Müasir innovasiyalardan istifadə: üstünlüklər və risklər

 

Müasir dövrdə insanlar televiziya kanallarından, radiodan, qəzet və jurnallardan aldıqları informasiyalarla kifayətlənmir, dünyada baş verən hadisələrdən özləri üçün daha münasib vaxtda və istənilən şəraitdə xəbər tutmağa üstünlük verirlər. Ona görə də dünyanın nüfuzlu xəbər agentlikləri insanları operativ surətdə informasiya ilə təmin etmək üçün daim müasirləşən informasiya texnologiyaları vasitələrindən daha geniş istifadə etməyə çalışır. Bu baxımdan AzərTAc da fəaliyyətinin keyfiyyətcə yeni dövrünə qədəm qoyur, zamanla ayaqlaşmağa çalışır. Qlobal informasiya dünyasının ən müasir texnoloji innovasiyaları AzərTAc-ın fəaliyyətində də geniş yer tutmaqdadır.

Elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin informasiya agentliklərinin işində tətbiqi məsələlərinə geniş yer verən media nəzəriyyəçiləri vurğulayırlar ki, internet də daxil olmaqla, yeni texnologiyaların yaranması və tətbiqi, heç şübhəsiz, KİV-lərin inkişafında və demokratikləşmədə yeni bir mərhələnin başlanğıcıdır.

Daha doğrusu, qlobal informasiya məkanının formalaşmasında xüsusi rol oynayan, son illərdə insanların leksikonunda tez-tez rast gəlinən "multimedia", əslində informasiya təminatının lokomotivinə çevrilmişdir.

Hazırda dünyanın aparıcı xəbər agentlikləri bu sistemin açdığı geniş imkanlardan maksimum yararlanmağa çalışır, ənənəvi redaksiyalardan xilas olub müasir dizayn və interyerə malik, son texnologiyalarla təchiz edilmiş multimedia redaksiyalarının sayəsində informasiyanın keyfiyyətli və operativ çatdırılmasını təmin edirlər. Burada inteqrasiya olunmuş və əlaqələndirilmiş iş mexanizmi həm keyfiyyətli məhsulun hazırlanmasına, həm də onun çatdırılmasında fiziki əməyə və vaxta qənaət edilməsinə səbəb olur.

"Multimedia" terminini ilk dəfə 1966-cı ilin iyul ayında Lonq-Aylenddə "Light Works at L''Oursin" adlı şou təşkil etmiş Bob Qoldşteyn işlətmişdir. Bu, adi işıqlı tamaşa idi, lakin illər keçdikcə həmin terminin məna yükü transformasiyaya uğramışdır. 1990-cı illərdə bu termin artıq yeni, müasir anlama yaxın məna kəsb etmişdir.

"Vikipediya azad ensiklopediya" isə "multimedia" termininə belə tərif verir: "Multi - çox, media - informasiya vasitələrinin toplusu deməkdir, multimedia - çoxvasitəli informasiya mənasını daşıyır. Multimedia informasiya təqdimatının müxtəlif formalarının eyni vaxtda ifadəsi və istifadəsi deməkdir".

Hazırda milyonlarla insanın şüurunda multimedia internetlə qırılmaz şəkildə bağlıdır. Bu proses 1990-cı illərin birinci yarısında, yüzlərlə meqabayt həcmində video, audio və fotoqrafiya məlumatları ilə işləməyə imkan verən kompakt disk qurğuları (CD-ROM drive) ilə təchiz edilmiş "multimedia" kompüterlərinin bazara çıxarıldığı dövrdə başlanmışdır.

Xarici ekspertlər yeni texnologiyaların, o cümlədən multimedianın inkişaf sürətindən bəhs edərək bildirirlər ki, ümumdünya "hörümçək toru"nun - internetin 1969-cu ildə ixtira edildiyi gündən 1980-ci ildə ondan istifadə edilməsinin ilk addımlarına qədər, demək olar ki, on il müddətində onu yaradanların şüurunda "oturuşma" mərhələsi keçmişdir. Yalnız bundan sonra, xüsusən 1980-ci illərin axırlarından etibarən yeni texnologiyalar praktik tətbiqini tapmağa başlamışdır. İnternetin bugünkü istifadəçiləri yeni multimedia inqilabının mərkəzindədirlər.

Azərbaycanın yeni texnologiyalar erasına qədəm qoyması Prezident İlham Əliyevin "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2010-cu il 22 aprel tarixli sərəncamında da xüsusi qeyd olunur: "Son illər Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və demokratik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Qlobal informasiya məkanında mühüm dəyişikliklər baş verdiyi, yeni informasiya texnologiyalarının geniş tətbiq olunduğu müasir dövrdə Azərbaycan haqqında obyektiv məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması və dünyada baş vermiş hadisələr barədə cəmiyyətimizin hərtərəfli məlumatlandırılması kütləvi informasiya vasitələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini tələb edir".

Ölkəmiz haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş verən hadisələr barədə ictimaiyyətin dolğun məlumatlandırılmasında AzərTAc-ın xüsusi əhəmiyyəti nəzərə alınaraq onun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə sərəncamda agentliyin xarici dillərdə informasiya baş redaksiyası nəzdində multimedia və video xidmətinin yaradılması qərara alınmışdır.

Dünyanın bir sıra nüfuzlu informasiya agentlikləri ilə sıx əməkdaşlıq əlaqələri quran AzərTAc artıq yeni xidmətin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Agentlik sıx əməkdaşlıq etdiyi müxtəlif ölkələrdən bu sahənin peşəkarlarını dəvət edərək, onların təcrübəsindən maksimum yararlanmağa çalışır və artıq görüntülü, səsli və təsvirli (infoqrafika) xəbərlərin buraxılmasına başlamışdır. Rus və ingilis dilləri ilə yanaşı, alman, fransız və ərəb dillərində də audio və videomateriallar hazırlanması istiqamətində intensiv iş gedir. Bu proqramın həyata keçirilməsi ilə AzərTAc-ın xarici ölkələrdəki auditoriyası xeyli genişlənərək, beləliklə, agentliyin məhsullarının əcnəbi istehlakçıları Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı, demokratik vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətləri, eləcə də Azərbaycan diplomatiyasının çoxvektorlu xarici siyasətdəki uğurları ilə daha yaxından tanış ola biləcəklər.

İnformasiya agentliklərinin çoxu videomaterialların yayılmasında YouTube resursundan istifadə edir. Lakin AzərTAc-ın öz texniki imkanları vardır və ixtisaslaşdırılmış videoportalların xidmətlərindən istifadəyə ehtiyac duymayan xaricdəki tərəfdaşlarından geri qalmır. AzərTAc-ın internet resursu vasitəsilə xəbər istehlakçıları üçün əlyetən olan səsli informasiyalardan da geniş istifadə edilir.

İnformasiya istehsalının bu yeni istiqamətlərinə istehlakçı auditoriyasının münasibəti müxtəlifdir. Bəziləri güman edirlər ki, videoxəbər hazırlayan agentlik televiziya yaradır. Bu, heç də belə deyildir. Təbii ki, televiziya ilə müqayisədə videoxəbərlər texnoloji sıçrayışdır. Əvvəllər adamlar televiziya xəbərlərini eşitmək üçün evə tələsirdilər. İndi isə internetə qoşulmuş adi İPhone qurğusu istifadəçiyə istənilən yerdə ani surətdə AzərTAc-ın internet səhifəsini açmağa və son videoyeniliklə tanış olmağa imkan verir. Məlumdur ki, televiziya xəbərləri günün müəyyən saatlarında efirə verilir. Bu saatlarda ekran qarşısında olmadınsa, deməli, yeniliklərdən xəbər tuta bilməyəcəksən. Videoxəbərlə bağlı isə bu cür problem yoxdur: eyni materiala dünyanın istənilən nöqtəsində dəfələrlə baxmaq mümkündür. Telekanalların çoxu bütün bu üstünlükləri nəzərə alaraq televiziya ilə yayımlanmış reportajları öz internet saytlarına köçürürlər. Maraqlıdır ki, cəmi 20 il bundan əvvəl videomateriallar geniş auditoriyaya yalnız televiziya kanalları ilə yayımlanırdısa, indi bundan ötrü çox böyük vəsait hesabına yaradılan telekanal heç də zəruri deyildir. Hər hansı bir hadisə barədə süjeti çəkib reportajı YouTube saytında yerləşdirmək üçün kameralı adi mobil telefon kifayətdir. Özü də bunu hər bir insan edə bilər.

AzərTAc-ın audio və videoməhsulları ilə tanış olmaq üçün istehlakçının fərdi kompüterində xüsusi və ya çətin tapılan softver-proqramların olması tələb edilmir. Agentliyin multimedia xəbərlərinin istehlakçıları çox qısa vaxtda, bəzən cəmi bir neçə saniyədə adi səyyar noutbuk vasitəsilə ən son yeniliklərdən xəbər tuta bilərlər. Müasir dövrdə getdikcə populyarlaşan "internet-flyaşka" (internetə daxil olmaq üçün USB-card qurğusu) olduqda isə hətta yolda, məsələn, qatarda və ya avtobusda da agentliyin video və audio reportajlarını nəzərdən keçirmək mümkündür.

Audio və videoreportajlarla yanaşı, artıq vizual mətn materiallarına aid olan infoqrafikaya da diqqət artmaqdadır. İnformasiyanın yayılmasında multimedia xidmətinin əsas tərkib hissələrindən biri olan infoqrafika (təsviri xəbər) son vaxtlar aparıcı xəbər agentliklərinin işində aktuallığı ilə seçilir. Görüntülü və səsli xəbərlə yanaşı, təsviri xəbər informasiya təminatında son illərin ən böyük uğurlarından sayılır və dünyanın aparıcı media qurumları onu geniş tətbiq edir.

İnformasiya işinin yeni istiqaməti olan infoqrafika ideyaları genişləndirməyə və onlara diqqəti cəlb etməyə kömək edən bir vasitədir. Bir effektli təsvir min sözü əvəz edə bilir, mənanı sadələşdirmək və eyni zamanda, bütün vacib informasiyanı çatdırmaq imkanı yaradır. Təsvir informasiyanı daha cəlbedici və daha inandırıcı edir, daha dolğun, daha polifonik informasiya verir. İnternet şəbəkəsində hər hansı saytda təsviri görəndə orada söhbətin nədən getdiyini tərcüməsiz və şərhsiz də başa düşmək mümkündür. Kompleks informasiyaların istifadə edildiyi bu qrafikalar böyükhəcmli məlumatların çatdırılması üçün çox əhəmiyyətlidir.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki vaxtda istənilən xəbər agentliyi multimedianın vacib elementi kimi infoqrafikanın imkanlarından istifadə etməsə, informasiya təminatı prosesində effektliliyi tam və dolğun təmin edə bilməz. Bu baxımdan, AzərTAc-ın fəaliyyətində də infoqrafikaya diqqət yetirilir.

Cəmiyyətdə belə bir yanlış fikir yayılmışdır ki, infoqrafika heç də yeni janr deyil, infoqraflar isə ya rəssam, ya da dizaynerlərdir. Həqiqətən də, yazılı mətbuatda həmişə karikaturalardan, şarjlardan, qrafik illüstrasiyalardan, diaqram və cədvəllərdən istifadə edilmişdir. Məsələn, vaxtilə "Molla Nəsrəddin", "Zənbur", "Kəşkül", sonralar "Kirpi" jurnallarında dərc olunan bir-birindən maraqlı karikaturaları, qəzetlərdə verilən dostluq şarjlarını, "Sözsüz" kəlməsi ilə təqdim olunan müxtəlif mövzulu təsvirləri, bədii əsərlərə, xalq nağıllarına, dastanlara çəkilən illüstrasiyaları, miniatürləri inkar etmək olmaz. Eyni zamanda, "infoqrafika müasir jurnalistikanın mövcud janrlarından ən cavanıdır" deyənlərin də fikirlərini inkar etmək mümkün deyildir. Ona görə ki, hazırda elektron mətbuatda infoqrafikanı hazırlayanlar nə təsviri incəsənətlə məşğul olan rəssamlar, nə karikaturaçılar, nə də dizaynerlərdir. Onlar adi jurnalistlərdir. Göründüyü kimi, bu məsələdə nəzəri cəhətdən mübahisə üçün zəmin olsa da, praktik mənada həqiqət bundan ibarətdir ki, infoqrafların məqsədi materiala forma cəhətdən bəzək-düzək vermək deyil, əyani qrafik material vasitəsilə faktları sadə və anlaşıqlı şəkildə şərh etməkdir.

AzərTAc Azərbaycan Prezidentinin məlum sərəncamından irəli gələn vəzifələri yerinə yetirməklə bərabər, öz işində sosial medianın müxtəlif platformalarından, o cümlədən son illərdə internetdə olduqca populyarlaşmış Facebook, Twitter, Livejournal bloq-portalı, YouTube video-portalı və digər sosial şəbəkələrdən istifadə edilməsi sahəsində başqa informasiya agentliklərinin qabaqcıl təcrübəsini də diqqətlə öyrənir.

Əlbəttə, sürətlə yayılmaqda olan inteqrasiya prosesləri və onlayn sosial şəbəkələrlə konstruktiv əməkdaşlığı biz də müsbət qiymətləndiririk. Bununla bərabər, araşdırmalar göstərir ki, milli agentliklərin böyük əksəriyyəti sosial şəbəkələrə qoşulmağa çox da can atmır. Bunun başlıca səbəbi həmin sahədə, ilk növbədə, elektron məlumatların və intellektual mülkiyyətin qorunması ilə bağlı müəyyən risklərin olmasıdır. Sosial şəbəkələr çox böyük mütərəqqi potensiala malik olmaqla bərabər, təəssüf ki, informasiya piratlarının, parolların dağıdılması və məlumat bazasına qanunsuz müraciət, o cümlədən məxfi və şəxsi xarakterli məlumatların oğurlanması üzrə ixtisaslaşan xakerlərin fəaliyyət meydanına çevrilmişdir.

Sosial şəbəkələrlə bağlı təhlükəsizlik məsələləri AzərTAc-ın da üzv olduğu nüfuzlu regional informasiya qurumlarına - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) və Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil olan milli agentliklərin daim diqqət yetirdiyi problemdir. Bu təhdidlə əlaqədar məsələ 2009-cu ilin mayında EANA-nın Budapeştdə keçirilən konfransında, 2010-cu ildə Argentinanın Barilos şəhərində Xəbər agentliklərinin üçüncü dünya konqresində geniş müzakirə olunmuş, sosial media ilə əlaqədar risk amilini ciddi surətdə nəzərə almaq və ehtiyatlı olmaq tövsiyə edilmişdir. Buna görə də indiki mərhələdə AzərTAc nə ilə nəticələnəcəyi məlum olmayan inteqrasiyaya tələsməməyi və vəziyyəti izləməkdə, tərəfdaşlarımızın təcrübəsini öyrənməkdə davam etməyi üstün tutur.

Bu məsələdə daha bir məqama diqqət yetirmək çox zəruridir. Azərbaycanın bəzi xəbər agentliklərinin və portallarının təcrübəsi göstərir ki, erməni istifadəçilər həmin informasiya resurslarının təşkil etdikləri forumlara və onların serverlərinə sərbəst müdaxilə edir və Azərbaycan dövlətçiliyinə ünvanlanmış təhqiramiz şərhlərlə bizim onlayn KİV-lərin səhifələrində yer alırlar. Agentliklər və portallar bu tipli qeyri-konstruktiv diskussiyaya münasibətdə heç bir kompromisə yol verməməlidir.

Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının konstruktiv şərhləri və fikirləri, eləcə də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayan Ermənistan vətəndaşlarının konstruktiv rəyləri bizim saytlarda yer ala bilər. AzərTAc isə xəbərlərin ictimaiyyət tərəfindən müzakirə edilməsi üçün platforma yaradarkən, rəsmi dövlət informasiya agentliyi kimi, ölkəmizin milli maraqlarını həmişə əsas tutacaqdır.

 

 

Aslan ASLANOV,

AzərTAc-ın Baş direktoru

 

Azərbaycan.- 2011.- 13 yanvar.- S.  3.