Azərbaycanın seçdiyi yol tərəqqi
və inkişaf yoludur
Bu fikirləri Prezident İlham Əliyev
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində səsləndirmişdir
Qloballaşan dünyanın geosiyasi mənzərəsinə təsir göstərən mühüm amillərdən biri də zəngin enerji resursları üzərində nəzarətin təmin olunması və neft-qaz ehtiyatlarının təhlükəsiz marşrutlarla dünya bazarlarına çatdırılmasıdır. Belə kəskin rəqabət mühitində təbii sərvətlərin zənginliyi heç də bütün dövlətlərə iqtisadi nailiyyətlər və xoşbəxtlik gətirmir. Tarixi təcrübə sübut edir ki, neftlə zəngin bir çox dövlətlər uğursuz iqtisadi siyasətin məntiqi nəticəsi kimi həqiqi müstəqilliklərini itirərək mahiyyətcə müstəmləkəyə çevrilmiş, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşmişlər.
Bugünün özündə də neftlə zəngin bir çox ölkələrdə qeyri-sabitliyin hökm sürməsi, təbii sərvətlər üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənmə nəticəsində iqtisadi sistemi iflic edən "holland sindromu" kimi bədnam təcrübə mövcuddur. Bu reallıqları nəzərə alıb bütün təbii sərvətlərdən, o cümlədən neftdən xalqın və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə etmək, uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeritmək vacibdir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası məhz buna xidmət etdi. Bu sahədə siyasətin uğurla davam etdirilməsi Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirdi. Qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri ötən 7 ildə Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən Prezident İlham Əliyevin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı fərmanların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Uğurla icra edilən dövlət proqramları qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Bu istiqamətdə atılan ardıcıl addımlar eyni zamanda Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.
Cənab İlham Əliyevin praqmatik lider və rəhbər kimi fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, o, mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdir: "2010-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Baxmayaraq ki, 2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan 2010-cu ildə böyük uğurlara nail olmuşdur. Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir, bir sözlə, 2010-cı ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirilmişdir. İqtisadiyyatmız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır. Bütün bunlar, bu nəticələr onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur".
Ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin qlobal böhran şəraitində belə dayandırılmaması hökumətin siyasətində insan amilinin, vətəndaşa layiqli xidmət məramının mühüm yer tutduğunu bir daha göstərir. Paytaxta Oğuz-Qəbələ zonasından su kəmərinin, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini, yeni körpülərin, yolötürücülərin, piyada keçidlərinin istifadəyə verilməsini, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisini də bu sırada xüsusi vurğulamaq olar.
Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində yeni neft strategiyasının ölkəmizə gətirdiyi uğurlardan bəhs etmişdir: "2010-cu ildə bizim iqtisadiyyatımızın aparıcı sahəsi olan neft-qaz sektorunda da böyük uğurlar əldə edilmişdir. Ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Biz dünyanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz töhfəmizi veririk. Azərbaycan çox etibarlı tərəfdaşdır və bizim neft-qaz resurslarımız ölkəmizi, ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda, bizim beynəlxalq mövqelərimizi də gücləndirir. 2010-cu ildə Azərbaycanda böyük qaz yatağı kəşf edilmişdir. "Ümid" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdir və bu yataq bizim enerji potensialımıza böyük dəstək verəcəkdir. Artıq yatağın aşkarlanması dünyada böyük səs salıb və Azərbaycanın enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün bu hadisənin böyük əhəmiyyəti olacaqdır".
Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsində sosialyönümlülüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz (ümumilikdə 4 milyard 234 milyon manat), yaxud cari illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi, bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli "Avropa Sosial Xartiyası"na qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Ölkə Konstitusiyasının 38-ci maddəsi isə hər kəsin sosial təminat hüququnu tanıyır.
Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən yaxşı göstəricilərindən biri də ötən 7 ildə 900 mindən artıq yeni iş yerinin açılması ciddi sosial bəla kimi özünü göstərən işsizlik problemini əhəmiyyətli dərəcədə aradan qaldırmışdır. Gənc ailələrin mənzillə təmini üçün ipoteka kreditlərinin verilməsi, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır. Azərbaycan Prezidenti ötən 7 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır.
Ölkə başçısı daim haqlı olaraq vurğulayır ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış edir. Həqiqətən də hər bir ölkənin, xalqın problemlərinin ən optimal yolu məhz iqtisadi və sosial tərəqqidən keçir. Təsadüfi deyildir ki, ötən 7 ildə ölkədə həyata keçirilən siyasətin əsas ağırlıq mərkəzi də məhz bu sahənin üzərinə salınmışdır.
Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.
Ötən illərin reallıqları göstərir
ki, ölkənin iqtisadi inkişafından, yeni neft
strategiyasının və sahibkarlığın, real sektorun
inkişafının uğurlu nəticələrindən əldə
edilən dividendlər bilavasitə insanların sosial problemlərinin
həllinə, vətəndaşların həyat səviyyəsinin
yaxşılaşmasına yönəldilir. Minimum
əməkhaqlarının, büdcə təşkilatlarında
çalışan ayrı-ayrı vətəndaş
kateqoriyalarının məvaciblərinin, pensiya və
müavinətlərin, tələbə təqaüdlərinin
artırılması, sosial müdafiə sisteminin davamlı
şəkildə təkmilləşdirilməsi dövlətin
vətəndaşlarına olan diqqət və
qayğısının bariz təcəssümüdür.
Azərbaycan.- 2011.- 7 yanvar.- S. 1.