Tarixdə qalacaq abidə əsər

 

Son bir neçə ildə ölkəmizdə elm aləmindəki uğurlarımızı göz önünə gətirərkən Azərbaycan Dillər Universitetində baş verən iki əlamətdar hadisədən də söz açmalıyıq. Onlardan biri professor Oruc Musayevin rəhbərliyi və redaktəsi ilə nəşr olunan, yüz otuz min söz və söz birləşməsini əhatə edən, dünya lüğətçilik tələblərinə cavab verən, möhtəşəm "İngiliscə-Azərbaycanca lüğət"dir. Söz açacağımız ikinci əlamətdar hadisə isə filologiya elmləri doktoru professor Nigar Vəliyevanın illərdən bəri üzərində işlədiyi və çapına nail olduğu heyrətamiz "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"dir ("Azərnəşr" - 2010).

 

Bu fundamental əsərin elmi redaktoru, görkəmli dilçi alimimiz, akademik Ağamusa Axundovdur. Əsərə AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yığcam ön söz yazmışdır. Alim "Dil xalqın ən böyük sərvətidir" - deyən ümummilli liderimiz Heydər Əliyevin dilimizə, dilçilik elmimizin inkişafına göstərdiyi qayğıdan söz açır və Azərbaycanda xarici dillərin tədrisinə və qarşılıqlı tədqiqinə zəmanəmizdə böyük ehtiyac olduğunu xüsusi vurğulayır. Görkəmli dilçi və ədəbiyyatşünas alim Nigar Vəliyevanın əsərini yüksək qiymətləndirir: "İlk dəfə olaraq Azərbaycan, ingilis və rus dillərində frazeoloji vahidlər toplanmış, təsvir edilmiş, bir-birindən uzaq olan və müxtəlif sistemli dillərə məxsus bu leksikləşmiş vahidlər sistemə salınmışdır. Azərbaycan dilinin digər dünya dilləri ilə, o cümlədən ingilis və rus dilləri ilə birbaşa əlaqələrinin artdığı indiki dövrdə bu istiqamətli tədqiqatların səmərəsi və əhəmiyyəti danılmazdır" - qənaətinə gəlir.

İki cilddən ibarət olan bu əvəzsiz əsər 90 mindən artıq frazeoloji vahidi, atalar sözü və zərbi-məsəli əhatə edir. Birinci cild 990, ikinci cild isə 986 səhifədən ibarətdir. Bu bənzərsiz abidə əsər haqqında oxucularda tam təsəvvür yaratmaq üçün ömrünü ingilis və rus frazeoloji vahidlərinin tədqiqinə həsr edən A.V.Kuninin iki cilddən ibarət "İngiliscə-rusca frazeoloji lüğəti" ilə müqayisə etmək yerinə düşərdi. Həqiqət müqayisədə üzə çıxır - deyirlər. A.V.Kuninin ikicildliyi cəmisi 25 min frazeoloji vahidi içinə aldığı və təkcə ingilis və rus dillərində olan frazeoloji vahidlərdən bəhs etdiyi halda, Nigar Vəliyevanın lüğəti 90 mindən artıq frazeoloji vahidi əhatə edir. Tədqiqatçının zəhmətinin ağırlığı və görülən işin üstünlüyü bir də ondan ibarətdir ki, bu lüğətdə üç müxtəlif sistemli dillərin, daha doğrusu, üç başqa-başqa dil ailələrinə - türk dilləri, roman-german dilləri, slavyan dilləri ailələrinə daxil olan dillərin frazeoloji ifadələri tədqiqata cəlb olunur. Əsərə müxtəlif bucaqlardan nəzər saldıqda bu qənaətə gəlmək olur ki, professor Nigar Vəliyevanın "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"i tarixdə qalacaq abidə bir əsərdir. Nigar xanımın yaradıcılığında qaneedici cəhət ondan ibarətdir ki, alim bütün bilik və bacarığını bir sahəyə - frazeologiya sahəsinə yönəldib və nəhayət, bu gərəkli əsəri ortaya qoyub. Professor Nigar Vəliyevanın indiyə qədər çap olunmuş monoqrafiyaları deyilənlərə dayaq olur: "Müxtəlif sistemli dillərdə nitq və təfəkkür felləri ilə formalaşan frazeoloji vahidlər", "Müasir ingilis dilində söz birləşmələrinin struktur-semantik xüsusiyyətləri", "Frazeoloji birləşmələrin müqayisəli linqvistik təhlili", "Müxtəlif sistemli dillərdə feli birləşmələrin tipoloji təhlili", eləcə də əlimizdəki möhtəşəm əsərə nisbətən kiçik həcmli "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət". İyirmi ilə yaxındır ki, Nigar Vəliyeva Dillər Universitetində ingilis dilini tədris edir. Bu müddət ərzində bir an belə elmi işdən ayrılmayan, ingilis, rus, alman, Azərbaycan dillərini mükəmməl bilən alim ingilis, rus və Azərbaycan dillərinin qrammatik quruluşunu və leksik tərkibini müqayisəli şəkildə tədqiq etməklə məşğul olmuşdur. Onun adını çəkdiyimiz monoqrafiyaları ilə yanaşı, 150-dən artıq elmi məqaləsi də elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Tədqiqatçılar yeri gəldikcə Nigar xanımın araşdırmalarından bəhrələnmişlər. Məsələn, filologiya elmləri doktoru Əzizə Hacıyeva doktorluq dissertasiyasında, filologiya elmləri namizədi Həsən Baxşıyev namizədlik dissertasiyasında və s.

Həqiqət naminə deməliyəm ki, Nigar xanım özü də frazeologiya ilə bağlı Azərbaycan, ingilis, rus, alman və s. dillərdə çıxan əsərləri ciddi şəkildə tədqiqat süzgəcindən keçirib və onlardan qədərincə yararlanıb. Tədqiqatçı çap olunan əsərlərində "Azərbaycan, ingilis və rus dillərində mövcud olan frazeoloji vahidlərin struktur modellərini müqayisə etmiş, onlarda baş verən dəyişiklikləri, frazeologizmlərin müxtəlif sahələrdə işlədilməsini şərh etmiş, ikidilli frazeoloji lüğətlərə nəzər salmış, atalar sözü və zərbi-məsəllərdən söz açaraq Azərbaycan, ingilis və rus dillərindən qarşılıqlı nümunələr vermişdir. O, hər üç dildə frazeoloji vahidlərin uyğun və fərqli cəhətlərini müəyyənləşdirmişdir. Bir sözlə, araşdırıcı bu əsərlərində üçdilli frazeoloji lüğətin nəzəri əsaslarını hazırlamış və "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət" üzərində işləyərək ortaya bütün zamanlar üçün gərəkli ola biləcək fundamental bir əsər qoymuşdur.

Əsər frazeoloji söz birləşmələri, frazeoloji vahidlər, frazeoloji ifadələr, habelə atalar sözü və məsəllər əsasında tərtib edilmişdir. Məlumdur ki, frazeoloji lüğətləri tərtib etmək həddən artıq çətin bir işdir. Dünya lüğətçilik təcrübəsində frazeoloji lüğətləri tərtib edərkən üç prinsipdən istifadə edilir. Əsərin tərtibi zamanı əlifba üzrə frazeoloji vahidin birinci sözü əsas götürülür. İkincidə isə frazeoloji vahidin əsas məna daşıyan sözü əsas götürülür. Üçüncü yol - əsəri frazeoloji vahidin əlifba sırasını və əsas məna daşıyan sözü nəzərə almaqla tərtib etməkdir. Demək lazımdır ki, hər üç yolda çatışmayan cəhətlər vardır. Əksər tədqiqatçılar ikinci prinsipi əsas götürürlər. Nigar Vəliyeva da Azərbaycanda ilk təcrübə olan üçdilli frazeoloji lüğətini ikinci prinsip əsasında hazırlamışdır.

Tədqiqat zamanı Nigar xanım frazeoloji birləşmələri üç qrupa ayırıb. Birinci qrupa həm obraz, həm məna, həm də leksik tərkibi cəhətdən hər üç dildə tam ekvivalent olan frazeoloji birləşmələri daxil etmişdir.

İkinci qrupa obraz və leksik tərkibi cəhətdən ya qismən, ya da tamamilə fərqlənən, lakin mənaca uyğun gələn frazeoloji birləşmələr daxil edilmişdir. Üçüncü qrupa isə yalnız bir dildə olan, lakin qalan iki dildə qarşılığı və ya analoqu olmayan frazeoloji birləşmələr daxil edilmişdir.

Nigar xanımın bu əvəzsiz əsəri V.Humboldtun müdrik kəlamı ilə başlayır:

"Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir. Bundan da güclü olan eynilik təsəvvür etmək çətindir".

Y.V.Çəmənzəminli də "Dilin kökü camaatın yaratdığı el ədəbiyyatındadır" - deyəndə heç şübhəsiz onu nəzərdə tuturdu ki, xalqın dili frazeoloji vahidlərlə, idiomatik ifadələrlə, atalar sözü və məsəllərlə daha canlı, daha mənalı və daha emosional olur. Bir sözlə, frazeologiya dilin zənginləşməsində əsas məxəzlərdən olub, dilə xüsusi şirinlik gətirir. Əks təqdirdə, dil quru, ruhsuz bədənə bənzəyərdi. İnsan nitqini frazeoloji birləşmələr, atalar sözləri və zərbi-məsəllərsiz təsəvvür etmək çətindir. Məhz buna görədir ki, əsrlərin sınağından keçib gələn frazeoloji birləşmələr, atalar sözləri və məsəllər bu gün də fikrin təbii və obrazlı ifadəsində mühüm rol oynayır. Bu baxımdan xalqın minilliklər boyu yaratdığı tükənməz mənəvi sərvət - atalar sözü və məsəllər daha böyük məna kəsb edir. Nəsillər dəyişir, lakin hər nəslin həyat dərsləri atalar sözləri və məsəllərdə gələcək nəsillərə əvəzsiz irs olaraq qalır. Danılmaz həqiqətdir ki, atalar sözləri və məsəllər xalqın tarixini, inkişaf mərhələlərini, həyat tərzini, dünyabaxışını, inam və etiqadını, adət-ənənəsini və s. əks etdirən müstəsna dəyərə malik bir xəzinədir. Bu xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, adət-ənənələrə, hətta unudulub getmiş, hafizələrdən silinmiş tarixi həqiqətlərin güclə sezilə bilən izlərinə belə təsadüf edilir. Odur ki, tədqiqatçılar bu mənəvi inciləri incələyir, onların vasitəsilə müəyyən tarixi hadisələrin milli düşüncədə, mentalitetdə inkişafının izlərini və köklərini axtarırlar. Tarixçi atalar sözü və məsəlləri qədim tarixə, tarixi hadisələrə dair məlumat baxımından, hüquqşünas onları xalq həyatının yazılmamış qanunları baxımından, etnoqraf unudulub getmiş, adət-ənənələrin hifz olunub saxlandığı mənəvi dəyərlər mənbəyi baxımından qiymətləndirir. Filosof atalar sözü və məsəllər vasitəsi ilə xalqın düşüncə tərzini öyrənməyə, məntiq aləmində yerini dürüstləşdirməyə can atır. Dilçi isə atalar sözü və məsəllərə insan nitqinin inkişaf pillələrini, dilin leksik-qrammatik qayda-qanunlarını tədqiq etmək işində əvəzsiz mənbə nöqteyi-nəzərindən yanaşır.

Nigar Vəliyevanın "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"i də hər şeydən əvvəl bu cəhətdən diqqəti çəkir. Bu əsər bariz şəkildə göstərir ki, dilimiz frazeoloji birləşmələr, atalar sözləri və zərbi-məsəllər baxımından hədsiz zəngindir.

Xüsusi qeyd etməliyik ki, dilin lüğət tərkibini təşkil edən sözlərin həqiqi mənaları ilə yanaşı, məcazi mənaları da istənilən qədərdir. Maraqlıdır ki, dövrümüzdə bir çox sözlər həqiqi mənalarını itirib, məcazi mənada daha çox işlənirlər. Odur ki, dili öyrənənlər və tərcüməçilər çox vaxt rast gəldikləri sözün və ya birləşmələrin idiomatik ifadə olduğunu bilmədiklərindən pis vəziyyətə düşürlər. Mən bu çətinliyi Nyu-York Universitetinin professoru Sulu Benetin uzun ömürlülərdən bəhs edən "Necə yaşayasan, yüzü haqlayasan" kitabını və Aqata Kristinin "Mavi qatarın sirri" əsərini ingilis dilindən tərcümə edərkən öz üzərimdə hiss etmişəm.

Bu baxımdan da frazeoloji lüğətlər, o cümlədən də Nigar Vəliyevanın "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"i əvəzolunmaz mənbə kimi xüsusi əhəmiyyət kəsb edir.

Alimin gördüyü tarixi işin miqyasını göz önünə gətirərkən onu da unutmuruq ki, ingilis və rus dilləri Birləşmiş Millətlər Təşkilatında rəsmi işlək dillərdən olmaqla bərabər, dünyada ən çox yayılan dillərdəndir. Odur ki, beynəlxalq əlaqələrimizin geniş vüsət aldığı zəmanəmizdə bu dilləri ölkəmizdə yalnız xarici dil kimi deyil, həm də diplomatiya, siyasət, elm, işgüzar əlaqələr dili kimi öyrənməliyik. Bu işdə "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in yardımcı olacağına şübhə yoxdur. Professor Nigar Vəliyevanın bu bənzərsiz əsəri, eləcə də ingilis və rus dillərini öyrənən soydaşlarımıza, ali məktəb tələbələri, magist və dissertantlara, filoloq və tərcüməçilərə, jurnalist və iş adamlarına, frazeologiya ilə məşğul olan mütəxəssislərə də əməli işlərində gərəkli olacaqdır.

 

 

Qəzənfər PAŞAYEV,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 5.