Həmişəcavan
Naxçıvan
Son 15 il ərzində muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər baş verib. Dünənə qədər ucqar bir əyalət mərkəzini xatırladan, işıqsız, qazsız qalan və digər məişət problemləri ilə çırpınan Naxçıvan şəhəri son illər büsbütün yenidən qurulub. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuş yeni həyat quruculuğu xətti bu gün də uğurla davam edir. 1995-ci ilin dekabrında Naxçıvan MR Ali Məclisinin Sədri seçilən Vasif Talıbov Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndərin quruculuq və inkişaf xəttinin blokada şəraitində yaşayan regionda həyata keçirilməsi üçün əməyini əsirgəmir.
Həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər sayəsində region az vaxt ərzində böyük inkişaf yolu keçib. Bunu statistik rəqəmlər də sübut edir: son bir neçə il ərzində muxtar respublikada 364 yeni sənaye müəssisəsi işə düşüb, əsas kapitala 2 milyard manata yaxın investisiya yönəldilib, bu investisiyadan səmərəli istifadə nəticəsində 393 inzibati bina, 593 mənzil-kommunal obyekti, 406 su nasos stansiyası və subartezian quyusu, 119 körpü, 45 məişət evi və ticarət mərkəzi, 231 elm və təhsil, 173 səhiyyə müəssisəsi, 33 idman obyekti və s. tikilib. Cəmi 7 min nəfərə yaxın sakini olan Şərur şəhərində müasir olimpiya-idman kompleksinin istifadəyə verilməsi kiçik şəhərə böyük idman gətirib. Sərhəd bölgəsi olan Heydərabadda tikilən müasir obyektlər, yaşayış evləri isə qəsəbəyə şəhər görkəmi verib.
Ötən il daxili tələbatdan artıq istehsal olunmuş 62 milyon 220 min dollarlıq sənaye məhsullarının xarici ölkələrə və respublikamızın bölgələrinə ixrac olunması da regionun getdikcə artan iqtisadi potensialından xəbər verir. Sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şəraitin nəticəsi olaraq muxtar respublikanın xarici ticarət əlaqələrinin coğrafiyası xeyli genişlənib. 2 il əvvəl isə ilk dəfə olaraq ixrac idxalı üstələyib və beləliklə, xarici ticarətdə müsbət saldo yaranıb.
Həyata keşirilən mühüm tədbirlərdən biri də 10394 hektar sahədə yeni yaşıllıq zolaqlarının - meşə massivlərinin, meyvə bağlarının salınmasıdır. Bu gün muxtar respublika ərazisinin 8 faizini yaşıllıqlar təşkil edir. Halbuki 10 il əvvəl bu rəqəm cəmi 1 faiz idi.
Təbii ki, bölgəyə dövlətin qayğı və dəstəyinin bu səviyyədə olması ilk növbədə regionun geosiyasi mövqeyindən irəli gəlir. Ümumiyyətlə, Naxçıvan MR Azərbaycan üçün həmişə strateji əhəmiyyət kəsb edən bir bölgə olub. Tarixə bir qədər nəzər salsaq, aydın görərik ki, muxtar respublika bir yandan geostrateji mövqeyi və zəngin təbii sərvətləri ilə diqqəti özünə cəlb edibsə, digər tərəfdən əlverişli tranzit imkanlarına malik olması, Böyük İpək Yolunun üzərində yerləşməsi onu iri ölkələrin maraqlarının kəsişdiyi əraziyə çevirib. Bütün bunlar isə qədim Naxçıvanı dəfələrlə hərbi və siyasi savaş meydanı edib.
Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın inkişafına xüsusi qayğı göstərib. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynayıb. Həmin illər ulu öndər demişdir: "Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur".
Bu gün
Prezident İlham Əliyev ümummilli liderin siyasi xəttini
uğurla davam etdirir. Naxçıvana səfərləri
çərçivəsində keçirdiyi
görüşlərin birində dövlət
başçısı demişdir: "Xalqımızın
ümummilli lideri Heydər Əliyev Naxçıvana çox
diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni
idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan
üçün əhəmiyyətini çox gözəl
başa düşürdü".
Regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının icrası
çərçivəsində həyata keçirilən tədbirlər,
aparılan tikinti-abadlıq işləri muxtar respublikanın
simasını xeyli dəyişib. Bu dəyişiklik
düşmən üçün əsl göz
dağıdır. Məgər düşmənlərimiz
Naxçıvanı iqtisadi blokada şəraitində
yaşamağa məcbur edəndə onların başlıca
məqsədləri bu torpağı iqtisadi cəhətdən
zəiflətməklə onu ələ keçirmək istəyi
olmayıbmı? Top-tüfənglə niyyətlərinə
çata bilməyəndə çalışıblar ki, bu əzəli
oğuz-türk yurdunda yaşayan insanlar ev-eşiklərindən,
ocaqlarından didərgin düşsünlər.
Amma müdriklərimizin belə
bir sözü var: "Sərkərdə igid olanda ordunu
heç zaman bada vermir". Naxçıvan Muxtar
Respublikasının bugünkü sosial-iqtisadi inkişafı
bu müdrik kəlamın doğruluğunu bir daha təsdiq
edir. Muxtar respublika bu cür sərkərdələr - ulu
öndər Heydər Əliyev və Prezident İlham Əliyevin
düzgün siyasəti sayəsində nəinki iqtisadi və
sosial böhrandan qısa vaxt ərzində yaxa qurtardı, həmçinin
onun dinamik inkişafı təmin olundu. Prezident İlham Əliyevin
sözüdür: "Mən çox şadam ki,
Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər
bu gün öz həllini tapır. Muxtar respublika uğurla
inkişaf edir, burada quruculuq-abadlıq işləri çox
sürətlə gedir, bütün sosial məsələlər
həllini tapır, yeni müəssisələr, fabriklər
açılır, yollar çəkilir".
Yenə də statistikaya nəzər
salaq: 2003-cü ildən bəri Naxçıvan Muxtar
Respublikasında 44,6 mindən çox yeni iş yeri
açılmışdır ki, bunun da 29,4 mini və ya 66
faizi daimidir. Bu o deməkdir ki, iki xarici dövlətlə sadələşdirilmiş
gömrük-keçid qaydaları fəaliyyət göstərən
bir regionda bu qədər iqtisadi cəhətdən fəal əhalinin
iş dalınca yaxın-uzaq ünvanlara, qonşu ölkələrə
getməsinə ehtiyac qalmayıb. Onu da qeyd edək ki, yeni
iş yerlərinin açılması, iqtisadiyyatın
ümumi strukturuna uyğun olaraq və daxili bazarın
qorunması tələbləri nəzərə alınaraq
yeni istehsal və emal sahələrinin yaradılması
sahibkarlığın inkişafı üçün əlverişli
şəraitin yaradılması hesabına mümkün
olmuşdur. Bu gün bölgədə ümumi daxili məhsul
istehsalında özəl sektorun xüsusi çəkisi 86
faiz təşkil edir. Hazırda muxtar respublikada əhalinin 89
növdə ərzaq, 153 adda qeyri-ərzaq məhsuluna olan tələbatı
tamamilə yerli istehsal hesabına ödənilir.
Naxçıvan MR-də ərzaq
təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi
də hazırda xüsusi diqqət yetirilən sahələrdəndir.
Bu istiqamətdə muxtar respublikada böyük layihələr
həyata keçirilib. Vaxt var idi ki, bölgədə elektrik
enerjisi sutka ərzində uzun fasilələrlə verilirdi. O
da qonşu ölkələrdən baha qiymətə almaq
hesabına. Dövlət başçısının "Azərbaycan
Respublikasında elektrik enerjisi təminatının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında" 2 may 2005-ci il tarixli sərəncamından
sonra isə vəziyyət tamam dəyişdi. Enerji təsərrüfatının
gücləndirilməsi sahəsində təsirli tədbirlər
görüldü, modul və qaz-turbin elektrik stansiyaları,
Heydər Əliyev su anbarı üzərində elektrik
stansiyası tikildi. Az vaxt ərzində muxtar respublika elektrik
enerjisi alan bölgədən elektrik enerjisi ixrac edən regiona
çevrildi. Hazırda muxtar respublika Türkiyəyə
gündə 16 meqavat elektrik enerjisi verir.
20 meqavat gücündə
olan Biləv Su Elektrik Stansiyası Naxçıvan MR-də həyata
keçirilən ən böyük infrastruktur layihələrindən
biridir. Stansiyanın tikintisinə 2008-ci ilin mart ayından
başlanılmış və qısa vaxt ərzində
başa çatdırılmışdır. Gilançay
üzərində tikilən stansiyada Avstriya istehsalı olan 2
turbin və generatorlar quraşdırılmışdır.
Stansiyanın
açılış mərasimində iştirak edən
dövlət başçısı demişdir: "Mən
çox şadam ki, Naxçıvanda nəzərdə
tutduğumuz bütün məsələlər bu gün
öz həllini tapır. Muxtar respublika uğurla inkişaf
edir, burada quruculuq-abadlıq işləri çox sürətlə
gedir, bütün sosial məsələlər həllini
tapır, yeni müəssisələr, fabriklər
açılır, yollar çəkilir... Biləv Su Elektrik
Stansiyasının açılışı, sadəcə
olaraq görülən işlərin yeni mərhələsidir.
O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən
səmərəli istifadə etmək üçün Azərbaycanda
çoxlu tədbirlər görülüb və bu tədbirlər
ardıcıl şəkildə həllini tapır".
Prezident İlham Əliyev 87
kilometr uzunluğunda olan Naxçıvan-Sədərək
magistral avtomobil yolunun açılışında da
iştirak etmişdir. Böyük İpək Yolunun bir hissəsi
sayılan bu yol Kəngərli, Şərur və Sədərək
rayonlarını birləşdirir. Avropa standartları əsasında
salınan yolun ümumi en sahəsi 23, asfalt qatının eni
17,2 metrdir. Magistral 4 zolaqlıdır. Zolaqları 1 metr enində
xətt ayırır. Bununla bərabər, yolun hər iki
istiqamətində təhlükəsiz zona salınıb.
Heç kimə sirr deyil ki,
hər bir cəmiyyətin tərəqqisi xeyli dərəcədə
təhsilin inkişafından və onun əhəmiyyətinin
düzgün qiymətləndirilməsindən
asılıdır. Təsadüfi deyil ki, ölkənin
ağır və çətin dövründə - 1995-ci ildə
keçirilən tədbirlərin birində "Mən müəllim
sənətini, müəllim işini və zəhmətini
yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cəmiyyət
haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə
xərcləməli, müəllimə xərcləməlidir"
- deyən ümummilli lider təhsilin maddi bazasının
gücləndirilməsini vacib və təxirəsalınmaz vəzifələrdən
biri hesab edirdi.
Prezident İlham Əliyev də
öz fəaliyyətində dəfələrlə bu xəttə
sadiq olduğunu sübut etmişdir. Ötən il muxtar
respublikaya səfəri çərçivəsində
keçirdiyi görüşlərin birində dövlət
başçısı demişdir: "Mən müəllimlərin
əməyini çox yüksək qiymətləndirirəm.
Hər bir ölkənin inkişafı üçün müəllimlərin
fəaliyyəti başlıca rol oynayır. Çünki ölkə
təbii sərvətlərlə zəngin ola bilər, ölkənin
digər imkanları, yəni, maliyyə imkanları geniş
ola bilər. Amma əgər peşəkar kadrlar yoxdursa,
intellektual potensial yüksək səviyyədə deyilsə,
o ölkələr həmin imkanlardan heç vaxt səmərəli
şəkildə istifadə edə bilməyəcəklər".
Məhz təhsilə
dövlət səviyyəsində bu cür yüksək qiymətin
verilməsinin nəticəsidir ki, son 10 ildə muxtar
respublikada 68 min 374 şagirdlik 168 məktəb binası, 1398
yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar
tədris müəssisəsi tikilib və ya yenidən qurulub.
Yeni təhsil müəssisələrində müəllim və
şagirdlər üçün nümunəvi şərait
yaradılmış, fənn kabinələri, laboratoriyalar,
açıq və örtülü idman qurğuları
müasir avadanlıqla təchiz edilmiş, ən yeni informasiya
və kommunikasiya texnologiyaları tətbiq olunmuşdur.
130-dan çox yaşı
olan Yengicə kənd orta məktəbi nəinki Şərur
rayonunun, eləcə də muxtar respublikanın ən qocaman təhsil
ocağıdır. Muxtar respublikada tikilən yeni məktəb
binalarından biri də həmin kəndin payına
düşmüşdür. 568 yerlik təhsil ocağında
müəllim və şagirdlərin ixtiyarına 32 sinif
otağı ilə bərabər, zəngin əyani vəsaitlərlə
təmin olunan fənn kabinetləri, laboratoriyalar, kitabxana, idman
zalı, yeməkxana verilib. Şagirdlərin müasir
informasiya texnologiyalarına yiyələnə bilmələri
üçün burada 2 kompüter otağı
yaradılıb. Hər bir otaqda 19 kompüter internetə
qoşulub. İki elektron lövhəli sinif də tədrisin
yüksək səviyyədə aparılmasına imkan verir.
Azərbaycanın Milli Qəhrəmanı
Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbi
də yeni istifadəyə verilən təhsil
ocaqlarındandır. Üçmərtəbəli, 540
şagirdlik binada sinif otaqları, fənn kabineti və
laboratoriyalar zəruri vəsaitlərlə təchiz olunub. 594
şagirdlik 2 nömrəli Sədərək orta məktəbinin
binası da təzədir. Bu müasir bina sərhəd
bölgəsində təhsilin yüksək səviyyədə
təşkili üçün bütün lazımi
avadanlıqlara malikdir. 612 şagirdlik Zeyvə kənd orta məktəbinin
binasını isə "Gəmiqaya" MMC 5 aya tikib
qurtarıb. Məktəbdə 33 sinif otağı, zəngin əyani
vəsaitlərlə təmin olunan fənn kabinetləri,
laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana, 2 kompüter,
elektron lövhəli sinif otaqları var.
Naxçıvan MR-də
aparılan genişmiqyaslı quruculuq tədbirləri
sırasında yeni səhiyyə ocaqlarının tikilməsi,
onların maddi-texniki bazasının möhkəmləndirilməsi
də mühüm yer tutur. Təkcə bir faktı qeyd edək
ki, bu gün muxtar respublikanın hər bir rayonunda mərkəzi
xəstəxanalar üçün yeni binalar tikilir. Artıq
onların 5-i hazırdır, 1-nin inşası isə davam
edir. Bunlardan əlavə, Naxçıvan şəhərində
diaqnostika-müalicə və doğum mərkəzləri
istifadəyə verilmiş, eləcə də ayrı-ayrı
ərazilərdə 42 xəstəxana, 51 həkim
ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi
tikilmiş və ya əsaslı şəkildə yenidən
qurulmuşdur. Naxçıvan Müalicə Diaqnostika,
Duzdağ Fizioterapiya, Naxçıvan şəhər doğum
mərkəzləri, Şərur, Şahbuz, Culfa rayon mərkəzi
xəstəxanaları üçün inşa olunan binalar
böyük şəhərlərdəki analoji səhiyyə
ocaqlarından geri qalmır. Yeri gəlmişkən, muxtar
respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin və
səhiyyə xidmətinin uğurlu nəticəsidir ki, son illər
əhalinin orta ömür müddəti 4,2 il yüksələrək
74,4 ilə çatıb.
Az vaxt ərzində regionun
iqtisadi göstəriciləri də xeyli yüksəlib.
Dünənə qədər sahibsiz qalan, yaxud xammal şəklində
yaxın-uzaq ünvanlara satılan yeraltı təbii sərvətlərdən
müasir texnoloji avadanlıqların tətbiqi hesabına səmərəli
istifadə muxtar respublika sənayesində iqtisadiyyatın
aparıcı sahəsinə çevrilməsinə səbəb
olub. Ötən illər sənaye müəssisələrinin
maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi
üçün səmərəli kredit mexanizmi qurulub,
satış problemlərinin həlli üçün yerli və
xarici bazarlara çıxış imkanları maksimum sadələşdirilib.
Həyata keçirilən tədbirlər sayəsində
muxtar respublikanın sənaye sektorunda 12 min nəfərdən
çox işlə təmin olunub, onların gücü ilə
müəssisələrdə 237 adda məhsul istehsal edilir.
Zəngin yeraltı təbii
sərvətlərə malik bölgədə qiymətli
daşlar, xammal ehtiyatları çoxdur. Düzdür, sovet
dönəmində onların bir çoxundan - travertin, mərmər,
qum-çinqıl yataqlarından istifadə olunurdu. Amma
aşkara çıxarılmayan yataqlar, mənbələr də
az deyildi. Muxtar respublikada geniş imkanlara malik olan transmilli
özəl şirkətin - "Gəmiqaya Holdinq"in
yaradılması isə bu sahədə imkanları xeyli
artırdı. Ankaradakı Texniki Universitetin əməkdaşları
ilə birgə aparılan axtarışlar nəticəsində
Kəngərli rayonunun Çalxanqala, Qarabağlar, Babək
rayonunun Buzqov kəndləri ərazisində, uca
dağların ətəyində qara, boz və qəhvəyi
rəngdə mərmər yataqları üzə
çıxarıldı.
Bu gün adıçəkilən holdinqə məxsus Gəmiqaya Daş Emalı Sənaye Kompleksinin istehsal sexlərində 30-dan artıq çeşiddə məhsul hazırlanır. Onların əksəriyyəti travertindəndir. Qara və qəhvəyi rəngli mərmərdən hazırlanan məhsullar antibakterial keyfiyyətə malikdir. Bu səbəbdən xarici bazarlarda onlara üstünlük verilir.
Bəli, XXI əsrin Naxçıvanı sürətlə, dinamik inkişaf edən bir bölgəyə çevrilib. Ulu öndərin "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin" sözləri bu gün artıq həqiqətdir.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2011.-14
yanvar.- S. 4.