qərb dövlətlərinin təcrübəsi göstərir ki, cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biri dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Xalq hakimiyyətinin optimal modeli sayılan demokratiya da məhz hər bir fərdin hüquq və azadlıqlarının uca tutulduğu dövlətdə özünə möhkəm dayaqlar tapır. Bu məqsədlərin reallaşdırılması həm də monolit, güclü və peşəkar komanda formalaşdırılması yolu ilə dövlət idarəçiliyinə yeni ruh, müasirlik və demokratizm elementlərinin gətirilməsindən keçir. Sevindirici haldır ki, Azərbaycanda da kadr siyasəti yeni dövrün tələblərinə uyğun qurulur, məmurlara etimad prinsipi onların xalqa xidmətinə nəzərən müəyyənləşdirilir.

 

İqtisadi nailiyyətləri insan kapitalına çevirən elmi strategiya

 

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimində cəmiyyət həyatının bir çox həyati əhəmiyyətli sahələri kimi, təhsil və elmdə qazanılan uğurlara da toxunmuş, ölkənin gələcəyi naminə güclü insan kapitalının formalaşdırılması zəruriliyini növbəti dəfə önə çəkmişdir. Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 7 ildə inamla davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır.

2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli dərəcədə artımı təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, elm və təhsillə bağlı dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir. Elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 71,7 milyon manata, 2009-cu ildə isə 105,8 milyon manata yüksəlmişdir. 2010-cu ilin dövlət büdcəsindən elm xərclərinə 98,2 milyon manat ayrılmışdır və bu da dövlət büdcəsi xərclərinin 0,9 faizini təşkil etmişdir. 2010-cu ilin elm xərclərində elmin maliyyələşməsinin yeni mexanizminin tətbiqi ilə əlaqədar elmi-tədqiqat layihələrinin Elmin İnkişafına Yardım Fondu vasitəsilə həyata keçirilməsi üçün əlavə 7 milyon manat vəsait ayrılmışdır.

Bu statistik rəqəmlər göstərir ki, son illərdə elmə, təhsilə, ali məktəblərin inkişafına xüsusi diqqətin göstərilməsi həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması elm və təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin hazırkı mərhələdə həlli vacibliyini aktuallaşdırmışdır.

Ötən 7 ildə Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzində olmuşdur. Ötən illərdə bu məqsədlə imzalanmış çoxsaylı mühüm fərman və sərəncamlar, dövlət proqramları da Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir.

Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Respublikamız yeni iqtisadi münasibətlər kursunu götürərək öz təhsil sisteminin inkişaf prioritetlərini, dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə "Bolonya prosesi" çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir. "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncam bu baxımdan vacib əhəmiyyət kəsb etmişdir. Sərəncama əsasən, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsi, habelə YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı hökumətə təqdim edilmişdir. Layihədə ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədilə normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, müasir maliyyələşdirmə siyasətinin hazırlanıb həyata keçirilməsi və digər bu kimi aktual istiqamətlər əksini tapmışdır.

2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam da məhz bu zərurətlə şərtlənir. Sərəncama əsasən, 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyası yaradılmışdır.

Dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsidir.

Sənəddə həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi; elmi-texniki infrastrukturun müasirləşdirilməsi; elmin hüquqi-normativ bazasının yaradılması; elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi kimi məqsədlər də hədəf götürülmüşdür. Strategiyanın vəzifələri daha genişdir və yuxarıda sadalanmış bəndlərlə kifayətlənmir. Bura həmçinin təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində tədqiqatların inkişafı, ətraf mühitin qorunması, maddi-texniki bazanın yaradılması, dövlətin inkişafını təmin etmək üçün elmin və müasir texnologiyaların nailiyyətlərinin geniş tətbiqi, Azərbaycanın mədəniyyəti və tarixinin ümumi, kompleks tədqiqatı və sairə daxildir.

Dövlət başçısının 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı ali təhsil sistemində islahatlar üçün əsaslı baza rolunu oynayır. Dövlət proqramının əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyat üçün zəruri olan kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslardan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir.

Ötən illər ərzində dövlət başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin də cəmiyyətdəki yerini və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Cənab İlham Əliyevin xüsusi qayğısı ilə universitet son illərdə inkişafının daha dinamik mərhələsinə qədəm qoymuş, görkəmini, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdirmiş, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atmışdır. 2008-ci ildə universitetin uzun illər tikintisi yarımçıq qalmış III korpusunun ən müasir tələblərə cavab verən səviyyədə inşa edilərək istifadəyə verilməsi də dövlət başçısının elmə, təhsilə qayğısının bariz təcəssümü olmuşdur.

2009-cu ildə universitetin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə müxtəlif səviyyələrdə universitetin keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət və xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir. Azərbaycanın elm, təhsil və mədəniyyətinin möhtəşəm məbədinə, ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometrinə çevrilmiş BDU-nun yubiley tədbirləri onun cəmiyyətdəki yüksək adına layiq şəkildə keçirilmiş, bu proses ölkə hüdudlarından kənarda da böyük diqqət çəkmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminin müxtəlif fəxri adlara, mükafatlara, fərdi təqaüdlərə layiq görülməsi böyük amallar sahibi olan bu şəxsiyyətin elmə, təhsilə qayğısı, habelə universitetə ənənələrdən gələn diqqət nümunəsi olmuşdur.

Bütün bunlar bir daha göstərir ki, ötən illərdə respublikada əldə edilmiş yüksək nəticələrin arxasında məqsədyönlü siyasət, elmi əsaslara və ölkənin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Respublikamızın iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. BDU-nun çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 2 yanvar.- S. 4.