Azərbaycan ilə Bosniya və Herseqovinanın xarici işlər nazirlikləri
arasında əməkdaşlıq
haqqında protokol imzalanmışdır
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvarın 12-də nazir Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunmuşdur.
E.Məmmədyarov iki ölkə arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi və digər sahələrdə isə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayaraq bu istiqamətdə fəallığın artırılmasına ehtiyac olduğunu demişdir.
S.Alkalay Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud qarşılıqlı münasibətlərini yüksək qiymətləndirmiş, əlaqələri daha da möhkəmləndirmək üçün dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin, iş və incəsənət adamlarının gediş-gəlişinin təşkil edilməsinin vacibliyini vurğulamışdır.
Bunun üçün iki ölkə arasında münasibətləri tənzimləyən hüquqi bazanın genişləndirilməsinə ehtiyac vardır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Alkalay ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyini vurğulamışdır.
Sonda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol"u imzalamışlar.
Azərbaycan.- 2011.-13
yanvar.- S. 3.