Mədəniyyətin sürətli yüksəliş dövrü

 

Azərbaycanın uğurlu göstəriciləri arasında mədəniyyət və turizm sahəsində əldə etdiyi nailiyyətlər də diqqət çəkməkdədir. Dövlətin milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mədəni həyatında əsaslı yüksəlişə səbəb oldu. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında Prezident İlham Əliyevin həssas münasibəti, bununla yanaşı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş fəaliyyəti xüsusilə qeyd edilməlidir. Ölkəmizdə çox vacib beynəlxalq və respublika miqyaslı hadisələr baş verdi. Ötən il ərzində Azərbaycanda mədəniyyət sahəsində 150 dövlət əhəmiyyətli tədbir keçirildi. Ümumilikdə, 2010-cu il Azərbaycan mədəniyyəti tarixinə töhfələr ili kimi daxil oldu. Bu sahədə qazanılan nailiyyətlər barədə suallarımızı respublika mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev cavablandırır.

- Əbülfəs müəllim, qazanılan bütün uğurların əsasında dövlətin, şəxsən ölkə Prezidenti İlham Əliyevin Azərbaycan mədəniyyətinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğı durur. Ötən ildə əldə edilən nailiyyətlər təsdiqləyir ki, Azərbaycan mədəniyyəti növbəti ildə də yeni zirvələrə doğru inamla addımlayacaq. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycan mədəniyyətinin və turizm potensialının müxtəlif ölkələrdə tanıdılması, yurdumuzun dünyanın mədəniyyət və turizm məkanına geniş inteqrasiyası, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə çatdırılması istiqamətində əldə olunan nəticələr sevindiricidir. İl ərzində ölkə daxilində və onun hüdudlarından kənarda həyata keçirilən tədbirlərin uğurlu nəticələnməsində, təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların, göstəriş və tapşırıqlarının böyük əhəmiyyəti var. Mədəniyyət və Turizm Nazirliyi 2010-cu ildə öz fəaliyyətini məhz ölkə başçısının qəbul etdiyi sərəncamlar əsasında quraraq bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Əgər tədbirlərin siyahısını xronoloji ardıcıllıqla sıralasaq, çox uzun bir siyahı alınar. Sadəcə, onların adlarını çəkmək kifayət edər ki, görülmüş işlərin çəkisi və miqyası haqqında təsəvvür yaransın. Milli Teatr Festivalı, Humanitar Əməkdaşlıq üzrə I Rusiya-Azərbaycan Forumu, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Bakı I Beynəlxalq Teatr Konfransı, A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi, IV Beynəlxalq Rostropoviç Festivalı ilin unudulmaz mədəniyyət hadisələridir. Dünyanın bir çox ölkəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ənənəyə çevrildi. Yola saldığımız ildə də biz bu yolla Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasına töhfələr verdik.

- Milli musiqi, teatr, ədəbiyyat, rəngkarlıq sahəsində fəaliyyət göstərən görkəmli sənətkarların yaradıcılıqları və ayrı-ayrı əsərlərin təbliği istiqamətində də bir sıra mühüm tədbirlər diqqətimizi çəkdi.

- Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq ötən ilin yazında Heydər Əliyev sarayında görkəmli Azərbaycan pianoçusu Vaqif Mustafazadənin anadan olmasının 70, Dövlət Filarmoniyasında xalq şairi Rəsul Rzanın 100 illik yubileyləri ilə əlaqədar təşkil olunan ədəbi-bədii tədbir böyük əks-səda doğurdu. Çalışdıq ki, mədəni sərvətlərin təbliğində ölkə başçısının verdiyi tapşırıqları layiqincə yerinə yetirək. İl ərzində ölkə teatrlarında dövlət sfiarişi ilə 20-dən artıq tamaşa hazırlanıb təhvil verildi, Azərbaycan rəssamlarının müxtəlif salonlarda 40-dan çox sərgisi keçirildi. Ankaranın Bilkənd Universitetində Azərbaycanın birinci ledisi Mehriban xanım Əliyevanın iştirakı ilə böyük bir konsert proqramı həyata keçirildi. Tədbirdə xalq artisti Alim Qasımovun rəhbərliyi ilə musiqiçilər qrupu gözəl konsert verdi.

- Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" kitabxana şəbəkəsinin idarə olunması, bu qurumun beynəlxalq inkişafı, eləcə də elmi tədqiqatların aparılması sahəsində köklü dəyişikliklərin həyata keçirilməsinin vacibliyini diqqətə çəkdi. Ötən il bu sahədə hansı uğurlar əldə edildi?

- Dövlət proqramının qəbul edilməsindən keçən il yarım ərzində, deyə bilərəm ki, respublikanın kitabxana fondları yeni nəşrlərlə, habelə Rusiya Federasiyasında, digər ölkələrdə dünyanın aparıcı dillərində çap olunmuş müasir nəşrlərlə komplektləşdirildi. Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində də müsbət irəliləyişlər əldə edildi. Elektron kataloq və elektron kitabxanaların yaradılmasına başlandı. 38 kitabxananın veb saytı açıldı, 17 kitabxanada avtomatlaşdırılmış kitabxana-informasiya sistemi quraşdırıldı. Kitabxana-informasiya şəbəkəsini daha da təkmilləşdirmək üçün respublikanın regionlarında fəaliyyət göstərən maddi-texniki bazası zəif, binaları qəza vəziyyətində olan kitabxanaların müəyyənləşdirilməsi və onların birləşdirilməsi əsasında müasir kitabxanaların yaradılması ilə əlaqədar layihə hazırlandı. Bu layihəni ilk dəfə Qəbələ rayonunda həyata keçirdik. 69 kitabxana filialı 25 kitabxana filialında birləşdirildi. Təkcə kitabxana deyil, muzey işinin yaxşılaşdırılması ilə əlaqədar nazirlik tərəfindən hazırlanmış və həyata keçirilən bir sıra tədbirlər planı da əhəmiyyətli oldu. Bu gün bölgələrimizdə yaradılmış Heydər Əliyev muzeyləri və mərkəzləri öz zəngin maddi-texniki bazası ilə seçilir. Bir sıra rayonlarımızda - Goranboy, Yevlax, Balakən, Beyləqan, Yardımlı, Xızı, Cəlilabad, İsmayıllı, Bərdə tarix-diyarşünaslıq muzeyləri üçün yeni müasir binalar təşkil edildi. Onların bədii tərtibat işləri dünya standartlarına uyğun şəkildə aparıldı. Sumqayıt, Abşeron, Şabran, Qusar, Şamaxıda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin binalarında əsaslı təmir və bərpa işləri yerinə yetirildi. Beyləqan, Yardımlı, Balakən, Şabran, Goranboy rayonlarında açıq səma altında muzeylər yaradıldı. 2010-2014-cü illər üçün nəzərdə tutduğumuz proqrama əsasən, Gəncə şəhəri əfsanələr, Şəki sənətkarlıq, Qazax folklor paytaxtları elan edildi. Bu, sadəcə həmin şəhərlərə verilən adi bir fəxri ad deyil, bu proqram çərçivəsində həmin bölgələrdə il ərzində təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər və s. tədbirlər həyata keçirildi. Paytaxtda başlanan mədəniyyət siyasətinin təntənəsi bölgələrdə də öz əks-sədasını tapdı. Mədəni sərvətimiz olan tarix və mədəniyyət abidələrinin qorunması ilə əlaqədar ölkə başçısının imzaladığı sərəncamlar çoxsahəli və əhatəlidir. Bu gərəkli tapşırıqlar yalnız bir illik deyil, beş il üçün nəzərdə tutulur. Məsələn, "2010-2015-ci illərdə tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı"nın nəzərdə tutduğu müddəaları yerinə yetirmək üçün nazirlik tərəfindən hazırlanan layihələr əsasında müxtəlif tədbirlər planlaşdırılıb.

- Ötən il kino sahəsində hansı işlər görülüb?

- Bu sahədə görülən hər bir iş ölkə başçısının sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"na əsaslanıb. İl ərzində nazirliyin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında "Buta", "Tərsinə çevrilmiş dünya", "Əlavə təsir", "Vəkil haradadır?", müstəqil kino şirkətlərində "Sahə", "Ölüm növbəsi", "Aktrisa", "Kabusun gözü ilə" filmləri çəkilib. Hazırda "Qisas almadan ölmə", "Ondan yaxşı qardaş yox idi", "Mən evimə qayıdıram", "Dolu", "Canlı" filmləri üzərində tamamlama işləri aparılır. Görkəmli sənət adamlarına həsr olunmuş bir neçə sənədli film, eləcə də uşaqlar üçün cizgi filmləri istehsal edilib. Qısametrajlı bədii film çəkilişində də uğurlarımız var. Kinematoqrafiya sahəsində əldə edilən uğurları tamaşaçılara çatdırmaq üçün bir sıra bölgələrdə kino həftəsi keçirildi. Eləcə də biz bu həftələri xarici ölkələrdə də təşkil etdik. İlin sonunda dünya şöhrətli fransız kino aktyoru Jerar Depardyenin ölkəmizə gəlişi böyük maraqla qarşılandı. Bu məşhur aktyoru ölkə Prezidenti İlham Əliyev qəbul etdi. Milli kinomuzla bağlı layihələrdə iştirakı nəzərdə tutulan Jerar Depardye Azərbaycan kinosu haqqında müsbət fikirlər söylədi.

- Mədəniyyət və Turizm Nazirliyi kitabın təbliğatı ilə əlaqədar müxtəlif layihələr hazırladı, yeni nəşrlər çap edildi...

- Ölkədə mədəniyyət siyasətinin uğurla həyata keçməsində ilk addım məhz kitabın təbliğatından asılıdır. Biz bu siyasətə uyğun olaraq il ərzində 40-a yaxın kitab nəşr etmişik. Minsk, Paris, London, Moskva şəhərlərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında nümayiş olunan Azərbaycan kitabları böyük uğurlar qazanıb. Moskvada VII Beynəlxalq "Kitab sənəti" müsabiqəsində 9 nominasiyadan üçündə kitablarımız fərqlənib. İlk dəfə olaraq Azərbaycan kitabı - Çingiz Əlioğlunun "Çərçivə" şeirlər toplusu bu beynəlxalq müsabiqənin baş mükafatına - "Qran pri"yə layiq görülüb. İl ərzində yazıçı və şairlərin yaradıcılığına həsr olunmuş müxtəlif ədəbi-bədii tədbirlər təşkil edilib. Sabit Rəhmanın 100, Xalidə Hasilovanın 90, Xanımana Əlibəylinin 90, Fikrət Sadığın 80, Gülhüseyn Hüseynoğlunun 80 və digərləri ilə bağlı keçirilən mərasimlərdə də həm bu sənətkarların yaradıcılığından söz açılır, həm də kitabları sərgilənirdi. Nazirlik tərəfindən "Ən yaxşı dram əsəri" adlı müsabiqə keçirildi. Təqdim edilən 40 əsərdən 2-si mükafatlandırıldı. Azərbaycan Respublikası Prezidentinin "Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında"kı fərmanına uyğun olaraq 50 nəfər yaşlı, 20 gənc yazıçıya təqaüd verildi.

- Ənənəvi olaraq hər il mədəniyyət və incəsənət adamları müxtəlif fəxri adlara və mükafatlara layiq görülür.

- Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan mədəniyyətinin himayədarı olub. Ulu öndər, sənət adamlarının hərtərəfli fəaliyyət göstərməsi üçün şərait yaradar, onların əməyini müxtəlif yöndən qiymətləndirərdi. Bu ənənə indi də davam edir. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2010-cu ildə bir çox sənətkar Prezident təqaüdü və mükafata layiq görüldülər. Onlar müxtəlif fəxri adlar, orden və medallarla təltif olundular. Ötən illərdə olduğu kimi, bu il də teatr binaları təmir edilərək istifadəyə verildi. Bu gün Azərbaycanda teatr sahəsində genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar bugünün deyil, Azərbaycan teatrının gələcəyi naminədir. İslahatların nəticəsini başladığı ildən gözləmək düzgün deyil. İslahat ona yönəlib ki, tədricən - bir, iki, üç il müddətində teatr özündə yeni qüvvə tapsın, yeni axına düşsün və daha yüksək səviyyəyə qalxsın. Apardığımız islahatda məqsəd budur. Ötən il biz Gənc Tamaşaçılar və Rus Dram teatrlarında islahatımızı başa çatdırdıq. Bu gün həmin teatrlar əsl sənət həyatını yaşayır. Bu teatrlarda yeni tamaşalar qoyulur, xarici ölkələrdən rejissorlar dəvət edilir. Çalışırıq ki, həyata keçirilən islahatlar uzunmüddətli olsun və növbəti mərhələlərdə öz nəticəsini versin. Akademik Milli Dram Teatrı təmirdən sonra istifadəyə verilib. Ölkə başçısının təsdiq etdiyi dövlət proqramına uyğun olaraq bu mədəniyyət ocağında baş verəcək nailiyyətləri yeni ildə görəcəyik. Eləcə də Musiqili Komediya Teatrının binası əsaslı təmirə dayandırıldı. Hər bir səhnədə qazanılacaq nailiyyət həqiqətən də asılqandan başlayır. Aktyorun, rejissorun, bir sözlə, yaradıcı kollektivin hərtərəfli və mükəmməl fəaliyyəti üçün biz lazım olan əsl şəraiti yaradırıq. Tələblərimiz sonra başlayacaq. Əyalət səviyyəsində fəaliyyət göstərən teatr heç kimə gərək deyil. Teatr yarandığı gündən cəmiyyətin qabaqcıl, aparıcı qüvvələrindən biri olub.

- Yeniyetmə və gənc istedadların üzə çıxarılması üçün nazirlik tərəfindən hansı kompleks proqram hazırlanıb həyata keçirildi?

- Bu sahədə də uğurlarımız təqdirəlayiqdir. 2010-cu ildə Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin II respublika baxış, eləcə də gənc pianoçuların festivalı, simli alətlər üzrə respublika, xalq çalğı alətləri üzrə II respublika müsabiqələri keçirildi. Həm istedadların üzə çıxarılmasında, həm də ixtisaslı kadrların hazırlanmasında əldə olunan nəticələr sevindiricidir. Ötən ilin noyabr ayında muğam, mahnı, instrumental ifaçılıq, aşıq musiqisi üzrə Kürdəmirdə, bədii qiraət və təsviri sənət üzrə Oğuz şəhərində "İstedadlı uşaqlar" müsabiqəsi qaliblərinin iştirakı ilə yekun tədbir və təltifolunma mərasimi, ilin sonunda isə Ağstafada Aşıq Şəmkir adına Gənc Aşıqların V Respublika Müsabiqəsi keçirildi. Demək olar ki, bölgələrimizin əksəriyyətində istedadlı uşaqların üzə çıxarılması ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunub. Bu arada qaçqın şəhərciklərində də müxtəlif tədbirlər planlaşdırılıb. Çalışmışıq ki, istedadlı uşaqlara qayğı və diqqət göstərək. Onları yeni nailiyyətlərə ruhlandırmaq üçün şərait yaradaq. Eləcə də bir qrup yazıçı, şair, bəstəkar və incəsənət ustalarının müxtəlif bölgələrdə görüşləri təşkil edilib. Ötən il qeyd olunan bütün bayram və əlamətdar günlərlə bağlı mədəniyyət evlərində, teatrlarda silsilə tədbirlər həyata keçirilib. Mədəni proseslərin dərinləşməsi, zənginləşməsi üçün mükəmməl proqramlar hazırlanıb. Bu il Turizm İnstitutunun ilk buraxılış mərasimi təntənəli şəkildə qeyd olunub.

- Ötən il turizm sahəsi nə ilə fərqlənib?

- "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi uğurlu nəticələr verdi. Ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərinə qatıldıq. Eyni zamanda, Bakıda I Ümumrespublika daxili turizm, IX Beynəlxalq turizm sərgiləri keçirildi. Bu gün Azərbaycanda 207 turizm şirkəti fəaliyyət göstərir. Respublika ərazisində Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. 16 mehmanxana və mehmanxana tipli obyekt isə dövlət təsnifatından keçmiş, onların ümumi sayı 77-yə çatdırılmışdır. Azərbaycanda mövcud olan turizm potensialını təbliğ etmək məqsədilə dünyanın aparıcı televiziya kanallarında - CNN, "Euronews", "Travel Channel", BBC, CNBC, National Geoprapic-də reklam çarxları yayımlanır. Bir sıra nüfuzlu jurnal və qəzetlərdə respublikanın turizm imkanları haqqında reklam səhifəsi yerləşdirilir. Beynəlxalq mədəni turizm marşrutlarının istiqamətləri də artmaqdadır. Həyata keçirilən əsas tədbirlərdən biri də məhz budur ki, Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiyası artsın. Bu səbəbdən də müxtəlif beynəlxalq layihələr işlənir. Ötən ilin mayında Tokioda, Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası keçirilərkən həm də ölkəmizin turizm potensialının təqdimatı baş tutdu. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda, simpozium və seminarlarda Mədəniyyət və Turizm Nazirliyinin mütləq təmsil olunmasına çalışırıq.

- Xarici ölkələrdə keçirilən mühüm tədbirlərdə iştirak etmək həm də beynəlxalq əlaqələrin qurulması deməkdir. Bu işdə, təbii ki, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin nəzdində yaradılacaq mədəniyyət mərkəzlərinin rolu böyükdür.

- Bilirsiniz ki, 2006-cı ildən başlayaraq bu sahədə müvafiq işlər aparılır. 2010-cu ilin sentyabrında Özbəkistan və Fransa respublikalarında məhz belə mədəniyyət mərkəzləri yaradıldı. Beynəlxalq əlaqələrin düzgün qurulması işimizin xeyrinədir. 2010-cu ildə həm aşıq sənətimizin, həm də xalçalarımızın YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi beynəlxalq səviyyədə Azərbaycan mədəni irsinin təsdiqi deməkdir. Cənab İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin dəstəyi ilə ölkəmizdə 2011-ci ilin aprelində ilk dəfə olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Belə bir əhəmiyyətli tədbirin ölkəmizə ünvanlanması beynəlxalq qurumların birgə dəstəyinin nəticəsidir. Bu məqsədlə Paris və Strasburq şəhərlərində həmin beynəlxalq qurumların birgə iştirakı ilə işçi qrupunun mühüm görüşləri keçirilmiş və artıq, demək olar ki, forumun müvafiq sənədləri hazırlanmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin il ərzində zəngin mədəni irsimizin dünyada geniş şəkildə tanıdılması, təbliği istiqamətində həyata keçirdiyi bütün işlərdə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti mühüm rol oynayıb. Fərəhlə qeyd etmək istərdim ki, ötən il bir sıra geniş mədəniyyət tədbirlərini Heydər Əliyev Fondu ilə birgə həyata keçirmişik.

İnanıram ki, ötən ildə qazandığımız uğurlar 2011-ci ildə bizi yeni zirvələrə aparacaq. Mədəniyyət sahəsində mühüm hadisələr, beynəlxalq tədbirlər gözlənilir. Hər bir sahədə görüləcək işlərin uğurla nəticələnməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli inkişaf, sosial-iqtisadi tərəqqi öz sözünü deyəcək! Bizim bütün işlərimizə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Biz də bu yüksək münasibətə görə Mədəniyyət və Turizm Nazirliyi olaraq mədəniyyətimizin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, mədəni irsimizin qorunması və turizmin inkişafı istiqamətində genişmiqyaslı fəaliyyətimizi bundan sonra da səmərəli şəkildə davam etdirəcəyik.

 

 

Müsahibəni apardı: Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-9  yanvar.- S. 4.