Mətbuatın inkişafına yüksək qayğı nümunəsi

 

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə bərabər onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyildir. Respublikanın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır.

Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirir. Azərbaycanda bu gün insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. Respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə Azərbaycan iqtidarı da söz və mətbuat azadlığının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır.

2003-cü ilin oktyabrından dövlətə inamla rəhbərlik edən Prezident İlham Əliyev respublikada söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Son illər ölkə başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə bütün imkanlar yaradılmışdır. Dövlət başçısının sərəncamları ilə hələ 2005-ci ildə "Əməkdar jurnalist" fəxri adının bərpa edilməsi, "Əkinçi" qəzetinin 130 illik yubileyinin qeyd olunması, jurnalistlərin fəxri adlarla təltif edilməsi, 30-a yaxın qəzetə birdəfəlik yardımların edilməsi, sonrakı mərhələdə KİV-in İnkişafına Yardım Fondunun yaradılması deyilənlərin əyani təsdiqidir.

Artıq tarixə çevrilən 2010-cu ildə mətbuatın inkişafı istiqamətində atılan addımlar bunun bariz göstəricisi sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 10 iyun tarixli "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən, Prezident Administrasiyasında tədbirlər planı hazırlanmış, Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfranslar keçirilmiş, mətbuat işçiləri mükafatlandırılmışlar. Ümumilikdə Azərbaycan mətbuatının 135 illik yubileyinin "Gülüstan" sarayında yüksək səviyyədə qeyd edilməsi, jurnalistikamızın inkişafında xidmətləri olmuş qələm sahiblərinin mükafatlandırılması, 40-dək qəzetə və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binaların tikintisi üçün Bakıda torpaq sahəsinin ayrılması da Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir.

"RUH" Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin yekunlarına görə, "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi isə medianın dövlət başçısına minnətdarlığıdır. Məlumat üçün bildirək ki, "Jurnalistlərin dostu" mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Qaliblər "RUH"un kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğu vasitəsilə müəyyənləşdirilir. 2010-cu il üzrə qalibi müəyyən etmək üçün dekabrın 1-dən 20-dək keçirilmiş sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 13 jurnalist təşkilatı, 11 informasiya agentliyi, 8 xəbər portalı, 7 telekanal, 3 radio və 2 jurnal iştirak etmişdir. Bütövlükdə sorğu 30 minə yaxın media nümayəndəsinin rəyini ümumiləşdirmişdir. Nəticələrə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə kütləvi informasiya vasitələrinə diqqətə görə Prezident İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülmüşdür.

Mükafatın təqdimetmə mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev mətbuatın inkişafı istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin həyata keçiriləcəyini demişdir: "Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz, sözün əsl mənasında, azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq".

Dövlət başçısının mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı fikirləri də obyektiv reallığa söykənir. Bu zərurət yalnız Azərbaycanın müharibə şəraitində yaşaması, ərazilərinin 20 faizinin işğal altında olması ilə şərtlənmir. Nəzərə almalıyıq ki, hazırda bütün planeti təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə də ciddi təhdidlər doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər.

Prezident İlham Əliyev bədnam erməni təbliğatına qarşı mübarizədə Azərbaycan mətbuatının rolunu da yüksək qiymətləndirmiş, respublikamızın bu sahədə mühüm uğurlara imza atdığını demişdir: "Əlbəttə ki, mən bu sahədə dövlət siyasəti ilə bərabər, media qurumlarının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik. Bizim artıq mövcud olan mətbuat resurslarımız, Azərbaycanın dünyadakı dostlarının sayının artması buna imkan verir. Bilirsiniz ki, Azərbaycan indi enerji təhlükəsizliyi, regional təhlükəsizlik üçün çox önəmli ölkədir. Bəzi hallarda bizim fikrimiz, rəyimiz və addımlarımız həlledici xarakter daşıyır. Təsadüfi deyil ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyənlərin sayı artmaqdadır. Bu da bizim informasiya resurslarımızdır. Son illərdə onlarca səfirlik açılmışdır. Azərbaycanın dünyada əllidən yuxarı səfirliyi vardır. Bu da bizim informasiya resurslarımızdır".

Şübhəsiz, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı, milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması tədricən Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir.

Dövlət başçısı İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimindəki dərin məzmunlu nitqi - mətbuatın bugünü və gələcək perspektivləri ilə bağlı söylədiyi dəyərli fikir və tövsiyələr ümumən bu sahənin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Ümumilikdə son proseslər göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2011.- 8 yanvar.- S. 2.