Şəhidlik əbədiyaşarlıqdır
2010-cu il iyunun 18-də atəşkəsi pozan erməni faşistləri ilə Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun və 2010-cu il sentyabrın 3-də Tərtər bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun nəşləri Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə qaytarıldı və torpağa tapşırıldı.
Bu il də, bu əsr də ötən illər və əsrlər kimi Azərbaycan üçün savaş, müharibə ili oldu. Atəşkəsdir, lakin müharibə davam edir. Düşmənə nifrətimiz, qəzəbimiz, kinimiz dinclik bilmədən atəş kimi içimizdə püskürməkdə, kükrəməkdədir.
İşğalçı ermənilərlə döyüşdə böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov və Prezident İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovla vida mərasimi ölkəmizin tarixində fəlsəfi məzmununa görə xalqla dövlətin vəhdətini özündə ehtiva edən unudulmaz və bənzərsiz hadisələrdən biridir. Sanki bütün ölkə vahid, canlı bir orqanizm kimi idi. Hamımız - kiçikdən böyüyə, əsgərdən Ali Baş Komandana qədər orada olub-olmamağımızdan asılı olmayaraq sanki bu vida mərasimində bir bayrağın altında idik. Belə möhtəşəm, əzəmətli birliyin qarşısında başımızın üstündə dalğalanan bayraq da göylərdən qoparaq qanadlarını açıb şəhidlərimizin cənazələrini qucaqlamışdı. Bu vida hüzn mərasimindən daha çox Üzeyir bəyin "Koroğlu" operasının uvertürası qədər qələbənin təntənəsini və Vətən uğrunda ən müqəddəs savaşın hələ irəlidə olduğunu anladan əzəmətli döyüş cəngisi idi. Ali Baş Komandan bu gün kədərlə qürurun qoşalaşdığını vurğuladı: "Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər."
Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri! Mən sizə müraciət edirəm - bacım Şamama və qardaşım Ağakərim! Oğlunuzun qəhrəmanlıq zirvəsinə ucaldığı gündən qapınıza gələnlərə dediklərinizin içində ən çox işlətdiyiniz bir ifadə vardı: "Balamızı vətənə fəda dedik. İstəmirik ki, dövlətimiz onu geri almaq üçün düşmənə minnətçi düşsün." Bu sözləri dilə gətirmək anaya da çətindir, ataya da asan deyil. Ayağınızın altından yer qaçsa da, dərdiniz tənhalığı ilə sizi yuxusuz gecələrdə sübhədək baltalasa da, ruhunuz müqəddəs ucalıqlardan güc aldı. Gözlərinizin aynasına qəlbinizdən axan kədəri, nisgili və sonuncu vida həsrətini gizlədə bilməsəniz də, istəmirik, deyirdiniz. Bəlkə də hər gecə qırıq yuxularınızda balanızı torpağa tapşırıb, diksinmisiniz, oyanmısınız dəfələrlə... Ancaq bir dəfə də dilinizə gətirmədiyiniz istək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün qüvvəsi ilə çalışdığını o unudulmaz gündə ayrıca qeyd etdi: - "Bu aylar ərzində biz çalışırdıq ki, tezliklə onları Vətənə qaytaraq. Baxmayaraq ki, bu, çox çətin idi. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən qəhrəman övladlarımızın meyitlərini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilikdir. Heç bir mənəviyyata, heç bir dini normalara sığmayan bir hərəkətdir".
Miladdan üzü bəri də, iki min il o yana da bütün cənglərdə vuruşan tərəflər bir-birlərinə döyüş meydanından cəsədləri aparmağa imkan yaradardılar. Bütün qədim savaşların da qaydası belə idi. Hər iki tərəf əsgərlərini torpağa tapşırıb toxtaya bilirdi.
Ermənilərin faşist ideoloqları başa düşmədilər ki, igidlərimizi özlərində saxladıqca, qəlbimizdə qəhrəmanlarımıza rəğbət və sevgimizi birə min artırdılar. Bizi qırmaq, sındırmaq istədilər, bacarmadılar. Bütün Ermənistan igidlərimizin nəşi ayağında rəzil düşdü, miskin, mənəviyyatsız və cılız göründü.
İgidlərimizin rəşadət və qəhrəmanlığından vəhşətə gələn erməni faşistləri onların vücudlarını saxlamaqla qisas almaq, mənəvi əzab vermək və güc nümayiş etdirmək istədilər. Heç nə alınmadı.
Baş leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədova Ali Baş Komandana bütün şəhid anaları adından təşəkkürünü bildirdi: - "Bu iki cəsədin alınmağında Sizin böyük zəhmətiniz, hünəriniz oldu. Verilməyə də bilərdi, qala bilərdi"...
Aldıq, qaytardıq, torpağa tapşırdıq. Amma heç nə dəyişmədi, müqəddəslərimizin dediyi kimi, sadəcə sağ qalanlara bir təskinlik oldu. Nifrətimiz və qəzəbimiz cilalandı. İndi Şəhidlər xiyabanındakı əbədi alışan məşəl kimi Mübarizlə Fəridin kürəkləri toxunan işğal altındakı Vətən torpaqları da alışıb yanır, o yerlərdə kabus kimi dolaşan erməni faşistlərini vahiməyə salır, bizi isə qisasa çağırır.
Qapılarına "Azərbaycan" qəzetinin adından təzimə getdiyim bacım Şamamaya və qardaşım Ağakərimə - igidin valideynlərinə xitabən demək istəyirəm ki, Siz də qəhrəman oğlunuzun rəşadətinə layiq dözüm nümayiş etdirdiniz. Oğlunuzu düşməndən geriyə istəmədiniz. Eyni zamanda dövlət başçısı onun qaytarılması üçün bütün imkanlardan istifadə etdi. Siz oğul itkisinin müqəddəsliyində və qapılarınıza ardı-arası kəsilməyən insan axınında təsəlli tapdınız. Mübarizin yüzlərlə, bəlkə də minlərlə yaşıdı evinizi ziyarət etdilər, sizi qucaqlayıb dedilər ki, Ağakərim dayı, kədərlənməyin, gözünüz aydın olsun, bizə də oğlunuzun qismətini arzulayın. Qapınızda bütün matəmlərin nişanəsi əvəzinə Azərbaycan bayrağı yüksəldi. Bu bayraqla birlikdə hamımızın daxilində barışmaz, üsyankar qələbə ruhu qol-qanad açdı. Düşməni sizin mətinliyiniz əydi, sındırdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev vida mərasimində etiraf etdi ki, "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir". Sonra Prezident ehtiramla dedi: - "Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır".
Sonra dövlətimizin başçısı ata kimi, ailə başçısı kimi danışdı. Biz istəmirik ki, gənclərimiz şəhid olsun, istəyirik ki, gənclərimiz yaşasınlar, oxusunlar, Vətən üçün, dövlət üçün çalışsınlar: - "Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir".
Hər birimizin gəldiyi son qənaəti də Prezident vurğuladı: - "Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi". Məhz bu sözlərə görə qəhrəmanlarla vida mərasimi ilin ən ibrətamiz səhnəsi kimi heç vaxt unudulmayacaq. Biz həqiqətən də daha sıx, daha mükəmməl birləşdik və bütün ölkədə kiçikdən böyüyə hamı bu birliyin gücünü duydu, bu bağlılığın nə qədər ülvi olduğunu dərk etdi. Hamımızın sinəsində sanki eyni ürək vururdu, hamımızın qulaqları sanki eyni sözləri eşidirdi.
Biz həmişə sərkərdələri ordunun başında görmüşük. Həmin gün isə generallar Mübarizlə Fəridin fəxri keşiyində dayanmışdı. Ali Baş Komandan bu müqəddəs mərasimdə bütün xalqa müraciət etdi, hər bir vətəndaşın təhlükəsizliyinə və Vətənimizdən kimsəyə bir qarış da torpaq verilməyəcəyini bir daha bəyan etdi.
Adətən başımızın üstündə dalğalanmasına vərdiş etdiyimiz Azərbaycan bayrağı da göylərdən qanadlanıb, ucalıqlara pənah aparan qəhrəmanlarla vidalaşmaq üçün onların tabutlarını ağuşuna aldı. Dövlətin, bayrağın və vətəndaşların belə vəhdəti hər bir xalqın aqibətinə yazılan qismət deyil. Yaddaşımda ulu öndərin bir qədər kövrələn və bir qədər də hayqıran səsi canlanır: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". O 90-cı illərdə Naxçıvanda şəhidlərin dəfn mərasimlərində iştirak edər, onları son mənzilə yola salardı. Dünyanın ən məşhur yazıçısı Çingiz Aytmatov bir neçə il bundan əvvəl - 80 illik yubileyini Bakıda qeyd edərkən demişdi ki, Siz Əliyevlər nəsli ilə fəxr etməlisiniz. Məşhur yazıçısının bu sözləri Milli Qəhrəmanın atası Ağakərim kişinin çıxışından sonra daha dərin məna daşıdı, daha böyük məzmunu özündə ehtiva etdi. O qısa, yığcam və lakonik, hətta bir dəqiqə belə çəkməyən çıxışında çox şeyi dedi: - "9 Noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü ilk dəfə keçiriləcəkdir. Mən fəxr edirəm ki, bizim şəhidlərin tabutu Azərbaycanın Dövlət Bayrağına bükülüb". Bir də Ağakərim kişi ürəyindən gələn sözü dedi: "Mən Sizi çox sevirəm, cənab Prezident". Dövlət, bayraq və Vətən sevgisini əməlində, dilində və ruhunda yaşada bilən xalq ən ağır müharibədən də mütləq qalib çıxacaq.
Dövlət başçısı ən ciddi məqamlara toxundu, qeyd etdi ki, biz heç bir ölkənin torpağını zəbt etməmişik. Əksinə bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Heç bir başqa dövlətin torpağına iddiamız yoxdur, amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində yox, öz doğma torpağında şəhid olmuşlar. Bir daha Ermənistana danışıqlarda görüntü yaratmağa imkan verilməyəcək və danışıqların bütün imkanları tükəndikdə Azərbaycan dövləti hərbi qüdrətinə və xalqın birliyinə güvənərək öz ərazi bütövlüyünü bərpa edəcək. Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın. Heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaqdır. Dövlət başçısı bu sözlərlə qəsbkarlara ən sərt mesajını göndərdi. Xalqla dövlətin birliyini belə vurğuladı: "Əziz şəhidlərimizin valideynləri, sizin üçün bu aylar çox ağır keçdi. Siz övladlarınızı itirmisiniz. Bundan böyük dərd ola bilməz. Ancaq siz əsl vətəndaş kimi bəyan etmisiniz ki, biz hamımız Vətən uğrunda şəhid olmağa hazırıq. Təki Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin"!
O günü Milli Qəhrəman Mübariz İbrahimovla şəhid baş leytenant Fərid Əhmədovun cənazələri Şəhidlər xiyabanına gətirildi, son mənzilə yola salındı. Dəniz kimi kükrəyən izdiham yaylım atəşin göylərdən qayıdan sədaları altında igidlərimizlə vidalaşdı.
İgidlərimizi ağuşuna alan Şəhidlər xiyabanı ölümün diz çökdüyü, məğlub olduğu məkandır. Gecə-gündüz Şəhidlər xiyabanının girişində alovlanan məşəl də igidlərimizdən sonuncu vidadan öncə nikbin yaşamaq, düşmənə nifrəti qələbəyədək yaşatmaq üçün yadigar qalan bir mayakdır. Hamımız bu odun, alovun atəşinə ötən əsrdən üzü bəri isinirik, bu məşəlin nuruyla zülmətlərdən aydınlığa, işğallardan qələbəyə açılan yolları görürük.
Vətən sağ olsun!
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2011.- 13 yanvar.- S. 5.