Elmə və təhsilə dövlət qayğısı artır

 

Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcəkdir.

 

İlham ƏLİYEV

 

2010-cu il keçid dövrünü geridə qoyaraq inkişafının keyfiyyətcə yeni mərhələsinə adlamış müstəqil Azərbaycan üçün təkcə mühüm makroiqtisadi göstəricilərlə deyil, eyni zamanda elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman və s. sahələrdə uğurlu nəticələrin qazanılması, əvvəlki illərdən start verilmiş mütərəqqi islahatların daha geniş vüsət alması ilə əlamətdar olmuşdur. Neft gəlirlərinin Azərbaycanda güclü insan kapitalına çevrilməsini mühüm məqsəd kimi qarşıya qoyan, bu istiqamətdə məqsədyönlü strategiya həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev il ərzində ölkənin elm və təhsil sisteminin inkişafı məqsədilə yeni sərəncamlar, fərmanlar imzalamışdır.

Müasir qloballaşma əsrində bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Təsadüfi deyildir ki, dövlət başçısı elm və təhsilə qayğını, bu sahədə özünü göstərən problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyev ötən 7 ildə milli ənənələri qorumaqla, Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir.

Ölkə rəhbərinin bu sahəyə xüsusi diqqət və qayğısı həm də respublikanın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmini son dərəcə vacibdir. Müqayisə üçün bildirək ki, əgər 2003-cü ildə təhsilə 243 milyon manat vəsait ayrılmışdısa, 2011-ci ildə bu rəqəm 1338,2 milyon manat təşkil edəcəkdir. Bu isə 2010-cu il büdcəsində nəzərdə tutulandan 50,2 milyon manat (və ya 3,9 faiz) çoxdur. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibindəki xüsusi çəkisi 10,5 faiz təşkil edir. Eyni zamanda elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2010-cu ilin dövlət büdcəsində bu məqsədlə 98,2 milyon manat, 2011-ci ilin dövlət büdcəsindən isə 108,6 milyon manat vəsait ayrılmışdır. Bu 2010-cu ildəkindən 5,6 faiz (və ya 5,8 milyon manat) çoxdur.

2011-ci ildə elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, AMEA-nın elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınmasına 2 milyon manat vəsait nəzərdə tutulmuşdur.

2010-cu ildə bu sahələrdə çalışanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də inamla davam etdirilmiş, nəticədə təhsil işçilərinin orta aylıq əməkhaqqı 285 manata yüksəlmişdir. Prezident  İlham Əliyevin 2010-2011-ci dərs ili qarşısında imzaladığı sərəncamlar da dövlətin sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla, elm və təhsil işçilərinin rifah halınının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Eyni tarixdə imzalanmış daha bir sərəncamla doktorantların, ali, orta ixtisas, peşə məktəblərinin, peşə liseylərinin tələbələrinin və şagirdlərinin təqaüdləri də əhəmiyyətli dərəcədə artırılmışdır. Bundan başqa, Prezident İlham Əliyev 2010-cu il 6 sentyabr tarixli "Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamla test imtahanlarında yüksək nəticə göstərən tələbə gənclərə ənənəvi olaraq yüksək təqaüdün verilməsi təmin edilmişdir.

Ölkə başçısının 2010-cu il 17 sentyabr tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncamı ilə həmin təşkilatlarda çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

İl ərzində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində stimullaşdırıcı tədbirlər inamla davam etdirilmişdir. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısının hələ 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamı təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumtəhsil məktəbləri üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər il bir dəfə olmaqla müsabiqə əsasında 50 ən yaxşı ümumtəhsil məktəbinə innovativ tədris üsullarının inkişaf etdirilməsi üçün 10 min manat və 100 ən yaxşı müəllimin hər birinə 5 min manat məbləğində birdəfəlik mükafat təsis olunmuşdur. Buna müvafiq olaraq dövlət başçısı İlham Əliyev 2010-cu il 5 iyul tarixdə "2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamlar imzalamışdır.

 Ölkə başçısı "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" və "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə 2010-cu il 15 sentyabr tarixdə "Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" sərəncam imzalamışdır. Sərəncamla 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə həm məktəbəqədər, həm də peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmiri üçün ayrılıqda 2 milyon manat (cəmi 4 milyon manat) məbləğində vəsait ayrılmışdır.

Son bir ildə respublikanın bütün bölgələrində yeni məktəblərin tikintisi, təmiri və yenidənqurulması prosesi uğurla davam etdirilmişdir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva il ərzində Bakının Badamdar, Masazır, Saray, Binə və digər qəsəbələrində, habelə bir sıra regionlarda yeni inşa olunmuş müasir ümumtəhsil məktəblərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmişlər. Mübaliğəsiz demək olar ki, son illərdə iki minədək məktəb binasının tikilib istifadəyə verilməsi də çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir.

Dövlət başçısının Azərbaycan Respublikasında təhsilin inkişafı, təhsil işçilərinin sosial problemlərinin həlli sahəsindəki səmərəli fəaliyyətlərinə görə, habelə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 90 illiyi ilə əlaqədar bir qrup şəxsin "Tərəqqi" medalı, əməkdar müəllim, əməkdar mədəniyyət işçisi fəxri adları və digər ödüllərlə təltif edilməsi haqqında 2010-cu il 7 iyun tarixli sərəncamı da təhsil işçilərinin əməyinə verilən yüksək qiymət kimi qeyd olunmalıdır. Bundan başqa, Prezident İlham Əliyev 2010-cu il 6 dekabr tarixdə Şuşa şəhərinin 1 saylı orta məktəbin kollektivini bu təhsil ocağının 180 illik yubileyi münasibətilə təbrik etmişdir.

İlin ən yaddaqalan hadisələrindən biri də dövlət başçısının 2010-cu il 10 fevral tarixli "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanı olmuşdur. Fərman Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli "2009-2015-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası məqsədilə imzalanmışdır. Fərmana əsasən 2010-2011-ci tədris ilindən başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, yeni tədris ilində universitetlərdə maliyyələşmə ünvanlı şəkildə hər bir tələbə üçün aparılacaqdır.

Fərmanın xüsusi bəndi ilə Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirlikləri xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişlər. Həmin təkliflər əsasında müvafiq qərar layihəsi hazırlanmışdır. Burada bakalavr və magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hazırlanacaq mütəxəssislərin təhsil xərclərinin məbləği müəyyən edilmiş və kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları barədə Nazirlər Kabineti qərar layihəsi işləmişdir. Bu qərarla 29 dövlət ali məktəbində və 8 özəl universitetdə yeni maliyyələşmə qaydası tətbiq olunmuşdur.

 İl ərzində ali məktəblərin inkişafına qayğı siyasəti uğurla davam etdirilmiş, bir sıra nüfuzlu təhsil ocaqlarının yubileyləri təntənəli şəkildə qeyd olunmuşdur. Prezident İlham Əliyevin 2010-cu il 16 iyun tarixli "Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında" sərəncamı ilə memarlıq və inşaat sahəsində kadrların yetişdirilməsində xidmətləri olan ali təhsil ocağının binasının əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılmışdır.

Bundan başqa, cənab İlham Əliyevin il ərzində imzaladığı sərəncamlarla Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin 80 illik, Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyləri təntənəli şəkildə qeyd olunmuşdur. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə bu təhsil ocaqlarının inkişafında xüsusi xidmətləri olmuş şəxslər müxtəlif medallara, fəxri adlara layiq görülmüşlər.

Geridə qalan 2010-cu ildə elmin inkişafı, bu sahədə tədqiqatların stimullaşdırılması tədbirləri də diqqət mərkəzində olmuşdur. Xatırlatmaq lazımdır ki, ölkə başçısı İlham Əliyevin hələ 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması bu istiqamətdə mühüm addımlardan biri olmuşdur. Azərbaycan Prezidentinin 2010-cu il 19 fevral tarixli fərmanı ilə Fondun nizamnaməsi təsdiq edilmişdir. Həmin nizamnaməyə əsasən Fondun məqsədi Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi, axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramlarını, layihələrini və digər elmi tədbirləri qrant şəklində maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara azad yaradıcılıq imkanı yaratmaq, habelə elm müəssisələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan, inkişafını dəstəkləyən tədbirləri həyata keçirmək yolu ilə Azərbaycanda elmi-texniki potensialı qorumaq, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək, dövlətin elmi informasiya və innovasiya ehtiyatlarını artırmaqdır.

Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı isə respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan AMEA-ya gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

Artıq AMEA-da müvafiq Müsabiqə Komissiyası tərəfindən xarici ölkələrdə (Almaniya, Fransa, Belçika, Avstriya, İspaniya və s.) doktoranturada təhsil almaq üçün göndəriləcək 10 namizəd müəyyənləşdirilmişdir. Onlar elmin ayrı-ayrı sahələrində prioritet istiqamətlər üzrə təhsillərini davam etdirəcəklər.

İl ərzində elm, mədəniyyət və ədəbiyyat xadimlərinin əməyinin qiymətləndirilməsi də xüsusi diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidentinin hələ 2004-cü il 3 mart tarixində imzaladığı "Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis edilməsi haqqında" sərəncamı əsasında Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsi təsdiq edilmişdir. Bu il artıq Prezidentin sərəncamı ilə bir sıra elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimi dövlət mükafatlarına layiq görülmüşdür.

Elm, təhsil müasirlik, savad, gələcəyə açılmış qapılar deməkdir. Arxada qoyduğumuz 2010-cu ildə görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda elm və təhsil sahəsində özünü göstərən qlobal problemlər əsaslı surətdə aradan qalxacaq, elm və təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2011.- 13 yanvar.- S. 2.