Azərbaycan dünyada müstəqil
xarici siyasət yürüdən ölkə kimi qəbul
edilir
Azərbaycan
dünyada müstəqil daxili və xarici siyasət yeridən,
"güclü dövlət - müstəqil siyasət"
prinsipini rəhbər tutan ölkə kimi tanınır.
Hansısa mərhələdə rəsmi Bakıya təsir
göstərməyə çalışan dövlətlər
də artıq bunun mənasızlığını dərk
edərək respublikamızla qarşılıqlı
faydalı, bərabərhüquqlu əməkdaşlığa
üstünlük verirlər. Əfsuslar olsun ki, Ermənistanın
əsassız ərazi iddiaları müstəqillik əldə
etdikdən sonra dövlətimizin irəliyə inkişafı
yolunda mühüm maneəyə çevrilmiş, ölkəmizin
ərazi bütövlüyü pozulmuş, 1 milyona yaxın vətəndaşımız
öz doğma yurdundan didərgin düşmüşdür.
Ümumilikdə, Cənubi Qafqaz regionunda demokratik proseslərin
davamlılığı üçün ciddi təhlükə
doğuran Dağlıq Qarabağ problemi dünya birliyi
qarşısında bu gün də öz
aktuallığını saxlayır.
Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə, konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlətimizin başçısı İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.
Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının yüksəlməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində ərazi toxunulmazlığı prinsipini önə çəkmişdir. Son illər danışıqlar prosesi yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Lakin hər dəfə Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi münaqişənin sülh yolu ilə həllinə ciddi maneə törədir.
Azərbaycan cəmiyyətinin, ölkə rəhbərliyinin bu problemin həlli perspektivlərinə münasibəti birmənalıdır. Bu sahədə də ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev qətiyyətlə bəyan edir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapacaqdır. Cənab İlham Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini mümkün hesab edir və çalışır ki, sülh danışıqları da məhz bu formatda aparılsın. Dövlət başçısı ölkəmizin ərazi itkisi ilə barışmayacağını hər zaman bildirir və münaqişənin həll edilməsində məhz beynəlxalq hüquq normalarına istinad edir. Ölkə başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirmişdi: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək, Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcəkdir. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır".
Bu gün Ermənistan işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə edir. Buna baxmayaraq, Azərbaycan hər zaman sülh danışıqlarına sadiq qalır və yenə də ümid edir ki, onlar nəticə verəcəkdir. Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir və belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin artırılmasını tələb edir. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bu məqsədlər üçün daha böyük vəsait ayrılacaqdır. Azərbaycan ordusu üçün lazım olan avadanlığın, silah-sursatın istehsalı məqsədilə böyük işlər görülür. Müdafiə Sənayesi Nazirliyinin son illərdə bu istiqamətdə uğurlu fəaliyyəti deyilənlərə əyani misaldır.
Prezident İlham Əliyev 2005-ci ildə Azərbaycan Silahlı Qüvvələrini qısa müddət ərzində yerli istehsal hesabına təmin edəcək gücə qadir olan bir qurumun - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair sərəncam imzaladı. Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı tarixdən bugünədək nazirliyin tabeliyində olan müəssisələrdə 31 yeni istehsal sahəsi yaradılmışdır. Yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün bütün gücü ilə çalışır. Görülmüş işlər nəticəsində 2010-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 2006-cı illə müqayisədə 115 dəfədən çox artmışdır. 2007-ci illə müqayisədə 2010-cu ilin 11 ayında sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 12,8 dəfə artım olmuşdır.
Ötən müddət ərzində hərbi texniki əməkdaşlıq sahəsində görülmüş işlər nəticəsində bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 60-dan çox şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Müstəqil Azərbaycanın formalaşan hərbi qüdrətinin nümayiş etdirilməsi məqsədilə beynəlxalq sərgilərdə iştirak edən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatların çeşid sayının hər ötən sərgiyə nisbətən artması çox sevindirici haldır. Qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin əldə etdiyi uğurlara respublikanın güc strukturları ilə yaradılmış qarşılıqlı əməkdaşlıq da öz təsirini göstərmişdir.
Demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu və
sosial-iqtisadi inkişaf istiqamətində ildən-ilə
uğurlarını artıran Azərbaycan Respublikasında
ölkənin etibarlı müdafiəsinin təşkil edilməsi,
hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin
döyüş hazırlığının müasir
standartlar səviyyəsinə çatdırılması kimi
məsələlər də diqqətdən kənarda
qalmır. İqtisadiyyatın çiçəklənməsi,
dövlət büdcəsinin artması digər sahələr
kimi, hərbi təhlükəsizliklə bağlı
görülən işlərə də daha çox maliyyə
vəsaitlərinin ayrılmasını şərtləndirir.
Azərbaycan dövləti Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həlli
üçün bütün imkanlardan istifadə etməyə
qadirdir.
Azərbaycan.- 2011.- 8 yanvar.- S. 1.