Azərbaycan dünyanın enerji təhlükəsizliyi
məsələlərinin həllinə böyük töhfə
verən ölkəyə çevrilib
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son yeddi ildə dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilmişdir. Uğurla həyata keçirilən yeni strategiya Azərbaycanın bir daha dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bəyan etdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tam gücü ilə fəaliyyətə başlaması ölkəmizin inkişafında önəmli rol oynamış, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Axalkalaki-Qars dəmir yolu layihəsi kimi qlobal miqyaslı layihələrin reallaşmasına böyük təkan vermişdir.
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Eyni zamanda, region dövlətləri əsas ixrac boru kəmərinin məhz onların ərazisindən keçməsinə, beləliklə də, külli miqdarda tranzit gəlirinə sahib çıxmağa, eyni zamanda alternativ enerji mənbələri əldə etməyə çalışırdılar. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrilmişdi. Məsələnin aktuallığı həm də Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi ilə şərtlənirdi. Həmin vaxt layihənin əleyhdarları bu strateji kəmərin Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu üzrə gerçəkləşməsini əfsanə hesab edir, onun reallıqdan tamamilə uzaq olduğunu bildirirdilər. "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir" - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyuldu.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab İlham Əliyev BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail oldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan hadisəyə çevrildi. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir təşkil olundu. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrildi. Dövlət başçısı İlham Əliyevin həmin mərasimdə bəyan etdiyi kimi, bu kəmər məhz ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində gerçəkləşmişdir: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".
Böyük öndərin ciddi diplomatik səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır. Ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır.
Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən ulu öndər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görmüşdür. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və məhsullarının xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır.
Beləliklə də cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal istirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində, özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".
Zaman keçdikcə Heydər Əliyevin neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. Basqa sözlə desək, yeni neft strategiyası əsas məqsədinə nail olmağa başladı. Həyata keçirilən siyasətin də əsasını məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edirdi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində yeni neft strategiyasının ölkəmizə gətirdiyi uğurlardan bəhs etmişdir: "2010-cu ildə bizim iqtisadiyyatımızın aparıcı sahəsi olan neft-qaz sektorunda da böyük uğurlar əldə edilmişdir. Ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Biz dünyanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz töhfəmizi veririk. Azərbaycan çox etibarlı tərəfdaşdır və bizim neft-qaz resurslarımız ölkəmizi, ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda, bizim beynəlxalq mövqelərimizi də gücləndirir. 2010-cu ildə Azərbaycanda böyük qaz yatağı kəşf edilmişdir. "Ümid" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdir və bu yataq bizim enerji potensialımıza böyük dəstək verəcəkdir. Artıq yatağın aşkarlanması dünyada böyük səs salıb və Azərbaycanın enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün bu hadisənin böyük əhəmiyyəti olacaqdır".
Hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoyub. Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəricisi ilə dünyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür.
E.HACIALIYEV
Azərbaycan.- 2011.-12
yanvar.- S. 1.