Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

 

İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV 2010-cu ildə əldə olunmuş uğurlardan danışarkən bildirdi ki, ötən il də Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmişdir.

Ş.Mustafayev dedi:

- Dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda, ötən illərdə olduğu kimi, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş və ÜDM 5 faiz artaraq 41 milyard manatı ötmüşdür. Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılmış və 5,7 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dollara çatmış və bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmiş, sənaye 2,6 faiz artmışdır. Bu sahədə ən mühüm nailiyyətlərdən biri də ötən il Dövlət Neft Şirkətinin daxili imkanları hesabına yeni neft və qaz yataqlarının aşkar edilməsi olmuşdur.

Möhtərəm cənab Prezident, rəhbərliyiniz və daimi diqqətiniz altında həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil etmişdir. Sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər, ölkənin sənaye potensialını genişləndirmiş və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaratmışdır.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmişdir. Ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin etmiş, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilmişdir. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsi davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri asanlaşdırılmışdır.

Cənab Prezident, ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilmiş, avtomobil magistrallarının yenidənqurulması davam etdirilmiş, dəmir yol nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul edilmiş, dəniz limanı kompleksinin tikintisinə başlanmışdır.

Möhtərəm cənab Prezident, respublikada cəlbedici investisiya mühitinin yaradılmasının nəticəsidir ki, il ərzində ölkəyə bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar investisiya qoyulmuşdur. Ümumi investisiyalarda həm daxili, həm də qeyri-neft sektorunun payı üstünlük təşkil etmişdir. Təqdirəlayiq haldır ki, ölkədə yaradılmış əlverişli biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə imkanlarının artmasına və onların yalnız ölkə daxilində deyil, eləcə də xarici ölkələrdə investisiya yatırmalarına imkan yaratmışdır.

İnfrastruktur və sosialyönümlü Dövlət İnvestisiya Proqramının icrası nəticəsində nəqliyyat, kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası və Sizin göstərdiyiniz diqqət, regionlara mütəmadi səfərləriniz, müvafiq tapşırıqlarınız, il ərzində 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimində iştirakınız, regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur.

Şahin Mustafayev onu da dedi ki, bu dövrdə regionların potensialı təhlil edilmiş, dəstək tədbirləri müəyyənləşdirilmiş, sahibkarlığın inkişafı ilə bağlı 200-dən çox tədbir keçirilmişdir. İdxal, ixrac prosedurları sadələşdirilmiş, vergi yükü azaldılmış, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hamısı regionlarda olmaqla, 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir. Aqrar sektorun inkişafında müasir texnologiyanın tətbiqinin daha da genişləndirildiyini, 25 müasir soyuducunun, 14 taxıl anbarı kompleksi yaradıldığını bildirən Ş.Mustafayev dedi: - Möhtərəm cənab Prezident, xarici investisiyaların cəlb olunması və qeyri-neft ixracının gücləndirilməsi məqsədilə, ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir. Ötən il Özbəkistanda Azərbaycanın ilk milli sərgisi uğurla keçirilmiş, ölkəmizin nailiyyətləri və potensial imkanları nümayiş etdirilmişdir. Beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq davam etdirilmiş və bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısında 55 ölkədən minə yaxın nümayəndə iştirak etmişdir.

2010-cu ilin 11 ayı ərzində 145 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,8 faiz artaraq 25,1 milyard dollar təşkil etmiş, 13,7 milyard dollar müsbət saldo yaranmışdır. Xüsusilə əhəmiyyətli olan qeyri-neft ixracında 16 faizdən çox artım qeydə alınmışdır.

Daşqınlar nəticəsində baş vermiş fəlakətin qarşısının alınması, əhaliyə qayğı və diqqət yetirilməsinin ölkə Prezidenti üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Cənab Prezident, Sizin birbaşa göstərişləriniz və nəzarətiniz altında çox qısa müddət ərzində, əhaliyə dəymiş böyük ziyan dövlət hesabına aradan qaldırılmışdır.

Sosial infrastruktur obyektləri, o cümlədən 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir. Əhalinin içməli su ilə təmin edilməsi üçün iri infrastruktur layihəsi - Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisi başa çatdırılmışdır.

Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir.

Bu nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.

Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Möhtərəm cənab Prezident, Sizin sosial-iqtisadi siyasətinizin uğurla reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşımızda yeni vəzifələr qoyur. Sizi əmin edirəm ki, ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlərin davamlılığı məqsədilə müəyyən etdiyiniz vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Diqqətinizə görə minnətdaram.

 

* * *

 

Mərkəzi Bankın sədri Elman RÜSTƏMOV son 10 ilin iqtisadi göstəricilərini sadalayarkən bildirdi ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. Maliyyə sektoru böyümüş, bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə çoxalmışdır. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bununla da ölkəmiz dünyada lider dövlətə çevrilmişdir.

Azərbaycanda gedən inkişafın özünü bütün sahələrdə göstərdiyini bildirən Elman Rüstəmov dedi: - Bu inkişaf təkcə rəqəmlərlə xarakterizə olunmur. Ölkə keyfiyyətcə yeni - müasir inkişaf mərhələsinə daxil olmuş, onun müasir siması formalaşmışdır. Yüksək inkişaf özünü beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sisteminin formalaşmasında, modern sosial, təhsil, rabitə və səhiyyə infrastrukturunda, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında göstərir. Tam əminliklə demək olar ki, bugünkü Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil. Ola bilsin ki, biz burada yaşadığımıza görə bunu az hiss edirik, amma xarici qonaqlar, xaricdə yaşayan soydaşlarımız hər dəfə gələndə bunu heyrətlə qeyd edirlər.

Qeyd olunmalıdır ki, arxada qalmış onillik heç də sadə dövr olmamışdır. O, təkcə "bum dövrü", iqtisadi inkişaf dövrü kimi xarakterizə olunmur. Bu dövrün son 3 ili qlobal maliyyə böhranına təsadüf edir. Qlobal böhran dünyanın qabaqcıl ölkələrində yaranmış və qloballaşma şəraitində qısa müddət ərzində bütün dünyaya sirayət etmişdir. Bu, çox ağır nəticələr vermiş, dünya iqtisadiyyatı resessiyaya məruz qalmış, iri maliyyə institutları iflas etmişdir. Hazırda iqtisadi artım bərpa olunsa da, böhran bəzi ölkələrdə olduqca dərin iz qoymuşdur.

Azərbaycan iqtisadiyyatı isə böhran illərində də öz dayanıqlılığını və inkişafın dinamikasını qorumuşdur. Belə ki, son üç ildə ölkədə real iqtisadi artım orta hesabla 8 faizdən çox olmuş, makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur. 2008-2010-cu illərdə strateji valyuta ehtiyatlarımız 23 milyard ABŞ dolları artmışdır. Bank sektoru dayanıqlılığını qorumuş və inkişafını davam etdirmişdir. Son üç ildə bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olmuşdur.

2010-cu ili isə Azərbaycan üçün qlobal böhranın təsirlərinin tam aradan qaldırılması ili kimi qiymətləndirmək olar. Ölkədə iqtisadi artım davam etmişdir. Artıq qeyd olundu, ölkədə 5 faizlik iqtisadi artım baş vermişdir. Qeyri-neft sektorunda artım qabaqlayıcıdır. Mövcud qlobal fonda və iqtisadiyyatın həcminin əhəmiyyətli artmasını nəzərə alsaq, bu artıma nail olunması yüksək qiymətləndirilməlidir.

Ölkənin xarici mövqeyinin güclənməsi davam etmişdir. 2010-cu ilin sonuna cari əməliyyatlar hesabının profisiti 15 milyard dolları ötəcəkdir. Bunun nəticəsində valyuta ehtiyatlarımız, qeyd olunduğu kimi, 29 milyard ABŞ dollarını ötüb keçir. Hesab edirik ki, yanvarın sonunda biz 30 milyard dollarlıq mövqeyi ötüb keçmək potensialına malikik. Valyuta ehtiyatları ÜDM-ə nisbətdə 60 faizdən çoxdur və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Bütövlükdə bizim toplam - özəl sektor və dövlət borcu da daxil olmaqla, borcumuzu 9,5 milyard dollar həcmində 3 dəfədən çox üstələyir və bu, böhran kontekstində ölkənin makroiqtisadi dayanıqlılığının ən mühüm göstəricilərindən biridir.

Mərkəzi Bank öz fəaliyyətini həm son 3 ildə və 2010-cu ildə bütövlükdə makroiqtisadi sabitliyin qorunmasına, manatın məzənnəsinin sabitliyinin, bank sistemində maliyyə sabitliyinin saxlanılmasına və iqtisadiyyatın pula olan tələbinin ödənilməsinə yönəltmiş və qarşıda qoyulan hədəflərə nail olmağa çalışmışdır. 2010-cu ildə inflyasiya təkrəqəmli səviyyədə saxlanılmışdır. Manatın sabitliyi əksər ölkələrdə devalvasiya fonunda qorunub saxlanılmışdır.

Cənab Prezident, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu bir çox ölkələrə milli valyutalarının devalvasiya olunmasını tövsiyə etmişdilər. Böhranın son nəticələrinə görə aparılan təhlil göstərir ki, bunu etmiş ölkələr daha çox resessiyaya məruz qalmış, amma bunu etməmiş ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi artım tempi bir neçə punkt daha yüksək olmuşdur. Ölkədə makroiqtisadi sabitliyi, o cümlədən milli valyutanın sabitliyini qoruyub saxlamağı böhranın əvvəlində strateji vəzifə kimi qarşıya qoymuşdunuz. Bu gün beynəlxalq təşkilatlar tərəfindən artıq etiraf olunur ki, bu, yaranmış şəraitdə yeganə düzgün qərar idi.

Azərbaycan bank sistemi maliyyə dayanıqlılığını qoruyub saxlayır. Ötən ildə əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır. Ölkədə ipoteka mexanizmi də genişlənir. 2010-cu ildə 2435 nəfərə, o cümlədən 473 nəfərə güzəştli şərtlərlə kredit verilmişdir. Bu gün bu imkandan faydalanan ailələrin sayı 6200-ü ötmüşdür.

Mərkəzi Bankın sədri 2011-ci ildə həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələrdən də danışdı: - Bizim qarşımızda duran başlıca çağırış ölkə iqtisadiyyatında son on ildə əldə olunmuş artım tempini qoruyub saxlamaqdır. Ölkə inamla "Orta gəlirli ölkələr" sırasına daxil olmuşdur. Lakin "Orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalası vardır. Bu, adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Bu gün bizdə bu səviyyə 10 min dollardır. Bunun üçün ölkə iqtisadiyyatının yaxın 10 ildə yenidən ikiqat artması deməkdir. Hesab edirik ki, bu çox real bir vəzifədir. Bunun üçün ölkə iqtisadiyyatının ildə təxminən 7-8 faiz artması təmin olunmalıdır. Bundan əvvəl əldə etdiyimiz nəticələr onu göstərir ki, bu, olduqca real bir vəzifədir.

 

BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət olsun və iqtisadiyyatın şaxələndirilməsinə nail olsun, bu kursu davam etdirsin. Cənab Prezident, bunun üçün ölkədə hər bir şərait var: ilk növbədə, son 10 ildə görülmüş işlər, yaranmış potensial və təcrübə, ən başlıcası, ölkədə uzunmüddətli siyasi sabitlik, siyasi inkişaf və Sizin simanızda müasir və güclü liderin olması. Biz gələcəyə tam nikbin baxırıq. Əminik ki, sizin başçılığınız altında qarşıda duran strateji vəzifələr də müvəffəqiyyətlə yerinə yetiriləcəkdir.

 

* * *

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, hesabat dövründə ölkə daxilində və onun hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli tədbir keçirilmişdir. Bu rəqəmləri Sizə məruzə edərək, ölkəmizin mədəni həyatı üçün əlamətdar olan bir amili xüsusilə qeyd etmək istərdim. Bu amil Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizin sosial-mədəni həyatının bütün sahələrinə böyük dəstək verməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi illər ərzində keçirilən bütün irimiqyaslı beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı və təşkilatçısı Mehriban xanım Əliyeva olmuşdur. Bu ənənə 2010-cu ildə də davam etmişdir. İl ərzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalının keçirilməsi yaradıcı kollektivlər tərəfindən çox yüksək qarşılanmışdır. Nəticədə bu tədbirlər ilin ən yaddaqalan beynəlxalq səviyyəli mədəniyyət hadisələrinə çevrilmişdir. Əlamətdar haldır ki, "Euronews" telekanalının 2010-cu ilin yekununa həsr olunmuş verilişində Avropanın ən nüfuzlu mədəniyyət hadisələrinin sırasında Bakı Caz Festivalının keçirilməsi xüsusilə qeyd edilmişdir.

Hesabat ilində Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatının Mədəniyyət Nazirləri Konfransına sədrlik etməsi nəticəsində ölkəmizin uğurla əməkdaşlıq etdiyi bir sıra islam ölkələrində - Misir Ərəb Respublikasında, İordaniya Krallığında, İran İslam Respublikasında, Qətər Dövlətində, Mərakeşdə, eləcə də Kuba Respublikası və Meksikada yüksək səviyyədə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dünya ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Bu mənada hesabat ilində Sizin sərəncamınıza əsasən dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsi xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, Sizin təsdiq etdiyiniz "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Proqram çərçivəsində 2010-cu ilin noyabrında Bakıda ilk dəfə keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" adlı Beynəlxalq teatr konfransında 30 ölkənin nümayəndələri iştirak etmişlər.

İl ərzində ölkə teatrlarında dövlət sifarişi ilə 20-dən artıq tamaşa hazırlanıb təhvil verilmiş, Azərbaycan rəssamlarının 40-dan artıq sərgisi keçirilmişdir. Hesabat dövründə respublikanın kitabxana, muzey, digər mədəniyyət mərkəzlərinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

"Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamınıza əsasən, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət irəliləyişlər əldə edilmiş, respublikada 38 kitabxananın veb-saytı yaradılmış, 17 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılmış, elektron kataloq və elektron kitabxanaların yaradılmasına başlanılmışdır.

"Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamınıza əsasən regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair tədbirlər görülmüşdür. Azərbaycanda ilk dəfə olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyində kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi - KAMİS proqramı tətbiq edilmişdir.

Respublikanın bölgələrində yaradılmış Heydər Əliyev muzeyləri və mərkəzləri öz zəngin maddi-texniki bazası ilə seçilir, ümummilli lider Heydər Əliyevin həyat yolunu geniş işıqlandırmaqla yanaşı, əhalinin, xüsusən gənclərin mədəni həyatının təşkilində mühüm rol oynayır.

Əbülfəs Qarayev onu da dedi ki, ötən il ölkədə tarixi abidələrin bərpası istiqamətində işlər davam etdirilmişdir.

Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət proqramının icrası uğurla yerinə yetirilmiş, yeni filmlər çəkilmiş və onlar beynəlxalq festivallarda nümayiş etdirilmişdir. Azərbaycan beynəlxalq kitab sərgilərində də uğurla təmsil olunmuş, teatrlar, muzey və digər mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri görülmüş və bu, indi də davam edir.

Nazir turizm sahəsində görülən işlərdən də danışdı:

- Möhtərəm cənab Prezident, 2010-cu il Azərbaycanda turizm sənayesinin inkişafı üçün xüsusilə əlamətdar olmuşdur. Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu düzgün dəyərləndirərək bu sahədə əhəmiyyətli qərarlar vermişdir. Ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilmişdir. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamınız bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. İnanırıq ki, bu sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir. Sizin IX Beynəlxalq Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakınız, sahənin inkişafı ilə dərindən maraqlanmağınız, dəyərli tövsiyələriniz bu sahədə mövcud olan bütün qüvvələri səfərbərliyə almış, ölkənin iqtisadi qüdrətinin artmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi yolunda geniş üfüqlər açmışdır.

Sizin tapşırığınız və şəxsən rəhbərliyiniz altında yaradılan turizm incilərindən biri - Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda burada işlərin birinci fazası 50 faizə qədər icra olunmuş, gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilmişdir. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulmuşdur.

Turizmin inkişafına yönəlmiş çoxsaylı tədbirlər sırasında Bakı şəhərində məşhur özəl şirkətlər tərəfindən inşa olunan mehmanxana kompleksləri, Qəbələdə inkişafda olan turizm potensialı da diqqəti cəlb edir. Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrların hazırlanması zərurətini meydana çıxarır.

Cənab prezident, Sizin 2006-cı il 25 avqust tarixli fərmanınıza əsasən yaradılmış Azərbaycan Turizm İnstitutunun 2010-cu ilin mayında ilk buraxılışı olmuşdur.

2010-cu ildə nazirlik respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərinə qatılmışdır. Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında - CNN, Euronews, Travel Channel, BBC, CNBC, "National Geographic"də reklam çarxları yayımlanır. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılır.

Sizin tərəfinizdən aparılan uğurlu beynəlxalq siyasət müasir dünyada Azərbaycanın mövqelərini möhkəmləndirmişdir. Bu, təbii olaraq milli mədəniyyətimizin dünyada tanıdılmasına böyük imkanlar yaradır. Xalqımıza məxsus aşıq-ozan sənəti, muğam və xanəndəlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu o deməkdir ki, artıq saz və muğam sənəti milli çərçivələri aşaraq ümumdünya dəyəri qazanmışdır. 2010-cu ildə Azərbaycan Respublikası YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilmişdir. Keniyada keçirilən sessiyada Azərbaycan xalçaçılıq sənətinin də Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərara alınmışdır. Bu qərar xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu qələbənin qazanılmasında da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və

İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsl fədakarlıq göstərmişdir.

Əbülfəs Qarayev 2011-ci ildə qarşıda duran vəzifələrdən də danışdı.

 

* * *

 

Gənclər və idman naziri Azad RƏHİMOV çıxışında bildirdi ki, 2010-cu il bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də uğurlu olmuşdur. Dövlət gənclər siyasəti çərçivəsində ölkədə bir çox mühüm tədbirlərin keçirildiyini, gənclərimizin Azərbaycanı xaricdə layiqincə təmsil etdiyini bildirən A.Rəhimov dedi:

- Hesabat dövründə Gənclər və İdman Nazirliyinin mərkəzi aparatı tərəfindən dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə 100-ə qədər tədbir keçirilmişdir ki, onlardan da 19-u beynəlxalq səviyyəli olmuşdur. Avropa Gənclər Fondunun rəsmi məlumatına görə, son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsinə fond tərəfindən 1,4 milyon avro dəyərində maliyyə vəsaiti ayrılmışdır ki, bu da Avropa məkanında ən yüksək göstəricidir. Fərəhli haldır ki, Azərbaycan gəncləri bu gün Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatlarında təmsil olunurlar.

Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədar Beynəlxalq Münasibətlər üzrə Alimlərin Birinci İllik Simpoziumu, Gənc Alimlərin Birinci Respublika İnnovativ İdeya Yarmarkası, "Ekologiya ili" çərçivəsində "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq Elmi-Praktiki konfrans və digər tədbirlər təşkil edilmiş, gənc alimlərin elmi əsərlərindən ibarət toplular nəşr olunmuşdur. Ötən dövrdə nazirlik tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə respublikanın 67 rayon və şəhərlərini əhatə edən Gənclərin Vətənpərvərlik Tərbiyəsi Klublarının şəbəkəsi yaradılmış, "Vətən sağ olsun" telelayihəsi həyata keçirilmişdir. Bu istiqamətdə işlər davam etdirilərək "Mən azərbaycanlıyam" və "Xəmsə" yeni intellektual televiziya layihələri həyata keçirilməyə başlamışdır. Qeyd olunan layihələr gənclərimiz arasında böyük marağa səbəb olmuş və hazırda ölkənin təhsil ocaqlarında, şəhər və rayonlarımızda eyniadlı klubların yaradılması geniş vüsət almışdır. Xüsusilə "Mən azərbaycanlıyam" telelayihəsini qeyd etmək istəyirəm. Ulu öndər Heydər Əliyevin məşhur fikrindən yaranmış layihənin məqsədi Azərbaycanın zəngin tarixini və milli-mədəni irsimizi gənclərə tanıtdırmaq, Azərbaycanda yaşayan xalqların və etnik qrupların azərbaycançılıq fəlsəfəsi əsasında birliyini nümayiş etdirmək, regionlarımızın sosial-iqtisadi inkişafını geniş ictimaiyyətə çatdırmaqdır.

Hesabat dövründə gənc liderlər üçün müxtəlif mövzularda seminarlar, konfranslar, təlim kursları, diskussiyalar keçirilmiş, yay aylarında mindən artıq gəncin iştirakı ilə respublikamızın müxtəlif bölgələrində istirahət və təlim düşərgələri təşkil edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Bakıda 46 ölkədən 600-dən artıq nümayəndənin iştirakı ilə Yeniyetmələrin 6-cı Beynəlxalq Elm Olimpiadası yüksək səviyyədə keçirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı azərbaycanlı gənclərin vahid bir təşkilatda birləşməsinin əsasını qoymuşdur. Keçən müddət ərzində təşkilat tərəfindən Rusiya Federasiyasında, onun ayrı-ayrı vilayətlərində fəal gənclərin təşkilatlanması, onların problemlərinin müəyyən edilməsi və həlli, Azərbaycan tarixinin və mədəni irsinin Rusiyanın ali təhsil ocaqlarında təbliğ edilməsi istiqamətində bir sıra maraqlı layihə və tədbirlər həyata keçirilmişdir.

Bununla yanaşı, Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresi, Bakıda Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Forumu, London və Paris şəhərlərində xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər və ilk dəfə olaraq Dağıstanda Azərbaycan Gəncləri Günləri keçirilmişdir.

Azad Rəhimov ölkədə idmanın inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən də danışdı:

- Möhtərəm cənab Prezident, Azərbaycan dünyada idman dövləti kimi tanınır. Belə ki, il ərzində ölkəmizdə qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi, sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatı, boks üzrə gənclər arasında dünya birinciliyi, bodibildinq üzrə dünya çempionatı, kikboksinq üzrə Avropa çempionatı, Beynəlxalq Mingəçevir Reqatası yarışı, atçılığın konkur növü üzrə dünya kubokunun təsnifat mərhələsi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir. Ümumilikdə, ölkəmizdə 84 idman növü üzrə 457 idman yarışı keçirilmişdir ki, onlardan da 49-u beynəlxalq səviyyəli olmuşdur. Bundan başqa, 4000 nəfərdən artıq idmançımız 352 beynəlxalq yarışlara ezam olunmuşdur.

2010-cu ilin ən möhtəşəm idman nailiyyəti təbii ki, Sinqapurda keçirilmiş Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etmələri olmuşdur. Bu oyunlarda Azərbaycanın 12 nəfərdən ibarət komandası 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutmuşdur. Eyni zamanda, Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən ikinci ölkə olmuş, ümumi hesabda müsəlman ölkələri arasında birinci, Avropada

6-cı, MDB ölkələri arasında 3-cü yeri tutmuşdur.

Bakıda keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatında idmançılarımız 7 qızıl, 2 gümüş və 1 bürünc, boks üzrə gənclər arasında dünya birinciliyində 1 qızıl, 1 gümüş, 1 bürünc, bodibildinq üzrə dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanmışlar. Türkiyədə keçirilən cüdo üzrə dünya çempionatında paralimpiyaçı cüdoçularımız 3 qızıl və 3 bürünc medal, İspaniyada təşkil olunmuş kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında idmançılarımız 1 qızıl, Moskvada keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında idmançımız Aliyə Qarayeva fərdi yarışlarda 3 bürünc, komanda hesabında isə yığmamız 1 bürünc medal qazanmışlar.

2010-cu ildə idmançılarımız ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini daha da yüksəklərə qaldırmış, müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edərək, ümumilikdə, 675 medal qazanmışlar ki, bunlardan da 206-sı Olimpiya idman növləri üzrədir. Eyni zamanda il ərzində 95 idmançımız dünya, 70 idmançımız isə Avropa çempionu adına layiq görülmüşdür.

Bu uğurlarla bərabər bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Belə ki, bu il London Olimpiya Oyunlarına hazırlığın son ilidir. Sizin XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında 2010-cu il 22 iyun tarixli sərəncamınıza uyğun olaraq, hazırlıq işləri xüsusi konsepsiya üzrə həyata keçirilməkdədir. Bu il Bakıda cüdo, boks, taekvondo üzrə lisenziya xarakterli yarışlar keçiriləcəkdir.

"Gənc nəsil yetişir, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Bu onu göstərir ki, uğurlarımız təsadüfi xarakter daşımır, məqsədyönlü, düşünülmüş siyasətin və idmanla məşğul olan bütün qurumların birgə fəaliyyəti nəticəsində biz bu uğurlardan danışa bilərik". Cənab Prezident, Sizin tərəfinizdən deyilən bu fikirlər bizim işimizə verilən ən yüksək qiymətdir.

2010-cu il ərzində daha 5 Olimpiya-İdman kompleksi istismara verilmiş, bununla da indiyədək tikilib istifadəyə verilmiş Olimpiya komplekslərinin sayı 28-ə çatmışdır. Hazırda daha 11 kompleksin tikintisi davam etdirilir. 2011-ci ildə isə 6 kompleksin istismara verilməsi planlaşdırılmışdır.

Cənab Prezident, bundan başqa, Sizin xüsusi tapşırığınızla Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzi tikilib istifadəyə verilmişdir. Mərkəzdə MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılmışdır. Bu baza nəinki idman bazası kimi, eyni zamanda, turizm obyekti kimi də yüksək səviyyəli xidmətlər göstərmək imkanına malikdir.

Son zamanlar idman komplekslərinin dünya və Olimpiya Oyunlarının keçirilməsi üçün ən müasir texnoloji imkanlara malik olmasına xüsusi diqqət yetirilir. Bu tələblərə cavab verən Gimnastika Kompleksinin tikintisi davam etdirilir, Respublika İdman Tibb Mərkəzinin tikintisinə başlanılmışdır, Bakı şəhərində hovuz kompleksinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işləri gedir, Şahmat Sarayının, Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi planlaşdırılır. Qeyd etmək istəyirəm ki, müvafiq federasiyalarla birlikdə boks, cüdo, güləş və karate idman mərkəzlərinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işlərinə başlanılmışdır.

Möhtərəm cənab Prezident, Sizin daim ölkəmizdə gənclərə, idmançılara göstərdiyiniz diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibətiniz hər bir gənci, idmançı və məşqçini, hamımızı daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır. Sizi əmin etmək istərdim ki, Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

 

 

Azərbaycan.- 2011.- 15 yanvar.- S. 2, 3.