Maraqlı əsərlər sərgisi
"Abşeron" Rəsm Qalereyasında Bakının 9 rayonunun məktəblilərinin iştirakı ilə "Mənim İçərişəhərim" adlı sərgi keçirilib. Uşaq rəsm sərgisinin təşkilatçısı "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzidir.
Ənənə halını alan sərgi artıq üçüncü dəfədir ki, keçirilir. Sərginin keçirilməsində məqsəd balaca rəssamların İçərişəhərdəki tarixi abidələri, onların nadir memarlıq strukturunun və özünəməxsus məişətinin qorunub saxlanmasına balaca rəssamların dili ilə ictimai mövqeyi öyrənməkdir. Sərgidə şəhərin müxtəlif rayonlarından olan 60 məktəbli rəssamın 60 işi nümayiş etdirilir.
Sərgidəki kompozisiyalar karandaş, quaş, sulu boya, flomaster, pastel ilə işlənilib. Sərgidə müxtəlif maraqlı əsərlər nümayiş etdirilib. Fidan Hüseynovanın "İçərişəhər nağılı", Kənan Əhmədzadənin "Qızıl şəhər", Məhəmmədəli Məmmədovun "Qədim liman", Nərmin İsmayılzadənin "Əfsanəvi şəhər", Mehin Oqtaylının "İçərişəhər - əsrlərin filarmoniyası", Nigar Əmiraslanovanın "Qədim və gənc İçərişəhər", Leyla İbrahimovanın "Mənim qalam", Nigar Vəlizadənin "Qaranlıq küçə" və sairə əsərləri maraqlı kompozisiyaları ilə diqqəti çəkir. Tədbirin təşkilatçısı, mərkəzin mədəni kütləvi tədbirlər şöbəsinin müdiri Akif Rzayev mətbuata verdiyi açıqlamasında bu tipli sərgilərin hər il keçirildiyini bildirir: "2008-ci ildən başlayaraq, hər il belə sərgilər hazırlayırıq. Məqsəd mədəni-tarixi abidələrimizi qorumaqdır. Qoy yeni nəsil bu mədəni-milli abidələrimizi öyrənməklə yanaşı, öz əllərilə bunları kağız üzərinə həkk etsin".
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 9 yanvar.- S. 4.