Azərbaycan və türk diasporunun nümayəndələri ABŞ Konqresinin üzvlərinə məktubla müraciət etmişlər

 

ABŞ-dakı Azərbaycan və türk diasporları yeni kampaniyaya başlamışlar. Onlar Azərbaycanda "20 Yanvar" faciəsinin ildönümünə diqqət çəkmək üçün ABŞ Konqresinin üzvlərinə məktublar göndərirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, diaspor üzvləri Konqresdən faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmağı və rəsmi bəyanat verməyi xahiş edirlər.

Məktublarda deyilir: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu suveren Azərbaycanı zəbt etmiş, fövqəladə vəziyyət elan olunmuşdur. Azərbaycanlıların Sovet işğalına qarşı mətanətli müqaviməti fevral ayına kimi davam etmişdir. Nəticədə 170 azərbaycanlı öldürülmüş, 321-i itkin düşmüş, 700-dən çox adam yaralanmış, yüzlərlə adam həbs olunmuşdur. Human Rights Watch təşkilatı "Azərbaycanda Qara Yanvar" adlı hesabatında yazırdı ki, "Sovet qoşunlarının yanvarın 19-dan 20-nə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların müqaviməti ilə bir ölçüyə sığmırdı, bu, kollektiv cəzalandırma idi".

Məktub müəllifləri bildirirlər ki, Azərbaycanda günahsız dinc insanlara qarşı sovet qoşunlarının hücumundan əvvəl digər sovet respublikalarında da qətliamlar baş vermişdir. 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda baş vermiş faciəli hadisələr sonra Litvada təkrarlandı, amma "Qara Yanvar"ın amansızlığı Kommunist partiyasının irticaçı qüvvələri tərəfindən həyata keçirilən kollektiv cəzanın ən böyük nümunəsi idi.

Məktublarda vurğulanır ki, "bu amansız, dəhşətli hadisə həm də gələcəkdə müstəqilliyə və azadlığa qovuşmaq üçün bir ümid yaratmışdı. İllər ötür, amma bu hadisə yaddaşlardan silinmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il yanvarın 20-də Azərbaycan paytaxtındakı Şəhidlər xiyabanına gələrək, ölkənin müstəqilliyi uğrunda qurban gedənlərin xatirəsini ehtiramla yad edirlər. Şəhidlərin məzarı üstünə gül qoyulur və millətin istiqlal, demokratiya və azadlıq yolunda vəzifələrinin unudulmadığı bir daha sübut olunur".

 

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 1.