Oğuzda qədim Azərbaycan
dövlətinə məxsus arxeoloji materiallar aşkar
edilmişdir
Oğuz rayonunun Kərimli kəndində eramızdan əvvəl II minilliyə aid olan, 250 il yaşaması ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkar edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz ekspedisiyasının rəhbəri Nəsib Muxtarovun verdiyi məlumata görə, Kərimli kəndindəki kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı bu dövlətin eyni və ya müxtəlif sülalələr tərəfindən idarə edilməsi ehtimalı ortaya çıxmışdır. Kərimli kəndindəki 2 nömrəli kurqandakı dəfn çalasından çıxan arxeoloji materiallar, xüsusilə, keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə, yəni, 2 nömrəli Kurqanda dəfn eramızdan əvvəl II minilliyin I rübünə, yəni, orta tunc dövrünə təsadüf edir. Əgər qızıl öküz başının tapıldığı 1 nömrəli kurqanı da eramızdan əvvəl II minilliyin ortalarına aid etsək, onda belə çıxır ki, biz böyük həqiqətlə üz-üzə dayanmışıq. Ola bilsin ki, biz tarixdə adını bilmədiyimiz, amma eramızdan əvvəl II minillikdə mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin, yaxud da böyük nüfuz sahibinin qəbri ilə rastlaşacağıq. Çünki kurqanlar məhz həmin şəxslər üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Kərimli kəndində təxminən 3 hektar ərazidə, 14 belə kurqanın olduğu yer və hazırda arxeoloji qazıntıların aparıldığı ərazi el arasında "Hökmdar məzarlığı", rəsmi sənədlərdə isə "Qazı yeri" adlanır.
Hazırda ərazidə
arxeoloji tədqiqatlar davam edir.
Azərbaycan.- 2011.- 9 yanvar.- S. 6.