Hüsnü gözəl Bakıda bayram şənlikləri

 

Ötən il ətəyini büküb getsə , bu ayrılıqdan doğan sevincin həddi-hüdudu yoxdur. Təzə il öz qədəmləri ilə paytaxtımıza, cümlə böyük Vətənimizə yeni arzular, sevinclər bəxş edib. Keçirilən mərasimlərin, tədbirlərin, səslənən təbriklərin, xoş sözlərin təntənəsi davam etməkdədir. Dünyanın ən gözəl şəhərlərindən olan qədim Bakının bugünkü hüsnü bir özgə aləmdir.

Vaxtilə paytaxtımızın əzəmətinə, məğrurluğuna, mavi Xəzərin sahilində qərar tutmasına şeirlər qoşan, mahnılar yazan şair bəstəkarlarımız bu gün onun vəsfini yaratmağa başlasaydılar, ən zəngin lüğət tərkibində sözlər bu gözəlliyi canlandırmağa yetməzdi. Yeni ili Azərbaycanda keçirən əcnəbilər Bakının əsrarəngiz gözəlliyindən vəcdə gələrək şəhər haqqında ürək sözlərini sevinə-sevinə deyirdilər. Onlar inana bilmirdilər ki, cəmi 5-10 il ərzində Bakı belə sürətlə dəyişərək füsunkar bir şəhərə çevrilib. İli ildən gözəl gələn paytaxtın yaşıl xiyabanları, zümrüd libaslı parkları, yeni salınmış bağları, yolötürücüləri, abadlaşan yolları, Günəşi salamlayan göydələnləri quruculuqdan, şəhərə olan diqqətdən, qayğıdan xəbər verir.

Dövlət başçısı İlham Əliyevin göstəriş sərəncamları əsasında təmir edilmiş tarixi binalar ikinci ömrünü yaşayır. Hər tərəf göz oxşayır, könül sevindirir. Bakının küçələri, səkiləri, prospekt xiyabanları indi sözün əsl mənasında ürəkaçan mənzərələrlə naxışlanıb. Şəhər sakinləri, qonaqlar, xüsusilə uşaqlar yaşından asılı olmayaraq hər kəs üçün yaradılmış şəraitdən razılıq edirlər. Baxdıqca hüsnünə doymaq olmur Bakının. Qollarını açıb bu mehriban gözəl şəhəri bağrına basmaq istəyirsən. Qəlbin ehtizaza gəlir.

Şəhərimizin ən möhtəşəm yerlərinin birində dalğalanan üçrəngli bayrağımızın ucalığında ürəyimizə qürur iftixar hissləri dolur. Bu bayrağın rənglərindən ruhumuza axan rahatlığın ifadəsini vermək çox çətindir. gözəl ki, Bakı bu gün həm müasirdir, həm klassik. Xəzərin layla çaldığı Qız qalası, İçərişəhərin qədim divarları, hamını məftun edən Muğam Mərkəzi, bir-birindən yaraşıqlı yaşayış evləri, tikilməkdə olan yeni binalar, insan əlinin sığalından sonra istifadəyə verilmiş neçə-neçə mədəniyyət ocağı, məkanlar, müxtəlif ünvanlar qədimliklə yeniliyin vəhdətindən xəbər verir. Duyulan sevincin, keçirilən fərəhin həddi-hüdudu yoxdur. Fəxr edib, qürur duyursan ki, bu gözəl şəhərin sakinisən. İndi ürək açıqlığı ilə, qətiyyətlə deyə bilərsən: Bakı Yer üzünün ən möhtəşəm gözəl şəhərlərindən biridir!

Dağüstü parkdan Bakını seyr etməyin özgə ləzzəti var. Sanki nağıllar aləminə düşürsən. Bakının hüsnündə qəribə bir cazibə var, baxdıqca doyulmur. Son illərdə inşa edilmiş körpülər - yolötürücüləri, yeraltı keçidlər, müxtəlif məqsədlər üçün inşa edilmiş bir-birindən fərqli gözəl binalar paytaxta qəribə bir füsunkarlıq bəxş edib. Duyduğun xoş emosiyalara sanki adamın qəlbi darlıq edir. Mütləq bu iftixarı sözə çevirmək, sevincini bölüşmək istəyirsən. İllər öncə yazılmış məşhur bir mahnını yeni bir ovqatla könlünə çəkərək bərkdən oxumaq arzusunda olursan:

 

Bakı gözəl şəhər, mehriban diyar,

Qoynunda boy atıb olduq bəxtiyar...

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 7 yanvar.- S. 6.