Moskvada "İrs"
jurnalının Qarabağa
həsr edilmiş xüsusi buraxılışı
çapdan çıxmışdır
Moskvada çap edilən "İrs-Naslediye" beynəlxalq jurnalının növbəti xüsusi buraxılışı bütünlüklə Qarabağ probleminin müxtəlif aspektlərinə həsr edilmişdir. Xüsusi buraxılış "Qarabağ erməniləri - böyük siyasətin girovlarıdır" məqaləsi ilə başlanır. Azərbaycanın milli azlıqlarına həsr edilmiş "Etnos" rubrikası jurnalın bu nömrəsində başa çatır. Rubrikanın son materialı ermənilərə həsr edilmişdir. Göstərilir ki, ermənilər Azərbaycan torpağında (əslində, bütövlükdə Cənubi Qafqazda) başqa milli azlıqlardan sonra məskən salmışlar - bu prosesin başlandığı vaxtdan 200 ildən az keçir. Redaksiya məqaləsində xüsusi vurğulanır ki, "İrs" jurnalı ermənilərin miqrasiyası mövzusuna vaxtaşırı müraciət etmiş və erməni tarixçiləri bu mövzuda dərc olunan materialları heç vaxt təkzib etməmişlər. Məqalədə deyilir: "Buna səbəb odur ki, ermənilərin Qafqazda nisbətən yaxın vaxtlarda məskunlaşması mübahisə doğurmayan tarixi faktdır. Vaxtilə erməni tarix elminin aparıcı nümayəndələri bu faktı geniş şərh etmişlər. Təəssüflə qeyd etmək lazım gəlir ki, indiki erməni tarixçiləri tarixin genişmiqyaslı saxtalaşdırılması prosesinə cəlb edilmişlər. Lakin vaxt gələcək, erməni ziyalıları öz xalqını onun saxtalaşdırılmış tarixi ilə deyil, həqiqi tarixi ilə tanış edəcəklər".
Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin "Azərbaycanın xarici siyasəti və Qarabağ" məqaləsi böyük maraq doğurur. Məqalədə 1917-ci il fevral inqilabına aid, yəni 1920-ci il 10 avqust tarixli Rusiya-Ermənistan müqaviləsinə qədərki müxtəlif arxiv materiallarına istinad edilir.
Jurnalın xüsusi buraxılışında Qarabağ haqqında maraqlı və zəngin materiallar toplanmışdır: "Ermənistan Respublikasının demoqrafik reallıqları", "Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və mənbələri ingilisdilli ədəbiyyatda", "Azərbaycanın İrəvan xanlığının sonuncu rəhbəri Hüseynqulu xan Qacar haqqında", "Azərbaycan erməniləri", "Bir daha Qarabağ haqqında", "Erməni məsələsinin gizli psixoloji və dini səbəbləri" və s.
Qeyd etmək lazımdır ki, bütün bu materialları jurnalın ingiliscə versiyasında da oxumaq olar. Jurnalın baş redaktoru Musa Mərcanlı bildirmişdir ki, "İrs-Naslediye" jurnalı bu ildən etibarən fransız, alman və digər dillərdə də nəşr ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-13
yanvar.- S. 3.