Xalq qəhrəmanı Soltan bəy

 

Azərbaycanın dilbər guşələrindən biri, qədim oğuz yurdu olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızıb. Tarix boyu torpağımıza göz dikənlər Laçını "Aranın - Qarabağın qara qapısı" adlandırırdılar. Ümummilli lider Heydər Əliyev bu torpağın tarixi, strateji əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Azərbaycanın müstəqilliyi, ərazisinin qorunması nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir".

Laçın rayonunun ərazisi Qarabağ xanlığının tərkibində olmuşdur. 1822-ci ildə xanlıq ləğv olunduqdan sonra həmin ərazidə eyniadlı əyalət yaradılır. Çarizmin müstəmləkə əsarətinə qarşı yerlərdə baş qaldıran narazılıqları və üsyanları görən çar höküməti komendant sisteminin ləğvi və yeni inzibati idarə üsulu haqqında fərman verir. 1840-cı il 10 aprel tarixli fərmana əsasən, Qarabağ vilayəti ləğv olunaraq Şuşa qəzasına çevrilir. 1868-ci ildə Təngə quberniyası yaranan zaman Şuşa qəzası da onun tərkibinə daxil olur. 1869-cu ildə Yelizavetpol quberniyası təşkil edilir. Az sonra həmin quberniyanın tərkibində Zəngəzur qəzası yaradılır. Laçın rayonunun ərazisi məhz həmin qəzanın tərkibinə daxil olur. Bu cür inzibati bölgü 1921-ci ilə qədər davam edir.

1921-ci ildə Ermənistan SSR yaradılanda tarixi Qarabağ torpağının xeyli hissəsi (Zəngəzurun əksər ərazisi) Ermənistana verilir. 1923-cü ildə Qarabağın dağlıq hissəsi muxtariyyət statusu alır. Bura Cavanşir, Şuşa və Cəbrayıl qəzalarının dağlıq hissələri daxil edilir.

"Türkmənçay" müqaviləsindən dərhal sonra 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" təşkil edilir. Əslində, bu tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın təməli idi.

 

Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində "Böyük Ermənistan" yaratmaq niyyəti ilə ermənilər 1887-ci ildə Cenevrədə "Qnçaq", 1890-cı ildə Tiflisdə "Daşnaksütyun", 1895-ci ildə Nyu-Yorkda "Erməni Vətənpərvərləri İttifaqı" kimi siyasi-terror təşkilatlarını yaradır və bütün fəaliyyətlərini bu istiqamətə yönəldirdilər. Həmin təşkilatların proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu.

Son iki yüzillikdə xalqımız məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti nəticəsində böyük faciələrlə üzləşmişdir. Mərhələ-mərhələ gerçəkləşdirilən bu siyasət nəticəsində azərbaycanlılar qətl və qırğınlara məruz qalmış, yaşayış məskənləri viran qoyulmuşdur. XX əsrin əvvəllərində ermənilər dəfələrlə Laçına hücum etmiş, oranı ələ keçirməyə çalışmışlar. Lakin həmişə də bu mənfur millətə Laçın dağlarında tutarlı cavab verilmiş, onlar öz istəklərinə çata bilməmişlər. Erməni hücumlarının qarşısının alınmasında Laçının igid oğullarının, xüsusilə də xalq qəhrəmanı səviyyəsinə yüksəlmiş Paşa bəyin və oğlanları Soltan bəyin, Xosrov bəyin qəhrəmanlığı dillər əzbəri olmuşdur. Hər hücumda ermənilər ağır itkilərlə geri çəkilmişlər.

Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzurun xeyli hissəsi - Qarakilsə (Sisian), Gorus, Mehri, Qafan məqsədli şəkildə yaradılmış Ermənistan dövlətinə verilmiş, Zəngilan, Qubadlı, Laçın Azərbaycanın tərkibində qalmışdır. Bununla da böyük bir ərazi amansızcasına parçalanmış və ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Azərbaycandan aralı düşmüşdür. Sovet hakimiyyətinin yaranması ermənilərin sərsəm xülyalarının çox hissəsini reallaşdırmışdı. Bu illərdə Azərbaycan torpaqları üzərində ermənilər ilk dəfə olaraq öz dövlətlərini qurmuş və bununla kifayətlənməyərək "böyük Ermənistan" yaratmaq kimi sayıqlamalarını həyata keçirmək üçün hər an məqam gözləməyə başlamışlar, torpaqlarımıza hücumlar etmiş, qətllər, qırğınlar törətmişlər.

Erməni quldurlarının hücumlarına qarşı hər zaman mərdliklə cavab verən igid oğullarımızdan biri də laçınlı Soltan bəy olmuşdur. Bəzi müəlliflərin və yaşlı nəslin nümayəndələrinin dediklərinə görə, Soltan bəy Zəngəzur qəzasının Qurdqacı (Kürdhacı) kəndindəndir. Atası Əlipaşa bəy 1837-ci ildə Qasımuşağı obasında dünyaya göz açmış, mədrəsə təhsili alıb maldarlıqla məşğul olmuşdu. Zarafatcıl, xoşxasiyyətli bir insan imiş. Əlipaşa bəy Qarabağın Pərioğullar bəyliyindən birinin qızı - Bəyim xanımla evlənmişdi. Bu izdivacdan onun 4 oğlu - Soltan bəy, Rüstəm bəy, Xosrov bəy, İsgəndər bəy və Aftab xanım adlı qızı vardı.

Soltan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Kürdhacı kəndində) anadan olmuşdur. Əlipaşa bəy oğluna özünün ana babası Əsəd Soltanın adını qoymuşdu. Get-gedə uşağın adındakı Əsəd unudulur, Soltan qalır. Hamı onu Soltan bəy çağırırmış. Müəyyən yaş həddinə çatanda o, anasına oxumaq, təhsil almaq istəyini bildirir. Bəyim xanım oğlunun arzusunu atasına çatdırır. Əlipaşa bəy obalarının savadlı adamı olan Molla Xudaverdi Tanrıverdi oğluna balaca Soltanı tapşırır. Bir neçə il molla yanına getdikdən sonra o, oğlunu Şuşa şəhərindəki qəza məktəbinə göndərir. Buranı bitirdikdən sonra Soltan bəy Gəncə şəhərində gimnaziyada təhsilini davam etdirir. Orta təhsilini tamamlayıb Sankt-Peterburqa gedir. Orada Hərbi Akademiyaya daxil olur. Lakin təhsilini tamamlaya bilmir. Bunun iki səbəbi göstərilir. Deyilənə görə, o, akademiyanın zabitləri ilə qiymət üstündə mübahisə edir. Əsgərin isə zabit üzünə qayıtması böyük qəbahət sayıldığı üçün o, təhsilini yarımçıq saxlayır. Digər fikirə görə isə o, atası Əlipaşa bəyin xahişi ilə akademiyada təhsilini yarımçıq qoyub geri - doğma Laçınına qayıdır. Burada Soltan bəy böyük mülk sahibi Teymur bəyin qızı Dilrüba xanımla ailə həyatı qurur. Bu izdivacdan onun Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğlanları və Bəyim xanım adlı qızı dünyaya gəlir. Soltan bəy əvvəlcə maldarlıqla məşğul olur, yağ-pendir zavodu tikdirir. O, maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olurmuş. Hacısamlı meşələrində taxta istehsal edib, xarici bazarlarda satdırırdı.

Soltan bəy təsərrüfatla məşğul olduğu vaxtlarda erməni vəhşilikləri tüğyan etməyə başlayır. Bu, əsasən 1905-1907-ci illərə təsadüf edir. Türklərə potensial düşmən olan ermənilər çar məmurlarının dəstəyi ilə qanlı qırğınlar törədirlər. Yaşlı, qoca, qadın, uşaq olmasının fərqinə varmadan yalnız türk olduqlarına görə kimi görürdülərsə, işgəncələrlə həmin şəxsləri öldürürdülər. Ermənilərə qarşı mübarizəyə başlayanlara Əlipaşa bəy başçılıq edirdi. Əlipaşa bəy nəinki Zəngəzur qəzasının, hətta Qarabağın və Şuşa şəhərinin də müdafiəsinə qalxmışdı. Onun ən yaxın köməkçisi isə böyük oğlu Soltan bəy idi. 1905-1907-ci illərdə erməni vəhşiliyinə qarşı apardığı mübarizə onu el qəhrəmanına çevirmişdi.

Əlipaşa bəyin ikinci oğlu Rüstəm bəy neft sahəsində çalışırdı. Üçüncü oğlu Xosrov bəy isə ali təhsilli həkim idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, ilk hərbi nazir, ikinci hökümətdə əkinçilik naziri və 1919-cu ilin 15 yanvarından isə Qarabağın general-qubernatoru olmuşdu. Əlipaşa bəyin dördüncü oğlu İsgəndər bəy isə öz obalarında yaşamış, maldarlıqla məşqul olmuşdur.

Əlipaşa bəy Xanmurad bəy oğlunun və dəstəsinin erməni quldurlarına qarşı apardıqları mübarizə barədə Mir Mövsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" adlı əsərində geniş bəhs edilib. Əsərdə göstərilir ki, erməni hücumlarının qarşısını almaq üçün Piçənis müsəlman kəndindən və digər yerlərdən 300 nəfərə qədər igid və qeyrətli gənc Əlipaşa bəy Xanmurad bəy oğlunun sərkərdəliyi ilə Minkənd, Xoznavar, Əliulu, Cavanşir tərəfdən Külədik, Damğalı, Xənəzək, Dəduq və Ballıca kəndlərində dinc azərbaycanlı əhaliyə divan tutan erməni daşnaklarına qarşı mərdliklə vuruşmuşdur. Onu da qeyd edək ki, Soltan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası Xanmurad bəyin adından götürülən bu familiyanı hazırda onun xələfləri daşıyırlar.

Azərbaycanlıların xüsusi dəstələr düzəldib ermənilərə qarşı vuruşmalarının əsas səbəbi onların 1905-ci il rus inqilabının başlanması ilə ölkədə yaranmış hərc-mərclikdən istifadə edərək İrəvanda, Zəngəzurda, Bakıda, Şuşada, Gəncədə, Qazaxda və digər yerlərdə milli qırğınlar törətmələri olmuşdur. 1905-ci il fevralın 6-9-da və avqustun 20-25-də minlərlə azərbaycanlı qətlə yetirilmişdi. Ermənilər İrəvanda, Şuşada və Zəngəzurda bir neçə dəfə kütləvi qırğınlar törətmiş, 75 azərbaycanlı kəndini talan etmişlər. Bu illərdəki qanlı cinayətlər nəticəsində 10 mindən artıq azərbaycanlı öldürülmüş, 200 mindən çox həmyerlimiz qaçqın düşmüşdür. Bir müddət türklərə qarşı soyqırımı üstüörtülü şəkildə aparılsa da, 1914-cü ildə başlanan I Dünya müharibəsi və 1917-ci il inqilabları bu mənfur millətin "böyük Ermənistan" yaratmaq iddiaları üçün əlverişli şərait yaratmışdı.

Fevral inqilabı siyasi partiyaların leqal fəaliyyətinə də imkan yaratdı. Digər partiyalardan fərqli olaraq, "Daşnaksütyun" partiyası başda olmaqla erməni millətçiləri düşünürdülər ki, "böyük Ermənistan" xülyasının reallaşmaq məqamı yetişib. Zaqafqaziyanın gələcək inzibati bölgüsü, ermənilərin payına düşə biləcək torpaqlar onları xüsusilə maraqlandırırdı. Erməni quldurlarının gözü ən çox Azərbaycan torpaqlarına dikilmişdi.

1917-ci il dekabrın 30-da Lenin və Stalinin imzaladıqları 13 saylı dekretə əsasən, Türkiyənin şərq vilayətləri ermənilərə vəd edilmişdi. Məqsəd Türkiyəni federasiya halına salmaqdan ibarət idi.

1918-ci ildə Bakıda baş vermiş mart hadisələri isə əvvəlcədən hazırlanmış məqsədyönlü siyasətdən irəli gəlirdi. S.Şaumyan bolşevik ordusunun komandirlər heyətinə erməni briqadasında polkovnik Avetisovu, daşnak Amazaspı və digər erməni quldurlarını daxil etmişdi. Ermənilər yaşayan ərazilərin ətrafında səngərlər qazılır, müdafiə möhkəmləndirilirdi. Mart hadisələri ərəfəsində qeyd olunduğu kimi, Bakıda sovet hərbi hissələrində xeyli silahlı erməni əsgərləri də var idi. Şaumyanın qeyd etdiyi kimi, Bakıda 10 minə qədər (6000 sovet, 4000 daşnak) silahlı qüvvə toplanmışdır. Demək olar ki, bu qüvvənin qarşısında azərbaycanlılar silahsız idilər. Martın 30-da döyüşlərə rəhbərlik etmək üçün Şaumyanın başçılığı ilə müdafiə komitəsi yaradıldı. Bura Caparidze, Korqanov, Saakyan, Yolçiyan və başqaları daxil idi. 3 gün ərzində Bakı talan edildi, qan dəryasında boğuldu. Nəriman Nərimanov həmin günləri belə təsvir edir: "Müsəlman, hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olması kifayətdir". Həmin günlərdə təkcə Bakıda 12-14 min nəfər günahsız insan qanına qəltan edildi. Bundan sonra 1918-ci ilin aprel-may aylarında erməni-bolşevik quldurları qəzalara hücum etdilər. Onlar Şamaxıda, Qubada, Lənkaranda və başqa bölgələrdə də kütləvi qırğınlar törətdilər.

Erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qətliamlar Soltan bəyi çox narahat edir və o, yenidən Zəngəzur bölgəsində azğınlaşmış erməni quldurlarına qarşı mübarizə meydanına atılır. Aparılan araşdırmalar bir daha göstərir ki, Soltan bəyin torpaqlarımızın qorunması uğrunda göstərdiyi qəhrəmanlığın növbəti mərhələsi 1918-ci il hadisələri ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1996-cı il mayın 6-da Laçın və Şuşa ictimaiyyəti ilə görüşu zamanı demişdi: "Burada Soltan bəyin adı çəkildi. O, cəsur bir qəhrəman olub".

Həmin dövrdə bu qırğınlar Laçın bölgəsinin bütün kəndlərində daim müşahidə olunmuşdu. Erməni ordusunun komandanı Andronik Uzanyan nə yolla olursa-olsun, öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökümətinə qarşı qaldırmaq, təxribatlar törətmək və itaətsizlik yaratmaq istəyirdi.

Lakin Xosrov bəyin Qarabağın general-qubernatoru təyin edilməsini eşidən Andronik Soltan bəyin qorxusundan Qarabağa keçə bilmirdi. Ona görə də hiyləyə əl atır və Soltan bəyin kirvəsi Saşa adlı ermənini bir neçə nəfərlə onun yanına danışığa göndərir. Danışığında da mövzusu ondan ibarət olur ki, "bəy nə qədər qızıl istəyirsə, verməyə hazırıq, təki bizə Qarabağa keçməyə icazə versin. Oradakı ermənilərə təsərrüfat işlərində kömək etmək istəyirik". Soltan bəyin isə bütün planlardan xəbəri var idi. Hətta qardaşı Xosrov bəy də onu Andronikin Qarabağa keçmək cəhdindən xəbərdar etmişdi.

O, Saşaya deyir ki, "biz bir-birimizi neçə illərdir tanıyırıq, kirvəlik edirik. Aramızda heç bir qızıl və yaxud alver ola bilməz. Sən mənim üstümə gəlmisən, mən də qalmışam çətin vəziyyətdə. Andronikin çoxminli qoşununu silahla buradan buraxsam, camaat mənə nə deyər? Sənə də yox cavabı verə bilmirəm. Bir də ki, Xosrov qardaşım olsa da, hökümət adamıdır, dəliqanlı cavanlardan ehtiyat edir. Bilsələr, qarışıqlıq salarlar. Bir təklifim var. Onda gərək mən təyin etdiyim adamların iştirakı ilə bütün silah və sursat sökülüb atlara, qatırlara və arabalara yüklənsin. Səhərin dan yeri sökülməmiş, yəni alaqaranlıqda buralardan elə keçsinlər ki, heç kimin xəbəri olmasın. Bizim adamlar onlara Qaladərəsinə qədər də bələdçilik edərlər. Qaldı ki, o qızıl məsələsinə, mənə heç nə lazım deyil. Ancaq Xosrov bəydən böyüklər var. Elə sənin özünə də lazım olar, bu qədər əziyyət çəkirsən".

Andronik isə gizli yolla ermənilərlə danışmışdı ki, o, gecə vaxtı Şuşaya çatacaq, onlar qala qapısını açacaq və qoşun sakitcə şəhərə daxil olacaq. Bu planına arxayın olaraq Andronik təklif olunan şərtlə razılaşır.

Soltan bəy Zabux çayından Qaladərəsinə qədər on beş silahlı ilə pusqu düzəldir. Beləliklə, Andronikin əliyalın qoşunu soyuq qış gecəsində qəflətən hücuma məruz qalır. Yoldan kənarda qərarlaşmış döyüşçülər iri qayaları yelləyərək onların üstünə tökür və yolu bağlayırlar. Bir günlük qanlı döyüşdə Andronikin 30 minlik qoşunu məhv edilir. Silah yüklü arabalar və qatırlar ələ keçirilir. Döyüş zamanı Andronik demək olar ki, bütün qoşununu itirir və bir neçə nəfərlə güclə qaçmağa imkan tapır. Deyilənə görə, Zabux çayı həmin gün qırmızı rəngdə axırmış. Döyüş gedən dərə isə sonradan xalq arasında "Qanlı dərə" adlandırılmışdı.

Daha sonra Soltan bəyin başçılıq etdiyi dəstə Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlılarını döyüşdə məğlubiyyətə uğradaraq Zəngəzurda onlarca kəndi erməni quldurlarından təmizləyir.

Məğlubiyyətdən sonra daha da azğınlaşan Andronik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün bolşevik Rusiyasının maliyyə dəstəyi ilə yeni silahlı qruplar yaradır.

1918-ci ilin mart-aprelində İrəvan quberniyasında 211 kənd, Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, Qars əyalətində 92 kənd yerlə-yeksan olunur. 1918-ci ilin yayından daşnaklar İrəvan quberniyasında azərbaycanlılara qarşı qırğınlar törədir. Zəngibasar, Qəmərli və Vedibasardan tutmuş Şərur və Naxçıvana qədər olan ərazilərdə kütləvi təxribatlar, terrorlar təşkil etmək Andronikə tapşırılmışdı. General Dro Dərələyəz elində, general Sirkov Göyçə mahalında, general Njde Zəngəzurda əhalini qırıb, yurdlarını viran edib, etnik təmizləmə siyasəti aparırdılar. Andronik quldur dəstəsi ilə Zəngəzura hücum edərək 50 türk-müsəlman kəndini dağıtmış, 10 mindən artıq azərbaycanlı qətlə yetirmiş, 50 min nəfəri qaçqın salmışdı. Qaçqın düşən əhali Cəbrayıl və Cavanşir qəzalarında özlərinə sığınacaq tapmışdılar.

Lakin bütün bunlara baxmayaraq, Laçının Zabux dərəsində Soltan bəy tərəfindən sarsıdıcı zərbə alaraq məğlubiyyətə uğrayan Andronikin və onun dəstəsinin əvvəlcə Qarabağı, sonra isə Gəncəni tutmaq, S.Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyətini qurmaq planı məhv oldu.

Ermənilər tərəfindən törədilən qırğınların qarşısını almaq üçün Zəngəzurda, Qarabağda, Gəncədə, Şamaxıda, Qubada və Lənkəranda sayılıb-seçilən cavanlar yerli bəylərin rəhbərliyi altında könüllülərdən ibarət dəstələr yaratdılar. Artıq yerlərdə hamı başa düşürdü ki, birlik olmasa, erməni təhlükəsindən qurtulmaq, hücum və basqınların qarşısını almaq mümkün olmayacaq.

Bu baxımdan Soltan bəy və qardaşı Xosrov bəyin xalqımız qarşısında misilsiz xidmətləri olmuşdur. Onlar yalnız Zəngəzurda və Qarabağda deyil, Kəlbəcərin, Basarkeçərin və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında mərdlik göstərmişlər. Ali məktəbdə təhsil aldığım illərdə əslən Ərikli kəndindən olan ana babam İbrahim Baxşəliyevdən eşitdiklərimə və əslən kəlbəcərli olan Müslüm Şahhüseynovun yazdıqlarına istinadən Soltan bəylə bağlı bir neçə hadisəni də qeyd etmək istərdim.

Deyirlər ki, Soltan bəy Kəlbəcər və Basarkeçər ərazisində baş verənlər haqqında bir-birinin ardınca xoşagəlməz xəbərlər alır. 1918-ci il aprelin 5-də Şuşaya gedir, oradan Kəlbəcər və Göyçəyə doğru hərəkət edir. Kəlbəcərin Zar kəndinə çatır və burada əli silah tutanları yanına dəvət edir. Zarda o, hərəyə bir "beşatılan" və 30 daraq patron paylatdırır. Ətraf kəndlərdən xeyli cavan onun dəstəsinə qoşulur. Soltan bəy Göyçəyə yollanır. O, əvvəlcədən bilirdi ki, erməni quldurları əsasən Basarkeçər kəndində toplaşırlar. Əmr verir ki, dinc əhaliyə güllə atılmasın, onların kənddən çıxmasına imkan yaradılsın. Lakin satqınlar Soltan bəyin hücum edəcəyini erməni daşnaklarına çatdırırlar. Hətta yerli erməni camaatı da qan tökülməsini istəmir. Onlar qaçıb kənd kilsəsində toplaşmış, ağ bayraq qaldırmışdılar. Öz içimizdən olan satqınlar erməni quldurlarına şərait yaradır və onlar gecə Zoda gəlirlər. Zodun ağsaqqallarına yalvarırlar ki, öz kəndlərinə keçmək üçün Soltan bəydən izin alsınlar. Səhər ağsaqqallardan bir neçə nəfər Soltan bəyin yanına gələrək ermənilərin öz kəndlərinə qayıtmalarına icazə verməsini xahiş edir. Bəy onlara başa salır ki, gələcəkdə Basarkeçər erməni-quldur yığınağı olacaq və sizə divan tutacaq. Təkidli xahişlə bəyi razı salırlar. Ermənilər elə həmin il aprelin 4-də gizli yolla Andronikin qoşununu Basarkeçər ərazisinə çağırırlar. Gecə qəflətən azərbaycanlıların yaşadıqları kəndlərə hücum edirlər. Kəndləri yandırır, dinc əhalini isə işgəncələrlə qətlə yetirirlər. 30-dan çox kənd Andronikin qoşunları tərəfindən yerlə-yeksan edilir.

M.Şahhüseynovun yazısında isə göstərilir ki, Kəlbəcərə yaxın olan Dikyurd və Söyüdlü yaylaqlarındakı qırğınlar daha dəhşətli olmuşdur. "Sümüktökülən dərə" həmin illərin şahidi kimi göz dağına çevrilmişdir. Andronikin qoşunları ilə döyüşlər və qırğınlar zamanı Göyçə mahalı 17 min əhalisini itirmişdir.

1918-ci ilin qışında erməni işğalçıları Kəlbəcərin şimalında yerləşən 30-dan çox kənddə yaşayan azərbaycanlıları öz ərazilərindən qovur, var-dövlətlərini talan edirlər. Deyilənə görə 1918-ci ilin qışı çox sərt olub. Gecə ikən şiddətli boran və tufanda üç yüzdən çox ailə ayaqyalın-başıaçıq dərin dağ dərəsində qarın altında qalaraq qırılmışdır. Ən dəhşətlisi odur ki, dağda soyuqdan qırılan göyçəlilərdən heç kəs xəbər tutmamışdır. Son illərə qədər sümüklə dolu olan o vahiməli dərə "Sümüktökülən dərə" adı ilə tarixləşmişdi. Onu da söhbət əsnasında eşitmişdim ki, Kəlbəcərin sayılıb-seçilən nüfuzlu şəxslərindən olan Məşədi Cəmili göyçəlilərin öz yerlərinə qaytarılması və erməni daşnaklarından onların qisasının alınması fikri rahat buraxmırmış. O, plan hazırlayır, ağsaqqallar və başbilənlərlə məsləhətləşmələr aparır. Silah və güllə ehtiyatı əldə etmək üçün Şuşa qalasına gedib general-qubernator Xosrov bəy Paşa bəy oğluna müraciət etməyi qərara alırlar. O zaman Məşədi Cəmilin Xosrov bəylə tanışlığı yox imiş. Ancaq qardaşı Soltan bəylə yaxın dost idi. Məşədi inandığı və güvəndiyi bacısı oğlanlarını da götürüb Laçına, Qırxqız yaylağına - Soltan bəyin yanına yola düşür. Soltan bəy onu qonaqpərvərliklə qarşılayır, sonra isə qardaşına Məşədi Cəmilin gəlişini və məqsədini çatdırır.

Silah karvanı Kəlbəcərə gələn günü camaat toy-bayram edir. 1919-cu ilin yazında Məşədi Cəmilin başçılığı ilə Basarkeçərə hücum başlanır. Erməni generalı Sirkov "Qumlu bulaq" deyilən ərazidə keştəkli döyüşçülər tərəfindən öldürülür. Göyçəlilər öz kəndlərinə qayıdırlar və bunun üçün Xosrov və Soltan bəy qardaşlarına minnətdarlıq edirlər.

1918-ci il Göyçay döyüşündən sonra başda Nuru paşa olmaqla Qafqaz İslam Ordusu Bakı istiqamətində azadlıq yürüşünə başlayır. İyul ayının sonuna yaxın S.Şaumyanın başçılıq etdiyi Bakı bolşevik hökuməti istefa verməyə məcbur olur. Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-erməni işğalından azad edir.

Deyilənə görə, həmin illərdə Soltan bəyə qarşı təxribat və şikayətlərin ardı- arası kəsilmirmiş. Hətta atası Əlipaşa bəyin adından Soltan bəyin əleyhinə böhtan dolu şikayət ərizələri yazırlarmış. Amma camaat arasında Soltan bəyin xeyirxahlığı, əlsiz-ayaqsızlara köməyi, yardımı barədə söhbətlər dillər əzbəri idi. O, məmurlar qarşısında həmişə məğrur durarmış. Soltan bəyin həyat tərzindəki belə məqamlar onun bir daha qürurunu, qorxmazlığını və valideyninə qarşı ehtiramını göstərirdi. Soltan bəyin həm də qonağı çox olarmış. Bəy evdə olmasa belə, onun qapısına üz tutub gələnlər boş qayıtmazmış. Hər kəsə kömək, yardım edilərdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bəylər öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı. Soltan bəy Kürdhacı kəndində "Gorgahat" meşəsində gizlənirdi. Ermənilərlə ruslar isə Soltan bəyi aradan götürmək üçün ona sui-qəsd hazırlayırdılar. Vəziyyətin mürəkkəbliyini dərk edən Soltan bəy Azərbaycan İnqlab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə o, İran şahına üz tutur. Şah İranda Rusiyanın və erməni casuslarının çox və qüvvətli olmasına baxmayaraq, Soltan bəyin müraciətini qəbul edir. O, qardaşları Xosrov və İsgəndər bəylə Vətəndən xaricdə yaşamalı olur.

Həmin dövrdə sovet imperiyasının göndərdiyi xüsusi casuslar İranda at oynadır, tez-tez qətllər törədirdilər. Casuslar tərəfindən Soltan bəyin qardaşı İsgəndər bəy öldürüldükdən sonra vəziyyətin ağır olduğunu görən İran şahı ona Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Türk dövləti 1923-cü ildə Soltan bəyi və Xosrov bəyi rəsmi keçidlə qarşılayır. Mustafa Kamal Atatürkün Soltan bəyə böyük hörməti olub və onun ömrünün axırınadək bəy kimi yaşamasını təmin etmişdi. Ona Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə vermişdi.

Soltan bəyin mühacirətdə olduğu həyatı barəsində məlumat olduqca azdır. O, 1955-ci ildə Qars ətrafında, Köçqoy kəndində vəfat etmişdir. Bu barədə Türkiyə radiosu kiçik bir xəbər vermişdi: "Tacirlər-taciri Soltan bəy 1955-ci ildə 79 yaşında vəfat etdi. Tanrı ona rəhmət etsin".

Soltan bəyin qızı Bəyim xanım anasının söhbətlərinə istinadən deyirmiş ki, bəy bir dəfə Atatürkün görüşünə getmişdi. Bu o vaxt idi ki, Soltan bəy Andronikin qoşununu böyük itki ilə məğlub etmişdi. Görüş vaxtı Atatürk bəyə deyib ki, "Yaşa Soltan bəy, sən əsgərlərinlə Andronikin kələyini kəsmisən. Ona görə də Türkiyənin qapıları sənin üzünə həmişə açıqdır". O dövrdə yaşamış insanlar deyirlər ki, bəy olmasaydı, ermənilər Qarabağı yerlə-yeksan edərdilər.

Hazırda Azərbaycan metropolitenində baş mühəndis işləyən, Azərbaycan Prezidentinin fərmanı ilə "Əməkdar mühəndis" adını almış, Soltan bəyin nəvəsi, Elbrus Ənvər oğlu Muradov deyir: "Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Qardaş Türkiyəyə gedən hər tanışımdan onun barəsində məlumat almaq üçün xahişlər etmişəm, gələnlərdən soruşmuşam. Görən-tanıyan olmayıb. Nəhayət, internet araçılığı ilə axtarışlarımı davam etdirdim. Laçınlıların Qars vilayətinin Köçqoy kəndində hələ XIX əsrdən məskunlaşdığını öyrəndim. Adil Laçın adlı bir nəfərlə yazışıb, telefon nömrəsini öyrəndim. Zəngləşib vədələşdik. 2006-cı il mayın 15-də Türkiyəyə uçdum. Adil bəy məni Esenboğa hava limanında qarşıladı. Sabahı gün Qarsa yola düşdük. Yolboyu həyəcanlıydım. Görəsən, doğrudanmı babamın qəbri ordadır, yoxsa yenə də axtarışlarım özünü doğrultmayacaq?! Soltan bəyin Ərzurumda, Konyada dəfn olunması barədə müxtəlif fikirlər mövcuddur. Nəhayət, Köçqoy kəndinə yetişdik. Molla çağırıldı. Kəndin ağsaqqalları ilə qəbiristanlığa getdik. Burada sadə bir qəbri göstərib - "Soltan bəyin məzarıdır", - deyə söylədilər. Tutuldum, inanmamağa əsasım yox idi. Amma qəlbimdə şübhələr vardı. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıtdılar. Qəribədir ki, Köçqoy kəndində yaşayanların çoxu bizim soyumuza bənzəyirdilər. Mən hətta öz oxşarımı da orada tapdım. Bakıya qayıdandan sonra məndə olan nəsil səcərəmizi yoxlayıb gördüm ki, Adil bəyin ulu babası ilə mənim ulu babam doğmaca qardaşdırlar". Elbrus Muradov çox istəyir ki, Köçqoy kəndində babasının adına layiq bir abidə ucaltsın. Soltan bəy Zəngəzurun, ümumilikdə Azərbaycanın igid oğludur. Onun qəbrinin Azərbaycana köçürülməsi barədə düşüncəmizi Elbrus Muradovla bölüşdükdə o razılaşmadı. Bildirdi ki, "Soltan bəy çətin vaxtlarında Türkiyəyə pənah aparıb, orada ona qucaq açmışlar. Oranı özünə ikinci Vətən bilmişdi. Doğmalarının arasında dəfn olunub. İstəməzdim ki, ruhunu incidək böyük bəyin!"

Soltan bəy mühacirətdə olarkən onun ailəsi böyük müsibətlər çəkib. 1923-cü ildə onlar bəyin Ağdamda olan mülklərinin birində qohumların himayəsində yaşayırlar. 1930-cu ildə qardaşı Rüstəm bəy ailəni Bakıya gətirir. Soltan bəyin xanımı ziyalı və qoçaq qadın olduğundan xeyli vaxt məsul vəzifələrdə işləyib. Bir müddət Bakı şəhər sovetinin deputatı da olub. Onlar 1937-ci ilə qədər kirayədə qalıblar.

30-cu illərin həyəcanlı gecələrinin birində qapı döyülür, "NKVD"dən gələnlər onlara bildirirlər ki, evdən heç nə göturmədən həbs olunurlar. 1937-ci il noyabrın 2-dən 3-nə keçən gecə Soltan bəyin ailə üzvləri, Leninqraddan yenicə qonaq gəlmiş qızı Bəyim xanım və azyaşlı uşağı həbs olunurlar. Əvvəlcə Bayıla, oradan Gəncə həbsxanasına aparılırlar. Bir aydan sonra isə Gəncədən Qazaxıstana sürgün olunurlar. Onları aparanlar yalnız evdən yataq dəstlərini götürməyə icazə vermişdilər. Bəyin arvadı, üç oğlu və bir qızı 1956-cı ilə qədər Qazaxıstanda sürgün həyatı keçirdikdən sonra Azərbaycana qayıtmışlar. Soltan bəydən ailəsinə yadigar qalan onun "Quran"ı və balaca xurcunu olmuşdur.

Çox təəssüflənirik ki, indiyə qədər Soltan bəy və qardaşı Xosrov bəy haqqında araşdırma aparılmamışdır. Dövlət Arxivində və yazılı ədəbiyyatda məlum səbəblərdən onun haqqında geniş materiala təsadüf edilmir. Əldə olunan materiallar daha çox yaşlı nəslin nümayəndələrinin söhbətləri və qeydləri əsasında toplanmışdır.

2011-ci ildə Soltan bəyin anadan olmasının 140 illiyi tamam olur. Bu tarixlə bağlı Soltan bəyin həyatı və döyüş yolu barədə tədqiqat aparan xüsusi qrup yaradılıb.

Yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın güzəranının yaxşılaşdırılması ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə hər an diqqət mərkəzində olmuşdur. Həmin kurs bu gün də ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən laçınlılara göstərilən yüksək diqqət və qayğı nəticəsində Taxtakörpü və məcburi köçkünlərin sıx məskunlaşdığı digər yerlərdə genişmiqyaslı tikinti-quraşdırma, abadlıq işləri görülmüşdür. Cənab İlham Əliyevin dəstəyi və laçınlılara olan qayğısı sayəsində verdiyi sərəncamlarla Laçın şəhərinin 85 illiyi 2009-cu ilin fevralında, Minkənd orta məktəbinin 120 illiyi isə 2010-cu ilin fevralında qeyd olunmuşdur.

Laçın tarixən hər bir azərbaycanlının qəlbində, yaddaşında qürur, vüqar və əyilməzlik rəmzi olmuşdur. Bu torpağın mərd və cəsur oğlanları zaman-zaman öz qəhrəmanlıqları ilə bu adı doğrultmuş, xalqımızın igidlik salnaməsinə şərəfli səhifələr yazmışlar. Bu gün laçınlılar inanır və ümid edirlər ki, Laçın, eləcə də işğal altında olan bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək, igid oğullarımız düşmənə layiqli cavab verəcək, qüdrətdən səngərli, qalalı dağlar yenə də öz əziz övladlarını qoynuna alacaqdır.

 

 

Şikar QASIMOV,

Azərbaycan Texniki Universitetinin

kafedra müdiri, tarix elmləri

doktoru, professor

 

Azərbaycan.- 2011.- 11 yanvar.- S. 4.