Müstəqilliyə aparan şərərfli yol

 

Azərbaycan tarixində elə günlər var ki, bütövlükdə xalqın milli idealları uğrunda şanlı mübarizəsini, bu yolda hər cür məhrumiyyətə sinə gərmək əzmini özündə təcəssüm etdirir. Bu mənada, 20 Yanvar tarixi də Azərbaycan xalqının qürur və şərəf mücəssəməsinə çevrilmişdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik ideyaları uğrunda şərəfli mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, heysiyyətını alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş qanlı hadisələrdən biri baş vermişdir. İrticaya xidmət edən silahlı birləşmələrin qeyri-qanuni olaraq Bakıya yeridilməsi nəticəsində dinc insanlara divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.

 

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə xüsusi səfərbər edilmiş hərbi birləşmələr və zirehli texnika həmin gün Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutuldu. Torpaqlarının müdafiəsinə qalxaraq fövqəladə vəziyyətin elan olunmasına etiraz edən yüzlərlə insan, o cümlədən uşaq, qoca, qadın qətlə yetirildi, yaralandı, itkin düşdü, bir çox inzibati binalar, yaşayış evləri gülləbaran edildi, tanklar qarşılarına çıxan nəqliyyat vasitələrini dəmir yığınına çevirdi.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz şəhərə daxil oldu, əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə 1-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ şəkildə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm" - deyən ulu öndərin bu qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açdı, xalqın suveren hüquqlarına qəsd olunduğunu bildirdi, anneksiya siyasətinə qəti etirazını ifadə etdi. Ulu öndər üzləşdiyi hərbə-zorbalara məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini göstərdi.

Bu böyük şəxsiyyət bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi. Totalitar rejimin "repressiya maşını"nın sərtliklə işə düşdüyü bir zamanda keçmiş SSRİ rəhbərliyini, konkret olaraq M.Qorbaçovu, Ə.Vəzirovu və başqalarını baş vermiş hadisəyə görə kəskin ittiham etmək böyük risk idi. Ümummilli lider sonrakı mərhələdə daha bir qətiyyətli addım ataraq Kommunist Partiyasının sıralarından istefa verdi.

Ulu öndər Heydər Əliyevin "Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır" tələbi onun bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi olmuşdur. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi onun fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxlamışdır. Təsadüfi deyildir ki, hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci il noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda hər il 20 Yanvarın Milli Matəm Günü qeyd olunması qərara alınmışdı. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış, onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdi. Bu, əslində, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi.

Qəbul olunan sənəddə həmçinin göstərilirdi ki, respublika rəhbərliyi xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. Bu sənəd bir daha ümummilli lider Heydər Əliyevin nə qədər cəsarətli və qorxmaz, Vətənini və xalqını sevən, bu yolda ən ağır mübarizədən belə, çəkinməyən fenomenal şəxsiyyət olduğunu təsdiqləyir.

Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətini də məhz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə aldı. Ulu öndərin 1994-cü il 5 yanvar tarixli sərəncamında faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev hadisəyə tam və hərtərəfli hüquqi-siyasi qiymətin verilməsi vacibliyini önə çəkdi.

Dövlət komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi. Bakıya qoşun yeridilməsi milli azadlıq hərəkatını boğmaq və kommunist rejimini saxlamaq məqsədinə xidmət edirdi. Eyni zamanda, əsas məqsəd xalq hərəkatına zərbə vurmaq, istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olub. Bundan əlavə, qərarda faciənin günahkarları konkret adlarla göstərilir, ötən dörd il müddətində respublika hüquq-mühafizə orqanlarının bu ağır cinayətin istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz qiymətləndirilirdi.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Onun 2000-ci il 17 yanvar tarixli fərmanına əsasən, 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Eləcə də "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. Bundan başqa, Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm xatirə kompleksi ucaldılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev də bu ənənəyə sadiq qalaraq Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, dövlət səviyyəsində hər il Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul olunur.

Bütün bunlar göstərir ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra faciələrimizin səbəblərini araşdırmaq, onlara obyektiv hüquqi-siyasi qiymət vermək, bu əsasda baş verənlərdən düzgün nəticə çıxarmaq imkanı yaranmışdır.

1990-cı ilin 20 Yanvarı elə şanlı tarixdir ki, qərinələr, əsrlər keçsə də, xalqın yaddaşından silinməyəcək, həmişə yad ediləcək, bu faciənin baş verməsinə rəvac verənlər lənətlənəcəklər. Keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 5.