Daim xalqla birlikdə
2010-cu il də Prezident İlham Əliyevin
regionlara çoxsaylı səfərləri ilə əlamətdar
oldu
Başa çatan 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində diqqətçəkən əsas məqamlardan biri respublikamızın bölgələrinə artıq ənənə halını almış səfərləri oldu. Coğrafi baxımdan ölkəmizin əksər iqtisadi rayonlarının əhatə olunduğu bu səfərlər zamanı dövlətimizin başçısı yeni-yeni istehsal müəssisələrinin, sosial və digər obyektlərin açılışında iştirak edib.
Prezident İlham Əliyev bu il Azərbaycanın regionlarına səfərlərinə qədim Gəncədən başladı. Fevralın 11-də Gəncəyə gələn Prezident İlham Əliyev burada "Ramada Plaza" mehmanxanasının açılış mərasimində iştirak etdi, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidentinin ötən il səfər etdiyi bölgələr sırasında Aran iqtisadi rayonuna daxil olan şəhər və rayonlar üstünlük təşkil edir. 2010-cu ildə dövlət başçısı Ağdaş, Göyçay, Biləsuvar, Salyan rayonlarında, Şirvan, Mingəçevir və Yevlax şəhərlərində olmuşdur.
Gəncə səfərindən sonra fevralın 12-də Ağdaş rayonuna gələn dövlətimizin başçısı bu şəhərdə Habil Əliyev adına musiqi məktəbi ilə tanış olmuş, şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində ilkin suyun verilməsi ilə bağlı açılış, Ağdaş Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi mərasimlərində iştirak etmişdir. Prezident İlham Əliyev Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının və regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində də iştirak etmişdir.
Həmin gün Göyçay rayonuna gələn Prezident İlham Əliyev Göyçay şəhərində Heydər Əliyev Mərkəzinin və Olimpiya İdman Kompleksinin açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə də tanış olmuş, "Göyçay-1" Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Aprelin 1-də Şirvan şəhərinə gedən Prezident İlham Əliyev burada Heydər Əliyev Mərkəzinin, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunun, əsaslı yenidənqurma işləri aparılmış Mədəniyyət Evinin açılış, Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimlərində iştirak etmiş, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, telemexanika zavodunda aparılmış yenidənqurma işləri ilə, o cümlədən "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Aprelin 29-da Salyan rayonuna səfər edən Prezident İlham Əliyev Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin, Salyanda soyuducu anbar kompleksinin, "Salyan" elektrik yarımstansiyasının açılışlarında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Salyandan sonra Biləsuvar rayonuna gələn dövlətimizin başçısı Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə tanış olmuş, Biləsuvar dairəvi avtomobil yolunun, konserv zavodunun, yeni gömrük buraxılış məntəqəsinin açılışlarında iştirak etmişdir.
Sentyabrın 7-də Prezident İlham Əliyev Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni tikilən mənzillərin açılışında iştirak etmişdir.
Oktyabrın 14-də isə Prezident İlham Əliyev Mingəçevir və Yevlax şəhərlərində olmuşdur. Həmin gün Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin, Mingəçevir şəhərinin "Günəşli" yaşayış massivinə çəkilən qaz xəttinin, yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun, şahmat məktəbinin, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışları olmuşdur. Prezident İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə də görüşmüş, Mingəçevir Su Elektrik Stansiyasında və Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Yevlaxda isə "Azərtoxum" MMC toxumçuluq
müəssisəsinin, Yevlax şəhərindəki 1
nömrəli orta məktəbin yeni binasının
açılışında iştirak edən Prezident
İlham Əliyev Kür çayının sahilində
bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə
də tanış olmuşdur.
Prezident İlham Əliyevin Yevlax şəhərinə növbəti səfəri noyabrın 10-da olmuşdur. Həmin gün dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə Yevlax şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak etmişlər.
Noyabrın 1-də Prezident İlham Əliyev Salyan, Sabirabad, Saatlı və İmişli rayonlarına səfər etmişdir. Dövlət başçısı Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonunda evləri dağılan vətəndaşlar üçün tikilən yeni qəsəbənin, İmişlidə və Saatlının Yeni Novruzlu kəndində təzə evlərin, Sabirabad rayonunda isə Mürsəlli kənd orta məktəbinin açılışında iştirak etmişdir.
Ötən il Prezident İlham Əliyev Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Qəbələ, Zaqatala və Balakənə də səfərlər etmişdir. Fevralın 27-də Qəbələ rayonuna səfər edən Prezident İlham Əliyev "Gilan" piano fabrikinin, yeni avtovağzal binasının, uşaq bağçasının, "Qafqaz-Park" Gənclik Mərkəzinin, "Laza" yarımstansiyasının, "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun və "Fitnes" sağlamlıq mərkəzinin açılış mərasimlərində iştirak etmişdir. Dövlətimizin başçısı Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbara baxmış, "Qafqaz Sahil" mehmanxana kompleksinin tikintisi ilə maraqlanmış, Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olmuş, məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
İyulun 29-da Qəbələyə növbəti səfəri zamanı Prezident İlham Əliyev "Qafqaz Riverside" hotelinin açılışında iştirak etmiş, "Gilan" konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olmuşdur.
Zaqatalada isə iyulun 8-də Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun, tütün emalı zavodunun açılışında iştirak etmiş, Zaqatala rayon Mədəniyyət evi ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Zaqataladan Balakənə gələn dövlətimizin başçısı burada "Qubek" mehmanxanasının, Olimpiya İdman Kompleksinin, rayon mərkəzi xəstəxanasının, Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında, "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmiş, Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham Əliyev Lənkəran iqtisadi rayonu üzrə 3 rayonda - Cəlilabad, Lənkəran və Lerikdə səfərdə olmuşdur. Prezident İlham Əliyev aprelin 29-da Cəlilabadda "Şərab-2" ASC-nin, Müalicə-Diaqnostika Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Şahmat Məktəbinin açılış, rayonda əlil və şəhid ailələri üçün inşa olunmuş dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimlərində iştirak etmiş, Göytəpə Su Anbarında aparılan işlərlə tanış olmuş, Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinə gəlmişdir.
İyunun 25-də isə dövlətimizin başçısı Lənkəranda konserv zavodunun, çay fabrikinin, Regional Boks Təlim Mərkəzinin, "Palfood" MMC-nin dondurma fabrikinin açılışında, Lerikdə Heydər Əliyev Mərkəzinin, Uzunömürlülər muzeyinin açılışında iştirak etmiş, rayon mərkəzi xəstəxanasında və mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuş, "Şəhidlər" abidə kompleksini ziyarət etmiş, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür.
Avqustun 12-də Prezident İlham Əliyev Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Qusara səfər etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyev Şabran dairəvi yolunun və körpü kompleksinin, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun və Samur-Həzrə yolunun açılışında iştirak etmişdir. Dövlət başçısı "Samur" gömrük-buraxılış məntəqəsinin açılışında, "Qusar-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmiş, yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuş, Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə maraqlanmış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Oktyabrın 5-6-da Naxçıvan Muxtar Respublikasına səfər edən dövlətimizin başçısı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhərində, Ordubad, Sədərək, Kəngərli və Şərur rayonlarında müxtəlif təyinatlı bir sıra obyektlərin açılışında iştirak etmişdir. Kəngərli rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, Şərur rayonunun Yengicə və Maxta kənd orta məktəblərinin yeni binasının, Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının, Naxçıvan-Sədərək yolunun, Sədərək rayon mərkəzi xəstəxanasının, məhdud fiziki imkanli insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin, Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının, Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışı, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi muxtar respublikada aparılan quruculuq və abadlıq işlərinin real nəticələridir.
Prezident İlham Əliyev Naxçıvan MR-də "N" hərbi hissəsində və yeni salınan Heydərabad qəsəbəsində də olmuşdur.
Prezident İlham Əliyevin noyabrın 11-də Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan və cəbhəyanı bölgə sayılan Füzuli və Ağdam rayonlarına səfər proqramı da zəngin olmuşdur. Füzuli rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Horadiz şəhərində Muğam Mərkəzinin, Olimpiya İdman Kompleksinin, rayonun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışlarında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlətimizin başçısı Ağdamda Quzanlı qəsəbəsində rayon mərkəzi xəstəxanasının yeni binası ilə tanış olmuş, məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir.
Azərbaycan.- 2011.- 11 yanvar.- S. 2.