Mənzil uzaq, dərd böyük

 

XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın kəşməkeşli yollarında ağır sınaqlarla üzləşən, qalib çıxan, ilhamla yazıb-yaradan, təravətli əsərləri ilə rəğbət qazanan, ədəbiyyatımızda imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 59 il ömür sürmüş bu şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır. Erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı, poeziyasının baş qəhrəmanı olan İnsanı məhəbbətlə vəsf etməyi bacardı.

 

Hər şeydən öncə Zeynal Xəlil dövrünün övladı idi. Əgər o, bir tərəfdən insanın daxili aləmi, yüksək amallar uğrunda mübarizəsi barədə yazırdısa, digər tərəfdən XX əsrin diktəsi, tələbləri də bu şairin yaradıcılığında öz əksini göstərirdi. Akademik Kamal Talıbzadəyə görə Zeynal Xəlil XX əsrin ən gözəl lirik şairlərindən biridir. Ədəbiyyatçı-alim yazırdı: "Lirika onun bütün yaradıcılıq yolunu istiqamətləndirir, bu poeziyanın janr təmayülünü təyin edir. Doğrudur, şairin qələmindən çıxan məhsul çoxcəhətlidir, o, bu gün də öz əhəmiyyətini itirməyən, oxucuların, tamaşaçıların marağını, zövqünü oxşayan poemalar, pyeslər də yazmışdır. ...Müasir insanın arzu və niyyətləri, sevinc və kədəri, dünya, həyat, ölüm, dostluq, sədaqət haqqında duyğuları Zeynal Xəlil lirikasının daimi mövzularıdır".

Zəngin yaradıcılığa malik olan Zeynal Xəlil öz əsərlərində Azərbaycanın poetik tablosunu çox əlvan yaradıb. Şairin bütün müşahidələrinin, poetik münasibətlərinin mərkəzində İnsan və onun arzuları dayanırdı. Adi yarpaqdan yazanda da, çiçəyə, quşa nəğmə qoşanda da, xarüqələr yaradan əməkçinin zəhmətini tərənnüm edəndə də çox sevdiyi qəhrəmanını - İnsanı unutmayıb:

 

...Mən yarpağa nəzər saldım,

Şaxta vurmuş, gün döymüş,

Çöhrəsi damar-damar.

Yerdən, göydən soruşdum,

Dedim, səhər yelinə:

- Burada nə hikmət var?

Deyin, neçin bənzəyir

Yarpaq insan əlinə?

 

Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. "Ata və oğul" adlı bir şeirində öz tərcümeyi-halını belə dilə gətirib: "Atam mənim papaqçıydı, varı, yoxu bir qəlibdi, bir də iynə. Gecə-gündüz bunlar oldu çatan onun köməyinə".

Ağrı və məhəbbətlə öz şeirində portretini yaratdığı atasını Zeynal Xəlil 7 yaşında ikən itirib. Böyük qardaşlarının himayəsində yaşayaraq əvvəl şəhər yeddiillik, sonra peşə məktəbini bitirib. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərində özünü büruzə verməyə başladı. "Yeni kənd" adlı ilk mətbu şeiri 1936-cı ildə "Hücum" jurnalında dərc olunub. Ali məktəbi bitirdikdən sonra bir müddət Qasım İsmayılov rayonunun (indiki Goranboy) Goranboy kəndində orta məktəb müdiri vəzifəsində çalışıb. Ədəbi fəaliyyətə tələbəlikdən başlayan Zeynal Xəlil iki il burada müəllimlik edib. Bu müddət ərzində şeirləri "Gənc işçi", "Ədəbiyyat qəzeti" və digər mətbuat orqanlarında dərc olunurdu. "İstək" adlı şeirlər məcmuəsi 1936-cı ildə işıq üzü görüb. Bu o dövr idi ki, ölkədə repressiya şiddətlə davam edirdi. Azərbaycan yazıçılarının bir qismi, xüsusilə də Yazıçılar İttifaqının rəhbərləri həbs edilərək ya sürgünə göndərilir, ya da qətlə yetirilirdi. Həmin illərdə Zeynal Xəlil bir müddət Yazıçılar İttifaqı Rəyasət Heyətinin məsul katibi olub. Təbii ki, belə bir ağır məqamda sağ qalanların, repressiyanın caynaqlarına ilişməyənlərin hansı mənəvi terrora məruz qalması şairin şeirlərində də əks olunub. "XX əsrim mənim", "Əsrim, taleyim mənim" və digər şeirlərində çəkdiyi əzabların müəyyən qismi üstüörtülü şəkildə də olsa öz əksini tapıb. Dünyaya ünvanladığı bir şeirində keçirdiyi əzabları belə dilə gətirib: "Yatmayıram gecələr, ən qorxunc düşüncələr, inanın, deşir bağrımı, kimsə bilmir ağrımı". Bu narahatlıq bəzən onun quruluş müqavimətlərini yara-yara çəkdiyi söz karvanında açıq-aşkar da duyulurdu: "Çiynimdə ən ağır yük, mənzil uzaq, dərd böyük".

İkinci Dünya müharibəsi başlayandan sonra repressiyaların şiddəti bir qədər səngidi. Bu dəfə başqa bir çalağan - müharibə Azərbaycan oğullarını öz caynaqlarına alıb apardı. 1941-ci ilin avqustundan 1942-ci ilin yanvarınadək qələmini süngü ilə yanaşı tutaraq cəbhədə həm müxbir kimi çalışan, həm də əsgər kimi döyüşən Zeynal Xəlil ağır yaralandıqdan sonra vətənə qayıdıb. Onun bu rəşadəti müxtəlif orden və medallarla qiymətləndirilib. "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər İkinci Dünya müharibəsində fədakar əməyə görə", "Almaniya üzərində qələbəyə görə" medallarını alan Zeynal Xəlil "Şərəf nişanı" ordeninə də layiq görülmüşdü.

Müharibədən sonra M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının müdiri vəzifəsində çalışan Zeynal Xəlil üç il də Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini olub. Onun işi ilə bağlı tərcümeyi-halına nəzər salanda müxtəlif ünvanlar gördük. Mədəniyyət Nazirliyində İncəsənət İşləri İdarəsinin rəisi, 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb.

Sağlığında 22 kitabı işıq üzü görüb. Vəfatından sonra üç kitabı sovet dövründə, bir kitabı isə 2004-cü ildə çap edilib. "Seçilmiş əsərləri" adlanan bu sonuncu kitab isə ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı ilə əlaqədar "Müasir Azərbaycan ədəbiyyatı" seriyasından nəşr edilib.

Əməkdar incəsənət xadimi Zeynal Xəlil dramaturq, tərcüməçi, publisist kimi də fəaliyyət göstərib. Onun pyesləri hələ İkinci Dünya müharibəsi illərindən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulurdu. Bir neçə pyesinə müxtəlif teatrlarda səhnə həyatı verilib. Bu sahədəki yaradıcılığında diqqəti cəlb edən bir uğur da müəllifin "Qatır Məmməd" adlı mənzum pyesi ilə bağlıdır. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri - "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" kimi şeirləri, "Tatyana" adlı poeması dillər əzbərinə çevrilib. Əsərləri bir sıra xarici dillərə tərcümə olunan müəllifin rus və Avropa ədəbiyyatından etdiyi tərcümələr də diqqətəlayiqdir. Zeynal Xəlil dövrünün söz sahiblərindən idi. Sənət haqqında düşüncələrini, həmkarlarının yaradıcılığı ilə bağlı fikirlərini, zəhmət adamlarının yaratdığı gözəlliklərdən məqalələr yazmağı, oçerklər qələmə almağı çox sevərdi. Onun bu sahədəki xidmətləri də tədqiq edilməyə layiqdir.

Bu günün gözü ilə Zeynal Xəlilin şeirlərini vərəqləyəndə onun həssaslığına, uzaqgörənliyinə və ötən əsrdə hansı bəlalardan, dönəmlərdən keçdiyindən xəbər tuta bilirsən. Bəzən insan yaşadığı zamanın rənglərini dəqiq seçə bilmir. Bəlkə də ona görə deyirlər ki, hər şeyi həll edən elə zamandır. Zeynal Xəlil isə bu mövqedən dövrünə münasibətini belə dilə gətirirdi: "Əsrim, taleyim mənim". Tənqidçı Şamil Salmanov yazırdı: "Zeynal Xəlil lirikasının ən səciyyəvi cəhətlərindən biri şairin özü və zaman haqqında düşüncə və söhbətləridir. Şarin lirik "mən"i öz tərcümeyi-halını zaman hadisələri, zaman əlamətləri vasitəsilə danışır, nəql edir". Həqiqətdir. Bu gün bizi Zeynal Xəlildən 40 ilə yaxın bir vaxt ayırır. Şeirlərini oxuyanda isə bu ünsiyyətdə onun işıqlı, mübariz, müdrik və mehriban obrazını görürük. Onu yaxından tanıyanlar yaxşı deyirlər ki, Zeynal Xəlil ürəyi ilə sənət arasında sərhədi, səddi olmayan şair idi. Öz hisslərini, düşüncələrini şeirlərinə hopduran, bununla da özünün mənəvi portretini əbədiləşdirən Zeynal Xəlil yazırdı:

 

Öləndə bir daşa çevirin məni -

Vətən torpağında bozca bir daşa.

Mən yaxşı bilirəm tale deyəni:

Hər insan ömrünü vuracaq başa...

 

Nə idi arzusu Zeynal Xəlilin? Heç kimə əziyyət verilməsin. Məzarının üzərindəki bir daşa əvvəl Günəş qazılsın, sonra bir insan surəti. Çünki bu dünyaya gələli Zeynal Xəlil ancaq onları sevib vəsf etmişdi. Günəş və İnsan!

Bir şeirində dediyi kimi, Zeynal Xəlil Azərbaycan poeziyasının "şinel geymiş sənətkarı" olub. Əsrin, taleyin gərdişləri onu nə qədər məngənəyə salsa da, ömrünün sonuna kimi yurduna, soydaşlarına məhəbbətini azalda bilmədi. Şair Taleh Həmid haqlı söyləyir: "XX əsrdə Zeynal Xəlil qədər "insan, insan" deyən ikinci bir şairimizə rast gəlmək bəlkə də mümkün deyil". Bunun da bir səbəbi var idi. O, insanı həmişə ucalıqda görürdü. Bütün dərdlərə, bəlalara əlac tapmağın da ünvanını insanda axtarırdı. Ümidsizliyin, ağrı-acının içində də insanın özünü qorumasını, mərd olmasını arzulayırdı. Tövsiyə edirdi: "Əlini heç zaman üzmə bəşərdən". Təbii ki, o zaman şeirimizdə Allah, Tanrı sözünü işlətmək yasaq olduğundan Zeynal Xəlil Yaradanı bəşər kimi verirdi.

Ədəbiyyatımızın, poeziyamızın zənginləşməsində ömrünü söz-söz əridən Zeynal Xəlilin az yaşaması da öz yaşıdları kimi dövrünün ağrı-acıları ilə bağlı idi. Həqiqətən də repressiya təkcə güllədən, sürgündən, həbsdən ibarət deyildi. Repressiyanın bir oxu da mənəviyyata, daxili dünyaya gözə görünmədən tuşlanan ən ağır silahlardan betər idi! Elə bu səbəbdən də ötən əsrin bəlalarını çəkmiş insanlar həbs edilməsələr də, o dustaq həyatını evlərində, doğma insanlar arasında yaşadılar. Zeynal Xəlil azad, qəlbi ilhamla dolu, böyük şair idi. Amma onun azadlığı qələmi ilə yazı masası arasındakı məsafədə qalırdı. Bu üstüörtülü həyatın da öz qanunları var idi: kommunizmi vəsf, partiyanı tərənnüm etmək. O dövrün şairləri həqiqətən də istedadlarının sayəsində öz simalarını şeirlərində naxışlaya bildilər. İndi biz onları oxuyanda çox şeydən xəbər tutaraq müəllifin sözlə işləmək məharətinə qibtə edirik:

 

- Çoxmu çaxacaqsan göylərdə sən?

- Bilmirəm... Nə qədər ki bu çöl, bu yamac,

Yağışa və suya duyur ehtiyac,

Nə qədər göylərdə qara bulud var,

Bu qatı zülmət var, qatı sükut var,

Onları yandırıb yaxacağam mən,

Od töküb göylərdə çaxacağam mən.

 

Zeynal Xəlil şeirlərində elə bir işıq yandırıb ki, daim Günəşdən nur alır və sönmür. Yaradıcılığında həyat həqiqətlərinin min rəngi duyulan, insanlara həmişə əbədi sevgi və sədaqətlə xidmət edən, şair dünyasını yaşatmaq üçün öz ömrünü girov qoyan Zeynal Xəlil poeziyamızın qüdrətli simalarından biridir. Belə insanların yaradıcılığı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi, əsərlərinin təbliğ olunması, mahnılarının səsləndirilməsi vacibdir. Əsl şairlərin yaradıcılığı adətən xalqının taleyidir, bədii ensiklopediyasıdır, bioqrafiyasıdır. Ötən əsrdə yaşayıb yaratmış Zeynal Xəlil kimi şairlərimizin tədqiq edilməsi, öyrənilməsi həm də Azərbaycan tarixinin müəyyən bir dövrünə işıq salınması deməkdir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 8 yanvar.- S. 5.