Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Bu gün biz 2010-cu ilin
sosial-iqtisadi yekunlarını və 2011-ci ildə ölkəmizin
əsas inkişaf istiqamətlərini müzakirə edəcəyik.
Bütövlükdə deyə bilərəm ki, 2010-cu il
ölkəmizin inkişafı üçün çox əhəmiyyətli
il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı
inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu
illər tarixdə maliyyə və iqtisadi böhran illəri
kimi qalacaq və bu illər bizim üçün də
sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda
aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində
həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə
iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi
daxili məhsul 9,3 faiz, keçən il isə
iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər
ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə
tənəzzül müşahidə olunduğunu nəzərə
alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti
daha da artır.
Bu böhranlı illər ərzində
biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə
qarşısında duran bütün vəzifələr icra
edildi. Bütün sosial proqramlar öz həllini tapdı.
Keçən il minimum əməkhaqqı və pensiyanın
baza hissəsi artırıldı. Halbuki, Avropanın bir
çox ölkələrində əks istiqamətdə
proseslər gedirdi, maaşlar, pensiyaların məbləği
aşağı düşürdü.
Əlbəttə ki,
bütün bu uğurlarımızın təməlində
uzun illər aparılan düşünülmüş iqtisadi
siyasət, iqtisadi islahatlar dayanır. Bizim
iqtisadiyyatımız artıq çoxşaxəli
iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz
məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli
iqtisadiyyat yaradaq. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti
bir neçə dəfə, demək olar, 4 dəfə
düşmüşdü, bizim iqtisadiyyatımız yenə də
artmışdır.
Əminəm ki, 2011-ci il də
ölkə iqtisadiyyatının inkişafı
üçün uğurlu olacaqdır. Bunu deməyə
bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər
salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz
artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq
qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki
ölkələrdə milli valyutanın dəyəri
aşağı salınmışdır, devalvasiyaya
uğramışdır. Bizdə isə manat sabit olaraq
qalır və beləliklə, biz həm əhalinin sosial
müdafiəsinə dəyərli töhfələr
vermişik, həm də manatın sabit qalması ölkə
iqtisadiyyatı üçün çox vacib bir amildir.
Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil
etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz
artmışdır. Bu onu göstərir ki, gəlirlər
inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına
görə, yoxsulluğun səviyyəsi daha da
aşağı düşmüşdür və artıq Azərbaycanda
yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm
ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində
Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı
düşmüşdür. Bu, bir daha göstərir ki, bizim
apardığımız islahatlar və iqtisadi artım, ilk
növbədə, Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşdırılmasına
yönəldilibdir. Onu da göstərir ki, Azərbaycanda enerji
sektorunda görülən işlər nəticəsində
ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli
bölünür və beləliklə, Azərbaycanda sosial ədalət
prinsipi həmişə yüksək səviyyədə tətbiq
olunur.
2010-cu ildə ölkə
iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. Bu da
çox böyük rəqəmdir, investisiyaların strukturu
da çox ümidverici və müsbətdir. Daxili
investisiyalar xarici investisiyaları üstələyir. Artıq
birinci il deyil ki, bu belədir. Bu onu göstərir ki, həm
dövlət tərəfindən, həm özəl sektor tərəfindən
ölkə iqtisadiyyatına böyük məbləğdə
investisiyalar qoyulur. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft
sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard
dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim
siyasətimizin əsas istiqamətidir. Ölkə
iqtisadiyyatının neft sektorundan
asılılığını azaltmaq üçün əməli-praktik
tədbirlər görülür. Bu da onu göstərir ki,
bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və
konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni
bizim planlarımız həyata keçirilir, nəzərdə
tutduğumuz bütün proqramlar reallaşır və dediyim
rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm
ki, bu il də ölkə iqtisadiyyatına böyük məbləğdə
investisiyalar qoyulacaqdır. Biz elə etməliyik ki, bu
investisiyalar daha da böyük rəqəmlərlə
ölçülsün və beləliklə, ölkə
iqtisadiyyatı daha da sürətlə inkişaf etsin.
2010-cu ildə bütün
sosial proqramlar icra edildi. Qeyd etdiyim kimi, minimum əməkhaqqı
və pensiyanın baza hissəsi 75 manatdan 85 manata
qaldırıldı. Ünvanlı sosial yardım proqramı
icra edilir, bu proqram çərçivəsində 550 min nəfər
dövlətdən yardım alır və biz bu siyasəti
bundan sonra da davam etdirəcəyik. Çünki hələ də
ehtiyac içində yaşayanlar var. Baxmayaraq ki, yoxsulluğun
səviyyəsi aşağı düşür, ancaq biz elə
etməliyik ki, çətinlik çəkənlər
üçün də dövlət öz
qayğısını əsirgəməsin.
Sosial infrastrukturun
yaradılmasında böyük işlər
görülmüşdür. 40-dan çox tibb müəssisəsi,
70-dən çox məktəb tikilmiş, təmir
edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət
ocaqlarının tikilməsi və təmirinə vəsait
ayrılır. Bir sözlə, ölkə iqtisadiyyatı və
ümumiyyətlə, ölkənin inkişafı
üçün vacib olan sosial sahə həmişə
olduğu kimi, diqqət mərkəzindədir. Bu, 2011-ci ildə
də belə olmalıdır və şübhəsiz,
investisiya proqramında, sosialyönümlü layihələr
nəzərdə tutulacaqdır.
Regionlarda işlər
yaxşı gedir, regional inkişaf proqramı icra edilir.
Keçən il 70 mindən çox iş yeri
açılmışdır, onun 53 mini daimi iş yeridir.
Regional inkişaf proqramlarının icrasının
başlanmasından, yəni 2004-cü ilin fevralından
bugünə qədər ölkəmizdə 900 mindən
artıq iş yeri açılmışdır ki, bu da
işsizliyin aradan qaldırılması üçün, demək
olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin
açılması, yeni müəssisələrin işə
salınması nəticəsində ölkə daxilində
istehsal olunan malların sayı artır. Bizim ixracdan
asılılığımız azalır. Biz artıq
qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı
artıq başqa ölkələrdə nümayiş
etdiririk. Bu il həmin siyasət daha da sürətlə
aparılmalıdır.
Bir sözlə,
regionların inkişafı artıq reallıqdır və
regionlarda yaradılan müasir infrastruktur - tikilən səhiyyə
ocaqları, məktəblər, çəkilən yollar, qaz xətləri,
indi böyük su layihələri də həyata
keçirilməyə başlanmışdır, - dövlət
tərəfindən, özəl sektor tərəfindən
regionlara qoyulan sərmayədir. 2011-ci ildə də bu proseslər
davam etdiriləcəkdir.
Bizim iqtisadiyyatımız
üçün əsas olan sektorda - neft-qaz sektorunda keçən
il bütün planlar yerinə yetirildi. 51 milyon ton neft hasil
edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard
kubmetr qaz hasil edildi. Hesab edirəm ki, bu il qazın hasilatı
və ixracı daha da artmalıdır. Keçən il Azərbaycan
Dövlət Neft Şirkəti tərəfindən
böyük qaz yatağı aşkar edilmişdir.
"Ümid" yatağı bizim qaz potensialımıza əlavə
həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz
ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu
il və gələn il aparılacaq kəşfiyyat nəticəsində
bu rəqəm daha da artacaqdır.
Keçən il nəqliyyat
sektoruna böyük investisiyalar qoyulmuşdur. Azərbaycanda bu
da artıq ənənəvi mənzərədir. Bu sektor
ölkə iqtisadiyyatı üçün çox
böyük əhəmiyyət daşıyır. Avtomobil
yolları tikilir, yeni təyyarələr alınır. Ələtdə
böyük beynəlxalq ticarət limanının təməli
qoyulmuşdur, gəmiqayırma zavodunun tikintisinə
başlamışıq. Yəni bütün bunlar
böyük sərmayə tələb edən layihələrdir.
Ancaq biz bunu edirik və gələcəkdə edəcəyik
ki, Azərbaycanda bizim coğrafi vəziyyətimizə
uyğun, müasir və güclü nəqliyyat infrastrukturu
yaradılsın. Demək olar ki, nəzərdə
tutduğumuz layihələr içində əsas layihələr
ya reallaşıb, ya da artıq onların icrasına
başlanmışdır. Növbəti illərdə o layihələrin
icrası və başa çatdırılması nəticəsində
biz nəqliyyat sektorunda demək olar, bütün məsələləri
həll edəcəyik. Bütün magistral, şəhərlərarası
yollarda işlər gedir, bəzilərində başa
çatıbdır. Dəniz nəqliyyatının
inkişafı üçün tankerlər, quru yük gəmiləri
alınır. Biz gələcəkdə Azərbaycandan
artıq bu gəmiləri ixrac edəcəyik. Dəmir yolunun
inkişafı üçün proqram icra edilir. Hava nəqliyyatını
mən qeyd etdim, bizim kifayət qədər müasir təyyarə
parkımız var və bu park ancaq ən yüksək keyfiyyətə
malik təyyarələrdən ibarətdir. Beynəlxalq
aeroportlar tikilibdir. Yəni demək istəyirəm ki, bu sahədə
işlərin böyük hissəsi görülübdür.
2011-ci ildə
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdiriləcəkdir.
Bu layihəyə biz böyük əhəmiyyət veririk. Demək
olar ki, bu layihənin icrasına başlanması təşəbbüsü
Azərbaycan tərəfindən irəli
sürülmüşdür və indi üç ölkənin
birgə səyləri nəticəsində bu layihəni
uğurla icra edirik. Qarşıdakı illərdə
bütün işlər başa
çatdırılmalıdır və bu, bizim növbəti
böyük uğurumuz olacaqdır.
2010-cu il Azərbaycanda
"Ekologiya ili" elan edilmişdi. Mən çox şadam
ki, "Ekologiya ili" çərçivəsində həm
dövlət tərəfindən böyük işlər
görüldü, həm də özəl sektor bu işlərə
qoşuldu. Ən sevindirici hal isə ondan ibarətdir ki,
ölkə əhalisi də bu təşəbbüsə
qoşularaq ekoloji vəziyyətin
yaxşılaşdırılmasına öz dəyərli
töhfələrini vermişdir. 6 milyondan artıq ağac əkilmişdir.
Bu proses bu il də davam etdiriləcəkdir. Mən hesab edirəm
ki, biz bu tempi azaltmamalıyıq. Ekoloji vəziyyətin
yaxşılaşdırılması ölkəmizin uğurlu
inkişafı üçün, əhalinin
sağlamlığı üçün çox böyük
əhəmiyyət daşıyır.
Ekoloji tədbirlər ancaq
ağac əkməklə bitmir, məhdudlaşmır.
Çaylar boyunca yerləşən kəndlərdə təmizləyici
qurğuların istifadəyə verilməsi nəticəsində
artıq 300 min Azərbaycan vətəndaşı Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli
su ilə təmin edilibdir. Keçən ilin sonunda Oğuz-Qəbələ-Bakı
su kəməri istismara verilibdir. Yaxın vaxtlarda yəqin ki,
bir-iki aydan sonra bu kəmər tam gücü ilə işləyəcək
və beləliklə, Bakının təmiz, keyfiyyətli
içməli su ilə təmin olunması üçün əlavə
böyük imkanlar yaranacaqdır. Kəmərin tikintisi
sırf sosial xarakter daşıyır. Bu, kommersiya layihəsi
deyil, lakin ona böyük vəsait qoyulubdur. Ancaq biz bunu etməliydik.
Çünki Azərbaycan vətəndaşları ən
yüksək şəraitdə yaşamalıdırlar. Azərbaycanda
ən qabaqcıl texnologiyalar tətbiq olunmalıdır. Bizim
gördüyümüz işlər məhz bu səviyyədə
aparılır. Azərbaycanda istifadəyə verilmiş səhiyyə
ocaqları - orada ən qabaqcıl avadanlıqlar
quraşdırılır. Biz dünyanın aparıcı,
inkişaf etmiş ölkələrinin ən qabaqcıl
klinikalarında olan avadanlığı, aparatları gətiririk.
Biz Azərbaycana ən keyfiyyətli malları gətirməliyik.
Azərbaycan vətəndaşları buna layiqdirlər. Biz
ölkəmizi müasirləşdiririk və dünyada gedən
texnoloji tərəqqiyə gərək həmişə diqqətlə
yanaşaq. Ölkəmizə ən qabaqcıl
texnologiyaları gətirək ki, Azərbaycanda bütün
işlər yüksək səviyyədə
görülsün. Beləliklə, görülən bu
işlər nəticəsində həm insanlar
üçün yaxşı şərait yaradılır, həm
də ölkə daha da güclənir. Əminəm ki, bizim
uğurlu inkişafımız gələcək illərdə
də yüksək templərlə davam edəcəkdir.
Mən deyə bilərəm
ki, biz 2010-cu ildə bütün başqa istiqamətlərdə
də böyük uğurlara nail ola bilmişik. 2010-cu ildə
ölkədə heç bir ciddi problem olmamışdır.
Baxmayaraq ki, təbiət də bizi sınağa çəkdi.
2010-cu ildə sellər və daşqınlar nəticəsində
on minlərlə hektar torpaqlarımızda subasma halları
baş vermişdi, 70 min hektardan çox ərazini su
basmış, minlərlə ev uçmuş, yararsız vəziyyətə
düşmüşdü. Ancaq görülən operativ və
çevik tədbirlər nəticəsində biz ona nail ola
bildik ki, bir nəfər də həlak olmadı. Bütün
insanlar vaxtında təhlükəsiz yerlərə
köçürüldülər. Onların müvəqqəti
məskunlaşdığı yerlərdə bütün
şərait yaradılmışdı. Tezliklə, hava şəraiti
imkan verən kimi təmir-bərpa işlərinə
başlamışdıq. Deyə bilərəm ki, 4-5 ay ərzində
minlərlə ev tikildi, təmir olundu. İlin sonuna olan məlumata
görə, 3 mindən artıq ev təmir edilmiş, 1500 ev
yenidən tikilmişdir, təxminən 700-800 evin tikintisi isə
davam edir. Bu onu göstərir ki, biz bütün çətin
hallara da hazırıq. Bizdə həm texniki imkanlar, həm
peşəkar kadrlar, həm də maliyyə vəsaiti var. Onu
da deməliyəm ki, bütün bu işləri biz öz
hesabımıza görmüşük, heç kimdən
yardım istəməmişik. Yəni biz özümüzə
arxalanırıq. Bunu etmək üçün, əlbəttə
ki, bizim güclü iqtisadi potensialımız olmalıdır.
Azərbaycan artıq bu
bölgədə mühüm regional amilə çevrilibdir.
Bizim imkanlarımız artır və növbəti illərdə
daha da artacaqdır. Deməliyəm ki, 2010-cu ildə bizim
valyuta ehtiyatlarımız da artmışdır. Baxmayaraq ki, bəzi
ölkələrdə valyuta ehtiyatları aşağı
düşmüşdür, çünki həmin ölkələr
sosial məsələlərin həlli üçün ondan
istifadə etmişdir. Bizim isə valyuta ehtiyatlarımız
artır. İlin sonuna olan məlumata görə, valyuta
ehtiyatlarımız 29,1 milyard dollar təşkil edirdi. Dünən
mənə verilən məlumata görə, artıq bu rəqəm
29,4 milyard dollara çatmışdır. Yəni təkcə
on gün ərzində bizim vəsaitimiz nə qədər
artır. Əlbəttə, növbəti illərdə bu,
daha da artacaqdır.
Yəni biz artıq həm Azərbaycanda,
həm də başqa ölkələrdə istənilən
infrastruktur və sərmayə layihəsini icra edə bilərik,
edirik. Artıq Azərbaycan şirkətləri xaricə də
vəsait qoyur. Hesab edirəm ki, bu, ölkə iqtisadiyyatı
və gələcək planlarımızın həyata
keçirilməsi üçün vacib amillərdir.
Əfsuslar olsun ki, 2010-cu ildə
biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli işində irəliləyişə
nail ola bilməmişik. Bunun da təkcə bir səbəbi
var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək
olar ki, danışıqları pozmaq istəyir.
Danışıqlar masasında əvvəlcə
razılaşdırılmış məsələlərə
yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir. Bir
sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan
işğal olunmuş torpaqları azad etmək istəmir,
çalışırlar nə qədər
mümkündürsə, o torpaqları işğal altında
saxlasınlar. Beləliklə də, bundan istifadə edib Azərbaycandan
Dağlıq Qarabağın statusu ilə bağlı onlara
xeyir gətirən şərtləri əldə etsinlər.
Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə bəyan
etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan
torpağı kimi tanınır. Azərbaycanın ərazi
bütövlüyü bütün beynəlxalq aləm tərəfindən
tanınır, BMT tərəfindən tanınır,
bütün beynəlxalq təşkilatlar bizim ərazi
bütövlüyümüzə hörmətlə
yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz
ki, ikinci erməni dövləti yenə də Azərbaycanın
tarixi torpaqlarında yaradılsın. Yəni bu,
danışıqlar mövzusu deyil və heç vaxt
olmayacaqdır. Məsələnin həlli üçün
Ermənistan öz işğalçı qüvvələrini
zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Ondan
sonra sülh yarana bilər. Azərbaycan vətəndaşları
öz doğma torpaqlarına qayıtmalıdırlar, o
cümlədən Dağlıq Qarabağa
qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət
şəraitində yaşamalıdırlar. Bütün sivil
ölkələrdə olduğu kimi, orada da işlər
bütün demokratik prinsiplər əsasında təşkil
edilməlidir. Bundan kənarda məsələnin heç bir
başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan
buna razılaşmayacaqdır.
Biz
çalışacağıq ki, 2011-ci ildə öz
mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm
ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ
ilə bağlı çox mühüm hadisələr
baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli
qətnamə qəbul etmişdir. Bu məsələ digər
beynəlxalq təşkilatlarda da müzakirə olunur və
bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə
görüşündə bu məsələ ilə
bağlı çox dəyərli, ədalətli, Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən
qətnamə qəbul olunmuşdur. Dünən Avropa
Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat
konfransında bu məsələ ilə bağlı Avropa
Komissiyasının və Avropa İttifaqının mövqeyi
ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa
İttifaqı Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir.
Yəni məsələnin həlli
üçün beynəlxalq çərçivələr
budur və o, yalnız bu çərçivələr
daxilində öz həllini tapa bilər. Heç bir başqa
variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm
ki, Azərbaycan danışıqlar prosesində konstruktiv
mövqe nümayiş etdirir. Biz çalışırıq
ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq beynəlxalq
hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın
ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz
öz həllini tapmalıdır.
Digər tərəfdən,
o da heç kim üçün sirr deyil, biz
danışıqlar apardığımız zaman, eyni zamanda,
ordu quruculuğuna böyük diqqət göstəririk,
ordumuzu gücləndiririk. Bu sahədə böyük
uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir
və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və
əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani
sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan
ordusu istənilən anda düşmənə
sarsıdıcı zərbə endirə bilər. O zərbə
nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda
da vəziyyət başqa istiqamətdə inkişaf edə
bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ
sülh yolu ilə həll olunsun. Ancaq biz
özümüzü çox əmin hiss edirik. Son illərdə
ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir
silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna
qarşı ən müasir qurğular, zirehli maşınlar
alınır, onların hamısını sadalamaq
üçün bəlkə də bir neçə saat
lazımdır. Azərbaycanda istehsal olunan hərbi məhsullar,
500 növə qədər məhsul həm ordumuza xidmət
edir, həm də biz artıq xarici bazarlara da
çıxırıq, beynəlxalq sərgilərdə
iştirak edirik. Bu sahədə 2011-ci ildə də çox
mühüm hadisələr baş verəcək, Azərbaycanda
ən müasir avadanlığın, texnikanın,
döyüş sursatının istehsalı
başlanmalıdır.
2011-ci ildə ordu xərcləri,
müdafiə xərcləri 3 milyard dollardan çox
olacaqdır. Onun böyük hissəsi yenə də
silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz
bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın
güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
öz sözünü deməlidir və vaxt gələndə
deyəcəkdir.
Mən hesab edirəm ki,
2011-ci ildə ölkə qarşısında elə bir ciddi
problem gözləmək lazım deyil. 2011-ci ildə həm
iqtisadi, həm sosial məsələlərin, həm də beynəlxalq
məsələlərin həllində, hesab edirəm ki,
heç bir problemimiz olmayacaqdır. Biz 2010-cu ildə beynəlxalq
müstəvidə də uğurlu siyasət
aparmışıq. Həm beynəlxalq təşkilatlar
çərçivəsində, həm ikitərəfli
müstəvidə çoxsaylı görüşlər
olmuşdur. Bakıda yüksək, bir neçə beynəlxalq
səviyyəli zirvə görüşü
keçirilmişdir. Qonşu ölkələrlə
münasibətlərimiz daha da güclənmişdir. Yəni
beynəlxalq vəziyyət və bölgədə mövcud
olan vəziyyət müsbətdir. Azərbaycan bölgədə
əməkdaşlığın dərinləşməsinə
öz dəyərli töhfəsini verir. Bir daha demək istəyirəm
ki, Azərbaycan artıq çox ciddi regional amildir. Azərbaycan
bölgədə gedən proseslərə təsiri artmaqda
olan ölkədir. Elə etməliyik ki, bu proses daim davam etsin,
ölkəmiz güclənsin və inkişaf etsin.
İndi isə keçək
müzakirələrə. Söz verilir iqtisadi inkişaf naziri
Şahin Musafayevə.
Azərbaycan.- 2011.-15
yanvar.- S.1, 2.