Azərbaycan aliminin Ukrayna ədəbi ictimaiyyətinə yeni töhfəsi

 

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İsa Həbibbəylinin bu günlərdə qardaş Ukraynanın Sevostopol şəhərindəki "Delta" nəşriyyatında rus dilində kütləvi tirajla çapdan çıxmış "Cəlil Məmmədquluzadə" kitabı Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü ərəfəsində həm qardaş Ukrayna xalqının ədəbi ictimaiyyətinə, həm də dost ölkəni özlərinə ikinci vətən seçib, vahid diasporda birləşmiş soydaşlarımıza ən qiymətli töhfə olub.

Əsərdə "Molla Nəsrəddin" jurnalı kimi böyük milli-mənəvi abidənin yaradıcısı, görkəmli publisist, yazıçı və dramaturq, XX əsr Azərbaycan ictimai fikrinin inkişafında misilsiz xidmətləri olan, qələmini süngüyə çevirib həm öz xalqının, həm də imperiya köləliyindən əzab çəkən digər xalqların azadlığı və müstəqilliyi naminə dini ayrı-seçkiliyə, nadanlıq və xurafata, cəhalətpərəstlik və fanatizmə qarşı qətiyyətlə mübarizə aparmış dahi Mirzə Cəlilin şərəfli və zəngin yaradıcılığı barədə geniş söhbət açılır. Müəllifin qeyd etdiyi kimi, molla nəsrəddinçilər ədəbi məktəbinin banisi, bütün mənəvi aləmi və sözlə ifadə edilə bilməyəcək qədər zəngin bədii yaradıcılığı Azərbaycan və azərbaycançılıq notları üstə köklənmiş bu qüdrətli sənət dühasının imperiya qüvvələrinə qarşı coşqun mübarizə meydanlarında keçən, özündən sonrakı bütün nəsillər üçün əsl vətənpərvərlik, milli təəssübkeşlik və fədakarlıq nümunəsi olan şərəfli ömrü Azərbaycan deyilən ulu məmləkətimizin və xalqımızın ömrü qədərdir.

Cəlil Məmmədquluzadə millətinin bitib-tükənməz dərdlər toplumunu daim öz içində daşıyan və bu dərdlərdən xilas üçün məlhəm axtaran müdrik bir loğman timsalındadır. Cəlil Məmmədquluzadənin məşhur "Azərbaycan" məqaləsi dediklərimizin əyani sübutudur. Dahi sənətkar həcmcə kiçik, lakin milli dərdlərimizin bitib-tükənməzliyi sarıdan nəhəng bir əsəri xatırladan bu məqaləsində bədnam "Türkmənçay" müqaviləsindən sonra varlığı iki yerə parçalanmış məmləkətimizin keçmiş bütövlüyünü yaddaşından silən, onun tarixi coğrafiyasına etinasızlıq nümayiş etdirən, öz doğma ana dilini unudub farsca, ərəbcə, rusca danışmağa üstünlük verən bəzi məsləksiz və əqidəsiz yurddaşlarımıza qarşı haqq mücadiləsinə qalxır, onların üstünə nifrət və lənət yağışı yağdırır: "Ax gözəl Azərbaycan vətənim? Harada qalmısan?.. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, səraplı, goruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı, quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin!.. Gəlin, biz də bir dəfə oturaq və keçəpapaqlarımızı ortalığa qoyub bir fikirləşək. Hardadır bizim vətənimiz?!"

Görkəmli ədibin xalqı vahid bir əqidə bayrağı altında birləşib, doğma Azərbaycanımızın sivil ölkələr sırasına qoşulması naminə mübarizəyə həyəcanlı çağırışı onun "Anamın kitabı" pyesində də öz güclü, emosional təcəssümünü tapıb. Müəllif haqlı olaraq bu əsəri "azərbaycançılıq ideologiyasının bədii-estetik manifesti" adlandırır. Azərbaycan dərdlərindən yoğrulmuş "Anamın kitabı" yazıldığı vaxtdan yüz il keçsə belə, bu gün də öz aktuallığını itirməyib. Bu əsərin özəyində Azərbaycan qüvvələrinin birləşə bilməmək dərdi, ziyalılarımızın vətənimizin problemlərinin həllini başqa xalqların və ölkələrin müdaxiləsində axtarması, dilinə, dininə, milli adət və ənənələrinə laqeydlik və biganəliyi, vətən və millətə etinasızlığı kimi məsələlərin bədii həlli dayanır. Bu qiymətibilinməz sənət nümunələri son iki əsrdə müxtəlif siyasi-ictimai münaqişələr üzündən öz ana məmləkətlərindən didərgin düşüb, planetimizin neçə ölkəsinə səpələnmiş 50 milyona yaxın soydaşımızı da qürbətdə belə vahid azərbaycançılıq ideyası ətrafında polad sıralarla birləşməyə, zəngin tariximizi, dilimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorumağa, gələcəyə milli "Mən" şüurunun işığında addımlamağa çağırış kimi qiymətləndirilir. Müəllifin qeyd etdiyi kimi, məhz Mirzə Cəlil kimi qüdrətli sənət korifeylərimizin mübarizliyi və döyüşkənliyi sayəsində çox mürəkkəb siyasi durumlarda belə kövrək Azərbaycan adı və azərbaycançılıq ideyası qalib gəlmiş və öz varlığını qoruyub saxlaya bilmişdir.

Kitabda dahi Mirzə Cəlilin hətta xarici ölkələrin ədəbi mühiti tərəfindən dünya novellasının ən şedevr nümunəsi kimi dəyərləndirilən "Poçt qutusu", "Usta Zeynal", "Rus qızı", "Konsulun arvadı", "Pirverdinin xoruzu", "Qurbanəli bəy" kimi hekayələri, kiçik bir kəndin və onun hüquqları tapdalanan miskin əhalisinin fonunda böyük bir ölkənin və xalqın faciəli taleyini əks etdirən "Danabaş kəndinin əhvalatları" povesti, "Dəli yığıncağı" tragikomediyası, məşhur "Ölülər" və "Anamın kitabı" pyesləri, ümumiyyətlə, bütün yaradıcılıq irsi barədə çox ciddi elmi, publisistik araşdırmalar aparılır.

Ukrayna Jurnalistlər İttifaqının üzvü, milli tariximizin və ədəbiyyatımızın dost ölkədə təbliği sahəsində misilsiz xidmətlər göstərən, Dnepropetrovskdə nəşr olunan "Savalan" qəzetinin baş redaktoru Nadir Zeynalzadənin və həmin şəhərdəki "Azərbaycan cəmiyyəti"nin sədri, xeyriyyəçi Sərxoş İsmayılovun sponsorluğu ilə kütləvi tirajla nəşr olunmuş bu qiymətli əsərin dost ölkənin ədəbi ictimaiyyəti və qardaş Ukraynada yaşayıb yaradan soydaşlarımız tərəfindən maraqla qarşılanacağı şəksizdir.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2011.- 6 yanvar.- S. 6.