Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyədədir

 

Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyədədir. Ölkədə müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşayırlar. Bu nailiyyətlərdə Prezident İlham Əliyevin xüsusi xidmətləri vardır.

AzərTAc xəbər verir ki, bu fikirlər Milad bayramı münasibətilə rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının təşkil etdiyi tədbirdə səslənmişdir.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, ölkəmizdəki dini icmaların rəhbərləri iştirak etmişlər.

Bayram münasibətilə təbrikini çatdıran Bakı və Xəzəryanı Yeparxiyanın rəhbəri Aleksandr bildirmişdir ki, Milad bayramı xristianlar üçün əziz bayramdır. Bu bayramı Azərbaycanda sülh şəraitində və yüksək səviyyədə qeyd etdiklərini bildirən Aleksandr ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizdə mövcud olan dini tolerantlığın ən yüksək səviyyəyə çatması istiqamətində atdıqları addımlardan bəhs etmişdir. Ötən ilin aprelində dünya dini liderlərinin Bakıda keçirilən sammiti bütün dünyaya sübut etmişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə böyük diqqət göstərilir.

Azərbaycandakı rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Prezident İlham Əliyevin ölkəmizdəki pravoslav xristian icmasına ünvanladığı təbriki oxumuşdur.

Tədbirdə çıxış edən Azərbaycandakı dini icmaların rəhbərləri təbriklərini çatdırmış, ölkəmizdəki dini tolerantlığın bütün dünyaya nümunə olduğunu bildirmişlər.

 

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 2.