20 Yanvara gedən yol

 

Tarixin Qan Yaddaşı

 

20 Yanvar faciəsindən 21 il keçir

 

Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Çünki bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu.

 

Azərbaycanın ərazi bütövlüyünə qəsdin başlanğıcı

 

Faciəyə gedən yolun başlanğıcı isə onun törədilməsindən xeyli müddət əvvələ, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə başlamışdı. Çünki Qorbaçovun simasında daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə daha yaxın olan himayədar tapa bildilər. Düzdür, ilkin vaxtlarda ermənilər Azərbaycanla bağlı bədnam niyyətlərinin həyata keçirilməsində hər hansı ciddi addımlar atmaqda acizlik çəkirdilər və hətta əsas himayədarları belə onlara yardım göstərə bilmirdi. Çünki həmin vaxt ümummilli lider Heydər Əliyevin Siyasi Büroda olması ermənilərə və Qorbaçova Azərbaycanla bağlı planların reallaşmasına, o cümlədən Qarabağ münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə bu səbəbdən həm ermənilər, həm də onların mərkəzi hakimiyyətdə olan himayədarları o vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan bu Azərbaycan bölgəsi ilə bağlı məkrli planlarını həyata keçirmək üçün M.Qorbaçovun vasitəsilə Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasına nail ola bildilər.

Təsadüfi deyil ki, ümummilli liderin Siyasi Bürodan getməsindən sonra 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı daşnak A.Aqanbekyanın Parisdə "Humanite" qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair Moskvanın artıq razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir", - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm".

SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi

Məhz bundan sonra erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da formalaşdırıldı.

Bütün bunlar 1988-ci ilin fevralından etibarən, hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə silsilə mitinqlər başladı. SSRİ rəhbərliyi tərəfindən heç bir ciddi müqavimət görməyən və bundan daha da ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etməsinə nail oldular. Baş verənlərə paralel olaraq Ermənistanda da azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilirdi.

 

Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlılara qarşı başlanan etnik təmizləmə siyasəti

 

Azərbaycanın ovaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdi. Kreml isə həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə Azərbaycana qarşı daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da hazırlanmasında yaxından iştirak etdiyi bu ssenarinin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi.

Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla artıq siyasi dünyanın yeni səviyyədə gündəminə gətirilmiş "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsi üçün ermənilərə çox lazım idi. Lakin bu məsələdə sovet DTK-nın da özünəməxsus rolu oldu. Beləliklə, əvvəlcədən planlaşdırılmış Sumqayıt olayları törədildi və o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar SSRİ rəhbərliyinin, ermənilərin niyyətini, qlobal hadisələrin mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki, olaylar baş verən yerlərdə öncədən çoxlu telefoto operatorlar, jurnalistlər yerləşdirilmişdi. Bunun nəticəsində düşünülmüş, ssnearisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda belə bir əhval yaratdılar ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli Azərbaycan torpaqlarında yaşayan 250 min soydaşımız 1988-ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olunmaqla ən qəddar formada deportasiya olundular.

Dağlıq Qarabağda da vəziyyət getdikcə gərginləşirdi və bu işdə yenə əsas rol oynayan tərəflərdən biri Azərbaycan rəhbərliyinin acizliyindən istifadə edərək hadisələri istədiyi kimi istiqamətləndirən SSRİ rəhbərliyi idi. Bütün bunlara qarşı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım atılmadı. M.Qorbaçov isə tədbir görmək əvəzinə, DQMV-nin sosial-iqtisadi inkişafının geridə qalması barədə ermənilərin uydurduqları yalanı müdafiə edərək ittifaq büdcəsindən oraya 400 min rubl vəsait ayrılmasına göstəriş verdi. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman Azərbaycandan olan deputatlarla yanaşı, qanunazidd olaraq Ermənistandan olan deputatlar eyni hüquqda orada iştirak etdilər. Bu isə Qorbaçov və onun ətrafının Ermənistan üçün yaratdığı yeni imkan demək idi.

İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xəyanəti özünü növbəti dəfə 1989-cu ilin yanvarında göstərdi. Belə ki, həmin il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" SSRİ Ali Soveti qərar qəbul etdi və bu, ermənilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski burada yaşayan bütün azərbaycanlı soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddətdə 50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. Halbuki, Azərbaycanın odövrkü siyasi rəhbərliyi sözügedən idarənin yaranmasını böyük uğur kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdi. Yalnız xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat komitəsinin sədri təyin edilən V.Polyaniçko, əslində, öz sələfinin siyasətini davam etdirir və azərbaycanlılar sıxışdırılırdı.

Ümumiyyətlə, 20 Yanvar hadisəsinə qədər SSRİ və respublika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi.

 

Yeni təxribata hazırlıq

 

1989-cu ilin noyabrından səbr kasası dolmuş xalq Bakının mərkəzi meydanında mitinqlərə başladı. Yanvarın

18-də Bakıda və Azərbaycanın 11 rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan edildi. Lakin genişlənməkdə olan xalq hərəkatına ilk dövrlərdə səriştəsiz rəhbərlik, edilən xəyanətkarlıq isə ölkəni daha ağır vəziyyətə salırdı. Bununla belə, Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsinə şərait yaradan Qorbaçov hakimiyyəti ölkəyə genişlənən milli-azadlıq hərəkatının boğulması üçün müxtəlif vasitələr üzərində baş sındırırdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəzirov isə Moskvanın marionetkası olaraq həm Dağlıq Qarabağın ermənilərin əlinə keçməsinin qarşısını almaq, həm də ölkədəki vəziyyəti sabitləşdirmək üçün heç nə edə bilmirdi. Əksinə, özünün səhv addımları, yarıtmaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurumu daha da dərinləşdirirdi. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdü. Təəssüf ki, bu dövrdə xalq hərəkatına rəhbərlik edənlər də böyük səriştəsizlik nümayiş etdirir, çox vaxt DTK-nın istədiyi ssenarilərə uyğun hərəkət edirdilər.

1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. SSRİ rəhbərliyi isə Azərbaycanı növbəti dəfə cəzalandırmaq üçün Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi. Milli-azadlıq hərəkatının mərkəzi olan Bakıda ilk olaraq yerli milis tərksilah edildi, mərkəzdən isə daxili qoşun hissələri şəhərə gətirildi. Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsi fitnəkarlıqlar üçün əsas oldu və iki gün ərzində Bakıda süni şəkildə erməni talanı təşkil edildi. Mərkəz tərəfindən düşünülmüş və taktiki baxımdan hərtərəfli hazırlanmış bu məkrli plan hazır ssenari üzrə aparıldı. Elə bu səbəbdən də ayrı-ayrı dəstələrin əməllərinin qarşısını almaq üçün ali hakimiyyət və hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmədi. Halbuki Bakıda SSRİ Daxili İşlər Nazirliyinin 12 min nəfərlik silahlı qüvvəsi var idi. Bu dövrdə ölkəyə rəhbərlik edən Vəzirov isə yaranan vəziyyətdən istifadə edərək sovet qoşunlarının müdaxiləsinə şərait yaratmağa, bununla həm də xalq hərəkatını boğmağa çalışırdı.

Yanvarın 14-də Azərbaycan KP MK-nın bürosunda vəziyyət müzakirə olundu və Vəzirovun təkidi ilə çağırılan Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV-də və zəruri olarsa, ona bitişik rayonlarda, eləcə də sərhəd boyunca fövqəladə vəziyyət elan edilməsi, lazım gələrsə, Mərkəzdən kömək göstərilməsi haqqında qərar qəbul olundu. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin müraciəti ilə SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 15-də "Dağlıq Qarabağ və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi. Həmçinin SSRİ Ali Soveti Bakı, Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi və digər zəruri tədbirlər görülməsini Azərbaycan SSR Ali Sovetinə təklif etdi.

 

Qanlı gecə

 

Bu dövrdə Mərkəzdən Azərbaycana, xüsusən də Bakı ətrafına əlavə qoşun hissələri və hərbi texnika gətirilməsi prosesi davam edirdi. Əslində, bu, Bakıya qoşun yeridilməsi üçün ilkin hazırlıqdan başqa bir şey deyildi. Xalq hərəkatına rəhbərlik edənlər, o cümlədən Xalq Cəbhəsinin təmsilçiləri isə vəziyyəti düzgün qiymətləndirmək əvəzinə, şəhərin ətrafında, o cümlədən Bakı qarnizonu ətrafında sədlər, barrikadalar yaratmağa başladı. Yük və minik maşınları, avtobus və trolleybuslardan, eləcə də başqa vasitələrdən barrikadalar quruldu, piketlər düzəldildi. Lakin 20 Yanvarda bu düzgün olmayan taktika çoxlu sayda dinc əhalinin qırılmasına, yaralanmasına səbəb oldu.

Yanvar hadisələri ərəfəsində Moskva SSR Ali Soveti İttifaq Sovetinin sədri Y.Pirmakovu və Sov.İKP MK katibi Girenkonu Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və liberal qanadları ilə görüşüb apardığı danışıqlar heç bir nəticə vermədi. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük mitinq başlandı və üç gün davam etdi. Mitinqdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası və digər tələblər irəli sürüldü.

Sovet rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" fərman imzaladı. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozurdu.

Digər tərəfdən bu fərmanın tətbiqi barədə əhaliyə xəbər verilməmişdi. Xalqdan fərqli olaraq respublika rəhbərliyi yanvarın 20-nə keçən gecə Bakıya ordu yeridiləcəyindən xəbərdar idi. Həmin günlər güman edilirdi ki, ölkə rəhbərliyinin istefa verməsi gərginliyi nisbətən azaldar, adamlar barrikadaları tərk edərək dağılardılar. Lakin bunun əksinə olaraq, axşamçağı boş küçələrdə üstünə səsgücləndirici quraşdırılmış maşınlardakı insanlar xalqı piketlərə səsləyirdilər.

Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri M.Qorbaçovun göstərişi və Azərbaycanın ozamankı maymaq rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-nın "Alfa" qrupu respublika televiziyasının enerji blokunu yanvarın 19-da partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələri üzərinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə blokadaya düşdü, əhali hər hansı bir məlumat almaq mənbəyindən məhrum oldu.

Bakıya qoşun yeridiləndə isə tanklardan, zirehli transportyorlardan, piyadaların döyüş maşınlarından istifadə edildi. Zirehli texnikanın üstündə nömrələr yox idi. Qırmızı Bayraq Ordenli Xəzər Hərbi Donanmasının gəmilərindən desant çıxarılmışdı. Tanklar və ZTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" ("Zərbə") adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "Alfa" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sonradan isə məlum oldu ki, Bakıya hücum çəkib, qırğın törədən hərbi hissələrin şəxsi heyəti arasında cinayətkarlar və ermənilər də olub. Beləliklə, sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda onlarla mülki vətəndaş öldürüldü, yüzlərlə adam yaralandı. Ölkənin baş meydanındakı tribunadan SSRİ rəhbərliyini hədələyən və xalq hərəkatına rəhbərlik etdiklərini bildirənlər, özlərini "liderlər" adlandıranlar isə faciə zamanı xalqla birgə olmadılar. Bu isə onların bir daha hakimiyyətə gəlmək üçün oyunlar oynadığını və bu məqsədlə xalqı qırğına verməyə belə hazır olduğunu göstərirdi.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı Dubinyakın radio ilə çıxışında və vertolyotlardan səpilən vərəqələrdə bildirildi. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.

 

Faciəyə ilk cəsarətli münasibət və həqiqi hüquqi qiymət

 

Faciədən sonra ozamankı Azərbaycana başçılıq edən Ə.Vəzirov gizli şəkildə respublikadan çıxmışdı. Vəzifəyə gətirilən A.Mütəllibov isə Moskva himayədarlarının buyurduqlarını yerinə yetirirdi. Azərbaycan xalqının belə ağır vəziyyətində o zaman vəzifədən və siyasi səhnədən uzaqlaşdırılmış Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gedib mətbuat konfransı keçirdi. Ulu öndər Bakıda törədilən qanlı faciənin səbəblərini və təşkilatçılarını cinayətkar adlandırdı və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarca KİV təmsilçisinin qarşısında verilən bəyanat böyük əks-səda doğurdu.

Elə həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilirdi: "Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilmədi.

20 Yanvar faciəsinə hüquqi qiymət isə yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra mümkün oldu. 1994-cü il yanvarın 2-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin dördüncü ildönümü münasibətilə yaradılan dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən ulu öndər ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini, ozamankı Milli Şura tərəfindən qəbul edilmiş 19 yanvar 1992-ci il tarixli qərarın səthi, başdansovdu hazırlandığını ciddi tənqid etdi. Bundan sonra Milli Məclisin iclaslarında 20 Yanvar faciəsi ilə bağlı məsələ dərindən və ətraflı araşdırıldı, 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.

Bunun ardınca ulu öndər 16 dekabr 1999-cu ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında xüsusi fərman imzaladı. Fərmanda on il əvvəl törədilən faciəyə ədalətli və obyektiv qiymət verilməklə yanaşı, cinayətin açılmamasından, bütün günahkarların cəzalandırılmamasından narahatlıq hissi də ifadə olunurdu. Fərmanda deyilirdi: "XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar".

Azərbaycan tarixinə faciə kimi yazılan 20 Yanvar həm də ölkəmizin uzun illərdən bəri arzusunda olduğu müstəqilliyinə qovuşmasında müstəsna rol oynadı. Xalq həmin hadisələr zamanı öz qətiyyətini nümayiş etdirməklə yenilməzliyini, iradəsini təkcə SSRİ rəhbərliyinə yox, bütün dünyaya nümayiş etdirdi.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 13 yanvar.- S. 4.