Daşkənddə rus dilində nəşr olunan "Qarmoniya" jurnalında SSRİ xalq artisti Bülbül haqqında material dərc edilmişdir

 

Daşkənddə rus dilində nəşr olunan "Qarmoniya" jurnalının son nömrəsində iqtisad elmləri namizədi Muxsin Qəniyevin SSRİ xalq artisti Bülbül haqqında "Azərbaycan bülbülü" sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə deyilir ki, bir vaxtlar Özbəkistanda Xan Şuşinski, Şövkət Ələkbərova, Rəşid Behbudov, Zeynəb Xanlarova çox sevilirdilər. 1997-ci ildə Səmərqənddə keçirilən "Şərq təranələri" Birinci Beynəlxalq Musiqi festivalında "Qran pri" mükafatına layiq görülmüş Simarə İmanova da Özbəkistanda tanınır.

Müəllif qeyd etmişdir ki, Bülbül Daşkəndə tez-tez gələrmiş, onun burada çoxlu dostları var idi. Daşkənd Opera və Balet Teatrında böyük Üzeyir Hacıbəylinin "Koroğlu" operası tamaşaya qoyulanda Bülbül bu tamaşaya baxmaq üçün xüsusi olaraq Daşkəndə gəlmişdir. Dahi sənətkar hətta bir gün Koroğlu rolunda çıxış etmişdir.

Məqalədə Bülbülün təhsil illəri, o cümlədən İtaliyada təhsil almasından, Azərbaycan Dövlət Opera və Balet Teatrındakı fəaliyyətindən geniş söhbət açılır. Qeyd olunur ki, Bülbül bu teatrda klassik və Azərbaycan bəstəkarlarının operalarında çıxış etməklə yanaşı, xalq mahnılarını ustalıqla və məharətlə ifa etmişdir.

Bülbül yalnız dünya şöhrətli vokal yaradıcısı kimi deyil, pedaqoji və elmi fəaliyyəti, həmçinin Şərq musiqisinin kamil bilicisi, ifaçısı və gözəl təşkilatçısı kimi də qəlblərdə yaşayacaqdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.- 2011.- 11 yanvar.- S. 4.