Azərbaycan ilə Küveyt arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə səfəri çərçivəsində bu dövlətin Baş naziri Əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşmüşdür.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Küveyt arasında hökumətlərarası komissiyanın ilk iclasının nəticələri müzakirə olunmuşdur.

Əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin zəruriliyindən danışan tərəflər, komissiyanın qəbul etdiyi protokolda əldə edilmiş razılıqların bu prosesə təkan verəcəyini bildirmişlər.

Küveytin Baş naziri ölkələrimiz arasında təyyarə uçuşlarının təşkil edilməsinin vacibliyini qeyd edərək, neft şirkətləri tərəfindən də əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu vurğulamışdır.

Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə maraqlanmışdır. E.Məmmədyarov hər iki məsələ ilə bağlı ətraflı məlumat vermişdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 1.