Əmək miqrantlarının
sosial-iqtisadi problemlərinin həlli qlobal vəzifələrdəndir
"Biz
dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən
gələnlərin sayı artır. Azərbaycan vətəndaşları
başqa ölkələrdə işləyirlər. Bu, normal
proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun
çərçivəsində tənzimlənsin və
iqtisadi maraqlarımız tam şəkildə təmin
olunsun..."
İlham ƏLİYEV
Son illər əmək miqrantlarının sosial-iqtisadi çətinliklərinin həlli müasir dünyanın ən önəmli problemlərindən birinə çevrilmişdir. Miqrant axınının görünməmiş həddə çatması bu prosesin ciddi təhlil olunmasını və tənzimlənməsini zəruri etmişdir.
Bu gün dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. Ekspertlərin rəyinə görə, istehsal olunan ümumi daxili məhsulun təxminən onda biri miqrantların payına düşür. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədilə tərk edib. Ümumilikdə, miqrant işçilər ailə üzvləri ilə birlikdə beynəlxalq miqrantların 90 faizi qədərdir. Bunlar əsasən 20-45 yaş arasında olan şəxslərdir və 40 faizi kasıb ölkələrin vətəndaşlarıdır.
Təbii ki, miqrantlar əsasən inkişaf etmiş ölkələrə üz tuturlar. Statistik məlumatlar göstərir ki, əməkçi miqrantların 50 faizi qadınlardır. Afrika və Asiya ölkələrini istisna etməklə, dünyanın istənilən ərazisində qadın miqrantlar kişilərdən bir qədər çoxdur.
Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? 1989-2007-ci illərdə 418 min soydaşımız başqa ölkələrə getmişdir. Həmin dövrdə Azərbaycana üz tutanların sayı isə 425 min nəfərdir. Gələnlərin 62 faizi Rusiyanın, 10 faizi Gürcüstanın, 12 faizi Ukraynanın, 6 faizi Türkiyənin, 4 faizi Qazaxıstanın, 10 faizi isə digər ölkələrin payına düşür. Respublikamızdan gedən miqrantların əksəriyyəti - 83 faizi Rusiyada yerləşmişdir. Onların 5 faizi Ukraynaya, qalanları Qazaxıstan, Belarus, Gürcüstan və başqa ölkələrə üz tutmuşlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, son illər ölkə iqtisadiyyatında çalışan əcnəbi işçi miqrantların sayı artmaqdadır. Ötən il oktyabr ayının 1-nə qədər Azərbaycanda 8161 nəfər əcnəbiyə işləmək üçün fərdi icazə verilmişdir. Onların 2397 nəfəri mədənçıxarma sənayesində, 3442-si tikintidə, 540 nəfəri emal sənayesində, 335-i təhsil sahəsində, digərləri isə iqtisadiyyatın başqa sahələrində çalışırlar.
Rəqəmlərin təhlili göstərir ki, miqrasiyanın idarə olunması respublikamız üçün də getdikcə vacib bir məsələyə çevrilməkdədir. Ölkədaxili və beynəlxalq təhlükəsizlik problemləri də miqrasiyanın səmərəli şəkildə idarə olunmasını zəruri edir. Tənzimlənməyən və məcburi miqrasiyanın qarşısının alınması və azaldılması ilə geniş mübarizə fonunda qloballaşma və iqtisadi proseslərin "sadələşdirilmiş" miqrasiya axınlarına artan təsiri də nəzərə alınmalıdır. Bu tendensiyaların tarazlığını saxlamaq üçün mənşə, tranzit və təyinat ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin səmərəli tətbiqi tələb olunur.
Əmək miqrantları ilə bağlı problemlərin həllinə ölkəmizdə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət miqrasiya xidmətinin yaradılması haqqında" fərmanının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu sənəd ölkədə miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Ölkə başçısının söylədiyi fikirlər onun bu məsələyə nə qədər əhəmiyyət verdiyini bir daha sübut edir: "Biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun..."
Qısa müddətdə Azərbaycanda həyata keçirilən rasional tədbirlər, miqrasiya sahəsində qanunvericilik bazasının yaradılması nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin problemlərinin həllində önəmli irəliləyişlər əldə edilmişdir. Şübhəsiz ki, Dövlət Miqrasiya Xidmətinin yaradılması bu sahədə atılan ən uğurlu addımlardan biridir. İndi ölkə ərazisinə daxil olan şəxslərin harada və hansı işlə məşğul olması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müşahidə edilir və ciddi nəzarətdə saxlanılır. Azərbaycan hökuməti miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məsələlərində beynəlxalq əməkdaşlıqla yanaşı, sosial tərəfdaşlığa da üstünlük verir.
Son illər ölkəmizdə irimiqyaslı regional sosial-iqtisadi layihələr həyata keçirilir, özəl sektorun inkişafına hərtərəfli şərait yaradılır. Bu proses ölkə iqtisadiyyatının müəyyən sahələrinin sürətli inkişafı üçün təcrübəli əcnəbi mütəxəssislərin də işə cəlb olunmasını zəruri edir. "Əmək miqrasiyası haqqında" qanuna əsasən, Azərbaycanda hər bir hüquqi və fiziki şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi xüsusi razılıq əsasında əcnəbi vətəndaşı işə qəbul edə bilər. Ötən il fevral ayının 12-dən əcnəbi vətəndaşı işə qəbul edən işəgötürən (sahibkar) illik icazəni alarkən əvvəllər olduğu kimi 45 manat deyil, 1000 manat dövlət rüsumu ödəməlidir. Bu məbləğ icazənin müddəti uzadıldıqda da ödənilir. Hökumət belə addım atarkən yerli kadrların hazırlığına və işə qəbuluna üstünlük verilməsini, əcnəbi işçinin isə yalnız zəruri hallarda işə qəbulunu nəzərdə tutmuşdur.
Azərbaycan parlamenti ölkəmizdə əmək bazarının inkişafına yardım göstərmək, əmək miqrasiyasını tənzimləmək məqsədilə sahibkarlıq haqqında qanuna əlavə və dəyişikliklər etmişdir. İşçilərin tərkibində əcnəbi vətəndaşların sayının tənzimlənməsini təmin edən əlavələr və düzəlişlərə əsasən idarə, müəssisə və təşkilatların rəhbər vəzifələrinə əcnəbi vətəndaşların təyinatı üçün mütləq səlahiyyətli icra orqanından razılıq alınmalıdır. İqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən şirkətlərdə Azərbaycan vətəndaşlarının sayı ümumi işçilərin 90 faizindən az olmamalıdır. 2009-cu ildə ölkəmizdə əmək miqrantları üçün kvota tətbiq edilmişdir. Bu da Azərbaycana gələn əcnəbilərin sayı barədə proqnozlar verməyə, qeyri-qanuni miqrasiyanın aradan qaldırılması üçün lazımi tədbirlər görməyə imkan yaradır.
Miqrantlarımızın əsas hissəsi Azərbaycan vətəndaşlığını saxlamaqla Rusiyada yaşayır və işləyir. Ekspertlərin məlumatına görə, 2006-cı ildə Rusiyadakı azərbaycanlı işçilərin sayı 1 milyon 300 nəfər idi. Həmin il onlar tərəfindən vətənə pul köçürmələri 1,5 milyard ABŞ dollarına qədər yüksəlmişdi. Bu da Azərbaycanın ümumi daxili məhsulunun 8 faizini təşkil edirdi. Lakin Rusiya Federasiyasında 2008-ci ildə əcnəbilərə işləmək üçün icazələrin sayının iki dəfə azaldılması barədə qərar verildi. 2011-ci il üçün isə təsdiq olunan kvotanın daha da azaldılması nəzərdə tutulmuşdur. Bu qərar Rusiya Federasiyasında çalışan soydaşlarımızın iş yerlərinin bağlanılmasına səbəb olmuş, onların çeşidli problemlərlə üzləşməsinə gətirib çıxarmışdır. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti bu çətinlikdən vətəndaşlarımızın mümkün qədər az itki ilə çıxması üçün müəyyən tədbirlər görmüşdür. Rusiya Federasiyasının müvafiq qurumları ilə danışıqlar aparılmış, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün müəyyən layihələr həyata keçirilmişdir. Məsələnin tənzimlənməsi məqsədilə dövlətlərarası sazişin hazırlanması barədə razılıq da əldə edilmişdir. Əmək və Əlahinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, saziş layihəsinin hazırlanması başa çatdırılmış və yaxın vaxtlarda imzalanacağı gözlənilir. Ümid edirik ki, bu sənəd ilk növbədə həmyerlilərimizin Rusiyada qanuni yolla qeydiyyatdan keçərək işləməsinə kömək edəcək.
Heç kimdən gizli deyil ki, respublikamıza üz tutan miqrantların müəyyən hissəsinin məqsədi əmək fəaliyyəti deyil, qaçaqmalçılıqla, qeyri-qanuni fəaliyyətlə məşğul olmaq idi. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qanunsuz miqrasiya hallarını aşkar edərək müvafiq tədbirlər görmüşlər. Nəticədə 935 əcnəbi vətəndaş barədə inzibati qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülmüşdür.
2010-cu il aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda çalışan 8513 əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi sosial sığorta ayırmalarını həyata keçirib. Hazırda DSMF-də 87 ölkədən əcnəbi vətəndaşlar qeydiyyatdadır. Həmin şəxslər üçün sosial sığortanın fərdi hesabı açılıb. Fondda qeydiyyatda olan əcnəbilərin çoxu Türkiyəni, Gürcüstanı və Rusiyanı təmsil edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun üzv təşkilatları əmək miqrasiyası ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlayır. Bu sahədə işlərin tənzimlənməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Xatırladım ki, AHİK və Beynəlxalq Əmək Təşkilatının Moskva Ofisi arasında əmək miqrasiyası məsələləri üzrə əməkdaşlıq və texniki yardım barədə müddətli müqavilə imzalanmışdır. AHİK tərəfindən "Miqrasiya məsələlərinə dair məlumat məcmuəsi" və "AHİK-in əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsində Fəaliyyət Proqramı" layihələri hazırlanmış və üzv təşkilatlara təqdim edilmişdir.
Hazırda Azərbaycanda Avropa Şurasının dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı "Rusiya Federasiyasında əməkçi miqrantların müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması" layihəsini həyata keçirir. Layihənin məqsədi Rusiya Federasiyasında işləyən miqrantların əmək və sosial müdafiəsini gücləndirmək, dialoq vasitəsilə Azərbaycanda miqrasiyanın səmərəli inkişafına nail olmaq, həmin ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirmək və pilot layihələri həyata keçirməkdir. Layihəyə uyğun olaraq ötən ilin dekabr ayının 7-də Azərbaycan Həmkarlar İttifaqlarının iştirakı ilə Bakıda keçirilən seminarda AHİK ilə Gürcüstan Həmkarlar İttifaqları Birliyi arasında miqrasiya məsələlərinin tənzimlənməsinə yardımçı ola biləcək əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumda insanların əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, qarşılıqlı informasiya mübadiləsi, birgə konfranslar, seminarlar, treninqlər, layihələr həyata keçirmək, beynəlxalq həmkarlar ittifaqları təşkilatları ilə əməkdaşlığı gücləndirmək, insan alverinə qarşı birgə fəaliyyət göstərmək və digər tədbirlər nəzərdə tutulmuşdur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əmək miqrasiyası probleminin beynəlxalq səviyyədə həllini vacib sayır və hesab edir ki, qanunsuz miqrasiya insanlar və cəmiyyət arasında münaqişəyə gətirib çıxaran dözülməzliyi artırar, irqçiliyin və ksenofobiyanın yayılmasına səbəb ola bilər. Bu təhlükəni nəzərə alan BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya Ölkələri üzrə Bürosu AHİK-ə ünvanlanmış müraciətlərdə miqrasiya, məcburi əmək və insan alveri məsələlərinə dair layihələrin Azərbaycanda uğurlu icrası üçün həmkarlar ittifaqlarının dəstəyinə böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır.
AHİK, BƏT, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, hökumət qurumları və üzv təşkilatların iştirakı ilə "Miqrasiya və inkişaf" mövzusunda keçirilən silsilə seminarlarda bir daha aydınlaşdırılmışdır ki, miqrasiya insanların qazanc naminə yerdəyişmə istəyindən ibarət olduğu üçün dinamik xarakter daşıyacaq, prosesin təsir sahələri və istiqamətləri dəyişməkdə davam edəcək. Bu cür tendensiya milli səviyyədə də müşahidə olunur. Hazırda Azərbaycan miqrasiya baxımından əsasən mənşə və tranzit ölkəsi kimi qəbul olunsa da, onun təyinat ölkəsinə çevrilmək ehtimalı çoxdur və artıq bu proses intensivləşir. Bu cür dəyişikliklərin mümkünlüyü çevik tədbirlərin işlənib hazırlanmasını tələb edir. Bu baxımdan BƏT-in yeni layihəsi Azərbaycan Həmkarlar İttifaqları tərəfindən dəstəklənir və biz onun uğurlu icrası üçün öz imkanlarımızdan maksimum istifadə etməyə çalışırıq. İstəyimiz odur ki, əmək miqrantları üçün elə bir şərait yaradılsın ki, onlar həm digər ölkələrdə, həm də Azərbaycanda öz hüquqları barədə məlumat almaq imkanına malik olsunlar, həmkarlar ittifaqlarına üzv ola bilsinlər və təşkilatın imtiyazlarından istifadə etsinlər. Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə 2010-2011-ci illər üçün bağladığımız Baş Kollektiv Sazişə əmək, məşğulluq, əmək miqrasiyası sahələrində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə və razılaşdırılmış fəaliyyəti davam etdirmək, əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək, əmək miqrasiyasını tənzimləyən, insan alverinin, məcburi və uşaq əməyinin aradan qaldırılmasını təmin edən sosial proqramların dəstəklənməsi barədə tədbirlərin hazırlanıb reallaşdırılması daxil edilmişdir.
AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş "Vətəndaş cəmiyyəti sistemində AHİK-in inkişaf konsepsiyası"nda qeyri-qanuni əmək miqrasiyasına, işçi qüvvəsinin işəgötürənlər tərəfindən qeyri-leqal istismarına qarşı mübarizə həmkarlar ittifaqı orqanlarının vəzifələrindən biri kimi qeyd olunmuşdur. Bu məqsədlə qadınların və gənclərin hüquqlarının müdafiəsi üçün hökumət və qeyri-hökumət təşkilatları ilə konstruktiv əlaqələrin yaradılması tövsiyə edilmişdir.
Miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə bir sıra xarici dövlətlərin, xüsusən, MDB ölkələrinin həmkarlar təşkilatları ilə əməkdaşlıq getdikcə intensivləşir. Rusiya Həmkarlar İttifaqları nümayəndələri ilə Moskva və Yekaterinburqda keçirilən görüşlərdə Azərbaycandan getmiş əmək miqrantlarını Rusiya Həmkarlar İttifaqı üzvlüyünə cəlb etməklə onların qanuni hüquqlarının qorunması barədə razılıq əldə olunmuşdur. Ukrayna, Qırğızıstan, Moldova, Belarus respublikalarının həmkarlar ittifaqları mərkəzləri ilə də bu cür müqavilələrin imzalanmasına hazırlıq işləri görülür.
AHİK nəzdində ictimai əsaslarla fəaliyyət göstərən İnformasiya və Resurs Mərkəzi adıçəkilən problemlə bağlı maarifləndirmə işlərini davam etdirir. İki ilə yaxındır ki, internet saytı və "qaynar xətt" (telefon: 492-60-63) fəaliyyət göstərir. Müvafiq materialların hazırlanması və yayım işləri ixtisaslı həmkarlar ittifaqı kadrlarını, hüquqşünas, psixoloq, sosioloq, proqramçı mütəxəssisləri, eləcə də Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələrindən ibarət müxtəlif təbliğatçılar qrupunu cəlb etməklə həyata keçirilir. Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Ofisində keçirilən seminar və treninqlərdə Azərbaycandan xaricə işləməyə getməyi planlaşdıran potensial əmək miqrantları səfər qabağı Həmkarlar İttifaqına üzvlük qaydaları barədə məlumatlandırılırlar. Milli Miqrasiya Mərkəzi ilə əməkdaşlıq zəminində Bakıda tikinti sektorunda çalışan və müəyyən problemlərlə qarşılaşan Sloveniya, Bosniya və Herseqovinadan gəlmiş əmək miqrantları, ölkəmizdə yaşayan, lakin vətəndaşlığı olmayan əfqanıstanlılarla görüşlər keçirilmiş, onlara yardımlar göstərilmişdir.
AHİK-in nümayəndələri Beynəlxalq Miqrasiya Təşkilatı və BƏT-in təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində keçirilmiş "Əmək miqrasiyası sferasında gender aspektləri siyasəti" üzrə regional treninqdə iştirak etmişlər. ATƏT-in Bakı Ofisi və Varşavadakı Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xətti ilə hökumət (DİN, Baş Prokurorluq, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) və QHT nümayəndələri Polşa Respublikasında təcrübə mübadiləsi zamanı Varşava şəhərində məcburi əməyə məruz qalmış bir neçə Azərbaycan vətəndaşının taleyi ilə bağlı problemləri müvafiq qurumlarla müzakirə etmişlər. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tələbələr, magistrantlar və aspirantlar arasında insan alveri problemi, miqrasiya və məcburi əmək işləri üzrə müsabiqə elan etmiş, müasir miqrasiyanın sosial-hüquqi problemləri barədə sorğular keçirmişdir.
Məlumdur ki, həmkarlar ittifaqları işçilərinin əmək və sosial hüquqlarının müdafiəsi sahəsində ən güclü və ədalətli qurumdur. Həmkarlar ittifaqlarının hüquqları Azərbaycan Konstitusiyası, Əmək Məcəlləsi və "Həmkarlar ittifaqları haqqında" qanunla müdafiə olunur. Bu baxımdan miqrantlara təkidlə həmkarlar ittifaqlarına daxil olmalarını məsləhət görmək lazımdır. Əcnəbi işçilər harada işləyib yaşamalarından asılı olmayaraq bilməlidirlər ki, öz maraq və hüquqlarının müdafiəsində, problemlərinin həllində həmkarlar ittifaqlarının məsləhət və yardımlarından faydalanmaq imkanındadırlar. Miqrantlarla işi elə qurmaq lazımdır ki, onların özləri hüquqlarının qorunmasında maraqlı olsunlar. AHİK bundan sonra da Beynəlxalq Həmkarlar İttifaqı mərkəzləri ilə işgüzar əlaqələri intensivləşdirəcək, əmək miqrantlarının inteqrasiyasının sadələşdirilməsinə istiqamətləndirilmiş milli və beynəlxalq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində səyləri gücləndirəcək. Bu sahədə uzunmüddətli tədbirlər planının hazırlanması və həyata keçirilməsi olduqca zəruridir və AHİK bununla bağlı mühüm tədbirlər görmək niyyətindədir.
Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyasının
sədri, Milli Məclisin deputatı
Azərbaycan.- 2011.- 12 yanvar.- S. 2.