Tarixi saxtakarlığa sanballı elmi cavab

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən

 

Son illər bütün sahələrdə güclənən, xarici siyasət və diplomatiya sferasında mühüm uğurlara imza atan Azərbaycan təcavüzkar Ermənistanı ideoloji-təbliğati müstəvidə də əhəmiyyətli dərəcədə üstələmişdir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır. Ermənistan bu gün sivil dünyada işğalçılıq siyasəti yürüdən və bununla özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən, başqa dövlətin "forpostu"na çevrilərək sülh danışıqlarını süni şəkildə uzatmağa, vaxt udmağa çalışan qeyri-konstruktiv dövlət kimi tanınır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı yeni kitabı erməni tarixçilərinin və siyasətçilərinin tarixi saxtalaşdırması sahəsindəki "tarixi təcrübəsini" və Ermənistan prezidenti Serj Sarkisyanın "kəşflərinin" mahiyyətini Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamaqla yanaşı, böyük səfərbəredici təsirə malikdir.

 

Haylar bizə qarşı münasibətdə heç vaxt sakitləşmir, mübarizələrini fərqli formalarda, müxtəlif müstəvilərdə, şəraitə uyğun davam etdirirlər. Onlar türk dünyasına qarşı apardıqları təbliğatı milli sənayeyə, dövlət planına çevirmişlər. Ermənistan prezidenti Serj Sarkisyanın tarixi araşdırmalara start vermək, "kəşflərini" açıqlamaq və yeni problemlər müəyyən etmək üçün diaspordan olan jurnalistləri və tarixi saxtalaşdıranları Gorus teatrında absurd tamaşaya toplaması da irəlidəki tezisin doğruluğunu bir daha təsdiq edir.

Qərbi Azərbaycanın son yüz ildə türk, azərbaycanlı yurdundan monoetnik erməni dövlətinə çevrilməsi prosesini tədqiq edib dünyaya daha çox təqdim etməyimiz vacibdir. Son yüz ildə haylar tərəfindən Azərbaycan türklərinə qarşı törədilən qırğınların sənədlərini, onlar əsasında hazırlanmış tarixləri dünya ictimaiyyətinə daha çox çatdırmaq lazımdır. Ötən əsrin 80-ci illərinin sonlarından başlayan Dağlıq Qarabağ böhranının tarixi mənbələri daha da əsaslı şəkildə öyrənilməlidir. Keçmişi öyrənmək əsla haylar kimi onu yenidən yaşamaq və ya kimsələrə yaşatmaq üçün deyildir. Keçmişdən alınan dərslərlə gələcəyin daha etibarlı olmasına təminat yaratmaqdır.

Ermənilərin tarixi tədqiqatları sırf saxtakarlıq üzərində qurulmuşdur. Ermənistan tarixinin bütün dövrlərində baş verən hadisələr sanki "lal xəritə" üzərində baş verir, dövrün gerçək tarixi ilə ziddiyyətlər təşkil edir. Görkəmli rus alimi Piatrovski erməni tədqiqatlarının bu cəhətini nəzərə alaraq qeyd edirdi ki, "Ermənilər tarixlərinin qədimliyinə görə tarixlərinə deyil, tarixçilərinə minnətdar olmalıdırlar". Ermənilərin tarixi tədqiqat metodunun mərkəzində saxtalaşdırmaların dayandığını bir neçə nümunənin əsasında qeyd etmək yerinə düşər.

 

Birinci saxtalaşdırma: hayların erməniləşdirilməsi

 

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi mühüm məsələlərdən biri ermənilər, o cümlədən urartulular ilə haylar arasındakı xələf-sələf münasibətlərinə aydınlıq gətirməkdir. Müəllif düzgün qeyd edir ki, "urartu və hay xalqları müxtəlif xalqlar olmuş, müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar". Doğrudan da mənbələrdən məlum olur ki, ermənilər özlərinə hay, yaşadıqları bölgəyə Hayastan deyiblər. Hay - erməni, Hayastan - Armeniya ikiadlılığına (ikiləməsinə) cavab artıq tapılmışdır. Haylar çox halda arxeoloji, tarixi dəstək tapa bilmədiklərindən "əfsanəvi mənbə"lərdən faydalanaraq tarixi "tədqiqatlarını" - saxtakarlıqlarını davam etdirir, gerçək deyil, saxta nəticələr almağa çalışırlar.

Aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də "Armeniya" kəlməsidir. Çünki "erməni" kəlməsi həmin ifadədən meydana gəlmişdir. Əslində tarixçilərə görə coğrafi bölgə adı olan Armeniyanın bu gün erməni dediyimiz xalqla heç bir əlaqəsi yoxdur. Aparılan müqayisələrdən görünür ki, Armeniya isminin Hayastan ilə, erməni kəlməsinin hay ilə əlaqəsi yoxdur. Coğrafi ad olan Armeniyada uzun illərdən bəri çox xalqlar yaşamışlar. Böyük coğrafiyanı əhatə etmiş Armanuyla, bugünkü Ermənistan arasında tarixi varislik baxımından heç bir əlaqə yoxdur!

Tarixi mənbələrdə Armeniya adına ilk dəfə miladdan əvvəl VI əsrdə İran şahı Daranın kitabələrində rast gəlmək olar. Erməni adı İran şahı Daranın bölgənin adını orada yaşayan xalq ilə əlaqədar uydurmuş olduğu bir etnonimdir. Ona görə ki, bölgəyə miladdan əvvəl Armanu, ya da Armenia deyilirdi.

Məhz buna görə də İran şahı Dara hakimiyyəti altında olan bölgəyə Anadolunun qərbindən gəlib yerləşən xaricilərə "Armenia bölgəsində yaşayanlar" mənasında erməni adını vermişdir. Bundan istifadə edən müasir ermənilər əsassız olaraq onlardan əvvəl həmin bölgədəki torpaqlarda yaşamış urartuluları (m.ö. IX-VI əsrlər) özlərinin varisi hesab edirlər.

Elm aləmində filoloji tədqiqatlardan məlumdur ki, erməni dili ilə urartuluların dili arasında əsaslı fərqlər vardır. Ermənilərin dili Hind-Avropa dillərindəndir. Urartuluların dili miladdan öncə Şərqi Anadolu ilə Cənub-Şərqi Anadolunun bir bölgəsində yaşamış Hurri dili ilə qohum olub, Asiya köklü bir dildir. Bu qədər faktlar, onlara əsaslanaraq aparılan tədqiqatlar olduğu halda ermənilərin özlərini urartuların varisləri hesab etmələrinin təsdiq edilməsi mümkün deyildir.

 

İkinci saxtalaşdırma: Nuh peyğəmbərin erməniləşdirilməsi

 

Ermənilərin "milli dava" ideyası tarixin qədim dövrlərinə təsadüf edir. Qədim erməni tarixçiləri Xorenli Moisey, Toma Ardzrouni və onları dəstəkləyənlər iddia edirlər ki, erməni irqi Nuh peyğəmbərin nəslinin davamıdır. Şifahi xalq ədəbiyyatında Nuhun gəmisinin Ağrı dağında (ermənilər Urartunu mənimsəmə, özəlləşdirmə fəaliyyətlərini davam etdirərək Ağrını Ararat adlandırırlar), Naxçıvanda və başqa dağlarda lövbər salması qəbul edilir. Ermənilərə görə onların irqi Ağrı dağı bölgəsində yaşamışdır. Əslində qədim salnaməçilərin bu tezislərinin əfsanələrdən qidalandığı aydındır. Tezis gerçək tarixi mənbələrlə təsdiq edilməmişdir.

Bir anlığa qədim erməni tarixçilərinin "ermənilər Nuhun törəmələridir" tezislərini qəbul edək. Bu şəkildə qurulmuş tezislər məsələnin birtərəfliliyinə görə tənqidə davam gətirmir! Axı, Nuh əfsanəsi dünya xalqlarına məxsus olub, heç də erməni əfsanəsi deyildir. Bu əfsanənin qeyd edilən özəllikləri bütün xalqlar tərəfindən qəbul edilmişdir. Lakin ermənilər istisna olmaqla dünya xalqlarının heç biri Nuh peyğəmbəri mənimsəmək, ona "vətəndaşlıq vermək" iddiasında olmayıb.

Nuh peyğəmbər haqqında olan əfsanə dünyanın ilk və əbədi barış, qardaşlıq qanunudur. İnsanları bir dünyada, bəlli bir coğrafiyada, heç olmasa bir bölgədə barış içində saxlamaq üçün böyük mənəvi dəyərlərə malikdir. Belə olan təqdirdə, bütün xalqların da ermənilər qədər Nuh peyğəmbərin varisi olduqlarını qəbul etmək lazım gəlir. Bu düşüncənin dünyada qərarlaşması çox ədalətlidir. Türk xalqı, o cümlədən torpaqlarının 20 faizini ermənilərin işğal etdiyi azərbaycanlılar da Ağrı dağı və onun ətrafında olan bölgələrlə əlaqədar Nuh peyğəmbərin varisi olduqlarını iddia edə bilərlər.

 

Üçüncü saxtakarlıq: türklər ermənilərə zülm etmişlər

 

Erməniləri Bizans zülmündən qurtaran türklər olmuşdur. Səlcuq sultanı Alp Arslan erməniləri himayəsi altına alaraq, erməni kralı Kivrikenin qızı ilə evləndi. M.Altan Köymən "Alp Arslan və zamanı" kitabında qeyd edib ki, "buna görə Alp Arslan da onunla (erməni kralı Kivrike ilə) əbədi sülh və dostluq qurdu. Hədiyyə və şərəflərə layiq bildiyi kralın paytaxtı Loriyə dönməsinə imkan verdi".

Səlcuq sultanı Məlikşah da ermənilərlə başlanan münasibəti davam etdirmişdi. O, erməni patriarxı Barqendin xahişi ilə əlaqədar ölkədə katalikosluğun sayını dörddən birə endirdi. Ermənilər üzərində onsuz da çox olmayan vergilərin miqdarının azaldılması isə Məlikşah dövründə həyata keçirilmişdi. İbrahim Qəfəsoğlu "Sultan Məlikşah" əsərində bu barədə yazır: "Sultan Məlikşahın bu çox yumşaq davranışı imperatorluq içindəki xristianların ona qarşı sevgisini və dövlətə qarşı sədaqətini artırmışdı".

Türklərin ermənilərə qarşı ədalətli davranmalarını o dövrün erməni tarixçisi Urfalı Matieus da etiraf etmişdir: "Məlikşahın səltənəti Allahın lütfünə məzhər oldu. Hakimiyyəti uzaq ölkələrə qədər yayıldı. Ermənilərə hüzur verdi. Dünyanın hakimi Məlikşah, saysız əsgərlərdən təşkil olunmuş ordusu ilə romalıların məmləkətini fəth etməyə girişdi. Qəlbi xristianlara qarşı şəfqətlə dolu idi. Keçdiyi ölkələrin xalqına bir ata kimi davranırdı. Bir çox şəhər və vilayət öz arzuları ilə onun hakimiyyəti altına girdilər. Bütün erməni və rum qəsəbələri onun qanunlarını tanıdı".

 

Dördüncü saxtakarlıq: Alban mənbələrinin erməniləşdirilməsi

 

Qafqaz, o cümlədən Azərbaycan tarixində mühüm rol oynayan əsərlərin erməniləşdirilməsi geniş yayılmışdır. Tarixçi Moisey Kalankatlının "Ağvan tarixi", alban şairi Davtakın əsərlərinin aqibəti də belə olmuşdur. VII əsrdə "Ağvan tarixi"nin tərtib edilməsi başlandı; burada xalq yaradıcılığı nümunəsinə də təsadüf edilir ki, bu da "Böyük knyaz Cavanşirin ölümü" münasibəti ilə şair Davtakın şeirlə yazdığı, yaşadığımız günlərədək mühafizə olunan yeganə qədim poemadır. Bu əsər də erməni tarixçilərinin erməniləşdirmək istədikləri abidələrdən biridir. S.T.Yeremyan onu "Alban-erməni (?) işxanı Cuanşerin Saray şairi" hesab edir. Bizim fikrimizcə, Davtakın qəsidələrinin Albaniyanın deyil, "feodal Ermənistanın ilk dünyəvi poeziyasının abidəsi" hesab etmək doğru deyildir.

Uzun illərdən bəri erməni kilsə xadimlərinin rəhbərliyi altında qədim mənbələrin erməniləşdirilməsi və erməni mənbələri üzərində belə "əlavələr" edilməsinin metodologiyası hazırlanmışdır. Çox halda erməni tarixçiləri üçün tarixi mənbələrdən çox onlara edilmiş "əlavələr" əhəmiyyətlidir. Bu "əlavələr" onlara çox iddialarını "isbat etməyə" imkan verir. Onlar bu tarixi mənbələrə edilən "əlavələrdən" istifadə edərək Qafqazın tarixi və siyasi coğrafiyası haqqında absurd iddialar irəli sürürlər. Bu əməliyyatlar yalnız başqa xalqların mənbələri üzərində deyil, hətta erməni mənbələri üzərində də edilmişdir.

Erməni kilsə xadimlərinin, tarixçilərinin mənbələrə "əlavələr" etmək ənənəsi haradan və nə üçün meydana çıxmışdır? İstər qədim dövrə, istər yeni dövrə aid mənbələr çox halda ermənilərin mənşəyi, coğrafiyanın mənsubiyyəti, ermənilərin gerçək tarixi haqqında iddialara cavab vermir. Bu iddialarını isbat etmək üçün ermənilərə qədim mənbələrin "köməyi" lazımdır. Buna görə də ermənilər qədim tarixdən başlayaraq mənbələrin üzərində məqsədli olaraq "işləyirlər". Bu isə qədim mənbələrdə bir çox mübahisəli tezislərin meydana çıxmasına səbəb olur.

İndi də bu ənənələrinin davamı olmaq üçün ermənilərin alban tarixçisi Mxitar Qoşun əsəri üzərindəki əməliyyatına baxaq. Mxitar Qoşun "Qanunnamə"sinin taleyi də M.Kalankatlının "Ağvan tarixi"nin taleyinə bənzəyir. Bu əsərdə albanların həyatının hüquqi normaları, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələri arasında olan ictimai və hüquqi münasibətlər qəti şəkildə göstərilmişdir.

Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı "Datastanak, yəni "Qanunnamə"dir və müəllifi onu təxminən 1184-cü ildə tərtib etmişdir. Lakin Qoşun bu əsərinin naşirləri nədənsə, əlyazmasında olmayan "Hayos" sözünü onun adına əlavə etmişlər və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma ad - "Datastanagirk hayos", yəni "Erməni qanunnaməsi" adını uydurmuşlar.

 

Beşinci saxtakarlıq: "1915-ci ildə ermənilərə qarşı "soyqırımı" həyata keçirilib"

 

Artıq yüz ilə yaxın müddətdir ki, dünya ictimaiyyəti bir dilemma qarşısında qalmışdır: 1915-ci ildə Türkiyənin Şərqi Anadolu vilayətlərində nələr olmuşdur? Orada olanlar doğrudanmı erməni üsyanları idi? Türklər erməniləri yaşadıqları vilayətlərdən daha təhlükəsiz bölgələrə köçürməkdə nə qədər haqlı idilər? Bu sualların sayını artırmaq da olar. Lakin bu bir gerçəklikdir ki, həmin hadisələr ilk gündən olduğu kimi deyil, təhrif edilmiş şəkildə dünyaya yayılırdı. 1915-ci il təhcir hadisələri Osmanlı dövlətinin qəbul etməsi zəruri olan bir qərar idi. Ermənilərin I Dünya müharibəsi başlayanda çar Rusiyasına qarşı müharibə edən Osmanlı ordusunu arxadan vurmaları onların təhlükəsiz bölgələrə köçürülmələrini zəruri edən amillərdən biri idi.

 

Altıncı saxtakarlıq: ermənilər Cənubi Qafqazda aborigendirlər

 

Akademik Ramiz Mehdiyev bu saxtakarlığa cavab olaraq bildirir ki, "əsasən türk əhalisinin yaşadığı Cənubi Qafqaza köçənədək haylar Van gölü ətrafında yaşayırdılar". Elə buraya da onlar Balkanlardan köçüb gəlmişdilər. Ermənilərin ən çox qorxduqları və rast gəlmək istəmədikləri gerçək məhz əsl tarixlə rastlaşmaqdır. Əgər belə olmasaydı, ermənilərin Qafqaza köçürülmələrini isbat edən abidələri bu gün də görə bilərdik. 1978-ci ildə Ağdərə rayonunun Marquşevan kəndində ermənilərin Cənubi Qafqaza köçmələrinin 150 illiyi ilə əlaqədar abidə qoyulmuşdu. Lakin ötən əsrin 90-cı illərinin sonlarında ərazi iddialarının əsassızlığını, Cənubi Qafqazın aborigeni olmamalarına şahid olacaq abidəni dağıtdılar. Ermənilər uzun illərdən bəri "tarixi saxtalaşdırmaq laboratoriyalarını" qurur, tarixi sənədlər üzərində "redaktorluq" hesabına "yeni faktlar tapmağa" çalışırlar.

Çox maraqlıdır, ermənilər Azərbaycan xanlıqları haqqında danışdıqda İrəvan xanlığını gizlədir, onu Cənubi Qafqazda olmayan ermənilərin dövləti kimi təqdim etməyə çalışırlar. Saxtakarlıq o qədər sərhəd tanımır ki, rusların İrəvan qalasını işğal etməsini də ermənilərin ayağına yazmağa çalışırlar. Orada yaşamayan ermənilərin şəhəri ruslara hansı vasitə ilə təslim etdiklərini təəssüflər olsun ki, soruşan yoxdur. Halbuki erməni tarixçilər də etiraf edirlər ki, istisnalar nəzərə alınmazsa, son 400 ildə (1410-1827) İrəvanda ermənilər yaşamamış və oranı idarə edənlərin siyahısında bir nəfər də olsun erməni olmamışdır. Erməni piskoposu Hovanes də bunu təsdiq edir.

 

Yeddinci saxtakarlıq: İrəvan tarixi erməni şəhəridir

 

Ermənilər gec, ya da tez tarixin mühakiməsi ilə qarşılaşmalıdırlar. Əslində akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı erməni tarixçilərinin və siyasilərinin saxtakarlığının mühakiməsi hesab edilməlidir. Tarixçi yazır: "1918-ci il mayın 28-də ermənilər müstəqil dövlətin qurulmasını siyasi mərkəzləri olmadan bəyan etmişdilər". Azərbaycan Xalq Cümhuriyyəti çox ağır bir vəziyyətdə yaranmışdır. Bir tərəfdən erməniləri dəstəkləyən böyük dövlətlər Azərbaycana təzyiq edir, digər tərəfdən tarixi paytaxtımız bolşevizm maskası ilə ermənilərin işğalı altında idi. Çıxılmaz vəziyyətdə olan, məcburiyyət qarşısında qalan Milli Şura 1918-ci il 29 may tarixli qərarı ilə İrəvan şəhərini paytaxt olaraq ermənilərə güzəşt etdi. İrəvanın onlara verilməsinin müqabilində ermənilər Azərbaycana qarşı torpaq iddialarından əl çəkməli idilər. Əsasən, ermənilər Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur torpaqlarının Ermənistana birləşdirilməsi ilə bağlı tələblərindən vaz keçməli idilər. Ermənistan tarixi reallığı etiraf etməyə məhkumdur.

Akademik Ramiz Mehdiyevin qeyd olunan əsəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Ermənistan prezidenti Serj Sarkisyanın əsassız tarixi "kəşflərindən" fərqli olaraq müəllif dünyanın qəbul etdiyi tədqiqatlara və alimlərə istinad edərək Cənubi Qafqazın ovtoxtonlarını, onların tarixi yadigarlarının təkzibedilməz real mənzərəsini təqdim edir.

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsəri yalnız tarixçilər üçün deyil, geniş oxucu kütləsi üçün çox əhəmiyyətlidir. Bu kitab ali və orta ixtisas məktəblərində humanitar fənlər üzrə proqramlara daxil edilməlidir.

Bu gün Azərbaycan Respublikasının uğurlu daxili və xarici siyasəti aparıcı dövlətlərin ölkəmizin ərazi bütövlüyünü, Dağlıq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olmasını müdafiə etdiklərini aydın göstərir. Ermənistana qarşı "Azərbaycanın işğal edilmiş torpaqlarında vəziyyət" haqqında məsələ dünyanın mötəbər məclislərinin gündəliyinə daxil edilir, Ermənistan işğalçı olaraq qiymətləndirilir, Ermənistan beynəlxalq layihələrdən kənarda qalır. Bu, Azərbaycan həqiqətlərinin dünyada qəbul edilməsinin göstəricisidir.

 

 

Həsənbala SADIQOV,

Gəncə Dövlət Universitetinin

"Ümumi tarix" kafedrasının müdiri,

professor

 

Azərbaycan.- 2011.- 11 yanvar.- S. 3.