Azərbaycan Prezidenti İlham Əliyevin
və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun
geniş tərkibdə görüşü
Yanvarın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqlara müraciətlə dedi:
- Cənab sədr, bir daha xoş gəlmisiniz! Sizi və nümayəndə heyətinizi burada salamlayıram. Sizi Azərbaycanda qəbul etməyimdən çox məmnunam. Qeyd etdiyimiz kimi, sizin səfərinizi gözləyirdik. Çox şadam ki, bu ili belə bir mühüm səfərlə başlayırıq və bu, bizim münasibətlərimizin səviyyəsinin və keçmişdə apardığımız əməkdaşlığın göstəricisidir. Əminəm ki, bu səfər Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Münasibətlərimizin artıq yaxşı tarixi və səmərəli gələcək perspektivləri vardır. İkitərəfli gündəliyimiz çox genişdir və bu gün ətraflı şəkildə müzakirə etdiyimiz bir çox sahələri əhatə edir. Səmimi müzakirələrə və açıq söhbətə görə çox minnətdaram. Bu, çox faydalı və səmərəli oldu. Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur. Bildiyiniz kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Ona görə hesab edirik ki, bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz bir çox müsbət nəticələrin şahidi olacağıq. Bir daha Azərbaycana xoş gəlmisiniz!
Avropa Komissiyasının sədri Xose Manuel BARROZU dedi:
- Cənab Prezident, Bakıda
olmağımdan çox məmnunam. Sizin xeyirxah dəvətinizi
məmnunluqla qəbul etdim. Fikrimcə, bu səfər Azərbaycanla
Avropa İttifaqı arasında yüksək səviyyədə
olan münasibətlərin daha da genişləndirilməsi
üçün fürsətdir. Azərbaycan bizim bu
regiondakı etibarlı tərəfdaşımızdır.
Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə
bir daha bunu əyani şəkildə görürük. 2008-ci
ildə ölkənizdə nümayəndəliyimizi, indi isə
səfirliyimizi açmışıq. Azərbaycanın
iqtisadiyyatı yüksək sürətlə inkişaf edir,
artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu,
dünyada ən yüksək tempdir. Bilirəm ki, cəmiyyətiniz
də çox dinamik cəmiyyətdir. Mən bunu
alqışlayıram.
Eyni zamanda, Azərbaycanın
beynəlxalq məsələlərdə, xüsusən də
terrorçuluğa qarşı mübarizədə
oynadığı mühüm rolu yüksək dəyərləndirirəm.
Azərbaycan müəyyən ölkələrdə davam edən
münaqişələrin qarşısının
alınmasına da öz töhfəsini verir. Sizin bu məsələlərdə
tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir.
Təbii ki, enerji münasibətlərimizin
təməl daşıdır. Biz bu məsələləri də
müzakirə edəcəyik. Lakin aydın şəkildə
onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz
təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır.
Biz ümumi maraq doğuran məsələlərə əsaslanan
daha geniş münasibətlər qurmaq əzmindəyik.
AzərTAc
Azərbaycan.- 2011.- 14 yanvar.- S. 1.