Sudan parçalanır

 

Ölkəni bir-birindən mürəkkəb problemlər gözləyir

 

Sudan ərazisinə (2,5 milyon kvadratkilometr) görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsidir. Amma yaxın günlərdə bu ölkə ərazisinin 600 min kvadratkilometrdən çoxunu itirəcək. Sabah Sudanın cənub hissəsinin müstəqilliyinə dair referendum keçiriləcək. Bir həftə davam edəcək ümumxalq səsverməsinin gedişində cənublular ya vahid Sudanın tərkibində qalmaq, ya da müstəqil dövlət yaratmaq məsələsinə münasibət bildirəcəklər.

Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi ötən əsrə gedib çıxır. 1899-cu ildə bağlanmış Misir-Britaniya müqaviləsinə uyğun olaraq uzun müddət Sudanı bu iki dövlət birgə idarə edirdi. Əslində isə Sudana britaniyalılar nəzarət edirdilər. Britaniya müstəmləkəçiləri burada öz mövqelərini möhkəmlətmək üçün cənubda yaşayan xristian və animist Afrika qəbilələri ilə şimalda yaşayan müsəlman ərəblər arasında münasibətləri daim gərginləşdirirdilər.

1952-ci il Misir inqilabından sonra rəsmi Qahirə Sudan xalqının öz müqəddəratını təyin etmək hüququnu tanıdı. Sonrakı illərdə Sudanda parlament seskiləri keçirildi, dövlət təsisatları yaradıldı, Misir və Britaniya qoşunları ölkə ərazisindən çıxarıldı. 1956-ci il yanvarın 1-də Sudanın dövlət müstəqilliyi elan ediləndə ölkədə Şimal-Cənub qarşıdurması artıq başlamışdı. Uzun illər davam etmiş silahlı münaqişə 1972-ci ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sülh müqaviləsinin bağlanması ilə başa çatdı. Müqaviləyə uyğun olaraq, Cənuba daxili idarəetmə məsələlərində muxtariyyət verildi. Lakin 1983-cü ildə yaradılmış Cənubi Sudan Xalq Azadlıq Hərəkatı və onun hərbi qanadı olan Sudan Xalq Azadlıq Ordusu sabitliyi pozdu və mərkəzi Xartum hökumətinin qüvvələrinə qarşı hərbi əməliyyatları bərpa etdi. Buna formal səbəb kimi Sudan hökumətinin Cənubun inzibati-ərazi bölgüsünü dəyişdirməsi və burada şəriət normalarını tətbiq etməsi göstərilirdi. Qonşu ölkələrin, xüsusilə, Efiopiya və Uqandanın cənublulara geniş dəstək verməsi vətəndaş müharibəsini daha da qızışdırırdı. 20 ildən çox davam etmiş silahlı qarşıdurmanın gedişində tərəflərdən heç biri digərinə üstün gələ bilmədi. 2002-2004-cü illərdə Şimalla Cənub arasında aparılmış danışıqlar 2005-ci ilin yanvarında Keniyanın paytaxtı Nayrobidə hərtərəfli sülh sazişinin imzalanması ilə nəticələndi. Bu sənəd ölkədə vətəndaş müharibəsinə formal olaraq son qoydu. Hərbi əməliyyatların gedişində 2 milyon sudanlı həlak olmuş, təxminən 4 milyon nəfər qaçqın düşmüşdür. Sazişin şərtlərinə görə, Cənuba 6 il müddətinə geniş muxtariyyət verilir, sonra isə bu ərazinin statusu referenduma çıxarılır. Ölkənin parçalanması ehtimalı siyasi qüvvələr arasında qarşıdurmaya səbəb oldu. Ancaq rəsmi Xartum hesab edirdi ki, davamlı müharibə şəraitində Cənubla bir yerdə yaşamaqdansa sülh bağlayıb ayrılmaq yaxşıdır. Onsuz da Şimalla Cənubu birləşdirən cəhətlər onları ayıran cəhətlərdən çox deyil.

Artıq tarixi məqam gəlib çatmışdır. Referendumun nəticələri isə heç kimdə şübhə doğurmur: cənublular müstəqilliyə səs verəcəklər və beləliklə, Şərqi Afrikada iki müstəqil dövlət yaranacaq. Lakin Cənubun ayrılması heç də Sudanın bütün problemlərini həll etmir. Şimalla Cənub bir-birindən mürəkkəb məsələləri nizama salmalıdırlar.

Söhbət ilk növbədə iki yeni müstəqil dövlətin sərhədlərinin müəyyənləşdirilməsindən gedir. Ümumi sərhədin uzunluğu təxminən iki min kilometrdir. Beş sərhəd vilayətinin hüdudları mübahisəlidir. Daha çox narahatlıq doğuran Abyey bölgəsidir. Sülh sazişinin şərtlərinə görə, bu vilayətin statusu ayrıca keçiriləcək referendumda həll edilməlidir. Amma Şimal və Cənub elektoratın tərkibi barədə hələ razılığa gələ bilməmişlər. Məsələ burasındadır ki, Abyeydə yaşayan dink qəbiləsi Cənuba qatılmağın tərəfdarıdır, köçəri misseriya icması isə Şimala loyal münasibət bəsləyir. Cənubi Sudan hökuməti misseriyalıların oturaq əhali olmadığına görə referendumda iştirakının əleyhinə çıxır, rəsmi Xartum isə vilayətin taleyinin həll edilməsində onların kənarda qalmasını insan hüquqlarının pozulması kimi qiymətləndirir və yolverilməz hesab edir. Hələlik bu məsələ ilə bağlı razılaşma əldə edilmədiyindən referendum təxirə salınmışdır.

Başqa bir mühüm məsələ neftdir. Hazırda Sudanın dövlət büdcəsinin gəlirlərinin 60 faizi, Cənubi Sudanın gəlirlərinin isə 98 faizi neftdən qaynaqlanır. İki müstəqil dövlətin sərhədinin haradan keçəcəyindən asılı olaraq, neft yataqlarının 82-95 faizi Cənub vilayətlərində yerləşir. Yeganə ixrac boru kəməri Şimal vilayətlərindən keçərək Qırmızı dənizin sahilindəki Port-Sudan limanına çıxır. Sülh sazişinin şərtlərinə görə, referendumadək tərəflər neft gəlirlərini 50:50 nisbətində bölürdülər. Bundan sonra gəlirlərin hamısı Cənuba çatacaq. Bununla belə, neftin bundan sonra tranziti, qüvvədə olan neft müqavilələrinin taleyi, habelə neft emalı zavodlarının gələcək fəaliyyəti ilə bağlı məsələlər nizama salınmalıdır.

Ümumiyyətlə, Sudanda vəziyyətin bu həddə gəlib çatmasında "qara qızıl" az rol oynamamışdır. Məhz neft yataqları kəşf edildikdən sonra aparıcı dünya dövlətlərinin, ilk növbədə, ABŞ, Çin və Fransanın ölkəyə marağı artmışdır. Təsadüfi deyil ki, 2003-cü ildə Sudanın qərbində - Darfur vilayətində yeni münaqişə ocağının yaranması burada zəngin neft ehtiyatlarının aşkarlanması ilə bir vaxta düşmüşdür. Hazırda Sudanın neftçıxarma sənayesinə ən çox investisiya qoyan ölkə Çindir. Öz növbəsində digər iri beynəlxalq oyunçular Sudan neftinə nəzarət etmək üçün cidd-cəhdlə mübarizə aparırlar.

Cənubi Sudanın ayrılacağı təqdirdə Nil çayının suyunun bölüşdürülməsi məsələsi son dərəcə mühüm problem kimi meydana çıxacaq. 1959-cu ildə imzalanmış Misir-Sudan sazişinə uyğun olaraq, Nil çayının 90 faizindən bu iki dövlət istifadə edir. Cənubi Sudanın bu sazişi tanıyacağı şübhə doğurur. Digər tərəfdən, Nil çayı hövzəsinin ölkələri - Efiopiya, Keniya, Burundi, Konqo Demokratik Respublikası, Ruanda, Tanzaniya və Uqanda çayın su ehtiyatlarının bölüşdürülməsi haqqında mövcud razılaşmalara yenidən baxılmasında maraqlıdır. Artıq Efiopiya su kvotalarının yenidən müəyyənləşdirməyi təklif etmişdir və ona ABŞ dəstək verir. Kvotalara yenidən baxılması Misiri pis vəziyyətdə qoya bilər. Hazırda Nil suyunun ildə 55,5 milyard kubmetrindən istifadə edən Misirin kvotanın azaldılacağı təqdirdə hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək çətin deyil. Odur ki, su probleminin həlli asan görünmür.

Sudanın xarici borcu 38 milyard dollara çatır. Şimal istəyir ki, Cənub borc yükünün bir hissəsini öz üzərinə götürsün. Cənublular isə bu təklifi rədd edərək bildiriblər ki, şimallılar vaxtilə xaricdən bu qədər borc alaraq Cənuba qarşı apardıqları müharibəni maliyyələşdirmişlər. Eyni zamanda, milli aktivlərin və Cənubdakı dövlət şirkətlərinə məxsus əmlakın taleyi məsələsi həllini gözləyən problemlərdəndir.

Bütün bunlarla bərabər, Şimalla Cənub milli valyuta, vətəndaşlıq, təhlükəsizlik, indiyədək bağlanmış beynəlxalq müqavilələr və digər məsələləri həll etməlidirlər. Eyni zamanda, Sudanın referendumdan sonrakı vəziyyəti elə indidən narahatlıq doğurur. Gələcək proseslərin rəvan gedəcəyinə zəmanət vermək çox çətindir. Bir çox siyasətçilər və təhlilçilər zorakılığın yenidən baş qaldıracağını istisna etmirlər. Sudanın problemləri təkcə Cənubla bitmir. Ölkənin mərkəzində və şərqində separatçılıq meyilləri özünü göstərir. Ən böyük problem isə Darfurdur. Bu vilayətdə müsəlman ərəblərlə müsəlman qeyri-ərəblər arasında münaqişə ən gərgin həddə çatmışdır. Bir tərəfdən də ABŞ və Avropa Sudan rəhbərliyini daim təzyiq altında saxlayır. Beynəlxalq Cinayət Məhkəməsi Sudan Prezidenti Ömər Həsən Bəşiri Darfurda hərbi cinayətlər törətməkdə ittiham edərək onun həbsinə order vermişdir. Doğrudur, ABŞ Cənubda referendum keçirildikdən sonra Sudana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi və ölkənin dünya iqtisadi sisteminə qayıdışına yardımçı olacağını bəyan edir. Amma Vaşinqtonun bu vədi yerinə yetirəcəyi real görünmür. Hələ aydın deyil ki, ABŞ-ın Darfur məsələsində bundan sonra tutacağı mövqe necə olacaq.

Eyni zamanda, müstəqil Cənubi Sudanın daxilində də xeyli problemlər yığılıb qalmışdır. Yaranacaq yeni dövlətin də parçalanmaq ehtimalı var. Buranın əhalisi müxtəlif dillərdə danışan qəbilələrdən ibarətdir. İngilis dili rəsmi dil elan edilsə də, əhali bu dili bilmir. Hələlik ünsiyyət dili ərəb dili olaraq qalır. Dil məsələsinin gələcəkdə necə həll ediləcəyi məlum deyil. Digər tərəfdən, hakim Cənubi Sudan Xalq Azadlıq Hərəkatının rəhbərliyində ixtilaflar özünü büruzə verir. Qəbilə rəhbərləri də müstəqillik anbisiyalarını gizlətmirlər. Ayrı-ayrı etnik qruplar köçəri həyat tərzi keçirdiyindən yeni sərhədləri tanımaq istəmirlər. Zəngin neft ehtiyatları əhalinin müəyyən təbəqələrinin yaxşı yaşamasını təmin etsə də, bütövlükdə Cənubda yoxsulluq problemini həll etmir. Bütün bunlar Cənubi Sudanda vəziyyəti gərginləşdirə bilər.

Şimalla Cənub arasında da vəziyyətin yenidən gərginləşməsi ehtimalı hələ aradan qalxmayıb. Sudan hökuməti referendumun nəticələrini tanıyacağını dəfələrlə ən yüksək səviyyədə bəyan etmişdir. Eyni zamanda, hər hansı ehtiyatsız addım münaqişəni yenidən alovlandıra bilər. Srağagün Sudan Prezidenti Ömər Həsən Bəşir bildirmişdir ki, Abyey vilayətinin statusunun birtərəfli qaydada müəyyənləşdirilməsi hərbi əməliyyatların bərpası ilə nəticələnər. Bu isə münaqişəni tənzimləmək üçün indiyədək göstərilmiş səylərin üstündən xətt çəkə bilər.

 

 

A.MEHDİYEV

 

Azərbaycan.- 2011.-9  yanvar.- S. 6.