Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında saziş imzalanmışdır

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Viktor İvanov ölkəmizə rəsmi səfərə gəlmişdir.

Nazirliyin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, qonaqlar və nazir Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup əməkdaşı yanvarın 13-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək düzülmüşdür.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Həmin gün nazirlikdə keçirilmiş görüşdə nazir E.Mahmudov qonağın ölkəmizə səfərinin iki dövlətin təhlükəsizliyinə təhdidlərin qarşısının alınması sahəsində əməkdaşlıq baxımından əhəmiyyətini vurğulamışdır. O, Azərbaycanda cinayətkarlıqla, onun təhlükəli təzahürləri ilə mübarizədə milli təhlükəsizlik orqanlarının gördüyü məqsədyönlü tədbirlər barədə ətraflı məlumat vermişdir. Qaçaqmalçılıqla mübarizə istiqamətində ötən bir il ərzində milli təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 ton 200 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını diqqətə çatdırmışdır. Bu sahədə nazirliyin və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirən nazir bildirmişdir ki, birgə həyata keçirilmiş 11 əməliyyat nəticəsində 800 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, 22 nəfər məsuliyyətə cəlb olunmuşdur.

Eldar Mahmudov iqtisadi cəhətdən sürətlə inkişaf edən, iri beynəlxalq layihələrin reallaşdırıldığı Azərbaycanın investorlar üçün maraqlı olduğu kimi, transmilli cinayətkar birliklərə də cəzbedici göründüyünü, müxtəlif təhlükəli cinayətlərin əsas maliyyə mənbələrindən olan narkotiklərin qanunsuz dövriyyəsinə cəhdlərin də artdığını xatırlatmış və belə hallara qarşı mübarizədə region dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Ətraflı məlumata görə təşəkkür edən Viktor İvanov Rusiya Fedarasiyasının aidiyyəti qurumlarının transmilli cinayətkarlığa qarşı Azərbaycanın müvafiq strukturları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi ilə birgə mübarizəyə böyük əhəmiyyət verdiyini bildirmişdir. O, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onun doğurduğu fəsadlara qarşı məqsədyönlü və səmərəli mübarizə aparıldığını, bu sahədə iki və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafını xüsusi vurğulamışdır. Qonaq Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin Azərbaycanın əlaqədar orqanları ilə əməkdaşlığının bundan sonra daha da möhkəmlənəcəyinə, çevik əməliyyat-məlumat mübadiləsinin genişlənəcəyinə əminliyini söyləmişdir.

Görüşdə regionda gedən proseslər, kriminal vəziyyət və ona təsir edən amillər, o cümlədən narkotiklərin qanunsuz istehsalı, kultivasiyası ehtimal olunan ərazilər, daşınma marşrutları və bundan irəli gələn təhdidlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılmış, sonda "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında" saziş imzalanmışdır.

 

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 3.