2011-ci il MDB məkanında "Tarixi-mədəni irs" və "Ərzaq təhlükəsizliyinin artırılması" ili elan edilmişdir

 

AzərTAc xəbər verir ki, 2011-ci il MDB məkanında "Tarixi-mədəni irs" və "Ərzaq təhlükəsizliyinin artırılması" ili elan olunmuşdur.

Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurası bununla bağlı görüləcək işlərin ilkin planını da müzakirə etmişdir. Cari ilin birinci yarısında Minskdə "MDB-nin 20 illiyi" adlı beynəlxalq elmi-praktik konfrans, həmçinin Elm və Yaradıcı Ziyalıların VI Forumu keçiriləcəkdir.

Bundan əlavə, "Birlik ölkələrinin mədəniyyət paytaxtı" pilot layihəsi reallaşdırılacaqdır. Keçən il hazırlanmış layihənin məqsədi zəngin, rəngarəng, eyni zamanda humanitar əməkdaşlığı özündə cəmləşdirən ölkələr arasında siyasi və iqtisadi sahədə münasibətlərin inkişafına təkan verən illik mədəni proqramı həyata keçirməkdir.

 

 

Azərbaycan.- 2011.- 8 yanvar.- S.3.