Azərbaycan Prezidenti jurnalistlərin dostudur və ya "müstəqil" beynəlxalq QHT-lərin "obyektivliyi" barədə bir neçə söz

 

Yenicə yola saldığımız 2010-cu ilin son günlərində, həqiqətən, əlamətdar hadisə baş vermişdir. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Jurnalistlərin dostu" mükafatının laureatını müəyyənləşdirmək məqsədi ilə respublikanın kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirmişdir. 93 KİV-in, o cümlədən 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 xəbər portalı, 7 televiziya kanalı və 3 radionun nümayəndələri arasında aparılmış sorğuda iştirak etmiş respondentlərin 81 faizi "Siz 2010-cu ilin yekunlarına əsasən hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?" sualına cavabında birmənalı şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin adını çəkmişdir.

Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" fəxri mükafatının verilməsi dövlətimizin başçısının müstəqillik illərində Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunun ən mühüm meyarlarından olan söz və mətbuat azadlığının hərtərəfli təmin edilməsi, ölkəmizdə müstəqil mətbuatın inkişafı sahəsində gördüyü misilsiz işlərin qanunauyğun nəticəsidir. Bu mükafat Prezidentin kütləvi informasiya vasitələrinin davamlı işinə şərait yaradılması sahəsində xidmətlərinin etiraf edilməsinin və dövlətimizin başçısının milli jurnalistikamıza qayğısına mətbuat işçilərinin səmimi minnətdarlığının ifadəsidir.

Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" elan edilməsi fonunda bir sıra beynəlxalq təşkilatların və bəzi xarici ölkələrin hökumət orqanlarının Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyəti əsassız olaraq tənqid etməsi ən azı təəccüb doğurur. Məsələn, ABŞ Dövlət Departamenti keçən il martın 11-də özünün internet saytında 2009-cu ildə Azərbaycanda insan hüquqlarına dair məruzənin mətnini yerləşdirmişdi. Bu məruzənin ikinci bölməsi vətəndaş azadlıqlarına, o cümlədən söz və mətbuat azadlığına həsr olunmuşdu.

Həmin məruzə ilə ilk tanışlıqda onun aşkar qərəzliliyi bəlli olur. Düzdür, məruzədə bəzi müsbət məqamlar vardır. Məsələn, "erməni separatçıları Ermənistanın köməyi ilə (təkcə Ermənistanınmı?-A.A.) Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu nəzarətdə saxlamaqda davam edir" ifadəsi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir. Bununla belə, ölkəmizdə insan hüquqları və demokratik azadlıqlar sarıdan vəziyyətə aid bölmələrdə əsassız tənqid yer almış, Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan bəri demokratiyanın inkişafı sahəsində qazandığı aşkar tərəqqiyə göz yumulmuşdur. ABŞ çox vaxt gənc dövlətlər qarşısında elə tələblər qoyur ki, bəzən düşünürsən: Ağ evdə bu ölkələrdə eynilə ABŞ-da olduğu kimi "Amerika cəmiyyətləri" görmək istəyirlər və bu zaman unudurlar ki, okeanın o tayındakı demokratiyanın bir neçə əsrlik tarixi olduğu halda, keçmiş SSRİ məkanında yaranmış müstəqil dövlətlər totalitar kommunist rejiminin buxovlarından təxminən iyirmi il əvvəl azad olaraq, demokratik cəmiyyət quruculuğu yoluna qədəm qoymuşdur. Bu yol isə enişli-yoxuşludur və ötən əsrlər ərzində eynilə bu cür sınaqlarla və çətinliklərlə üzləşmiş amerikalıların özləri də bunu gözəl bilirlər. Əlbəttə, hər şeyə birdən-birə nail olmaq mümkün deyil, lakin əsas məsələ demokratik dəyərlərə həqiqi bağlılıq və seçilmiş yol ilə irəliləmək niyyətinin qəti olmasıdır. Bütün bunları isə Azərbaycanda aydınca görmək olar. Buna görə də ABŞ Dövlət Departamentinin məruzəsini təkəbbürlülük nümunəsindən başqa cür səciyyələndirmək mümkün deyildir. Məruzədə ötən illər ərzində Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, müstəqil mətbuatın inkişafı sahəsində qazanılmış uğurlar barədə heç nə deyilmir. Görəsən, doğrudanmı həmin sənədin müəllifləri ölkəmizdə bu sahədə heç bir müsbət irəliləyiş görməmişlər? Əlbəttə, buna inanmaq çətindir və ona görə də məruzənin və orada verilən qiymətlərin obyektivliyinə, yumşaq desək, şübhə yaranır.

Təəccüblü deyil ki, özlərini zahirən "müstəqil" kimi qələmə verməyə çalışan, lakin iş maliyyələşdirmə məsələsinə çatanda dərhal bu müstəqilliyi itirən bir sıra "beynəlxalq" təşkilatlar ABŞ Dövlət Departamentinin məruzələrini özlərinin əsas sponsoru tərəfindən bir növ siqnal, fəaliyyət üçün rəhbərlik kimi qəbul edir. Bəzən bu "müstəqil" hüquq müdafiəsi təşkilatları özlərinin illik hesabatlarında hətta mövzunu öyrənməyə də macal tapmadan Dövlət Departamentinin fikirlərini, demək olar ki, sözbəsöz təkrarlayır. Belədə lap gülməli vəziyyət yaranır. Əslində, onların bu "tədqiqatları" nəyə gərəkdir, onsuz da həmin təşkilatların hesabatlarının ümumi istiqaməti qrant verənin özü tərəfindən müəyyən edilmişdir və bircə bu qalır ki, Dövlət Departamentinin məruzəsindəki ifadələr bir qədər başqa şəkildə təqdim edilsin və növbəti il üçün maliyyələşdirilməyə layiq olmaq üçün bəzi çalarlar əlavə olunsun! Bəli, həmin təşkilatlar belə işləyirlər, onların əməkdaşları bu barədə şəxsi söhbətlərdə, bəzən isə öz bloqlarında da açıq danışırlar. "Freedom House", "Human Rights Watch", "Transparency İnternational", "Sərhədsiz Reportyorlar", Jurnalistləri Müdafiə Komitəsi, İnsan Hüquqları Evləri Fondu və digər təşkilatların hesabatlarının necə yazılması bizə yaxşı məlumdur. Bu təşkilatlar siyasi sifarişlə işləyir, ABŞ Dövlət Departamentinin məruzələrinin ahəngi dəyişən kimi, onların hesabatlarının ruhu da dərhal dəyişir.

Nümunə üçün uzağa getmək lazım deyildir. Viktor Yuşşenkonun Ukraynaya rəhbərliyi dövründə okeanın o tayından olan göstərişə əsasən, beynəlxalq QHT-lər bir səslə bu postsovet ölkəsinə insan hüquqları və demokratik azadlıqlar sahəsində yüksək reytinqlər verirdilər. Xüsusi vurğulamaq istəyirik ki, Azərbaycan Ukraynanı həmişə özünə dost ölkə hesab etmişdir və indi də belədir. Ukraynanın istər əvvəlki, istərsə də indiki hökumətləri dövründə vətəndaş hüquqlarının təmin edilməsi, həqiqətən, yüksələn xətlə getmişdir və bu dinamika davam edir. Lakin təəccüb doğuran budur ki, Ukraynada hakimiyyət dəyişən kimi elə həmin beynəlxalq təşkilatlar bircə anda özlərinin mövqeyini dəyişmiş, son illərdə bu ölkədə qazanılmış uğurları unutmuş və birdən-birə orada "həll edilməmiş problemlərin" olmasından danışmağa başlamışlar. Görünür, Avropanı yaxalamış builki sərt qış kimi, həmin "problemlər" də qəflətən peyda olmuşdur!

Daha bir misal: ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Gürcüstanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləyərək, Abxaziyanı və Cənubi Osetiyanı tanımış ölkələri tənqid etmək üçün heç bir fürsəti əldən vermədiyi halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından söhbət düşəndə, nədənsə, bu cür prinsipiallıq göstərmir, bunun əvəzində Helsinki Yekun Aktında təsbit olunmuş üç prinsipin - ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək hüququ və zor tətbiq edilməməsi prinsiplərinin "eyni dərəcədə əhəmiyyəti" olmasından danışır. Gözlərini yaşıl əskinaslar qamaşdıran beynəlxalq QHT-lər də, özlərinin xüsusi fikri olmadığına görə, dərhal həmin "qiymətli direktivi" dəstəkləyir, məsələyə bu cür yanaşmanın açıq-aşkar ikili standart olduğunu bəzən özləri də başa düşmədən onu təkrarlayırlar. Həmin təşkilatların sözdə bəyan etdiyi qərəzsizlik və obyektivlik həqiqətdə ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyildir.

Bu təşkilatlar arasında Azərbaycanı "azad olmayan dövlət", Dağlıq Qarabağı isə "qismən azad" ərazi adlandıran "Freedom House" xüsusilə fərqlənir. İşğal edilmiş Dağlıq Qarabağın ABŞ Dövlət Departamenti tərəfindən də Azərbaycanın tərkib hissəsi hesab edilməsinə baxmayaraq, bu təşkilatın həmin bölgəni "ölkə" hesab etməsi faktının cəfəngliyini bir yana qoyaq. Aydın olmayan başqa məsələdir - işğal edilmiş Dağlıq Qarabağdakı hərbi rejimi hansı əsasla "qismən demokratik" hesab etmək olar ki, bu bölgənin sakinlərinin demək olar, üçdəbiri milli mənsubiyyətinə görə doğma yurdlarından qovulmuş, yerli seçkilərdə və vətəndaş cəmiyyəti təsisatlarının qurulmasında iştirak etmək imkanından məhrum edilmişdir? Müqayisə üçün Cənubi Afrika Respublikasının (CAR) aparteid dövrünü xatırlayaq. CAR-ın ağdərili əhalisini təcrid olunmuş şəkildə götürsək, o vaxt bu icma daxilində insan hüquqları baxımından vəziyyət, həqiqətən, yüksək səviyyədə idi, Böyük Britaniyadakı vəziyyətdən heç də pis deyildi. Lakin ölkə əhalisinin əksəriyyətinin ümumi prosesdən tamamilə kənarlaşdırıldığı və fundamental hüquqlardan məhrum edildiyi bir şəraitdə bütövlükdə CAR-da demokratiyadan danışmaq olardımı? Əlbəttə ki, yox! O dövrdə CAR dünyanın ən mürtəce, totalitar və qeyri-demokratik ölkələrindən biri idi. Sual olunur, Dağlıq Qarabağ birdən-birə hansı yolla "qismən azad" ərazi reytinqi almışdır ki, bu bölgənin əhalisinin üçdəbiri siyasi proseslərdə iştirak etmək imkanından məhrum olunmuş, oyuncaq rejim isə öz qarşısına bu diyarda aparteidi xatırladan monoetnik erməni cəmiyyəti yaratmaq məqsədini qoymuşdur? Bu sadə suala hətta "Freedom House"nin illik hesabatının öz standartları arasında başlarını itirmiş müəllifləri də cavab tapa bilməzlər.

Bütün üzvləri qohum olan kiçik ölkə daxilində demokratiyaya az-çox nail olmaq müşkül məsələ deyildir. Lakin çoxlu sayda başqa ailələrin də yaşadığı böyük və çoxmənzilli binada ədalətli qayda yaratmaq bundan qat-qat çətindir. 1987-89-cu illərdə azərbaycanlı əhalinin tarixən ona məxsus olan torpaqlardan zorla qovulduğu bugünkü Ermənistan monoetnik dövlətdir. Azərbaycan isə müxtəlif dillərdə danışan çoxsaylı ailələrin tarixən tolerantlıq, mehribanlıq şəraitində yaşadığı çoxmənzilli uca binanı xatırladır. Belə olan halda "Freedom House" hansı əsasla Ermənistanı "qismən azad", Azərbaycanı isə "azad olmayan" ölkə hesab edir? "Freedom House"nin yozumuna görə, demokratik dövlət olmaq üçün doğrudanmı Ermənistan kimi etnik təmizləmələr aparmaq və monoetnik dövlət yaratmaq lazımdır? Əgər Ermənistanda da Azərbaycanda olduğu qədər etnik qrup və millət yaşasaydı, o, "Freedom House"nin ona verdiyi indiki reytinqi qoruyub saxlaya bilərdimi? Bizim buna böyük şübhəmiz vardır!

Eyni sözlər Azərbaycanı "ciddi internet senzurası" olan ölkələrin siyahısına (yəqin ki, öz sponsorlarının göstərişi ilə) daxil etmiş "Sərhədsiz Reportyorlar" təşkilatına da aiddir. Hökumətpərəst agentliklərin səxavətlə maliyyələşdirdiyi bu cür "beynəlxalq" QHT-lər müstəqil siyasət yeridən başqa ölkələrin hökumətlərinə siyasi təzyiq alətinə çevrilir. Bu mexanizm kifayət qədər sadədir. Əvvəlcə külli məbləğdə vəsait sərf edilərək "beynəlxalq" təşkilat yaradılır. "Məşhurlaşdırma" fazası başa çatandan və "dünya miqyaslı nüfuzlu təşkilat" imici qazandırıldıqdan sonra bilavasitə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi - "beynəlxalq" QHT-nin guya müstəqil mövqeyi adı ilə gözəgörünməz haminin mövqeyinin səsləndirilməsi mərhələsi başlanır. "Freedom House", "Human Rights Watch", "Transparency İnternational", "Sərhədsiz Reportyorlar", Jurnalistləri Müdafiə Komitəsi və sair təşkilatların illik məruzələri belə yaranır. Bir sıra hallarda top-menecment illik məruzələri tərtib etməzdən əvvəl sponsor ölkələrin hökumətlərindəki qeyri-rəsmi kuratorlarına birbaşa və birmənalı sualla müraciət edirlər: "Biz nə yazmalıyıq?". Başqa hallarda QHT-lər "ali qonaqların" və digər VİP nümayəndələrinin səfərlərini gözləyir, sonra isə onlardan alınan direktivlərə uyğun olaraq, hesabatın mətni üzərində işə başlayırlar. Bütün bu faktlar bizə yaxşı məlumdur. Onlar həmin hüquq müdafiəsi təşkilatlarının qeyri-səmimiliyinə, bəzən isə açıq-aşkar riyakarlığına dəlalət edir. Bu təşkilatların hansı "müstəqilliyindən" (deməli, həm də onların fikrinin nüfuzundan) danışmaq olar ki, maliyyə asılılığı həmişə mövcud olmuşdur?! Sual ritorikdir.

2010-cu ilin axırlarında Azərbaycanda keçirilmiş sorğuda iştirak etmiş 93 kütləvi informasiya vasitəsinin əksəriyyəti özəl qurumdur, dövlət tərəfindən maliyyələşdirilmir, yəni onlar tamamilə müstəqildir. Bu KİV-lərin 81 faizi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin "Jurnalistlərin dostu" hesab edilməsi təkcə rəmzi məna daşımır. Bu, həm də hökumətpərəst agentliklər tərəfindən nəzarət və idarə olunan, öz fikrini özlərinin qeyri-rəsmi kuratorlarının göstərişi ilə formalaşdıran "müstəqil" beynəlxalq təşkilatlara ünvanlanmış özünəməxsus bir ittihamdır. Azərbaycan KİV-ləri arasında keçirilmiş sərbəst rəy sorğusunun nəticələri çox parlaq şəkildə göstərir ki, jurnalistlər birliyinin yekdil fikrinə görə, Azərbaycan dövlətinin başçısı həm də demokratik dəyərlərin təminatçısı missiyasını layiqincə yerinə yetirir.

Yeri gəlmişkən, indi dünyanın elə vaxtıdır ki, gənc dövlətlərə təkəbbürlə nəsihət verən böyük dövlətlər özləri də onlardan çox şey öyrənə bilər. Bu, ilk növbədə, azad seçkilər nəticəsində formalaşmış və müstəqil siyasət yeridən hökumətlərə oyuncaq beynəlxalq təşkilatlar vasitəsilə təzyiq göstərməyə çalışanlara aiddir. Azərbaycan kiminsə sədəqəsinə göz dikən dövlətlərdən deyil ki, ona təzyiq göstərmək mümkün olsun. Ölkəmizin müstəqillik illərində keçdiyi yol bunu dəfələrlə sübut etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ölkəmizdə söz və mətbuat azadlığı sahəsində vəziyyətin ABŞ Dövlət Departamenti və bəzi beynəlxalq təşkilatlar tərəfindən əsassız, ikili standartlara söykənən tənqidinə ən tutarlı və obyektiv cavabdır. Azərbaycan dövlətçiliyinin və ölkənin siyasi quruluşunun memarı Heydər Əliyevin müəyyən etdiyi strateji xətti yeni şəraitdə uğurla davam etdirən Prezident İlham Əliyev respublikaya rəhbərliyi dövründə ədalətli cəmiyyətin tarixi ənənələrinə və onun dəyərlərinə sadiqliyini nümayiş etdirmiş, Azərbaycan jurnalistləri də bunu minnətdarlıqla qiymətləndirərək Prezidenti özlərinin dostu elan etmişlər!

 

 

Aslan Aslanov,

Azərbaycan Dövlət

Teleqraf Agentliyinin

(AzərTAc-ın) Baş direktoru

 

Azərbaycan.- 2011.- 7 yanvar.- S. 2.