İslam - mənəvi təkamül təlimi, ya siyasi partiya?

 

Vaxtilə "Tarixin fəlsəfəsi" mövzusunda dərs deyən Hegel öz muhazirələrində deyirdi: "İslam artıq çoxdan tarixi səhnədən çıxmiş və Şərq ətaləti və aramlığına qayıtmışdır". Lakin sonradan müsəlman ölkələrində baş verən hadisələr Hegelin səhv etdiyini və islamın siyasi səhnəyə əsas amillərdən biri kimi qayıtdığını nümayiş etdirdi.

Siyasi islam problemini öyrənən bugünkü tədqiqatçılar onun islam dini ilə eyni məfhum olmadığı və ayrıca bir siyasi baxışlar toplusu kimi öyrənilməli olduğu qənaətindədirlər.

İslam - mənəvi-etik təlim, insan-Allah, Xaliq-məxluq münasibətlərini nizamlayan bir dindir. İslam dini nazil olduğu ilk günlərdən insanları mənəvi kamillik və təmizliyə, əxlaqi keyfiyyətlərin inkişafı və zənginliyinə çağırmişdır. İslam peyğəmbəri öz missiyasını dəyərləndirərkən məhz bu sözü işlətmişdir: "Mən insanların əxlaqi gözəlliklərini kamilləşdirmək üçün göndərilmişəm". Eyni sözləri bu və ya başqa formalarda peyğəmbərdən imamlar və səhabələr də nəql etmiş, islamın gəlişində əsas aktual məqamın məhz nəfsi təmizlənmə və ruhun saflaşdırılması olduğunu qeyd etmişlər. Əslində, islamın əmrlərinə də nəzər saldıqda onların hamısının ya insanın nəfsinə hakim kəsilməsi, nəfsini təmizləməsinə xidmət etdiyini, ya da məhz bu məqamın simvolu olduğunu görərik. Namaz, oruc, həcc və başqa bu kimi islamın vacib buyurduğu əməllər insanın yalnız öz daxili aləminə yönəlmiş sakral anlayışlar və ibadətlərdir.

Burada qeyd edilməli digər məqam da ondan ibarətdir ki, bir çoxlarının düşündüyü və inandığının əksinə olaraq, islam yalnız bu zahiri və ayin funksiyası daşıyan vacib əməllərlə məhdudlaşmır. İslam peyğəmbərinin təkid etdiyi, ilk müsəlmanlara təlqin etdiyi, hətta sadaladığımız vacib əməllərdən də üstün tutduğu əməllər, əslində, sırf əxlaqi keyfiyyətlərə yönəlmiş əməllərdir. Yalan danışmamaq, təkəbbürlü olmamaq, qeybət etməmək, böhtan atmamaq, alçaltmamaq, təvazökarlıq, səxavət, rəhmdillilik, insanlara xidmət, başqaları üçün özünü qurban verə bilmək, elm öyrənmək, aza qane ola bilmək, həsəd aparmamaq - islamın din olaraq insanlara çatdırmaq üçün gətirdiyi əsas mesajların kiçik bir hissəsi bunlardır. Peyğəmbər qəlbində zərrə qədər təkəbbür olanın cənnətə girə bilməyəcəyini deyəndə, qeybət edən adama orucunun batil olduğunu bildirəndə, həsədin, paxıllığın, xəyanətin, hərisliyin, yalanın saleh əməlləri məhv etdiyini qeyd edəndə məhz dediyimiz məqamı nəzərdə tuturdu. Namazı "dinin sütunu" adlandırıb, sonradan qəlbində riyakarlıq olan adamın namazının qəbul olmayacağını bildirəndə, ixlasın namazdan da vacib olduğunu vurğulayırdı.

Məhz islam dini bəşəriyyətə irfan və təsəvvüf kimi anlayışları bəxş edərək özündən əvvəlki mistik təlimləri də kölgədə qoyan mənəvi təkamül yollarını aydınlatdı.

İslam dini elmə və ictimai ədalətə verdiyi önəm ilə geridə qalmış ərəb tayfalarını əvvəlcə çox qısa zamanda qüdrətli dövlət yaratmağa yönəltdi, sonradan isə bu dövləti Bağdad xilafəti zamanında dünyanın elm və inkişaf mərkəzinə çevirdi. İslamın bəşəriyyət tarixinə yazdığı simalar elm və humanistik ideyaların daşıyıcıları olmuşlar. İbn Sina, Biruni, N.Tusi, C. Həyyan, ibn Xaldun, ibn Rüşd, Fərabi, Xarəzmi, Rumi, Xəyyam, Nizami kimi simalar dünya elm və mədəniyyət tarixinə həmişəlik həkk olunmuş insanlardır. Cəbr və həndəsəni, riyazi alqoritmi, tangens və kotangensi, onluq rəqəm sistemini, kimyanı, Yerin fırlanmasını, formasını, çevrəsinin uzunluğunu, ən dəqiq Günəş təqvimini, tibbin bir çox nəzəri əsaslarını, saymaqla qurtarmaz bir çox kəşf və nailiyyətlərin əsasını məhz bu və digər islam alimləri yaratmışdır. İslam uzun müddət bu ideyalar, bu elmi nailiyyətlərlə yadda qalmışdır. Lakin təəssüf ki, islamdan, eyni zamanda, peyğəmbərdən sonrakı demək olar bütün zaman kəsiklərində bəziləri tərəfindən siyasi amil kimi istifadə olunmağa cəhd göstərilmişdir. İlk dövründə düşmən qəbilələri belə birləşdirməyə nail olmuş islam, sonradan siyasi məqsədlər üçün istifadə olunarkən təmsil olunduğu cəmiyyətlərdə qarşıdurma amili kimi də çıxış etməyə başlayır. Məhz bu məqamdan etibarən tədqiqatçılar islamı, siyasi islam anlayışından ayrı olaraq nəzərdən keçirməyi tövsiyə edirlər. Siyasi islam, əslində, həqiqi islam olmayıb, siyasi ambisiyaları dini əsaslara bürümək kimi anlaşılır.

Sonradan müstəmləkə dövrü yaşayan müsəlman ölkələrində, Hegelin qeyd etdiyi kimi, islam siyasi səhnədən bir müddət kənarlaşır. Lakin sonradan məhz islam dini bu ölkələrdə başlayan milli azadlıq hərəkatlarının ideoloji bazasını təşkil edərək, həmin xalqların tarixində mənəvi amil olmaqla bərabər, müsbət mahiyyətli ictimai-siyasi faktor rolunu da oynayır. Məhz bu baxımdan, çox zaman islamın müsbət keyfiyyətlərindən danışarkən, onu cəmiyyət həyatında birləşdirici, həvəsləndirici, mənəvi inkişafı stimullaşdıra biləcək amil kimi qeyd edirlər.

Lakin təəssüf ki, bu dəfə də islamın yenidən siyasi alətə çevrilmə cəhdləri yaşanmağa başladı və bu, son yüz ildə müxtəlif formalar alsa da, mahiyyət etibarilə çox zaman müsəlman dünyasından kənar amillərin təsiri altında formalaşırdı.

Qeyd etmək lazımdır ki, siyasiləşmə, siyasi amil kimi dindən istifadə heç də sırf islama xas hal deyildir. Bu amil bütün dinlərdə özünü büruzə vermişdir. Avropa uzun müddət məhz dini qarşıdurmaların, dini zəmində müharibələrin, dinin siyasi vasitəyə çevrildiyi faciələrin arenası olmuş, uzun müddət məhz bu müharibələrin nəticəsində ən ağır dövrlərini yaşamış, inkişafdan qalmışdır. İndiki amerikalıların ulu babaları arasında da məhz həmin qarışıq dövrlərdə dini mənsubiyyətə görə təqiblərə məruz qalaraq öz vətənlərini tərk etmiş və bu uzaq ölkəyə köçməli olanlar çoxluq təşkil edirdi.

Tolerantlıq və sekulyarizm kimi anlayışların da məhz Avropadan çıxmasının səbəbi bu amil idi - Avropa ölkələri başqa cür bu qarşıdurmalardan xilas yolunu görmürdülər. Yalnız qarşılıqlı dini dözümlülük və dinin mütləq siyasi hakimiyyəti ələ keçirməsinə imkan verməmək. Eyni zamanda, qeyd etmək zəruridir ki, din ictimai və şəxsi həyatdan kənarlaşdırılmırdı, insanın şəxsi həyatının atributuna çevrilir və şəxsi azadlığının simvolu rolunu oynayırdı.

Lakin son onilliklərdə dinin siyasiləşməsi deyərkən, təəssüf ki, məhz islamın siyasiləşməsindən söhbət gedir. Bir tərəfədn bu, müsəlman ölkələrində daimi gərginliyin saxlanması üçün xaricdən istiqamətlənmiş və düşünülmüş siyasətin nəticəsidirsə, digər tərəfdən islamı öz məhdud dünyagörüşü və eqosu prizmasından keçirərək yalnız özü başa düşə biləcəyi formada qəbul edən və başqalarına da qəbul etdirmək istəyən müsəlmanların "xidməti"dir. Təəssüf ki, siyasi İslam artıq çoxdandır ki, təmsil olunduğu ölkələrdə yalnız qarşıdurmalarla yadda qalır və bu "missiyası" ilə ümumən dinin yanlış imicinin formalaşmasına səbəb olur.

 

Siyasi islam barədə siyasi islamçılar

 

Nə vaxtsa irəli sürülmüş, nailiyyət qazanmış, lakin sonradan təhrif olunmuş ideyalar barədə tarixdə kifayət qədər misallar var. Hətta islam dini əsil İsəvilik və Musəvilik kimi dinlərin də təhrif edildiyini düşünür. Siyasi islamın ideyaları da bu haldan istisna deyil.

Bu gün Misirdə radikal qrup kimi tanınan "Müsəlman qardaşları" təşkilatının banisi Seyid Qütbün əslində, şəriət dövləti barədə radikal şəriətçilərdən tam fərqli fikirləri də var idi. S.Qütb Qurani-Kərimin "Bəqərə" surəsinin 2-ci ayəsini əsas gətirərək bildirirdi ki, tam şəriət dövləti yalnız cəmiyyətin böyük əksəriyyətlə "müttəqilərdən" (çox dindar şəxslərdən) ibarət olduğu zamanda mümkündür. Ona görə də islamın zor ilə hakimiyyətə gəlməyini məqbul saymır, öz təşkilatının əsas missiyasını insanları dinə dəvət etməkdə görürdü. Lakin sonradan bu təşkilat Qütbün fikirlərinin reviziyasından sonra Misirdə yarıterror təşkilata çevrilir.

İranda islam ideyalarının ən aktiv təbliğatçılarından sayılan dr. Əli Şəriəti öz əsərlərindən birində şiəlikdə 12 imam olduğu halda, niyə yalnız Kərbəlada İmam Hüseynin (ə) qiyamının təbliğ edilməsini, amma o biri imamların, məsələn, İmam Həsənin (ə) legitimliyini qəbul etmədiyi Müaviyə ilə sülh bağlamasının tez-tez unudulduğunu, İmam Rzanın (ə) Abbasilər ilə münasibətlərinin az-az yada salındığını sual edirdi. Bu suala özü də cavab verən Şəriəti bunun düşünülmüş surətdə müsəlmanlar arasında yayıldığı qənaətində idi. Şəriəti insanın mənəvi təkamül və azadlığını islamın əsas missiyası olaraq qəbul edirdi.

 

Azərbaycanda islam

 

Azərbaycanda dini köklərə qayıdış prosesi müstəqilliyin ilk illərindən geniş vüsət almışdı. Uzun müddət öz dini inanclarından təcrid olunmuş xalq böyük həvəslə bu boşluğu doldurmağa çalışır, dini ibadət yerləri sürətlə bərpa olur, yeniləri tikilir, insanlar dini ayinləri öyrənir və icra edirdilər. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra dövlətin bu proseslərdə iştirakı daha da güclənir. Sovetlər dövründə dağıdılmış Bibiheybət məscid-ziyarətgahı bərpa edilir, dini ənənə və dəyərlərə dövlət tərəfindən qayğı göstərilir, müsəlman ölkələri ilə münasibətlər genişləndirilir, regionlarda dini ibadət ocaqları tədricən dindarların ixtiyarına qaytarılmağa başlayır, Azərbaycan xalqına yad təriqətçı missioner təşkilatların fəaliyyəti qanun çərçivəsində nəzarətə alınır.

Dövlət bütün sonrakı dövrlərində də dini dəyərlərə hörmət və qayğını nümayiş etdirir, xüsusən, ölkənin iqtisadi potensialının sürətlə artdığı son illərdə ibadət ocaqlarına göstərilən diqqət, onların təmiri və bərpasına xərclənən böyük vəsait bunun nümunəsidir.

Lakin təəssüf ki, insanların öz dini inanclarına qayıtmağa başladığı ilk illərdən Azərbaycana radikal dini-ekstremist ideyalar, dini siyasiləşdirmək istəyən qüvvələr də sirayət edir. Bəzisi ölkənin çətin vaxtlarında humanitar yardım gətirmək egidası altında, bəzisi, sadəcə, dini ədəbiyyat və emissarlar vasitəsi ilə, bəzisi isə mədəni mübadilələr adı altında ya mövcud dini icmaları təsir altına alır, ya da yenilərini yaradırdılar.

Şübhəsiz ki, ilkin dini biliklərin alınması, ədəbiyyatların gətirilməsində, humanitar yardımların ehtiyacı olanlara, xüsusən, qaçqın və məcburi köçkünlərə çatdırılmasında xarici və beynəlxalq təşkilatların böyük rolu olmuşdur. Bu baxımdan həmin təşkilatların əməyi qiymətləndirilməli və təşəkkür edilməlidir. Lakin təəssüf ki, onların arasında öz statusundan sui-istifadə edənlər də olmuş, bəziləri isə, sadəcə, kənar qüvvələrin alətinə çevrilmişdi. Təəssüf ki, əksər hallarda xaricdən istiqamətlənən təsir burada əsas amil olurdu.

Dövlət bu hallara qarşı tədbir görməli idi və görürdü. Azərbaycanda siyasi xristian partiyası yaradaraq parlamentə daxil olmağı planlaşdıran təriqətçi təşkilatlardan, bir sıra terror hərəkətləri həyata keçirdikdən sonra həbs edilən "Ceyşulla" qrupundan, sonradan digər silahlı birləşmələr yaradaraq şəriət dövləti qurmağı planlaşdırarkən həbs olunan başqa qruplardan tutmuş, birbaşa xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən dini təşkilat və din adamlarınadək, bütün hallarda xarici qurumlar və ya siyasi hərəkatlarla əlaqə və bağlılıq aşkar olunurdu. Milli Təhlükəsizlik Nazirliyinin keçən il mətbuata verdiyi məlumata görə, ümumilikdə 200-ə yaxın adam din pərdəsi altında silahlı qruplaşmalara cəlb edildiyi və ya dövlətin əsaslarına qarşı mübarizə aparmağı planlaşdırdığı üçün cinayət məsuliyyətinə cəlb olunub.

Bütün bu sadalananar dinə rəğbət bəsləyən bir adamda dərin təəssüf yaratmaya bilmir. Çünki yuxarıda sadalananların əməlləri nəticəsində ilk növbədə, məhz dinin, bizim halda isə islam dininin üstünə kölgə düşür, cəmiyyətin bəzi təbəqələrində dindarlara və dini təşkilatlara etimadsızlıq yaranır, dini təşkilatların hər cür fəaliyyətinə ehtiyatlılıq hissi formalaşır.

Lakin iş təkcə bu qruplarla da bitmir. Bir qədər yuxarıda qeyd edildiyi kimi, bəzən dini öz məhdud dünyagörüşü çərçivəsində qavrayan bəzi din adamları öz nəzərində dini iş icra etmək məqsədi ilə bir də görürsən, din adına elə bir addım atır ki, sonradan bunun bütün dindarlar və dini təşkilatlara aid olmadığını ictimai rəydə sübut etmək üçün uzun müddət lazım gəlir. Hamısının da səbəbi islamın fərdi inkişaf təlimi olması ilə ictimai yük daşıdığı sərhədləri düzgün müəyyənləşdirə bilməməkdən irəli gəlir.

 

Elmli və helmli din xadimləri

 

Bəhlul Danəndə haqqında məşhur rəvayətlərdən birində uzun müddət dini elm oxuyaraq vətəninə dönən bir alimin öz elmini bacarıqsız surətdə çatdırmağa çalışdığı üçün qovulduğu, sonradan uzun müddət yenidən gedib, bu dəfə "helm" (insanlarla münasibət qura bilmək, cəmiyyətdaxili münasibətlərə hörmət) oxuduğu, yalnız bundan sonra öz vətənində yaxşı qəbul edildiyi təsvir olunur. Rəvayətin mahiyyəti bundan ibarətdir ki, elmli olmaq azdır, gərək ictimai vəziyyətdən də baş çıxarıb, elmini ziyana yox, xeyirə istifadə edə biləsən. Təəssüf ki, belə hallar da olur ki, xaricdə təhsil alıb oradakı mühitin təsiri ilə dünyagörüşü formalaşmış din adamları sonradan öz vətənlərində də bu təsirdən qurtara bilmir və sanki reallıqdan kənar addımlar atmağa cəhd göstərirlər. Nəticəsi isə həm özlərinə, həm ətraflarına, həm də ümumən dini duruma mənfi təsir qoyur.

 

Dini hüquq və hüquq pozuntusu

 

Bir aydan çoxdur ki, Azərbaycanda orta məktəblərdə baş ortüyü mövzusu ciddi olaraq gündəmdədir. Təhsil Nazirliyi orta məktəblərdə dərs zamanı bunun yolverilməz olduğunu bildirir, dindarlar isə bunun qanunlarla qadağan edilmədiyini. Əlbəttə, burada hər iki tərəfi razı sala biləcək nəticənin əldə edilə bilməsi məqsədəuyğun olardı. Ən azı, baş ortüyündən imtina etmək istəməyənlər üçün alternativ yolların araşdırılması. Lakin bu məqalədə mövzunun hüquqi tərəfi araşdırılmayacaq. Hər iki tərəf kifayət qədər dəlil gətirib. Söhbət bu mövzunun müəyyən qrupların korporativ maraqları ücün istifadəsindən gedir. İnsanların inancları ilə bağlı problemi bəlkə də düşünülmüş olaraq siyasi amilə çevirmək, bəlkə də bununla xal qazanmaq, bəlkə də hadisələrə qeyri-adekvat reaksiyadan gedir. Səbəb nə olursa-olsun, Azərbaycan İslam Partiyası sədrinin məlum addımları nə özünə, nə islama, nə də müsəlmanlara xeyir verə bilən bir addım deyildi. Hər bir halda siyasi mübarizənin metodları var. Lakin dini hisslərdən bu mübarizədə istifadə cəhdi məqbul ola bilməz! Xüsusən nəzərə alsaq ki, bu cəhdlər islami anlayışlarla bir araya sığmayan təhqir və böhtanla müşayiət olunsun.

Öz dini əqidəsinə uyğun olaraq yaşamaq istəyən dindarları da, din xadimlərini də başa düşmək olur. Bu, onların qanuni haqqı və öz dini inanclarına uyğun olaraq vəzifələridir. Azərbaycan dövlətinin qanunları hər bir vətəndaşa etiqad, söz, vicdan azadlığını təmin edir və bu, dövlətin dəyişməz mövqeyidir. Eyni zamanda, məhz bu dövlətin qanunlarının ona verdiyi dini əqidə azadlığını elə həmin qanunlara müvafiq olaraq təmin etməyə çalışan dindarlar və din xadimləri başa düşə bilər, dini inancları öz eqolarına tabe edərək dini məsələləri siyasiləşdirənlər deyil. Qanunun bir maddəsini əldə əsas tutaraq, o biri maddələrini kobud surətdə pozmaq olmaz!

Nəhayət, bir daha təkrar etmək məcburiyyətindəyik - islam dini siyasət poliqonu deyil, islam dini inanc və əqidə yoludur! İslam vasitəsi ilə öz siyasi ambisiyasını reallaşdırmaq istəyənlər isə, ilk növbədə, müsəlmanları zərbə altına qoyurlar.

 

 

Elçin Əsgərov

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 3.