Danışan şəkillər
Şəkillər aradan nə qədər vaxt keçməsinə baxmayaraq, bəzən danışa bilir, xəyallara, düşüncələrə qol-qanad verir.
Şəkillər həm də elə bil nə vaxtsa donmuş insan görüntüləri, mənzərələr, vaxtın, zamanın əllərindən qoparılaraq xilas edilmiş duyğular, qəlb çırpıntıları, arzular, istəklərdir. Hərdən şəkillərə dönməyən, amma bir şəkil, bir xatirə kimi gözlərimizdə, ürəklərimizdə donub qalan, bizi solmağa-saralmağa qoymayan günlər, saatlar, anlar da olur.
Bu gün əsarətdə qalan Qarabağın nə vaxtsa gözümüzə köçən, yaddaşlarda qalan şəkillərindən, bir də şəhid olan xatirələrindən danışacağıq, daha doğrusu, özləri danışacaqlar - həm şəkillər, həm şəhidlər...
Qarabağ atları
Qarabağ atları da adamlara bənzəyir - onlara da bu torpaq, bu yurd olmadan yaşamaq çox çətindir, bəlkə də mümkünsüzdür... Vaxtilə sovet rəhbərləri tərəfindən ingilis kraliçasına bağışlanan, qısa bir vaxtdan sonra elə orada, qürbətdə yaşamaqdan ölən "Zaman" adlı atı bir daha yada salaq. Bir vaxt Ağdam Atçılıq Zavodunda sevilə-sevilə bəslənən bu atlar da adamlar kimi qaçqın-köçkün həyatı yaşamaqdadırlar... Ancaq atların da, adamların da o yurda - torpağa qayıtmaq həvəsi, istəyi azalmır, əksinə, gündən-günə daha da artır...
Şuşanın dağları,
bir də Cıdır düzü...
Qəribədir, niyə yüksəkliklər, zirvələr, dağlar həmişə bizdə izah olunmayan ülvi hisslər, duyğular, fikirlər oyadır? Niyə o dağları, zirvələri itirməklə günlərin bir günü bütün Qarabağı itirdik? Bəlkə bütün Qarabağ elə əsasən dağlardan ibarətdir, ona görə? Bir də dağların əziyyətini həmişə aran-düz çəkər. Necə ki Dağ Qarabağın dərdini indi bütün Aran Qarabağ çəkir...
Bir cox kəndlərimiz, şəhərlərimiz kimi, Şuşa da dağlar qoynunda idi. Yadınızdadı Xan əmi necə oxuyardı: "Şuşanın dağları - başı dumanlı". Arada məcbur olub, deyilənə görə, belə də oxuyub: "Şuşanın dağları deyil dumanlı..." Zəmanə Xan əmini də çətinliklərə salmışdı, amma o oxumağından qalmamışdı... O sözlərdəki bir çox həqiqəti indi daha yaxşı anlayırıq.
Şuşanın məşhur Cıdır düzü hansı qanlı hadisələrin, hansı faciələrin şahidi olmayıb?! Oradan baxanda nələr görünmürdu - Kirs dağı, Qırxqız, Turşsu, Daşaltı, Xankəndi, Xocalı, Əsgəran qalası, Topxana meşəsi...
Əzizinəm Qarabağ...
Məscidləri, minarələri, bir-birinə bənzəməyən evləri, yolları ilə Şuşa bir türk-müsəlman şəhəridir... Pənahəli xan, İbrahimxəlil xan, Natəvan, Nəvvab, Sadıqcan, Qasım bəy Zakir, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Üzeyir bəy, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Xudadat bəy Məlikaslanov, Cavad bəy Məlikyeqanov, Səməd paşa Mehmandarov, Fərhad Ağazadə, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Niyazi, Süleyman Ələsgərov, Rəşid Behbudov və daha kimlər. Hər biri ayrılıqda böyük bir xalqın tarixinə rövnəq verə bilən şəxsiyyətlər...
Sözüm vardır mənim sizə...
İndi uzaqdan-uzağa da olsa, meşələrindən, bağlarından əsən küləklərin, dağlarından baş alıb gələn sərin çayların, bulaqların nəfəsini hiss edirik. Doğrudur, bəzən o suya, o çaya ermənilər zəhər də qatıb bizə tərəf göndərirlər. Amma hələ ki nə o küləyin qarşısını kəsə bilən var, nə o çayları, suları dayandıra bilən. Min illərdir bu ahəngi, bu harmoniyanı, bu əhdi-vəfanı heç kim pozub məhv edə bilmir...
Bir də sanki bütün bu deyilənləri təsdiq edirmiş kimi, dağlı-aranlı hər iki yana heç nəyə məhəl qoymayan quşlar uçur, durnalar keçib gedir nə vaxtsa Vaqifin, Zakirin söylədiyi kimi: "Bir zaman havada qanad saxlayın..." Gərək təəccüblənməyək, axı bunlar həmişə belə olub, heç vaxt sərhəd, maneə, qadağa tanımayıblar...
Nədənsə, Qarabağdan, bu son illərin ağrı-acılarından danışanda daha çox O UŞAĞIN GÖZLƏRİ yada düşür. Sanki bütün ağrılarımız, dərdlərimiz, itirdiklərimizin hamısı o gözlərdədir: Xocalı, Xocavənd, Qaradağlı, Şuşa, Ağdam, Laçın, Kəlbəcər...
Millət hərdən qalxa da bilər, düşə də bilər. Allah eləməsin ki, biz ATLARın və UŞAQLARın gözlərindən düşək. Bu, artıq başqa bir günün, başqa bir şəklin mövzusudur.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-14
yanvar.- S. 7.