Bosniya və Herseqovinanın xarici işlər naziri İçərişəhərlə tanış olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olmuşdur. Tanışlıq müddətində qonaqlar üçün İçərişəhər ərazisində gəzinti və tarixi abidələrimizlə bağlı ekskursiya keçirilmişdir.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, qonaqlar gəzintiyə ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız qalası ilə tanışlıqdan başlamışlar. Bakının simvolu, əzəmətli Qız qalasının tarixi barədə məlumat verilmiş, bu qədim abidənin YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edildiyi vurğulanmışdır.

Daha sonra qonaqlar ölkəmizin geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları ilə tanış olmuşlar.

Elektromobillərlə davam etdirilən gəzinti zamanı İçərişəhərdəki çoxsaylı qədim abidələr, xüsusilə də Qoşa qala qapıları və yaxınlıqdakı meydanın tarixi barədə nümayəndə heyətinə ətraflı məlumat verilmişdir.

Gəzinti "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı" ilə tanışlıqla başa çatmışdır.

Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay İçərişəhərin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 6.