Ermənistanın sosial-iqtisadi tənəzzülü daha sürətli mərhələyə qədəm qoyur

 

Xarici asılılıq vəziyyətində olan işğalçı ölkədə hakimiyyət kriminal dəstələrdən istifadə edib xalqa divan tutmağa hazırlaşır

 

Sosial-iqtisadi problemlər məngənəsində getdikcə daha çox boğulmağa başlayan Ermənistan üçün 2011-ci ilin də olduqca ağır keçəcəyi proqnozlaşdırılır. Cari il ərzində ölkənin üzləşdiyi tənəzzülün daha da dərinləşəcəyi, bunun ilk növbədə əhalinin yaşayış səviyyəsində, maddi gəlirlərin azalmasında, inflyasiyanın kəskinləşməsində özünü daha qabarıq büruzə verməsi gözlənilir. Bu vəziyyətdə ölkədə əhalinin hakimiyyətdən sosial narazılığının daha da güclənməsi, hətta qeyd olunan zəmində sosial ixtişaşların yaşanacağına dair elə erməni ekspertlərinin özləri tərəfindən həyəcan təbili çalınmaqdadır.

Hadisələrin bu səpkidə inkişafına əsas yaradan önəmli səbəblərdən biri Ermənistan iqtisadiyyatının son illər ərzində davamlı olaraq tənəzzülə məruz qalması, 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə böhranının isə bu prosesi daha da sürətləndirməsidir. Digər tərəfdən, həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regionda özünü təcrid vəziyyətinə salmış Ermənistanın bölgədə həyata keçirilən transmilli layihələrdən kənarda qalması, zəif xarici iqtisadi əlaqələrə malik olması da durumu ağırlaşdıran faktorlardan sayılır. Ermənistan parlamentinin deputatı Ara Nranyan bildirir ki, yaxın perspektivdə həlli mümkünsüz görünən bir çox problem 2011-ci ilin də ölkə üçün olduqca ağır keçəcəyini qaçılmaz edir. Onun sözlərinə görə, inflyasiyanın yüksək səviyyəsi, işsizlik, sosial vəziyyətin günü-gündən ağırlaşması, hakimiyyətin səriştəsiz idarəçiliyi və bu qəbildən olan digər amillər həm də ciddi təhlükələr vəd edir. Bu kontekstdə deputat yenə makroiqtisadi sabitliyin qorunub saxlanmasını mümkün saymadığını, cəmiyyətdə sosial narazılığın yüksələn xətt üzrə inkişaf edəcəyini, hətta vəziyyətin idarəolunmaz həddə çatacağını proqnozlaşdırır.

Analoji mövqedən çıxış edənlərin sayının durmadan artması isə bir daha Ermənistanda xaotik durumun ağırlaşmaqda olduğunu bariz şəkildə nümayiş etdirir. Ermənistan parlamentinin digər deputatı Lilit Qalstyana görə, ölkənin acınacaqlı vəziyyətə düşməsində hakimiyyətdəki mövcud oliqarx sisteminin də rolu az olmayıb: "Yalnız şəxsi mövqelərini güdən oliqarx məmurların dövlət əmlakını acgözlüklə talan etməsi, qlobal maliyyə böhranının ölkəyə təsirlərinin azaldılması üçün heç bir addım atılmaması Ermənistanda yaşanan tənəzzülü dönməz bir mərhələyə gətirib çıxarmaqdadır. Bunu təkcə ölkədə yox, beynəlxalq səviyyədə də aydın şəkildə bəyan etməyə başlayıblar".

Deputat Ermənistanın xarici asılılığının get-gedə gücləndiyini və buna bariz nümunə kimi xarici borcların miqdarının davamlı olaraq artmasını göstərib. Onun sözlərinə görə, cari il ərzində bu borcun miqdarı 4 milyard dolları keçəcək və qeyd olunan hədd Ermənistanın ümumi daxili məhsulunun artıq yarısı deməkdir: "Xarici borc miqdarının ümumi daxili məhsula real nisbəti artıq iqtisadiyyat qanunlarına görə təhlükəli bir həddədir. Qarşıdakı müddətdə vəziyyətin daha da pisləşməsi fonunda xarici borcun həcminin daha da artması və beləliklə, ölkənin xaricdən asılılığının güclənməsi gözlənilir. Çünki iqtisadi inkişafa yol açan heç bir hal müşahidə olunmur. Biznesdən tutmuş dövlət idarəçiliyinə qədər hər sahədə tənəzzül yaşanır. Qiymətlər durmadan artır, inflyasiyanın qarşısının alınması mexanizmləri işləmir".

Lilit Qalstyan belə bir məqama da diqqət çəkir ki, 2011-ci il üçün qəbul edilmiş dövlət büdcəsi həm də dövlətin məhvinə yol açan bir büdcə sayıla bilər: "Əvvəla, büdcənin doldurulması özü ciddi sual altındadır. Digər tərəfdən, büdcədən sosialyönümlü məqsədlər üçün istifadə edilmir. Çünki avtoritar rejim yalnız özünü düşünür. Bu səbəbdən hesab edirəm ki, bizdə avtoritar rejim mövcud olduğu üçün heç Konstitusiyaya da ehtiyac yoxdur. Çünki ölkədə Konstitusiyaya əməl olunmur. Məsələn, Konstitusiyada çox aydın qeyd edilib ki, deputat sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Lakin prezidentin iş adamları ilə görüşü zamanı sahibkarların sırasında daha çox mənim həmkarlarım əlyəşir".

Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryan da cari il üçün ölkəsinin sosial-iqtisadi sahədə üzləşəcəyi vəziyyət barədə nikbin fikirlər səsləndirmir. Onun fikrincə, 2011-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi bir sıra sistemli xarakter daşıyan problemlərin həllinə imkan vermir: "Bütün bunlar həm də ona dəlalət edir ki, iqtisadiyyatda mənfi tendensiyalar davam edir. 2011-ci il ərzində isə böhran dalğası daha çox sosial sferanı, kiçik və orta biznesi vuracaq. Bu mənada ölkədə iqtisadi sabitliyin və iqtisadi artımın olacağına heç bir təminat yoxdur".

İqtisadi sahədə idxal və ixrac arasında yaranan kəskin fərqə də ayrıca diqqət yetirilir. Hazırda idxalın ixracdan təxminən 5 dəfə yüksək olması Ermənistanın xarici asılılığının kifayət qədər yüksək olmasını göstərməklə yanaşı, həm də bu dövlətin ərzaq təhlükəsizliyi sahəsində böyük problemlər yaşadığını meydana çıxarır. Çünki idxal məhsulları sırasında ərzaq məhsullarının da payı böyükdür. Digər tərəfdən, idxal məhsullarının tərkibi Ermənistanda sənaye, kənd təsərrüfatı və digər mühüm sahələrin tam tənəzzüldə olduğunu da aydın nümayiş etdirir.

Əsas müxalif qüvvələrin cəmləşdiyi Ermənistan Milli Konqresi isə bildirir ki, hakimiyyətə qarşı sosial narazılıq il ərzində kütləvi etiraz aksiyaları formasında da özünü qabarıq büruzə verəcək. Konqres özü də belə aksiyaların təşkilinin maraqlı olacağını bəyan edir. Lakin belə aksiyaların hakimiyyət tərəfindən güc yolu ilə qarşısının alınması istiqamətində konkret addımlar atılacağını da müxalifətçilər istisna etmirlər. Bildirilir ki, xalq arasında nüfuzunu tam itirən Ermənistan hakimiyyəti indi özünə qarşı edilən bütün çıxışları güc yolu ilə susdurmağa, təşkil olunan etiraz aksiyalarını polis dəyənəyi hesabına dağıtmağa üstünlük verməyə daha çox meyillənir. Bunun nəticəsidir ki, son dövrlərdə Ermənistanda polis repressiyası daha da güclənib və müxalif qüvvələrin, onları dəstəkləyən insanların təqib edilməsi kimi halların sayı əhəmiyyətli dərəcədə artıb. Baş verənlər fonunda ölkə müxalifəti hakimiyyəti siyasi dözümsüzlükdə ittiham etməklə yanaşı, Ermənistanda mövcud repressiv rejimin daha da qəddarlaşdığını bildirir.

Bununla yanaşı, Ermənistan Milli Konqresi bəyan edir ki, hakimiyyət öz mövqelərini qorumaq üçün bundan sonra da onun əleyhinə yönələn digər kütləvi etiraz aksiyalarını zorakılıqla dağıtmağa hazırdır. Bu işdə Serj Sarkisyan iqtidarının polislə yanaşı, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələrindən, kriminal dəstələrdən, müxtəlif oliqarxların mühafizəçilərdən və digər qüvvələrdən istifadə etdiyi vurğulanır. Bütün bunlar bir daha Ermənistanın mövcud hakimiyyətinin idarəçilikdə tam repressiv metodlara üstünlük verdiyinin əyani göstəricisi hesab olunur.

Beləliklə, proseslərin inkişaf istiqaməti 2011-ci ilin də Ermənistan üçün kifayət qədər ağır olacağını, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşəcəyini göstərir. Sözügedən problemlərin həlli üçün Ermənistan nə maliyyə, nə digər iqtisadi resurslara, nə də xalqın etimadını qazanmış hökumətə malikdir. Əksinə, mövcud durum Ermənistanda xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşdiyini göstərir və bu da işğalçı ölkənin tənəzzülünü sürətləndirən əsas səbəblərdən biri sayılır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 5.