Küveytdə "Azərbaycanda
qanlı 20 Yanvar faciəsi" adlı jurnal nəşr
edilmişdir
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycanda qanlı 20 Yanvar faciəsi" adlı jurnal nəşr edilmiş, həmin hadisələrə həsr olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanmışdır.
Jurnalda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycana daxil olaraq, zirehli hərbi texnika və silah tətbiq etməklə mülki əhaliyə divan tutması fotoşəkillər vasitəsilə oxuculara təqdim olunmuşdur.
Bu nəşrdə ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqımıza qarşı törədilmiş vəhşiliyə qarşı etirazını bütün dünyaya bəyan etməsi xüsusi vurğulanır. Bildirilir ki, məhz ulu öndər Heydər Əliyevin iradəsi nəticəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilmiş və bu faciəni törədənlərin adları dünya ictimaiyyətinə açıqlanmışdır.
"Azərbaycanda qanlı 20 Yanvar faciəsi" jurnalı və DVD formatında sənədli film Küveyt Dövlətinin rəsmi qurumlarına, İslam Mərkəzinə, ölkənin nüfuzlu ali təhsil ocaqlarına, elmi mərkəzlərinə və kitabxanalarına, mətbuat orqanlarına və televiziya kanallarına göndərilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 14 yanvar.- S. 5.