Cavad xan hünərlərə səsləyir

 

İki yüz il bundan əvvəl rus işğalının ən böyük zərbəsi qədim Gəncə şəhərinə dəydi. Gürcü mənşəli rus generalı Sisyanov dəfələrlə məktublar yazaraq Gəncənin hakiminə təslim olmağı təklif etsə də, Cavad xan qəti etiraz etdi. "Siz Gəncəyə yalnız mənim meyitimin üstündən keçə bilərsiniz", - dedi.

1804-cü il yanvarın ilk günlərində təpədən-dırnağa kimi silahlanmış rus qoşunları Gəncənin üzərinə yeridi. Qızğın döyüşlər başlandı. Hünərvər gəncəlilər Cavad xanın başçılığı ilə düşmənə layiqli cavab verirdilər. Qüvvələr qeyri-bərabər idi. Yanvar ayının 4-də igid Cavad xan oğlu Hüseynqulu xanla birlikdə döyüş meydanında şəhid oldu. Vətənin mərd oğlu ölümü üstün tutdu, lakin düşmənə təslim olmadı.

Elə o vaxtdan Cavad xanın adı milli istiqlal uğrunda mübarizə tarixinə əbədilik yazıldı.

Doğma vətənində Cavad xanın adı həmişə ehtiramla yad olunur. Onun döyüş bayrağı qədim Gəncənin embleminə çevrildi. Şəhərin ən gözəl küçələrindən biri Cavad xanın adını daşıyır. Məzarı üzərində milli üslublu məqbərə ucaldıldı. Hər il yanvar ayında Cavad xanın anım günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilir. Həmin tədbirlərdən biri bu günlərdə qəhrəmanın məqbərəsi önündə olmuşdur.

Minlərlə gəncəli ötən günləri bir daha yada salmaq üçün yığışıb gəlmişdi. İcra hakimiyyətinin başçısı Eldar Əzizov, şəhərin məsul işçiləri, ziyalılar qəhrəmanın məzarı üzərinə gül dəstələri düzdülər.

Məqbərənin önündə ötən günləri canlandıran meydan tamaşası göstərildi. Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında tarixin unudulmaz anları bir daha yada salındı. Ssenari müəllifi əməkdar incəsənət xadimi Məmməd Alim, rejissoru isə əməkdar incəsənət xadimi Vaqif Şərifov idi. Cavad xanın mərd obrazı xalq artisti Alim Məmmədov tərəfindən canlandırıldı.

Qəhrəmanlıq ənənəsi davam edir. Alqış sədaları altında meydana milli dövlətimizin nizami ordusunun hissələri daxil olur. Cavad xan hamını vətənin hər qarışını qorumağa, Qarabağ torpaqlarını namərd düşmənlərdən azad etməyə çağırır. Döyüşçülər Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs vəzifənin hökmən yerinə yetiriləcəyi barədə and içirlər.

 

 

Azərbaycan.- 2011.- 14 yanvar.- S. 7.