Ağdam teatrının fədailəri
kimi yaddaşlarda qalanlar
Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla adamın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, inamları, idealları ölməz səhnə əsərlərində təcəssüm etdirilmişdir.
Adları arxiv sənədlərində "yatan", lakin həyat və fəaliyyətləri örnək olan, sənət fədailərindən sayılan, nəinki Ağdam, əslində, Azərbaycan professional teatrının səhnəsində bir-birindən maraqlı obrazlar yaratmış iki aktyor - Murad və Qaflan Muradov qardaşları barədə söz açmaq istəyi təsadüfi deyil.
"Elm" nəşriyyatı tərəfindən 1981-ci ildə çapdan buraxılmış "Hüseynbala Ərəblinski" kitabında xalqımızın unudulmaz sənətkarları sırasında Murad və Qaflan Muradov qardaşlarının adları tez-tez çəkilir. Mənbədə qeyd edilir ki, Azərbaycan milli teatrının yaranması və inkişafında digər klassik sənət korifeyləri ilə yanaşı, əməkdar artist Murad Muradovun da böyük əməyi olmuşdur. Ümumiyyətlə, Murad və Qaflan Muradov qardaşlarının milli teatrın formalaşmasındakı xidmətləri digər incəsənət xadimlərinə nisbətən, nədənsə, az xatırlanıb. Murad Muradov öz xatirələrində göstərir ki, o zamanlar Azərbaycan teatrı iki qrupa bölünüb, onlardan birinə Əbülfət Vəli, digərinə isə Sidqi Ruhullah başçılıq edib. O dövrdə milli teatrımızın qurucularından bir çoxunun, o cümlədən Murad Muradovun necə sənət fədaisi olması üzə çıxır. 1905-ci ildə Lənkərana həmin teatrın qastrol səfəri ərəfəsində "Müsibəti-Fəxrəddin" pyesinin hazırlıq məşqləri gedirmiş. Tamaşanın başlanmasına lap az qalmış Fəxrəddin obrazını oynayan Murad Muradov qəflətən xəstələnir. Bilet satılıb qurtardığından, tamaşanı təxirə salmaq mümkün deyilmiş. Əvəzedici aktyor lazım olduğundan, Əbülfət Vəli qəti qərara gəlir ki, yerli həvəskarlardan istifadə edilsin. Lakin faciənin mətnini ancaq truppa üzvləri bildiyindən, Hüseynbala Xələfov rejissor Əbülfət Vəliyə yaxınlaşıb rolun ona verilməsini bildirir. Əbülfət Vəli gənc aktyorun baxışlarındakını oxuyub, böyük məhəbbətlə teatra bağlı olan gənc Hüseynbalanın bu məsuliyyətin altına girməsindən məmnun olub razılıq verir. Sonrakı 3 saat göstərib ki, rejissor nəinki doğru addım atıb, üstəlik, o, milli səhnə üçün istedadlı bir aktyoru da üzə çıxarıb...
Milli teatrın yaradıcıları barədə sonralar dramaturq Sabit Rəhman da ətraflı məlumat vermiş, o dövrün gənc aktyorlarından olan Hüseynqulu Xələfov - Sarabski ilə yanaşı, Murad Muradovun səhnə fəaliyyəti, ümumiyyətlə, potensiallarını geniş şərh edərək yüksək qiymətləndirmişdir.
1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatının çapdan buraxdığı Azərbaycan İncəsənət İnstitutunun "Azərbaycan incəsənəti" buraxılışında da Murad Muradovun teatr tarixindəki şərəfli xidmətlərindən bəhs edilir.
Murad Muradovun xatirələrində Azərbaycan teatr tarixinin müxtəlif dövrləri öz əksini tapıb, bu sahədə silinməz izlər qoymuş korifey sənətkarların, o cümlədən Hüseynqulu Sarabskinin səhnə fəaliyyəti ayrı-ayrı epizodlar vasitəsilə yaddaşlara yazılıb.
Mehdibəy Hacınskinin Murad Muradovun yaradıcılığına həsr olunmuş məqaləsində də Azərbaycan teatr tarixində əvəzsiz izlər qoymuş aktyorlardan biri kimi onun səhnə fəaliyyətindən geniş söz açılır.
Yeri gəlmişkən qeyd edək ki, milli teatrımızın tarixində izlər qoymuş səhnə xadimlərinin həyat və fəaliyyətinə həsr olunmuş ayrı-ayrı yazılar kifayət qədər olsa da, bu istiqamətdə geniş tədqiqata hələ də ehtiyac duyulur. Bu mənada Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr təqdirəlayiqdir. Çünki xalqımızın tarixi keçmişini, milli-mənəvi dəyərlərini özündə qoruyub saxlayan əsərlərdə neçə-neçə obraz yaradıcılarının Vətənlə birgə vuran qəlbinin iztirabları döyünür.
Murad Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub, səhnə fəaliyyətinə Şuşada başlayıb, 1949-cu ildə Azərbaycan SSR-in əməkdar artisti fəxri adına layiq görülüb.
C.Zeynalov, H.Ərəblinski, M.A.Əliyev, H.Sarabski, S. Ruhullah kimi ölməz səhnə fədailəri, teatr xadimləri ilə birlikdə Azərbaycan teatrının bünövrəsini qoyanlardan biri Murad Muradov 1920-30-cu illərdə təbliğat briqadalarında, 1930-cu ildən isə Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. O, 1907-ci ildən Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olub.
Respublikanın əməkdar artisti Murad Muradovun qardaşı Qaflan Muradovun da Azərbaycan teatr sənətində qoyduğu silinməz izlər, yaddaqalan obrazlar az olmayıb, lakin onun da ədəbi dünyası - səhnə həyatı yetərincə işıqlandırılmayıb.
1908-ci ildə Ağdamın ikisinifli rus-tatar məktəbində ilk dəfə olaraq məktəbin direktoru Əhmədbəy Abbasovun rəhbərliyi ilə Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasının tamaşası göstəriləndə Yetər rolunun məktəbin şagirdi Qaflan Muradova həvalə olunması heç də təsadüfi deyildi. O illərin ədəbi mühiti barədə əldə edilmiş yazılı mənbələrə əsasən, ilk teatr tamaşası böyük səs-küyə səbəb olmuşdur: Əhmədbəy Abbasov, həmçinin tamaşanın yaradıcı heyəti cahillər tərəfindən təhqir hədəfinə çevrilmişdilər. Yetər rolunun ifaçısı küçədə, az qala, ələ salınır, "Qız Qaflan", - deyə lağa qoyulmuşdu. Lakin heç bir təhqir, hədə-qorxu və başqa maneələr bu həvəskarların teatra, səhnəyə marağını, məhəbbətini azalda bilməmişdir.
1910-cu ildə Ə.B.Haqverdiyev Ağdamda yeni dram kollektivi yaradaraq, "Ac həriflər", "Dağılan tifaq", M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" və digər səhnə əsərlərini hazırlayarkən Qaflan Muradov kimi səhnə həvəskarlarının gücündən bacarıqla istifadə etmişdir.
Həmin tamaşalarda Sona və Şəhrəbanu xanımın rolları Qaflan Muradova tapşırılmışdır. Gənc aktyor Sona xanımı ifa edəndə anasının, Şəhrəbanu obrazında isə böyük bacısının bir dəst paltarını gizlincə gətirib səhnədə geyinmiş və sonradan bunun əvəzinə çoxlu danlaq qazandırmışdır. Lakin bütün bunlar onu nəinki səhnədən uzaqlaşdırmış, əksinə, daha həvəs və maraqla teatra bağlamışdır ki, sonrakı fəaliyyəti bunu təsdiqləmişdir.
Qaflan Muradov "Məşədi İbad"da Sənəmi, "Evlikən subay"da Pərzadı, "Leyli və Məcnun"da Məcnunun anasını və başqa obrazlarını da peşəkarlıqla ifa edib. Fədakar aktyor köhnə əxlaq qaydalarının hökm sürdüyü zamanlarda qadın rollarının ifaçısı kimi çətin bir vəzifəni daşıyıb, bu "əməlinə" görə çoxlu "düşmən" qazanıb, tanış-biliş, qohumlar yanında "diligödək" olub.
Ə.B.Haqverdiyev Şuşada Əhməd Ağdamski, Xosrov Mamayev, Hüseynqulu Sarabski, Qaragöz Zülfüqarov, İsa Şuşinski kimi istedadlı səhnə həvskarlarının qüvvəsi ilə güclü teatr kollektivi yaratdığı dövrdə Qaflan Muradov da bir neçə ağdamlı sənət dostu ilə bura gələrək teatrın ən bacarıqlı aktyoru kimi ad qazanıb.
Qardaşı Murad Muradov həmişə Qaflana və onun sənət dostlarına teatr sənəti ilə bağlı dəyərli məsləhətlər vermiş, imkan olduqca Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzə Ağa Əliyev, Əbülhəsən Anaplı, Əli Qurbanov, Kirmanşahlı və başqa görkəmli sənətkarlarla tanış etmişdir. Bütün bunlar gənc səhnə aşiqinin gələcək həyat yolunun müəyyənləşməsində böyük rol oynamışdır.
28 aprel 1920-ci il tarixindən, yəni rus-sovet imperiyası Azərbaycanı işğal etdikdən sonra Qaflan Muradov yaxın dostu Əhməd Ağdamski ilə Ağdama qayıdaraq fəhlə-kəndli klubunun nəzdində Cəmil Muradov, Xosrov Mamayev, Heydər Şəmsizadə, Baxış Kələntərli, Ayaz Köçərli, Ələsgər Məmmədov kimi istedadlı səhnə həvəskarlarından ibarət teatr dəstəsi yaratmağa müvəffəq olmuşdur. Bu sənət aşiqləri klubun səhnəsində F.Şillerin, M.F.Axundovun, N.B.Vəzirovun, Ü.Hacıbəylinin əsərlərini böyük zövq və həvəslə hazırlayıb Qarabağın ən kiçik yaşayış məntəqələrində belə tamaşa göstərmişlər.
1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı açılanda Qaflan Muradov artıq xalq arasında böyük şöhrət qazanmış, yaradıcılığına hər yerdə ehtiyac duyulan püxtə bir sənətkar kimi tanınmışdı. Təsadüfi deyildir ki, o, teatrda cəmi üç il işlədikdən sonra, yəni 1940-cı ildə "Azərbaycanın əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Aktyorun fəaliyyətini səhnədən ayrı təsəvvür etmək mümkün deyildi. Bunu təsdiq edən çoxsaylı faktlar içərəsində daha biri diqqətçəkəndir. 1941-ci il - müharibənin odpüskürən günlərinin birində aktyor Qaflan Muradovun 19 yaşlı böyük oğlu Tofiq qəflətən dünyasını dəyişir. Hüzrün üçüncü günü "Leyli və Məcnun" tamaşası oynanılan vaxta təsadüf edir. Məcnunun atasının ifaçısı Qaflan Muradov çoxlarının təəccüb və etirazına baxmayaraq, tamaşanın təxirə salınmasına razı olmayaraq səhnəyə çıxır. O gecə aktyor təkcə Məcnunun deyil, əzizi Tofiqin də faciəsinə görə səhnədə göz yaşı axıdır, necə deyərlər, faciəsini birgə yaşayaraq ürəyini boşaldır.
Obrazdan-obraza dəyişmə, başqalaşma bacarığı çox güclü olmuş Qaflan Muradov istər gülüş boyaları ilə ifa etdiyi Kərəmov, Məşədi İbad, Soltan bəy, Hacı Qara, istərsə də dramatik cizgilərlə canlandırdığı Məcnunun atası, Göyüş kişi, Veysəl Mirzə uzun müddət tamaşaçı yaddaşından silinməyib.
Qaflan Muradov, sözün həqiqi mənasında, teatr üçün doğulan, səhnədə nəfəs alan alovlu sənət carçısı idi. Ağdamda Dövlət Dram Teatrının açılması onu çox sevindirirdi. Xəstə olsa da, tez-tez teatra baş çəkər, məşqlərə tamaşa edər, gənc aktyorlara Azərbaycan teatrının görkəmli sənətkarlarından, özünün səhnə həyatından maraqlı xatirələr danışardı...
80 ilik mənalı ömrünün 60-dan çoxunu səhnəyə həsr edən Qaflan Muradov təkcə teatrsevərlərin qəlbində, hafizəsində deyil, oynadığı obrazlarında da yaşayır. Təəssüf ki, Ağdam 1993-cü ildə erməni vandalizminin çirkin siyasəti nəticəsində işğala məruz qaldığından, buradakı teatr və teatrsevərlər də doğma yurdun niskilini yaşamalı oldular. Azərbaycan milli teatrının formalaşmasında xüsusi çəkisi olmuş Ağdam Dövlət Dram Teatrının kollektivi bu qədim sənət məbədinin düşmən tərəfindən darmadağın edilməsinin ağrı-acıçı ilə üzləşsələr də, səhnəsində müxtəilif obrazlar yaradılmış teatrın yaşaması üçün potensiallarından istifadə edirlər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 11 yanvar.- S. 5.