Vətən həsrətindən doğan fəryad

 

Yaman ağır, çəkilməz olur yurd həsrəti. Bu həsrətə, xiffətə dözmək də hamının çəkə biləcəyi yük deyil. Doğmalarının uyuduğu, üzərində ilk addımını atdığın, böyüyüb boya-başa çatdığın torpağın bir andaca yağmalanması, hər qarışına, hər tininə, küçəsinə bələd olduğun, nəfəsin dəydiyi kəndin, şəhərin, elin, obanın işğal edilməsi, yağı tapdağı altına düşməsi həqiqətən də çəkiləsi dərd deyil. Bu dərdlə dünyadan nisgilli gedənlərin nigaran ruhları isə çoxdan doğma yurd yerlərində bir narahatlıqla dolaşmaqdadır. Ruhların nigarançılığına, narahatlığına son qoyulacaq gün ata-baba yurdlarına yenidən doğma nəfəslərin dəyəcəyi, cığırlarına, yollarına doğma izlər düşəcəyi gündür.

 

Həmin günə qədər isə doğma ev-eşiyindən kənarda yaşamağa məcbur olanlar, xəyallarında ata-baba torpaqlarında dolaşanlar, bu yerlərin suyunu içib, havasını udanların, eləcə də damarlarında azərbaycanlı qanı axan hər bir insanın qəlbində daim yurd sevgisinin alovu şölələnəcək. Ancaq bu alov hər zaman olduğu kimi, qəlbləri isitməyəcək, əksinə, daha da sızladacaq, göynədəcək. Vətənində məcburi köçkün adı daşımağa məcbur olanlar hər dəfə işıqlı dünyaya göz yumduqları zaman Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə, Qubadlıda və işğal altında olan digər yurd yerlərində dəfn olunmalarını vəsiyyət edəndə, torpaq həsrətilə dünyadan köç edəndə bu göynərti, sızlama daha da dözülməz olacaq.

Bütün bunlar həm də yaddaşlarda, ürəklərdə, beyinlərdə qisas yanğısını hər keçən gün daha da gücləndirməkdə, düşmən tapdağı altında olan yerlərin xəyalən olsa belə nəhənglərdən nəhəng sayılan xatirə heykəlini ucaltmaqdadır. Bu xatirələr həm də yüzlərlə, minlərlə publisistik əsərin, kitabın, digər yaradıcılıq məhsullarının meydana gəlməsinə rəvac verir. Publisist Vahid Qazinin "Ruhlar şəhəri" kitabı bu qəbildən olmaqla yanaşı, həm də tarixin acı bir səhifəsini yaddaşlara salır, diqqət obyektinə çevirir.

Kitab 18 ilə yaxındır ki, işğal altında qalan Ağdama həsr olunub. Buraya müəllifin 15 essesi daxildir. Ramiz Rövşən isə kitaba "Mümkünsüz qayıdışın əzabı" adlı ön söz yazıb. Kitab bəzən bir körpənin, bəzən bir uşağın, bəzən bir yeniyetmənin dililə obrazlı, orijinal şəkildə Qarabağın dağı ilə düzəni arasında körpü olan işğaldan öncəki Ağdamı, bu yerin tanınmış insanlarını göz önündə canlandırır. Müəllif xəyalən olsa da, oxucusunu cənnət Qarabağın bu gözəl diyarına aparır, Ağdamla, ağdamlılarla tanış edir. Təsadüfi deyil ki, kitab oxucuya müəllif tərəfindən bu sözlərlə təqdim edilir: "WebUrbanist.com internet nəşri Ağdamı turistlər arasında maraq doğuran "24 ruhlar şəhəri" siyahısına salıb. Səni ora aparacam, xatirələrimin yurdundan, yurdumun xatirələrindən danışacam. Sən bu şəhəri bəzən 5 yaşlı körpənin heyrəti, bəzən 10 yaşlı uşağın marağı, bəzən də 15 yaşlı yeniyetmənin hissləriylə duyacaqsan. Onu bir uşağın hələ kirlənməyən dünyasından keçib görəcəksən. İndi sakini sərgərdan ruhlar olan bir şəhərə - mənim şəhərimə səyahətə gedirsənsə, yanıma gəl, qolundan tutum, birlikdə gedək..."

Kitabda yer alan elə ilk essedən müəllifin Ağdamsızlıq fəryadı, qəlb göynərtisi, yurd həsrəti dərhal özünü büruzə verir. Amma müəllifə, eləcə də hər bir ağdamlıya əzab verən, yandırıb yaxan məqam həm də bir vaxtlar təmtərağı, cah-cəlalı, abadlığı ilə göz oxşayan Ağdamın indi Yer üzündən silinməsi, daşının daş üstə qalmaması, kabuslar məskəninə çevrilməsidir. Elə buna görə də kitab təsadüfi olaraq "Ruhlar şəhəri" adlanmır. Növbəti esselərdə uşaqlıq xatirələrini dilə gətirən müəllif həm də ötən əsrin 70-ci, 80-ci illərinin Ağdamını, onun sakinlərini, məşhur insanlarını oxucusunun xəyalında obrazlı və özünəməxsus formada canlandırır.

Ağdamın xarabalıqlarını görən əcnəbilər çox vaxt onu "kiçik Xirosima" adlandırmağa üstünlük verirlər. Kifayət qədər məharətlə tapılmış, həqiqəti özündə əks etdirən, şişirdilməyə yol verilməyən bir bənzətmədir. Çünki bu şəhər zəbt edildikdən sonra erməni barbarlığı nəticəsində tamam məhv edildi, hər bir tikilisi söküldü, material olaraq satıldı, heç ermənilər özləri də müvəqqəti olsa belə ələ keçirdikləri bu yerlərdə sakin olmaq istəmədilər və istəmirlər də! Ancaq indiki mənzərəsi ilə vahimələr doğuran Ağdamın işğaldan qurtulduqdan sonra yenidən hər yerində abadlıq olan bir şəhərə çevriləcəyi gün də uzaqda deyil.

"Ruhlar şəhəri"nin sonuncu essesi olan "Xəyal memarı"nda müəllifin qeyd etdiyi kimi, dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək... Daha Ağdamın xəyallarda tikilməsinə ehtiyac qalmayacaq...

Müəllifin və bütün ağdamlıların bu arzusunun reallaşacağı günə çox qalmayıb...

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-14 yanvar.- S. 7.