Strasburqda fransız dilində Azərbaycanla bağlı radio verilişi yayımlanmışdır

 

Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşəbbüsü ilə Azərbaycanla bağlı hər ay fransız dilində efirə çıxan radio verilişi yanvarın 9-da növbəti dəfə yayımlanmışdır.

Proqramın aparıcıları - "Azərbaycan evi"nin sədri Mustafa Alınca və soydaşımız Şahin Hüseynli verlişin əvvəlində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər il bayram kimi qeyd edilməsi haqqında fransız dinləyicilərinə ətraflı məlumat vermişlər. Onlar bildirmişlər ki, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ideyası ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Dahi rəhbərin bu ideyası bütün azərbaycanlıların ürəyincə olmuşdur.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bir çox ölkədə qeyd edilməsi ilə bağlı xəbərlər də verilişdə yer almışdır.

Radio proqramında dünyanın tanınmış türkoloqlarından biri, soydaşımız İren Melikoffun vəfatının ikinci ildönümü ilə bağlı xəbər də səsləndirilmiş, görkəmli türkoloqun keçdiyi həyat yolundan, türkologiya elminin inkişafına verdiyi töhfələrdən, Fransadakı fəaliyyətindən, Strasburq Universitetində çalışmasından danışılmışdır. Verilişdə rus, ingilis, fransız, alman, italyan və türk dillərində sərbəst danışan, bu dillərdə elmi araşdırmalar aparan İren Melikoffun beynəlxaq elmi yığıncaqlarda bu dillərdə çıxış etməsi, mühazirələr oxuması, onlarca kitabın və yüzlərlə elmi məqalənin müəllifi olması barədə də söhbət açılmışdır.

Verilişdə həmçinin son həftələr ölkəmizin həyatında baş verən ictimai-siyasi hadisələr, ayrı-ayrı qəzetlərin xülasəsi diqqətə çatdırılmışdır.

Hər dəfə olduğu kimi, veriliş boyu Azərbaycan musiqisi səsləndirilmişdir.

Aparıcılar ölkəmizlə bağlı növbəti verilişi yanvarın 23-də efirə yayımlamağa hazırlaşırlar.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 11 yanvar.- S. 4.