Azərbaycan Prezidenti İlham Əliyev Bosniya Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Bosniya Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Bosniya Herseqovinanın xarici işlər naziri Sven Alkalayın ölkəmizə ilk səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulayaraq bu səfərin uğurlu olacağına əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına əminliyini bildirdi. İkitərəfli münasibətləri genişləndirməyin zəruriliyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Bosniya Herseqovinanın dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yaxşı imkanlar yarandığını bildirdi.

Ölkəmizə ilk dəfə gəldiyini deyən Bosniya Herseqovinanın xarici işlər naziri Sven Alkalay bu səfərin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu söylədi. O, Azərbaycan ilə Bosniya Herseqovina arasında əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, eləcə ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyin vacibliyini bildirdi. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən nazir ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-13  yanvar.- S. 1.