Faciəmiz və şanlı tariximiz

 

Əziziyəm bu ada,

Bu kədərə bu ada.

Qanlı Yanvar günləri

Tarix yazdı dünyada.

 

Deyirlər dərd köhnəldikcə adamı ram edir. Zaman yaraları sağaldır. İnsan ölümün soyuq və dəyişməz qanunları qarşısında güzəştə getməyə məcbur olur. Amma bu sözlər 20 Yanvar faciəsinin fonunda quruca təsəllidən başqa heç nəyi ifadə etmir. Çünki 21 il keçməsinə baxmayaraq nə o qara gecənin vahiməsini, nə də ölənləri, itənləri yaddaşımızdan silməyə zamanın gücü çatmır. Bakı buxtasında dayanan, Xəzərin dərin sularını dolaşan gəmilərin naləsini, Bakının daş sinəsində göllənən şəhid qanlarını, qan rəngli qərənfil yağışını unutmaq olarmı heç?

...Nəhəng sovet imperiyasının bünövrəsi çat verdikcə onun köhnə divarlarının kərpicləri arasından çıxmaq istəyində olan dövlətlərin üzərinə qan tökülürdü. Artıq növbə Azərbaycanın idi. 70 il sərvətləri sovurulmuş Bakının ayrılmasını, müstəqilliyini həzm edə bilməyən imperiya hikkədən, qəzəbdən çıxış yolunu sinəsi azadlıq təşnəsi olan xalqımızı qanına qəltan etməkdə gördü. 70 il qollarımızı açıb qənşərinə yüyürdüyümüz Qızıl ordu Yanvarın bir gecəsində əsl yırtıcı üzünü göstərdi bizə. Elə o vaxtdan da bizi topla, tankla əzib keçən vəhşilərə qızıl ordu yox, imperiya ordusu deməyə başladıq. Kremlin "qanlı planı"nı həyata keçirmək üçün Dağlıq Qarabağda və sərhəd rayonlarında "vəziyyəti normallaşdırmaq" pərdəsi altında hələ yanvarın 16-dan sovet ordusu Bakını mühasirəyə almışdı. O vaxt şəhər ən qayğılı və gərgin günlərini yaşayırdı. Bakının küçələrində qeyri-sabit durum gündən-günə artırdı. Yanvarın 17-dən başlayaraq həm ordu komandirləri, həm də respublikamızın o vaxtkı rəhbərləri xalqı cidd-cəhdlə inandırmağa çalışırdılar ki, ordu Bakıya girməyəcək. Elə xalqımız da belə vəhşiliklə üzləşəcəyinə inanmırdı. Şəhər kənarında pusquda durub işarə gözləyən silahlı qüvvələrin tanklarla şəhərə girəcəyinə, əliyalın gənclərə atəş açacaqlarına inanmırdı. Lakin unudurduq ki, bu həmin ordudur ki, Macarıstanda tanklarla uşaq beşiklərinin üstündən keçmişdi. Eyvandan baxanları və yol keçənləri güllə baran etmişdi. Çexoslovakiyanın yollarını ölkə cavanlarının, günahsız dinc insanların qanına boyamışdı. Analoji hadisələr Alma-Atıda, Tbilisidə də törədilmişdi.

...Bakı püskürməyə hazırlaşan vulkana bənzəyirdi. Əvvəl seyrək atəş səsləri gəlsə də, bir an sonra sanki bütün silahların atəş yarışı başladı. Azərbaycan xalqının "olum, ya ölüm" tələbinə caynaqları qanlı imperiya ölümlə cavab verdi. O gecə Bakının səhəri qara rənglə açıldı. Sovet əsgərləri əliyalın xalqı güllədən keçirdi. Küçələrdə tankların altında əzilmiş insanların cəsədləri, qanlı paltarlar, asfalt üzərində qan gölməçələri adamı dəhşətə gətirirdi. Bakı o Bakı deyildi. Hər yanda hüzn, hər ağacdan asılan qara yaylıqlar xalqımızın matəmindən xəbər verirdi. Hava barıt qoxuyurdu. Salyan kazarması qanlı döyüş meydanını xatırladırdı. O gün o qara kabusun baş qəhrəmanları - Qorbaçov Yazov cütlüyünün cinayətkar əməlləri sayəsində 137 dinc sakin öldürüldü. 700 nəfərə yaxın adam yaralandı. Bu statistika xalqımıza qarşı törədilmiş hərbi-mənəvi cinayətin geniş miqyasından xəbər verir. Amma düşmən xalqımızın əzmini sındıra bilmədi. 20 Yanvar ümumi faciəmizə çevrilməklə bərabər, həm də Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil oldu. Bu tarix bizə böyük bir ibrət dərsi keçdi. Kim bilir, bəlkə də aldığımız ibrət dərsini dəqiq mənimsəsək, bu, sabah baş verə biləcək faciələrin qarşısını almaq üçün ən kəsərli silahımız olar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 5.