Azərbaycan ilə Küveyt arasında üç sənəd imzalanmışdır
Yanvarın 10-da Küveytdə Azərbaycan Respublikası və Küveyt Dövləti hökumətləri arasında əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda siyasi və diplomatik, iqtisadiyyat və ticarət, investisiya və maliyyə, sənaye və energetika, hərbi, ali təhsil və elmi tədqiqatlar, nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm, informasiya və mədəniyyət, səhiyyə və ekologiya, gənclərlə iş və idman sahələrində Azərbaycan ilə Küveyt arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.
Tərəflər ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd etmişlər. Küveyt tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır.
İslam Konfransı Təşkilatının (İKT) zirvə görüşünün 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifi Küveyt tərəfindən alqışlanmışdır. Bildirilmişdir ki, Küveyt Azərbaycanın 2013-cü il üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcəkdir.
Sonda Azərbaycan ilə Küveyt arasında "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının Protokol"u, "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında diplomatik/xüsusi pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş" imzalanmışdır.
Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında məsləhətləşmələrin aparılmasının davam etdirilməsinə dair razılıq əldə olunmuşdur. İclasda Azərbaycan və Küveyt nümayəndə heyətlərinə xarici işlər nazirləri Elmar Məmmədyarov və Şeyx Məhəmməd əl-Sabah rəhbərlik etmişlər.
Azərbaycan.- 2011.- 12 yanvar.- S. 1.