Azərbaycan COMSTECH-nin Baş Assambleyasının 14-cü toplantısında təmsil olunur

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Pakistanın İslamabad şəhərində keçirilən İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) Baş Assambleyasının növbəti 14-cü toplantısında iştirak edir. Tədbir Pakistan İslam Respublikasının Prezidenti, İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin sədri Asif Əli Zərdarinin sədrliyi ilə keçirilir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirin açılış mərasimində Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, elm, texnologiya sahəsində həyata keçirilən dövlət siyasəti ilə bağlı çıxış edəcək, yüksək texnologiyalar üzrə regional innovasiya zonaları, "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi haqqında məlumat verəcəkdir.

Xatırladaq ki, Azərbaycan COMSTECH-nin ali orqanı olan İcraiyyə Komitəsinin üzvüdür. İcraiyyə komitəsinin ötən ilin mart ayında Ər-Riyad şəhərində keçirilmiş növbəti toplantısı çərçivəsində komitə üzvləri son illər ölkəmizdə yüksək texnologiyalar və süni peyk sahəsində aparılan nümunəvi işləri nəzərə alaraq, Azərbaycanı alternativ enerji mənbələri üzrə islam ölkələri şəbəkəsinin əlaqələndiricisi seçmişdir.

Tədbir yanvarın 13-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 2.