Dini tolerantlığın inkişafında Azərbaycan modeli

 

Günü-gündən qüdrətlənməkdə olan ölkəmizdə radikal dindarlar və onların xarici havadarları məkrli məqsədlərinə çatmayacaqlar

 

Müasir Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri də ölkəmizdə yüksək tolerantlıq mühiti, müxtəlif dinlərin sərbəst fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasıdır. Bu gün ölkəmizdə dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün xalqlar bir ailə kimi dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Elə bu səbəbdəndir ki, Azərbaycan dünya miqyasında təkcə dinamik sosial-iqtisadi inkişafa malik ölkə kimi yox, həm də dini tolerantlıq baxımından xüsusi maraq və əhəmiyyət kəsb edən dövlət kimi çıxış edir. Beynəlxalq miqyasda da qəbul olunan həqiqətdir ki, Azərbaycan tolerantlıq mühiti baxımından dünyada özünəməxsus bir modelin əsasını qoyub.

Azərbaycanda dini dözümlülük şəraitinin yüksək olması öz növbəsində cəmiyyətin möhkəmlənməsini, sarsılmazlığını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Belə ki, dini tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanda müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmiz müxtəlif beynəlxalq dini tədbirlərin keçirildiyi əsas məkanlardan biri olaraq da dünyada kifayət qədər yaxşı tanınır. Artıq bu qəbildən olan tədbirlərin ölkəmizdə baş tutması ənənəvi xarakter alıbdır. Bunun nəticəsidir ki, son illər Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Xatırladaq ki, 2009-cu ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün ölkəmizdə böyük bir tədbir keçirilib. Ötən ilin aprelində isə dünya dini liderlərinin Bakı sammiti keçirilib. Bütün bunlar həm də Azərbaycanın sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verməsindən xəbər verir. Bu mənada təsadüfi deyil ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı seçildi və həmin il ərzində bununla əlaqədar ölkədə çoxsaylı tədbirlər keçirildi. Bütün bunlar dünya miqyasında Azərbaycanda tolerantlıq mühitinə, onun əsas cəhətlərinə diqqət və marağı artırmaqdadır.

Hazırda Azərbaycanda vicdan və dini etiqad azadlığı tam təmin olunub. Eləcə də hər bir vətəndaşın hüquq və azadlıqları dövlət tərəfindən təmin edilərək qorunur. Çünki bu, bütövlükdə cəmiyyətin, dövlətin özünün inkişafına böyük təkan verir. Xatırlatmaq yerinə düşərdi ki, əsrlər boyu Azərbaycanda bir ailə kimi yaşayan millətlərin, dinlərin nümayəndələri ölkəmizin inkişafında özünəməxsus rol oynayıblar və oynamaqdadırlar. O da danılmaz həqiqətdir ki, ölkəmizdə din xadimlərinin, eləcə də dinə bağlı insanların Azərbaycanda fəaliyyəti üçün hər cür şərait və sərbəstlik yaradılıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə mindən çox məscid, on bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev hər zaman məscidlərin, eləcə də digər dini ocaqların bərpasına, tikilməsinə, dini inanc yerlərinin yenidən qurulmasına, onların saxlanmasına böyük diqqət yetiriblər. Bu fonda müsəlman ölkəsi olan Azərbaycanda islamın daha geniş formada öyrənilməsi, tədrisi üçün müvafiq addımlar atılıb. Məsələn, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi açılıb. Ümumilikdə dini məktəblərin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Qafqaz Müsəlmanları İdarəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi kifayət qədər təqdirəlayiq hal kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun da dinlə bağlı məsələdə gördüyü işlərin miqyası olduqca böyükdür.

Bütün bunlar bir daha Azərbaycanın dini tolerantlıq baxımından nümunəvi dövlət olduğunu, sözügedən sahədə ölkəmizdə müsbət tendensiyanın, yüksək mədəniyyətin formalaşdığını aydın şəkildə nümayiş etdirir.

Ancaq təəssüf ki, bu gün Azərbaycanın getdikcə daha qüdrətli bir ölkəyə çevrilməsini qəbul edə bilməyənlər ölkəmizdə formalaşmış tolerantlıq mühitindən də böyük narahatlıq hissi keçirirlər. Belələri təkcə Azərbaycanın hüdudlarından kənarda deyil, ölkə daxilində də mövcuddur. Yaradılmış əlverişli şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dindarlar xarici dairələrin dəstəyi və təhriki ilə dini sabitliyi pozmaq, ölkəni dinlərarası ziddiyyətlər meydanına çevirmək istəyirlər. Onlar eyni zamanda Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək məqsədilə müəyyən tədbirlər həyata keçirməyə cəhd göstərirlər. Lakin indiyə qədər bu istiqamətdə göstərdikləri cəhdlərin qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınıb. Şübhəsiz ki, bundan sonra da radikal dini qüvvələr Azərbaycanda öz niyyətlərini reallaşdıra bilməyəcəklər. Çünki onların qarşısında hər zaman güclü və qüdrətli Azərbaycan dövləti durur. Ancaq buna rəğmən həmin qüvvələr hələ də öz məkrli məqsədlərindən əl çəkmirlər. Bu yaxınlarda meydana çıxan hicab məsələsi də bunun daha bir göstəricisidir. Sözügedən məsələ ilə bağlı bəzi dindarların etirazı isə yenə də Azərbaycanın inkişafından təşvişə düşən xarici dairələr tərəfindən təşkil olunmuş, maliyyələşdirilmiş və dəstəklənmişdir. Belə dindarların məramlarının nədən ibarət olduğunu yaxşı bilən Azərbaycan xalqı dünyəvi inkişafın tərəfdarı kimi heç vaxt onların mövqeyini qəbul etməyib və etməyəcək də.

Radikal dindarlar və onlara xaricdən dəstək verənlər isə Azərbaycanda niyyətlərinə çata bilmədikləri üçün daha da aqressivləşirlər. Bunun üçün onlar hətta ictimai asayişi pozmağa, silahlı qarşıdurmaya can atmağa cəhd etməkdən belə çəkinmirlər. Rəsmi qeydiyyata düşməyən Azərbaycan İslam Partiyası ilə bağlı baş verən son olaylar qeyd edilənlərə konkret nümunə hesab oluna bilər. Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatından aydın olur ki, cari il yanvarın 8-də rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədovun, onun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Dəyanət Səmədovun evinə və işlədiyi elektrik malları mağazasına baxış zamanı seyfin altından 3 əl qumbarası, yaşadığı evdən 7 avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıb, faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə cinayət işi açılıb və istintaqa başlanılıb.

Yanvarın 11-də Dəyanət Səmədovun və onun qayını Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib. Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilib götürülüb.

Göründüyü kimi, radikal dini qüvvələr təkcə zorakılıq və qarşıdurma çağırışları etmir, həm də silahlanaraq öz niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Lakin qeyd olunduğu kimi indi kifayət qədər qüdrətli olan Azərbaycan dövləti, onun müvafiq strukturları hər zaman belə bəd niyyətlərin qarşısını almağa hazırdırlar. Bunun nəticəsidir ki, Mövsum Səmədov və onun yaxın tərəfdarları öz məqsədlərini həyata keçirməyə imkan tapmayaraq vaxtında neytrallaşdırılıblar. Azərbaycan hüquq-mühafizə orqanları sayıqlıq nümayiş etdirərək, radikal dindarların və onların xarici havadarlarının cinayətkar əməllərini ifşa edib və müvafiq tədbirlər həyata keçiriblər.

Ölkənin əsas qanunu olan Konstitusiyaya görə, Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Qeyd olunduğu kimi isə, dinin inkişafı üçün ölkəmizdə hər cür yüksək şərait yaradılıb. Amma dünya təcrübəsində dinlərdən zaman-zaman müxtəlif məqsədlər üçün istifadə olunub, dini dövlət yaratmağa cəhdlər edilib. Tarixə diqqət yetirmək kifayətdir ki, teokratiyanı dini aparıcı element kimi götürüb buna uyğun dövlət idarə üsulu yaratmış xalqların olmasına dair xeyli sayda misallarla qarşılaşasan. Konkret olaraq Azərbaycana gəlincə, məlumdur ki, hazırda demokratiya, dünyəvi inkişaf, azadlıq, insan hüquqları kimi dəyərlər ölkəmizin əsas xarakterik xüsusiyyətləri və tərəqqi yolunun mühüm istiqamətləridir. Həmin dəyərlər Azərbaycan Konstitusiyasında da aydın təsbit olunub.

Məhz belə bir şəraitdə dindən vasitə kimi istifadə edib öz yaramaz məqsədlərinə çatmaq üçün cəhd göstərənlərə qarşı cəmiyyət ciddi təpki göstərir. Çünki radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi digər ölkələr kimi Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizdə qeyri-stabillik yaratmaqdır. Onlar dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər. Azərbaycan cəmiyyəti isə buna birmənalı etiraz edir. Çünki bu, Azərbaycanın müasir inkişafına qarşı yönəlmiş qəsddən başqa bir şey deyil. Elə buna görə də bu cür hərəkətlər Azərbaycan cəmiyyəti tərəfindən sərt etirazla qarşılanacaq. Bunu kifayət qədər yaxşı bilən, lakin xaricdən aldığı sifariş əsasında fəaliyyət göstərən radikal dindarlar, onların əcnəbi ağaları yeni yüzillikdə, qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə, təəssüf ki, hələ də müxtəlif vasitələrdən, o cümlədən din amilindən istifadə etməklə ölkəmizi cəhalətə sürükləməyə çalışırlar. Lakin onlar, nədənsə, unudurlar ki, Azərbaycan xalqı öz dünyagörüşünə görə dünyəvidir. Xalqımız öz dininə hörmətlə yanaşaraq yalnız dünyəvi prinsipləri qəbul edir. Bu mənada ölkəmizdə dinin siyasi prosesə müdaxilə etməsi mümkünsüzdür və bunun üçün Azərbaycanda zəmin yoxdur. Xalqımızın tarixi, dünyagörüşü, ictimai-siyasi, sosial-iqtisadi, mənəvi baxışları da siyasəti və dini bir-birindən ayrı tutur.

Bu gün Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək. Əksinə, radikal dini qruplaşmalar və onların xarici havadarları hər zaman fiaskoya uğrayacaqlar. Bunu həm Azərbaycanda istənilən təhlükəni dəf edəcək qüdrətli dövlətin olması, həm də xalqımızın bu məsələdə tutduğu aydın mövqe şərtləndirir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 6.